• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

Cəhənnəmdən çıxıb cənnətə düşənlər Fotolar

22.05.13 08:07 3241
Cəhənnəmdən çıxıb cənnətə düşənlər Fotolar
“Bala, bizi cəhənnəmdən çıxarıb cənnətə gətiriblər. Evimizin şəraiti çox yaxşıdır. Düzdür, Ağdamdakı 24 sot həyət-bağçamın yerini vermir. Amma yataqxanada illərdir 7-8 nəfər bir otaqda qalırdıq. İndi mənimlə yoldaşıma ayrı, oğlanlarıma, qızlarıma da ayrıca ev veriblər”.
Bu sözləri bizimlə söhbətində Ağdamın Güllücə kəndindən olan 81 yaşlı Əsəd Hüseynov dedi. Əsəd kişi köçkünlük dövründən Bakı Dövlət Universitetinin “Tələbə şəhərciyi”ndəki yataqxanalarından birində məskunlaşıb. Bu ilin aprelin əvvəlində o da “şəhərciy”in digər sakinləri kimi Neft Fondunun vəsaiti hesabına köçkünlər üçün Müşfiqabadda tikilən məhəlləyə köçüb.
Məhəlləyə yeni marşrut xətti açılıb
Qeyd edək ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən yeni yaşayış binaları martın ortalarında etibarən istifadəyə verilib. Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan köçkünlər hissə-hissə sözügedən məhəlləyə köçürülürlər. Məskunlaşmanın necə getdiyini, köçkünlərin vəziyyətinin necə olduğunu öyrənmək üçün metronun “20 Yanvar” stansiyasından 114 saylı avtobusla sözügedən qəsəbəyə üz tutduq. Onu da deyək ki, bu marşrut xətti qəsəbənin yeni sakinlərini ünvanına çatdırmaq üçün açılıb.
Təxminən 40-45 dəqiqəyə Müşfiqabadın çıxacağında köçkünlər üçün ucaldılan “qırmızı kirəmitli” beşmərtəbəli binalardan ibarət məhəlləyə çatdıq. 8 ay bundan əvvəl olduğumuz bu qəsəbədə bu dəfə ustalar işləmirdi. Artıq məcburi köçkünlər 20 ildən çoxdur yaşadıqları ümumi yataqxanalara əlvida deyərək öz evlərinə köçürülmüşdülər.
Qeyd edək ki, məhəllə 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınıb. Burada 16-sı 80, dördü 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilib. Amma məskunlaşma tam getməyib. Təxminən 6-7 beşmərtəbəli bina hələ də öz sakinlərini gözləyir.
“Oboy”larımız öz-özünə qopurdu
Xocalıdan olan məcburi köçkün Mətanət Əzimova da yeni məhəllənin sakinlərindəndir. Deyir ki, 5 nəfərlik ailə üzvü ilə birlikdə yataqxanada 1 otaqda qalırdılar: “Bir otaq həm qonaq, həm yataq otağımız sayılırdı, həm də mətbəx, dəhliz kimi işlədirdik. Çox çətin idi. 21 ildir zülmlə yaşayırdıq. Amma indi şükürlər olsun ki, 3 otaqlı ev veriblər. Çox rahatdır. Şəhərdən kənarda olsa da, adam burada özünü insan kimi, ailə kimi hiss edə bilir. Adam 1 otaqda qonaq qəbul etməyə də xəcalət çəkirdi. Qonaq gələndə bilmirdik onu necə qarşılayaq, necə yola salaq”.
M.Əzimova isti-soyuq sularının, qızdırıcı sistemin, elektrik enerjisinin yaxşı işlədiyini dedi: “Bircə dənə qazın çəkilişi qalıb. Binaların əksəriyyəti artıq qazlaşdırılıb. Yəqin 5-10 günə bizə də çəkilər”.
Müsahibimiz mənzilə yeni köçəndə bir az narahat olduqlarını bildirdi: “Su kranı işləmirdi, su damırdı, üst qonşunun hamamında problem olduğuna görə bizə su keçirdi, “oboy”larımız öz-özünə qopurdu. Amma nə problemimiz oldusa, “JEK”ə müraciət etdik, gəlib həmin dəqiqə öz hesablarına həll etdilər. İndi də problem olan kimi zəng edirik, gəlirlər”.
İkinci qrup müharibə əlili olan Müsavi kişi də köçürülmədən razıdır. Deyir ki, yataqxanada 7 nəfər 1 otaqda qalırdılar: “Gecə yeri salanda, otağın o biri başında olanların çölə çıxmasına imkan olmurdu. İndi şükürlər olsun 7 nəfərə 4 otaq veriblər, rahatdır. Bircə iş yeri də olsaydı, yaxşı olardı”.
“Bura köçəndə Ağdamdakı evin “kupça”sını cırdım”
Yazımızın əvvəlində haqqında söhbət açdığımız 81 yaşlı Əsəd kişi ev şəraitlərinin yaxşı olduğunu desə də, evdən bayırda onlar üçün yaxşı şərait yaradılmadığından şikayətləndi. Bütün həyətlərdə kölgəlik yoxdur ki, oturub mənim kimi yaşlı adamlarla söhbət edək: “Bizə ayrıca qəbiristanlıq da lazımdır, amma bu məhəllə üçün ayrıca qəbiristanlıq ayırmayıblar”.
Əsəd kişinin xanımı Elza nənə də evlərinin şəraitindən razılığını bildirdi: “Sağ olsunlar ki, bizi zibillikdən, iyin-qoxunun içərisindən çıxarıb buraya gətirdilər. Amma bura cənnət də olsa, heç vaxt dədə-baba torpaqlarımızın yerini verə bilməz. Ağdamdakı evimizin “kupça”sını bura köçənə qədər saxlamışdım. Bura gələndə cırıb tulladım ki, 21 ildə heç nəyə lazım olmayıbsa, bundan sonra da olmayacaq”.
Yaşlı cütlükdən torpaqlar alınacağı təqdirdə ora köçüb köçməyəcəklərini soruşdum. Sualımıza Əsəd kişi uşaq kimi ağlamaqla cavab verdi. Elza nənənin sözlərinə görə, hər gün Əsəd kişi bir neçə dəfə dədə-baba torpaqlarını xatırlayıb yaz buludu kimi dolub boşalır. Bir az sonra özünə gələndən sonra Əsəd kişi də söhbətimizə qoşularaq ata-anasının yanında dəfn olunmaq istədiyini dedi: “Ən böyük arzum valideynlərimin yanında dəfn olunmaqdır”.
Şəhərin mərkəzindən dağın başına
Məhəllədə məcburi köçkün uşaqların təhsil alması üçün inşa edilən 1296 şagirdlik məktəbdə də olduq. Binada Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi də fəaliyyət göstərir. Məktəb direktoru yerində olmadığından bizə sinif otaqlarından fotolar çəkməyə icazə verilmədi. Məktəbin həyətinə yığışan valideynlərlə söhbətləşdik. Onlar təhsil ocağından razılıqlarını bildirdilər.
Bağçayaşlı uşaqların beşdə biri çöldə qalacaq
Məhəllədəki 140 çarpayılıq uşaq bağçasında da olduq. Amma məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmirdi. Bağçanın müdirəsi bağçanın nə zamandan işə başlayacağını bilmədiyini dedi. Bildirdi ki, bağça fəaliyyət göstərməmiş nə orada şəkil çəkə, nə də məlumat ala bilərik.
Onu da deyək ki, sakinlər hələ bağça fəaliyyətə başlamamış bu təhsil müəssisəsi ilə bağlı narahatlıqlarını bizimlə bölüşdülər. Bildirdilər ki, 1400-dən çox məcburi köçkün ailəsi üçün nəzərdə tutulan bağçada cəmi 140 çarpayının olması problem yaradacaq: “1400 ailənin hamısında demirik, 700-də bağça yaşlı uşaq olsa, buradakı uşaqların beşdə biri çöldə qalacaq”.
Yüksək qan təzyiqi, ürək və baş ağrıları
Məhəllədə klub-kitabxana, poçt binası, yanğınsöndürmə binası olsa da, hələ ki, onlar işə başlamayıb. 200 nəfərlik klub məcburi köçkünlərin müxtəlif tədbirlər, xeyir-şər məclisləri keçirməsi üçün nəzərdə tutulub.
Artıq fəaliyyətə başlayan Ağdam rayon Mərkəzi Xəstəxanasının Muğanlı həkim məntəqəsi həm də təcili tibbi yardım stansiyası kimi məcburi köçkünlərin xidmətinə verilib. Tibb məntəqəsinin baş həkimi Yaqut Nəsibova bildirdi ki, 4 terapevtləri, 6 pediatrları var: “Ən çox evlərə gedir, insanların hansı xəstəlikdən əziyyət çəkdiklərini öyrənirik. Təcili yardım stansiyası kimi də fəaliyyət göstərdiyimizdən artıq müraciət edənlər də var. İnsanlar əsasən yüksək qan təzyiqi, ürək, kəskin baş ağrıları, uşaqların kəskin tənəffüs yolu xəstəlikləri ilə bağlı müraciət edirlər. Bizə təcili tibbi yardım maşını verilmədiyindən problem olanda yaxınlıqdakı təcili tibbi yardım məntəqəsinə müraciət edirik”.
Fəvvarəli park və qırıq yelləncəklər
Məhəllədə məcburi köçkünlərin istirahəti də yaddan çıxmayıb. Binaların həyətlərdə yaşıllaşdırma işləri hələ tamamlanmayıb. Hər bir həyətdə yaşıllıqla yanaşı, söhbətgahlar, uşaqların əylənməsi üçün müxtəlif fiqurlar, yelləncəklər də quraşdırılıb. Onu da deyək ki, həyət istifadə verilməsindən 2 ay ötməsə də, artıq yelləncəklərin bir çoxu qırılmışdı.
Qəsəbənin ən hündür yerində 1.7 hektarlıq ərazidə köçkünlər üçün fəvvarələrin də yer aldığı park salınıb. Biz parkda olarkən qazon toxumu səpilirdi. Fəvvarələr işlək vəziyyətdə olsa da, park tam hazır olmadığından hələ məhəllə sakinlərinin istifadəsinə verilməyib. Parkın yaxınlığında isə böyük üstüörtülü stadion qurulub.
Bir ilin tamamında mənzillərə baxış keçiriləcək
Məhəllədə idarəetmə orqanlarının yerləşdiyi inzibati binada da olduq. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Bakı şəhəri üzrə baş texniki nəzarətçisi Teyyub Hüseynov bizimlə söhbətində köçkünlərin narazılıqlarını təbii saydığını dedi: “Artıq 2-ci dəfədir ki, bir yerdən başqa yerə köçürülürlər. Uyğunlaşmaları zaman tələb edir. Amma nə problemləri olursa, həll edirik. Qışda mənzillərdə adam yaşamadığından müəyyən problemlər, divar kağızlarında qopma hallarına rast gəlindi. Amma bizə müraciət olan kimi kömək edirik. Ümumiyyətlə, sözügedən binalarda infrastrukturu - işığı, qazı, suyu çəkən, təmir işi aparan şirkətlərin pulunun 5 faizini hələ verməmişik. Bir ilin tamamında mənzillərə bizim, ev sahiblərinin və şirkət nümayəndələrinin iştirakı ilə bir də baxış keçiriləcək. Hər şey normal olduğu təqdirdə, iº görən ºirkətlərə zəhmət haqlarının qalan 5 faizi də köçürüləcək”.
Mənzil İstismar Sahəsinin rəisi Daşqın Şamıyev məcburi köçkünlərin onlara düşən otaq sayından narazılıqlarına münasibətini bildirdi: “Elə ailələr var ki, qızlarını yerliyə ərə verib. İndi onları kağız üzərində boşatdırıblar ki, qızlarına da ayrıca ev düşsün. Yaxud rayonda qeydiyyatda olan və yaşayan ailə üzvləri də köçkünlərə ev verilmə məsələsi gündəmə gələndə yataqxanalarda qeydiyyata düşüblər ki, ailə üzvlərinə çoxotaqlı mənzil düşsün. İndi də narazılıqlarını bildirənlər onlardır”.
D.Şamıyevin sözlərinə görə, 2486 nəfər olmaqla 784 ailə artıq yeni mənzillərə köçürülüb.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər