• cümə, 29 Mart, 13:48
  • Baku Bakı 14°C

Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan da uğursuz namizəddir

20.09.13 11:18 2021
Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan da uğursuz namizəddir
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 21 nəfər Mərkəzi Seçki Komissiyasından imza vərəqi götürsə də, son anda onlardan 10 nəfərinin namizədliyi təsdiqləndi. Digər 11 nəfərin ayrı-ayrılıqda təqdim etdiyi imzaların bir qismi etibarsız çıxdı, bəzi namizədlər isə müəyyən edilmiş müddətə imza vərəqini təhvil verə bilmədi. Bu səbəbdən onların namizədliyi qeydə alınmadı. Seçki prosesindən kənarda qalan namizədlərdən biri də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdir. Onunla söhbətimizdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətin seçki hazırlığı, Milli Şuranın fəaliyyəti və digər gündəmdə olan məsələlərə münasibətini öyrəndik.
- Fuad bəy, namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmayan partiya sədrlərindən biri də siz oldunuz. Bilirəm ki, MSK-nın bu qərarı ilə bağlı Məhkəməyə müraciət etmisiniz. Hazırda iş nə yerdədir?
- Əvvəla onu qeyd edim ki, Mərkəzi Seçki Komissiyasının namizədliyimi qeydə almaması partiya üzvlərimizdə, eləcə də məndə heç bir ruh düşkünlüyü yaratmayıb. Çünki bu, seçki prosesidir və bu proseslərdə iştirak etmək, müəyyən mənada təcrübəmizi daha da artırmaq bizim işimizdir. Seçki prosesinin ilkin mərhələsində qarşı tərəf təqdim etdiyim imzaların bir qisminin etibarsız olduğunu əsas gətirib, namizədliyimi qeydə almadı. Biz də bununla bağlı məhkəməyə müraciət etdik. İlkin Məhkəmə instansiyalarından sonra iş Ali Məhkəməyə qədər gəlib çatdı. Sentyabrın 18-də isə Ali Məhkəmə bizim haqlı olduğumuz barədə qərar çıxardı, işi Apellyasiya Məhkəməsinə geri qaytardı. Bütün bunları nəzərə alaraq, hazırda bu seçki prosesinə olan ümidimizi itirməmişik.
- Azərbaycanda keçirilən seçkilərdə bir çox yerli siyasi təşkilatlar, o cümlədən müxalifət liderləri hər zaman iştirak ediblər. Bu dəfə isə onlar Milli Şurada bir araya gələrək, seçkilərə vahid namizədlə gediblər. Siz onların bu seçimini necə qiymətləndirirsiniz?
- Milli Şura yaranandan sonra kinorejissor Rüstəm İbrahimbəyovu özü üçün namizəd seçmişdi. Lakin onun müxalifət liderlərini aldatması, hər dəfə gəlirəm desə də, Azərbaycana səfər etməməsi, mətbuata verdiyi müsahibələr, sərgilədiyi mövqe onu sübut etdi ki, Rüstəm İbrahimbəyov çox uğursuz namizəddir. O, nə sənədlərini qaydaya sala bildi, nə də seçkilərdə iştirak etmək üçün real həvəs göstərdi. Bunu görən Milli Şuradakılar özlərinə başqa bir namizəd seçmək məcburiyyətində qaldılar. Milli Şura üzvlərinə yaxınlığı ilə seçilən bəzi qəzetlər bu qurumu bütövlükdə müxalifətin birliyi kimi təqdim etsələr də, əslində bu, belə deyil. Milli Şura müxalifətin az bir hissəsinin toplandığı qurumdur. Ondan kənarda da müxalifəti təmsil edən bir çox siyasi partiyalar var. Hansı ki, həmin partiyalar nə Milli Şuranı, nə də onun namizədini dəstəkləmirlər. Çünki Milli Şuranın uğursuz layihə olduğunu, seçkilərdə uğur qazanmayacağını hamı bilir. Digər tərəfdən, Milli Şurada toplaşan siyasi müxalifəti vahid mövqedən çıxış edənlər kimi təqdim etmək də yanlışdır. Oradakı əksər partiyalar bir-biri ilə yola getmir. Yəni, oradakı liderlərin sözləri, fikirləri bir-birini təkzib edir. Əsasən AXCP və Müsavat partiyaları Milli Şurada dominantlıq edir, işi yönəldirlər. Digər partiyaların isə belə bir imkanı yoxdur. Hətta vahid namizədə imza toplama kampaniyasında da biz bu ayrı-seçkiliyi, qeyri-bərabərliyi müşahidə edə bildik. AXCP-Müsavata ümumilikdə 42 min, KXCP kimi partiyalara min, bəzi siyasi təşkilatlara isə sıfır imza toplamaq tapşırılmışdı. Elə oxşar səbəblərə görə də Milli Şura əvvəlcədən bəyan edildiyi kimi geniş xalq kütlələrinin, bütövlükdə ictimaiyyətin dəstəklədiyi bir quruma çevrilə bilmədi. Milli Şura vaxtilə yaradılan İctimai Palatanın tayı oldu.
- Sizcə, 20 ilə yaxındır hakimiyyətə gəlmək üçün seçkilərə qatılan müxalifət liderlərinin, xüsusən də İsa Qəmbərin birdən-birə öz namizədliyini Rüstəm İbrahimbəyova, Cəmil Həsənliyə güzəştə getməsinə səbəb nədir?
- Müxalifət düşərgəsində İsa Qəmbərin və Mirmahmud Mirəlioğlunun namizədliyi partiyaları tərəfindən irəli sürülmüşdü. İsa Qəmbər hətta Milli Şuraya qatılanda da Müsavat Divanı tərəfindən onun namizədliyinin irəli sürülməsini gündəmdə saxladı və bəyan etdi ki, Rüstəm İbrahimbəyov Bakıya gəlməsə bu qərar qüvvəsini itirməyəcək. Yəni, o, özü namizəd kimi seçkidə iştirak etmək istəyirdi. Lakin Milli Şuranın yaradılması, vahid namizədin dəyişdirilməsi ilə İsa Qəmbərin namizədliyinin qarşısı alındı. Bir qədər də ətraflı izah etsək, Milli Şura və Cəmil Həsənli Müsavat başqanının seçkilərdə iştirakının qarşısını almağa yönəldilmişdi. Bunu edənlər öz qərarlarını belə əsaslandırırdılar ki, əgər İsa Qəmbər seçkiyə getsə, bu, müxalifətin birliyinə zərbə olacaq. Ən nəhayətdə Milli Şuranın digər üzvləri öz istəklərinə nail oldular. Bundan başqa, ortada maliyyə məsələsi də var. Hamıya məlumdur ki, Milli Şuradakı müxalifət liderlərinin bir-birinə qarşı münasibəti yaxşı deyil. Onlar əvvəlcədən bir-birini qəbul etməyən qüvvələr kimi tanınırdılar. Lakin sifarişli bir layihəyə ayrılan böyük məbləğdə pulları “silmək” üçün bir yerdə olmağa, “birlik” görüntüsü yaratmağa başladılar. Bu müddətdə onlar arasında təkrar narazılığın baş qaldırması da ayrılan vəsaitin bərabər şəkildə bölüşdürülməməsindən qaynaqlanırdı. Milli Şuradakı böyük maliyyəni əsasən AXCP və Müsavat partiyaları öz aralarında bölüşdürdü. Ona görə də digər partiyalar narazı qalaraq bəyanatlar verdilər. İmza vərəqələrinin paylanması ilə bağlı olan ədalətsiz bölgünü əldə bayraq tutaraq, qurumda ayrı-seçkiliyin yaradıldığını bildirdilər. Ona görə də burada kiməsə min ya üç yüz vərəqin verilməsi narazılıq predmeti ola bilmzədi. Söhbət ondan gedirdi ki, ayrılan maliyyə düzgün bölüşdürülmədi. Həmişəki kimi AXCP ilə Müsavat göstərdi ki, onları seçkilər və seçicilər maraqlandırmır, bu liderlər hakimiyyətə gəlmək haqda da düşünmürlər. Onlar ancaq şəxsi maraqlardan çıxış edərək maddi məsələlərə maraq göstərirlər ki, özlərinin və yaxın ətraflarının həyat tərzini daha da yaxşılaşdırsınlar.
- Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında deyib ki, 20 ildir bir-birini didən müxalifəti Milli Şurada mən birləşdirdim. Sizcə, onun bu fikri nə dərəcədə reallığı əks etdirir?
- Rüstəm İbrahimbəyovun söylədikləri ilə reallıq bir-birinə ziddir. Onun söylədiklərini heç zaman ciddi qəbul etmirəm. Reallıq budur ki, hazırda müxalifət düşərgəsində çox passiv bir durum yaranıb. Baxmayraq ki, seçkilərə az bir müddət qalıb, siyasi arenada onların aktivlik hiss olunmur. Müxalifət yaxşı mənada aktivlik göstərmir. Milli Şura yarandığı gündən burada baş verən proseslər-qarşıdurmalar, daxili çəkişmə və söz davaları, qurumun digər partiyalarla qarşıdrumaya çıxması göstərir ki, bu, həqiqi mənada birlik deyil. Bu hadisələr son nəticədə Milli Şuranı parçalanmış vəziyyətə salıb. Oradakı liderlər digər müxalifət partiyaları ilə əməkdaşlıq formasını da tapa bilmirlər. Bütün bu neqativ siyasi gedişlər ona gətirib çıxarıb ki, hazırda sözügedən düşərgədə seçkilərlə bağlı passivlik yaranıb. Bu isə seçicilərin artıq müxalifətə maraq göstərməməsi ilə nəticələnib. Seçicilərdə müxalifətin namizədinə tam inamsızlıq yaranıb. Hələ Milli Şura yaradılanda, oradakılar yalandan mehriban obrazlar formalaşdıranda biz deyirdik ki, əgər burada yenə ənənəvi müxalifət liderləri cəmləşibsə, onların fəaliyyəti yenə də “köhnə hamam, köhnə tas” olacaq. Verdiyimiz proqnozlar az keçmədi ki, özünü doğrultdu. Bu hər dəfə belə təkrarlanır. Seçkidən-seçkiyə birəşməyə çalışırlar və hər dəfə də onlar öz şəxsi ambisiyalarından çıxış edərək, ümumi maraqları şəxsi maraqlara qurban verir. Bu partiyalar elə İctimai Palatanın aktiv vaxtlarında da bir yerdə təmsil olunmaq qabiliyyətində deyildilər. Bir-birilərinə ittihamlar yağdırırdılar. Qısası, Milli Şura yalançı birlik görüntüsü naminə yaradılmış bir qurumdur.
-Milli Şuranın vahid namizədi Cəmil Həsənli necə, o, müxalifəti birləşdirməyə, seçkilərdə uğur qazanmağa nail ola biləcəkmi?
-Rüstəm İbrahimbəyovun fiaskosunun ardınca Milli Şurada uzun sürən müzakirələrdən, xüsusən də AXCP ilə Müsavatın razılığından sonra tarixçi Cəmil Həsənlinin vahid namizədliyi irəli sürüldü. Bununla da Milli Şura təkrar uğursuz bir seçim etdi. Yəni, Cəmil Həsənli kinorejissor Rüstəm İbrahimbəyovdan da uğursuz namizəddir. Cəmil Həsənli yaxşı tarixçi, insan ola bilər, amma o, peşəkar siyasətçi deyil. O, müxalifəti birləşdirən bir şəxs ola bilməz. Cəmil Həsənli 10 il ərzində deputat kimi parlamentdə təmsil olunarkən, heç bir fəaliyyəti, aktivliyi ilə yadda qalmayıb. Bundan başqa, o, 2005-ci ilə qədər AXCP sədrinin müavini idi. Bu zamana kimi də ictimai-siyasi həyatda fəal insan kimi tanınmayıb. Bu səbəbdən Cəmil Həsənlinin hansısa uğura imza atacağından danışmaq mənasızdır.
-Milli Şuranın namizədinin bəzi ölkələrə səfərləri təşkil edilib. London və Tiflis görüşlərindən sonra hətta Cəmil Həsənliyə xaricdən dəstək verildiyi barədə məlumatlar da mətbuatda yer alıb. Sizin bununla bağlı münasibətiniz necədir?
-Siyasi partiya və təşkilatlar mövsümi deyil, hər zaman aktiv fəaliyyəti ilə seçilməli, ölkədə, eləcə də xaricdə baş verən bəzi mühüm hadisələrlə bağlı münasibətini nümayiş etdirməlidir. Bizim partiya da davamlı olaraq prosesləri izləyir, hətta xarici səfərlərdə də iştirak edir, müzakirə və görüşlərdə öz mövqeyini ortaya qoyur. Təxminən bir-iki il əvvəl mən də partiya sədri kimi Avropa Parlamentində, Amerika Konqresində, Dövlət Departamentində görüşlər keçirmişəm. Müzakirələrdə ölkə daxili və xarici ictimai-siyasi vəziyyət barədə fikirlərimi çatdırmışam. Bu tamamilə başqa məsələdir. Lakin seçki müddətində xaricə getmək, orada görüşlər keçirmək, kimlərdənsə dəstək almaq düzgün deyil. Fikrimcə, Azərbaycanda keçiriləcək seçkilərdə dəstəyi xalqdan, seçicidən almaq gərəkdir. Seçkidə seçicilərin səsini qazanmaq üçün tək seçki prosesində deyil, hər zaman ölkə daxilində çoxsaylı görüşlər keçirmək, əhalini narahat edən problemlərlə maraqlanmaq, onların fikirlərini dinləmək, təşəbbüslərini, təkliflərini öyrənmək lazımdır.
-MSK 10 nəfərin namizədliyini qeydə alıb. Artıq prezidentliyə namizədlərin televiziya və radioda debatları da keçirilir. Siz həmin namizədlər arasında indiki Prezident İlham Əliyevə ciddi rəqib görürsünüzmü?
-Əgər mən də namizəd kimi bu seçkilərdə iştirak etsəydim, hansı ki, bunun üçün hələ ümidimizi itirməmişik, o zaman bizim də əsas rəqibimiz ölkə başçısı İlham Əliyev olacaqdı. Digər namizədlərin heç birini ona bərabər rəqib saymıram. Debatlara baxanda da bunu bir daha aydın hiss etmək olur. Həmin namizədlər heç seçki platformasını doğru-düzgün təqdim etməyi bacarmırlar. Daha çox bir-birinə qarşı ittihamlar yağdırır, ümumi xarakterli müxtəlif fikirlər səsləndirirlər. sözsüz ki, Azərbaycan seçicisinə bu lazım deyil. Seçiciyə namizədin seçki platforması, orada göstərilənlərin həyata keçməsi üçün atılacaq real addımlar maraqlıdır. Bu kimi səbəblərdən hesab edirəm ki, seçkilərdə hazırda dövlət başçısı olan İlham Əliyevə alternativ yoxdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər