• cümə, 19 Aprel, 17:23
  • Baku Bakı 25°C

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18.11.19 18:04 2311
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub
Görkəmli ədibin nəslinin davamçıları 68 ildən sonra ulu babalarının evini ziyarət ediblər

Görkəmli ədib və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.
Dahi mütəfəkkirin nəticəsi və onun oğlu Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarlarını ziyarət ediblər. Noyabrın 18-də onlar C.Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışında iştirak ediblər.
Açılışda ilk çıxış edən Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin dünya mütəfəkkirləri ilə eyni səviyyədə olduğunu vurğulayaraq onun kimi fədakar insanların, mütəfəkkirlərin, söz xadimlərinin Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışdı: "Cəlil Məmmədquluzadə dünya ədəbiyyatının klassikləri ilə eyni dəyərə malik, layiq bir dramaturqdur. Çünki o, Azərbaycan ədəbiyyatı üçün çox böyük işlər görüb. Cəlil Məmmədquluzadənin adını daşıyan ev-muzeyi Bakı Şəhər Mədəniyyət İdarəsi tərəfindən yenidən təmir olunub. Muzeydə yeni ekspozisiyalarla tanış olma imkanı əldə edəcəyik. Biz burada Mirzə Cəlilin yaradıcılığı, irsi ilə yenidən tanış olacağıq”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə çıxışında qeyd etdi ki, muzeyin təmir prosesində yaxından iştirak edib: "Ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra bu muzeyə kifayət qədər diqqət yetirilməmişdi. O zaman mən bununla bağlı bir material hazırlamışdım. H.Əliyev Moskvadan geri döndükdən sonra bu muzeyə diqqət artdı. Bu muzey yenidən bərpa olundu. Hər dəfə buraya gələndə iftixar və fərəh hissi ilə bərabər, çox kədərli hisslər keçirirəm. Bu muzeydə Cəlil Məmmədquluzadə həyatının ən kədərli anlarını yaşayıb. Ömrünün son illərində xəstə olub. Təqiblərə məruz qaldığı illərdə sonuncu dəfə burda kamança çalmağı sanki gözümün qarşısında canlanır. Soyuq otaqları isitmək üçün o, əlyazmalarını sobaya ataraq yandırıb. Sənətkarımızın həyat yoldaşı Həmidə xanım qeyd edirdi ki, yandırılan kağızların nə qədər dəyərli və qiymətli olduğundan xəbərdar olsa da, əlindən heç nə gəlməyib. Yazdığı əlyazmalarını yandırmağa məcbur olan dramaturq otaq isinəndən sonra "indi uşaqlar rahat yata bilərlər” deyərək rahatlıq tapırdı. O ocaq bu gün də yanaraq bizləri isidir. Tək onun balalarını deyil, özünü ədəbiyyata həsr edən hər bir Azərbaycan alimini, yazarını, ziyalısını isidir”.
AMEA-nın vitse-prezidenti, deputat, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə ilə bağlı tədqiqat işi apardığını, ilk dəfə 25 yanvar 1992-ci ildə onun 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin övladları Midhət Cavanşiri və İren Cavaşiri ilə Tehran şəhərində görüşdüyünü və onlarla əlaqələr yaratdığını vurğuladı. Qeyd etdi ki, 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşmək imkanı əldə edərək onunla əlaqə qurub: "Cəlil Məmmədquluzadənin ev-muzeyinin bu dəfəki açılışında ən böyük hadisə onun nəslinin davamçılarının iştirakıdır. Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə sovet ordusunun tərkibində həkim kimi İrana gedib və bir daha geri qayıtmayıb. Onun nəvəsi və nəticəsi bu mərasimdə iştirak edirlər. Mirzə Cəlil nəslinin davamçıları hazırda İranda, Polşada, Fransada və İrlandiyada yaşayırlar. 68 illik fasilədən sonra ilk dəfə Mirzə Cəlilin nəslinin nümayəndələri doğma vətənə, torpağa qayıdıblar. Bu gün onlar ulu babalarının evində olacaqlar. Bu gün Mirzə Cəlilin qəbrini ziyarət ediblər. Məncə, bu, günün əlamətdar hadisəsidir. Cəlil Məmmədquluzadə əsərlərini bu evdə yazıb. 1922-ci ilin sentyabrından 1932-ci il yanvarın 4-ə qədər burada yaşayıb. Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidməti olub. O, Mirzə Cəlili burada məskunlaşdırıb, bu evin birinci mərtəbəsi "Molla Nəsrəddin” mətbəəsi olub. "Molla Nəsrəddin” jurnalı burada çap olunub, ikinci mərtəbəsi isə onun evi olub. Mirzə Cəlil özünün məşhur "Dəli yığıncağı” əsərini məhz bu evdə yazıb. Nəinki bu əsər, eyni zamanda onun bir çox hekayələri burada yazılıb. "Molla Nəsrəddin” jurnalının 1921-ci ildən 1931-ci ilə qədər çıxan bütün nömrələri burada hazırlanaraq, burada çap olunmuşdu. Bura görkəmli yazıçılar Mirzə Cəlillə görüşə gəliblər. Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyovla bu evdə görüşüblər. Bu ev, sözün əsl mənasında Azərbaycan mədəniyyətinin, ictimai fikrin böyük mərkəzlərindən birinə çevrilib. Mirzə Cəlil Azərbaycan ziyalılarını öz ətrafında birləşdirən "Molla Nəsrəddin” məktəbi, tənqidi realizm məktəbi yaratmış böyük mütəfəkkirimizdir. Onun adı dünyanın böyük klassikləri ilə yanaşı çəkilir”.
İ.Həbibbəyli qeyd etdi ki, C.Məmmədquluzadə Azərbaycan xalqının milli iftixarıdır: "Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması, müstəqillik əldə etməsi, müstəmləkədən xilas olması Mirzə Cəlilin idealları idi. Onun yaradıcılığı bu amala xidmət edirdi. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə böyük ədibin 150 illik yubileyi geniş qeyd olunur. Klassiklərimizə, o cümlədən Cəlil Məmmədquluzadəyə münasibətdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ehtiram və hörmət hissi İlham Əliyevin sərəncamı ilə bu gün böyük layihələrlə davam edir. Bu layihələrin içərisində Cəlil Məmmədquluzadə ev-muzeyinin açılışı xüsusilə əlamətdardır. Vaxtilə ulu öndərimizin açıb Azərbaycan xalqına təqdim etdiyi bu muzey yenidən bərpa olunaraq xalqımızın istifadəsinə verilir”.

Cəlil Məmmədquluzadə nəslinin davamçısı, dahi yazıçının nəticəsi Martin Cavanşir çıxışında babası haqqında ümumi məlumatlarının olduğunu vurğuladı: "Amma onun bu qədər əhəmiyyətli şəxs olduğunu təsəvvürümə gətirə bilmirdim. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Bura həm müasirdir, həm də ənənələrə bağlı bir ölkədir”. Daha sonra o, 68 ildən sonra ilk dəfə Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələrinin vətənə gəlməsinin necə bir hiss olmasından danışdı.
Bildirildi ki, onlar Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.
Təəssüf hissi ilə qeyd edək ki, Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Cəlil Məmmədquluzadənin yazdığı əsərlərdən, onun yaradıcılığından xəbərsiz idilər. Onlara bu barədə sual verildikdə isə, tərcüməçi "bu barədə sual verməyin” deyərək, nəslin davamçılarını mətbuat nümayəndələrindən uzaqlaşdırmağa çalışırdı.
Çıxışlardan sonra Cəlil Məmmədquluzadənin ev-muzeyi ziyarət edildi. Ədibin 1922-1932-ci illərdə yaşayıb yaratdığı mənzilin təmirinə 2018-ci ilin may ayından başlanıldığı bildirildi. Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.

Xəyalə Rəis









banner

Oxşar Xəbərlər