• cümə, 19 Aprel, 07:53
  • Baku Bakı 13°C

Cəbhədə atəşkəs olsa da...

07.04.16 11:57 2028
Cəbhədə atəşkəs olsa da...
Son günlər cəbhə bölgəsindən gələn qələbə xəbərləri Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı. Hər kəs uzun müddətdən bəri içimizi dağlayan məğlubiyyət ab-havasından çıxıb qələbə əzminə kökləndi. Güclü ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı hər an işğaldan azad etmək gücünə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Lakin qələbələri sıraladığımız bir vaxtda gələn atəşkəs xəbəri cəmiyyətdə o qədər də birmənalı qarşılanmadı. Belə ki, məlumata əsasən, aprelin 5-də saat 12.00-dan etibarən qoşunların təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. Bəs atəşkəsin elan olunmasının səbəbləri nədir? Yaxın gələcəkdə bizi hansı hadisələr gözləyir?
Millət vəkili Sahib Alıyev məsələyə sosial şəbəkə üzərindən münasibət bildirib. O qeyd edib ki, cəbhədə atəşkəs olsa da, hər kəs ordumuzun başlatdığı cavab əməliyyatlarının davam etdirilməsini, torpaqlarımızın tam geri qaytarılmasını arzulayır: “Bu, təbii arzudur. Ancaq bilmək lazımdır ki, bizim gördüyümüz bu cavab tədbirlərində məqsəd döyüşlərin miqyasını genişləndirmək deyil. Düşməni sarsıtmaq, ona həddini göstərmək, status-kvonu qoruyub saxlaya bilməyəcəyini anlatmaq, böyük itkilərə yol vermədən danışıqlar yolu ilə problemi çözməkdir əsas məqsəd. Əgər emosiyaya və eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq, ermənilərin yiyələri tərəfləri ayırmaq adı altında Qarabağa qoşun yeridər və biz heç vaxt arzulamadığımız reallıqla qarşılaşa bilərdik. Azərbaycana Qarabağda hər hansı bir böyük dövlətin hərbi mövcudluğu lazım deyil və bu, problemin həllinə qətiyyən yardım etməyəcək. Ən azından ortada Güney Osetiya və Abxaziya təcrübələri var. Bizə ermənilərin və havadarlarının torpaqlarımızın daha 20 il işğal altında qalması ilə barışmayacağımızı anlamaları lazım idi. Anladılar. Onlara bunu ruhları qarşısında baş əydiyimiz ŞƏHİDLƏRİMİZ anlatdılar! Müzəffər ordumuz anlatdı! Ali Baş Komandanımız anlatdı! Rusiyanın baş naziri Dmitri Medvedyev Bakıya gəlir. Gözləyirik. Həmsədr dövlətlərdən öz üzərlərinə düşəni etmələrini gözləyirik. Yoxsa artıq bir neçə strateji yüksəklikdən erməniləri vurub çıxaran ordumuz öz sözünü deyəcək. Son 3 gündə necə qətiyyətlə deyirdisə, o cür deyəcək!”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də mövzu ilə bağlı “Kaspi”nin suallarını cavablandırdı. Millət vəkilinin sözlərinə görə, aprel ayında baş verən hadisələr qarşı tərəfin formalaşdırdığı kələkbaz imicə ağır zərbə oldu: “Atəşkəsin elan olunmasının səbəbləri Müdafiə Nazirliyi ilə bağlı olan məsələlərdir. Bu haqda mərkəzləşmiş şəkildə informasiya yayılır və biz də buna əməl etməliyik. Uzun müddətdir ki, cəmiyyətdə belə bir əhval-ruhiyyə yaranmışdı ki, ordu quruculuğu sahəsində ciddi heç bir iş görülmür. İlk növbədə bu mif qırıldı. Qarşı tərəfin bizdən daha güclü olması ilə bağlı bir kələkbaz rəy yaranmışdı. Son yaşanan hadisələr bir daha sübut etdi ki, Ermənistan tərəfinin heç bir gücü yoxdur. Həmişə bildirilirdi ki, ermənilərin arxasında Rusiya dayanır və onlar Rusiyanın köməkliyi ilə Azərbaycanın ərazilərini işğal ediblər. Məlum oldu ki, Azərbaycan çox qısa zaman ərzində Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək imkanlarına malikdir”.
Millət vəkili qeyd etdi ki, elan olunan bu atəşkəsdən sonra dünya dövlətləri və beynəlxalq təşkilatlar məsələyə yanaşma tərzini dəyişəcəklər: “ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlar bundan sonra daha çox ehtiyatlı olmaq məcburiyyətindədirlər. Çünki onlar dərk edir ki, əks təqdirdə müharibə fəal mərhələyə keçə bilər. Məsələ burasındadır ki, indiyə qədər də danışıqların özündə daha çox ermənilərin əldə etdiyi uğurlar əsas götürülür və Ermənistan tərəfi diktə edən tərəf kimi qeyd olunurdu. Son yaşanan hadisələr isə vəziyyəti dəyişdi. Bütün bunların hamısı çox müsbət məqamdır. Bir çoxları düşünürdü ki, xalqın müharibə əhval-ruhiyyəsi yoxdur. Lakin xüsusilə şəhid valideynlərin davranışı onu göstərdi ki, Azərbaycan hər an səfərbər olmağa hazırdır. Qeyd edim ki, hətta böyük dövlətlər bu məsələyə müdaxilə edərlərsə, iqtidarlı-müxalifətli, qocalı-cavanlı hər kəs düşmənə qarşı vuruşacağıq. Düşmən böyük olanda onun qarşısından çəkilmirlər. Çünki biz öz evimizin, torpağımızın uğrunda savaşırıq. Dünya dövlətləri imzalanan atəşkəsdən sonra məsələyə yanaşmanı tamamilə dəyişəcəklər. Hesab edirəm ki, Ermənistan tərəfinə ciddi zərbə vurduqdan sonra indiki halda atəşkəsin elan olunması pis məqam deyil. Çünki biz öz gücümüzü dünyaya və qarşı tərəfə göstərdik. İndi biz həm də öz mövqeyimizi açıq şəkildə nümayiş etdiririk ki, əgər siz məsələni dinc yolla həll etməyəcəksinizsə, biz öz hücumlarımızı davam etdirə bilmək gücünə sahibik”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mövzu ilə bağlı bildirdi ki, cəbhə xəttindəki son proseslər qarşı tərəfin özünə inamının olmadığını bir daha sübut etdi: “Ermənistan tərəfi dəfələrlə atəşkəs rejimini pozmamağı öhdəsinə götürsə də, verdiyi sözə əməl etməyib. Onlar özlərinə məxsus riyakarlıqla təcavüzkarlıq siyasətini hələ də davam etdirirlər. Atəşkəsin elan olunmasına baxmayaraq, mühüm olan bir neçə fakt diqqətdən qaçmamalıdır. Onlardan biri Şuşanın işğalıdır. Şuşanın işğalı ərəfəsində İranda Azərbaycan və Ermənistan rəhbərliyi danışıqlar masasına getmişdi ki, problem sülh yolu ilə həll olunsun. Lakin Azərbaycan və Ermənistan rəhbərliyi İranda olduğu bir vaxtda Şuşa işğal edildi. Eyni hadisələr Kəlbəcərin işğalı zamanı da təkrarlandı. Bütün dünyanın təzyiqi ilə Azərbaycan atəşkəsi saxladı və bu zaman ermənilərin genişmiqyaslı əks-hücumu başladı. O vaxt Azərbaycan ordusu Sərsəng su anbarına qədər gedib çıxmışdı. Daha sonra Sərsəng su anbarı, bütün yüksəkliklər və Kəlbəcər işğal olundu. İndi həmin vəziyyətin təkrarlanmasını heç zaman istəməzdim. Ona görə də indiki şəraitdə ermənilərə inanmaq olmaz. Bizim ordumuz qazandığı qələbəni əldə saxlamaqla bərabər bu uğurlarını davam etdirməlidir. Qarşı tərəfin hər bir addımı çox ciddi şəkildə qiymətləndirilməli və qarşılanmalıdır. Onların timsah göz yaşlarına inanmaq lazım deyil. Biz bu gün əldə etdiyimiz mənəvi-psixoloji, hərbi, diplomatik üstünlüyümüzü mütləq şəkildə davam etdirməliyik. Münaqişə başladığı andan etibarən ilk dəfə olaraq çox böyük hərbi və psixoloji, siyasi üstünlük əldə etmişik”.
F.Ağamalının sözlərinə görə, Azərbaycan tərəfi hazırkı mövqeyini saxlamalıdır: “Azərbaycan artıq prosesi diktə edən tərəfdir. Düşünürəm ki, dövlətimiz bu mövqedə qalacaq. Biz cəmi dörd gün davam edən müharibədə Ermənistana çox ağır və sarsıdıcı zərbələr vurduq. Cəbhə boyu üstünlük Azərbaycan tərəfindədir. Bu üstünlüyü qoruyub saxlamalı və davam etdirməliyik. Artıq beynəlxalq miqyasda hər kəs dərk edir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Həmçinin Avropa Şurasının da bununla bağlı qərarları var. Dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanın işğala məruz qaldığını bilir və bu arqument diplomatik üsulla daha da möhkəmlənməlidir. Minsk qrupunun həmsədrlərinin fəaliyyəti bu ərəfədə canlanmalıdır. Onlar bu dəfə də öz fəaliyyətləri ilə Ermənistanın yanında olsalar, Azərbaycan tərəfi Minsk qrupundan imtina etməlidir. Bu gün faktiki olaraq ordumuzun əldə etdiyi qələbə eyni zamanda diplomatik gedişlərlə tamamlanır. Bunların hər ikisinin üst-üstə düşməsi Azərbaycan üçün çox böyük uğurdur. Əgər Ermənistan hazırkı siyasətindən əl çəkməzsə, ordumuzun genişmiqyaslı hücumu təbii ki, başlayacaq və biz cəmi bir həftənin içində erməni qoşunlarını darmadağın edə bilərik. Buna heç kim qətiyyən şübhə ilə yanaşmasın. Əgər səfərbərlik elan olunarsa, əli silah tuta bilən hər bir azərbaycanlı bu səfərbərlik üçün əlindən gələni etməlidir. Hesab edirəm ki, biz buna tam hazırıq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər