• cümə, 19 Aprel, 10:34
  • Baku Bakı 13°C

“Cəmil Həsənli ilə geriyə!”

18.09.13 09:16 1577
“Cəmil Həsənli ilə geriyə!”
Ölkədə oktyabr seçki marafonu yaxınlaşdıqca, ənənəvi müxalifət düşərgəsində ciddi təlaş hissləri artmaqda davam edir. Xüsusilə, Milli Şurada səngiməyən böhranlı vəziyyət “birləşmiş müxalifətin” seçkilərdə hər hansı nailiyyət əldə etməyəcəyini bəri başdan şərtləndirir. Çünki Milli Şuradan fərqli olaraq, Yeni Azərbaycan Partiyası oktyabr seçkilərinə mütəşəkkil, tam hazır və bütöv şəkildə qatılır. Eyni zamanda YAP-ın monolitliyi zəif, elektoratsız, sosial bazası ölgün olan ənənəvi müxalifətin uğursuzluğunu daha qabardır. Bu amili müxalifətin seçkilərə qarışıq şüarlarla və sistemsiz şəkildə təşviqata başlaması ilə də təsdiq etmək mümkündür. Nəticədə ənənəvi müxalifətin “birləşdiyi” Milli Şura təmsilçiləri dolayısı ilə öz məğlubiyyətini etiraf etmiş olur.
Artıq göründüyü kimi YAP prezident seçkiləri kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Bu sözləri mətbuata partiyanın Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə vurğulayıb. Belə ki, brifinqdə qeyd edilib ki, YAP təşviqat kampaniyasını da kifayət qədər fəal keçirəcək: "Bizim seçki kampaniyasında istinad etdiyimiz əsas resurs xalqın İlham Əliyevə inamı və etimadıdır. Son 10 ildə bütövlükdə Azərbaycan yeniləşib, dəyişib və hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklər baş verib. Bu mənada insanlar bu inkişafın müəllifi İlham Əliyevi dəstəkləyirlər. Bu inam ötən 10 ilin uğurlarına, sınaqlarına söykənir. Bizim digər resursumuz insan resursudur. Bu, təkcə YAP-ın çoxlu sayda üzvləri deyil, eyni zamanda, İlham Əliyevin təşviqat kampaniyasında iştirak etmək istəyən digər Azərbaycan vətəndaşlarıdır. Bu gün YAP-ın yerli nümayəndələri İlham Əliyevin təşviqat plakatlarını yerləşdiriblər və bu, onların İlham Əliyevin təşviqat kampaniyasına nə qədər fədakarlıqla yanaşmalarını göstərir".
Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycan cəmiyyətində böyük seçki əhval-ruhiyyəsi var:"YAP olaraq biz seçki kampaniyasına qoşulmuş bütün namizədlərə hörmətlə yanaşırıq, ancaq İlham Əliyevin böyük şansını, həlledici üstünlüyünü aydın görmək olar. Lakin bu bizi arxayınlaşdırmır və biz seçki kampaniyasına çox ciddi yanaşırıq. Biz hər seçki ilində yeniliklərdən istifadə edirik. Bu seçki kampaniyasında da yeni texnologiyalardan və sosial şəbəkələrdən geniş istifadə etmək yolunu tutmuşuq. İnsanların informasiya əldə etmək vasitələri yenilənib və biz bu yeniliklərdən istifadə edirik. Gəncləri də bu kampaniyaya geniş cəlb etmişik və gənclər sosial şəbəkələrdə bu istiqamətdə aktiv iştirak edirlər. "İlhamla irəli" devizi altında təşviqat kampaniyası geniş formada aparılır. Eyni zamanda, videoçarxlar formasında materiallardan da istifadə edəcəyik".
Göründüyü kimi, Əli Əhmədovun fikirlərindən də aydın olur ki, YAP seçkilərə seçkilər ərəfəsində deyil, daha öncədən başlayıb və bu fəaliyyət təbii ki, cənab İlham Əliyevin qələbəsinin təminatında əhəmiyyətli rol oynayır. Müxalifət isə bütövlükdə uğursuz şüarları ilə özünü daha çətin vəziyyətdə qoyub. Üstəlik müxalifət daxilində adi şüarseçmə kampaniyasında da narazılıqlar davam edir, hansı ki, YAP artıq öz dəyişilməz şüarı ilə seçicilər qarşısında uğurlu təbliğat kampaniyasını davam etdirir.
"İlhamla irəli" şüarının seçilməsi məsələsinə münasibət bildirən İcra katibi deyib ki, İlham Əliyevin rəhbərliyi altında əzəmətli inkişafa nail olunub: "Son 10 il ərzində Azərbaycan bütünlüklə müsbət mənada dəyişib, böyük inkişaf yolu keçib, hər bir insanın həyatı yaxşılığa doğru xeyli dəyişib. Belə olan halda, "bu yola davam" fəlsəfəsi özünü göstərir. Biz İlham Əliyevin rəhbərliyi altında əldə olunan inkişafı növbəti 5 ildə də davam etdirmək prinsipindən çıxış edirik. Əgər ölkə son 10 ildə böyük inkişaf yolu keçibsə, bu siyasət özünü doğruldubsa, yeni yol müəyyənləşdirməyə ehtiyac qalmır. Biz qərara aldıq ki, bu yolu davam etdirək və bu yolun lokanik ifadəsi "İlhamla irəli"dir".
Təbii ki, YAP-ın namizədinin qələbə şansının böyük olması arxasında daha bir fakt da mövcuddur. Məsələn, bugünə qədər keçirilən bütün sorğularda İlham Əliyevin birinciliyi dəfələrlə isbat olunmuşdur. Əli Əhmədov bunu belə izah edib: “Lakin indiyə qədər Azərbaycanda keçirilən sorğular nəticəsində 75-80 faiz İlham Əliyevi dəstəkləyir. Biz bu sorğuların düzgünlüyünə inanırıq. İlham Əliyev böyük üstünlüklə qələbə qazanacaq".
Başqa tərəfdən, qeyd edək ki, Milli Şura təbliğatını mitinq, ya da aksiyalarla aparılacağını bəyan etsə də qurumun ötən mitinqlərinin hansı səviyyədə keçirildiyini bir daha xatırlamış olarıq. Pərakəndə, 500-1000 nəfərin pul-para ilə qatıldığı mitinq ilə hər hansı nailiyyət əldə etmək ümumiyyətlə, mümkün deyil.
Beləliklə, müxalifət şüarsız qalıb. Eləcə də seçkiyə nə üçün qatıldığını bilməyən Milli Şuranın namizədi ümumi sözlər danışır, belə sözlərlə isə seçkilərə qatılmaq sadəcə rüsvayçı məğlubiyyət və acı nəticələrdir. Çünki YAP-ın seçki uğurlarına nəzər salarkən, yəni müxalifəti iqtidar partiyası ilə müqayisə edərkən nəticəyə gəlmək mümkündür ki, prezident seçkiləri kimi taleyüklü seçkiyə qatılan siyasi qüvvələrin konkret məramları, startegiyası olmalıdır. Bəs müxalifətin şüarları nədir və məqsədi nədir? Demək belə hesab etmək olar ki, müxalifətin şüarı uzaq başı xarici qüvvələrdən dəstək və s. gülünc məsələlərdir. Artıq təşviqat prosesi başlayıb. İqtidar əvvəldən öz namizədini müəyyənləşridib – «İlhamla irəli» - uğurlu şüardır və xalqın marağına xidmət edir.
Müxalifətin digər qanadında da seçki təbliğatı, şüarlar uğurlu seçilməyib. Məsələn, Qüdrət Həsənquliyev təşviqat plakatında hədəfinin parlamentli respublika olduğunu göstərib. Fərəc Quliyev «Milli dirçəliş naminə» deyir. Ümid partiyası elə köhnə ampluasındadır – “Ümid İqbaladır” və s. Diqqət yetirsək bütün bu şüarlara cəmiyyətdə sosial sifariş olmadığını görərik.
Sonda isə Milli Şura üçün mümkün sayıla biləcək şüar belə ola bilər – Cəmil Həsənli ilə geriyə – çünki birləşmiş müxalifətin təmsilçisi bu vaxta kimi yeni heç bir söz deməyib və yeni ideya sərgiləməyib.
Milli Şura isə uğursuz, dublyor namizədi ilə daha bir uğursuz addım atmaq üzrədir. Yəni Cəmil Həsənli ilə geriyə doğru addım atacaq Milli Şura bununla da özü-özü fatihəsini oxuyub. Necə deyərlər, Allah o dünyasını versin.
Rövşən
banner

Oxşar Xəbərlər