• cümə, 19 Aprel, 17:31
  • Baku Bakı 25°C

Cəmil Həsənli ermənilərlə ortaq mövqeyi bölüşür

04.11.19 18:26 3408
Cəmil Həsənli ermənilərlə ortaq mövqeyi bölüşür
Millət vəkillərinin qənaətincə, hər iki tərəf saxta ittiham və qərəzli açıqlamalarla Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışırlar
Radikal müxalifətin, xüsusən də AXCP və Milli Şuranın Azərbaycanın milli-dövlətçilik maraqlarına zidd "siyasi fəaliyyət” ortaya qoyması barədə dəfələrlə yazmışıq. Bildirmişik ki, Əli Kərimli və onun bilavasitə təsiri altında olan, məhz AXCP sədrinin göstərişlərini yerinə yetirən Cəmil Həsənli vətənpərvər olmağı bacarmır, siyasi hakimiyyətlə mübarizəni Vətənə, dövlətə, xalqa qarşı mübarizədən ayırd edə bilmirlər. İnkarı inkar etməklə tez-tez gündəmə gələn bu antimilli dəstə öz davranışları ilə ermənilərlə ortaq mövqedən çıxış edirlər. Oktyabrın 31-də Vaşinqtonda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədrinin mətbuat katibi funksiyasını yerinə yetirən Sevinc Osmanqızının təşkil etdiyi növbəti tədbir söylənilənlərə daha bir nümunədir. Həmin tədbirdə çıxış edən C.Həsənli ölkəmiz barədə qeyri-obyektiv, qərəzli fikirlər səsləndirərək, dünya ictimaiyyətini Azərbaycana qarşı "Maqnitski aktı”na bənzər sanksiyalar tətbiq etməyə səsləyib.

Diqqət çəkən başqa bir məqam budur ki, C.Həsənli və ətrafı ABŞ-da ölkəmizə qarşı tədbir təşkil etdiyi vaxtdan bir gün öncə ermənilər də təxminən eyni mövzuda bəyanatlar səsləndiriblər. Belə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumun nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçiriblər. Həmin görüşdə erməni separatçıları Azərbaycanla bağlı neqativ rəy formalaşdırmağa, ölkəmizə qarşı sərt tədbirlərin görülməsinə cəhdlər ediblər. Qondarma qurumun "rəhbərinin” oktyabrın 30-da Konqresin binasında keçirdiyi tədbirə ABŞ-da yaşayan bir qrup azərbaycanlılar etiraz etsələr də, özlərini demokrat, vətənpərvər, xalq-millət fədaisi kimi qələmə verən C.Həsənli və tərəfdarlarından heç biri bu etiraz aksiyasına dəstək verməyib, milli-dövlətçilik maraqları naminə həmrəylik nümayiş etdirməyiblər. Bu fakt bir daha onu göstərib ki, üzdə demokratiya libasına bürünən radikallar əsl reallıqda öz davranışları ilə ermənilərdən heç də fərqlənmirlər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynovtəəssüflə bildirib ki, Milli Şura sədri C.Həsənli ABŞ-da olarkən Azərbaycana qarşı sanksiya tətbiq edilməsini tələb edib. Onun sözlərinə görə, Milli Şura sədrinin görüşdükləri adamlar arasında erməni və ermənipərəstlər də olub: "ABŞ-da olan Cəmil Həsənli keçirdiyi görüşlərdə Dağlıq Qarabağda yaradılan qondarma qurumun "rəsmi şəxsinin” Amerikada səfərdə olmasına, bununla Azərbaycanın ərazi bütövlüyünə edilən hörmətsizliyə hər hansı münasibət bildirməyib. Əksinə, onun ABŞ-da keçirdiyi görüşdəki çıxışı Azərbaycanın əleyhinə çalışan erməni lobbisinin fikirlərindən əsla fərqlənməyib. Cəmil Həsənlinin fikri erməni lobbisinin təsirində olduğu şübhə doğurmayan "Amnesty İnternational"ın nümayəndəsi Balsonun sözləri ilə də eyni olub. Hər iki tərəf saxta ittiham və qərəzli açıqlamalarla ölkəmizin nüfuzuna zərbə vurmağa çalışıblar. Hər ikisi Azərbaycanda media azadlığının olmadığını iddia edib, qanunsuz keçirilən aksiyaların qarşısının polis tərəfindən alınmasını zorakılıq kimi qələmə veriblər. Bununla da radikal qüvvələrin xalqa və dövlətə olan düşmən münasibəti bir daha özünü qabarıq şəkildə göstərib. Amma xarici və daxili düşmənlərimiz unutmamalıdırlar ki, Azərbaycanın beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır”.


Millət vəkili, siyasi şərhçi Sahib Alıyev isə bildirib ki, onu, Milli Şura sədrinin anti-Azərbaycan mövqeyi deyil, nə vaxtsa milli-dövlətçilik marağından çıxış etməsi təəccübləndirə bilər: "Məni təəccübləndirən Cəmil Həsənlinin milli-dövlətçilik nöqteyi-nəzərindən mövqe bildirməməsi yox, ondan belə bir mövqenin gözlənməsidir. Çünki, haylara yaxın çevrələrlə sıx təmasda olanlar, onlardan informasiya, maliyyə və lobbiçilik dəstəyi alanlar Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçisinin Vaşinqtona səfərinə narazılıqlarını dilə gətirə bilməzlər. Siz bir gün eşitsəniz ki, onlar həmin Vaşinqtonda mailyanlarla gizli görüşüb əməkdaşlıq haqda anlaşıblar, buna da heç təəccüblənməyin”.


Milli Məclisin deputatı Cavid Osmanov Milli Şura sədri C.Həsənlinin öz ölkəsinə, xalqına, iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərin sanksiya tətbiq etməsini acınacaqlı hal kimi dəyərləndirib. Bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının "erməni soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıdıb, bununla bağlı Azərbaycan tərəfi rəsmi mövqe bildirib, lakin radikal müxalifət ümummilli məsələdə vahid mövqedən çıxış etməyi bacarmayıb: "Belə bir ümummilli məsələnin ortada olduğu, bütün türkdilli dövlətlərin qardaş Türkiyəyə dəstək verdiyi halda Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirib. Onun görüşdüyü adamlar arasında erməni və ermənipərəstlər də olub. Maraqlıdır, Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi. Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?”.

Deputatın sözlərinə görə, C.Həsənli bir daha göstərib ki, o və onun ətrafında olanlar Azərbaycanı sevmir, xalqımızın taleyi, ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları qətiyyən düşündürmür: "Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirlər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər. Amma Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən boykot olunur. Xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər