• cümə axşamı, 28 mart, 18:05
  • Baku Bakı 13°C

Cavidi əzbər bilən 84 yaşlı riyaziyyatçı - Fotolar

06.09.19 11:00 14764
Cavidi əzbər bilən 84 yaşlı riyaziyyatçı - Fotolar
Həyat insana qınamamağı öyrədir. Bir vaxt kimisə atdığı addım, verdiyi qərar üçün qınayırsan, mən heç vaxt bunu eləmərəm - deyirsən, yaxud, düşünürsən. Həyat səni dolandırıb o atdığı addımın, verdiyi qərarın düz astanasına gətirir. O zaman həmin adamın nə yaşadığını, niyə o addımı atdığını çılpaqlığı ilə görürsən, yaşayırsan, anlayırsan. Heç vaxt eləmərəm - dediyini xatırlayıb, bu dəfə özünü qınayırsan. Kimsəni qınamamağı öyrənirsən. Heç vaxt etmərəm - demədən, heç kimi qınamadan oxuyun bu reportajı, lütfən.
Deyir, harada yaşadığımı yazmayın, amma haqqımda yazın. Yazmadım, arif oxucu özü biləcək. Tahirə müəllimənin 84 yaşı var. Riyaziyyatçıdır, amma Hüseyn Cavidi, Səməd Vurğunu əzbər bilir. Məni cəlb edən də bu oldu. Bir neçə dəfə görüşmüşük orda. Yanına ziyarətə getmişəm, bəzi istəklərinə çatdırmağa çalışmışam. Bu istəyini də yerinə yetirmək üçün – bir gün sizdən yazmaq üçün sabah yanınıza gəlirəm - dedim. Müəssisənin direktoru deyir ki, səhərə qədər hazırlaşıb, yuxusu çəkilib ərşə. Səhər çıxış qapısına qədər gəlib, axırda işçilər onu otağına qaldırıblar ki, jurnalist gələndə birbaşa otağına gətirəcəyik.
Görən kimi həyəcanlı olduğunu hiss etdim. Masasının üstü, otağın divarlarındakı rəflər kitabla dolu idi, hər şeyə əl gəzdirilmişdi, xüsusi düzümü vardı:
- Nə çəkirsən, harada göstərəcəksən məni? - deyə, əl-ayağa düşdü.
Çətinliklə hərəkət etdiyi üçün yerindən qalxmağa qoymadım, əvvəlcə həyəcanını dəf etməsi üçün onu rahatlaşdırmaq istədim. "Qoyun kənara çəkilişi-filanı, bu qəzetlər hardandır bu qədər?” – deyə masanın üstündəki qəzetlərə işarə ilə soruşuram.
Deyir, direktora gələn qəzetlərdi, alıb mən də oxuyub qaytarıram. Amma "Ədəbiyyat qəzeti”nə şəxsən özü abunədir Tahirə müəllimə. Bizim xahişimizlə qəzetin baş redaktoru Azər Turan Tahirə müəlliməni ziyarət edib, qəzetin bir illik abunəsi də onun hədiyyəsidir. Sabir Əhmədovun "Yaşıl teatr” kitabı, nə bilim, hardasa 70-ci illərin nəşridir. Tahirə müəllimənin masaüstü kitabıdır. Zəlimxan Yaqubun "Peyğəmbər”i də var onların içində.
Böyük bir kitabı öz qabından çıxartmağa çalışır, alınmır, köməkləşib çıxardırıq – "İşıq saçan sözlər” kitabıdır. Deyir, bu, aləm kitabdır, burda hər mövzuda yazılıb.
"Folklorşünas Məhərrəm Qasımlı var, çox savadlı adamdır” - deyir. Elə bilir mən tanımıram Məhərrəm müəllimi, məsləhət verir ki, tanış olun onunla: "Mənə xeyli kitab göndərib”.
- Tahirə müəllimə, hardan tapırsınız o adamları?
- Sizin kimi dostların sayəsində. Bilirsiniz, hamı sizin kimi bir dəfə məni dinləyir, sonra dinləmək istəyi ilə yenə gəlir.
- Azər Turanın sizə bağışladığı kitabı oxuyub bitirdiniz?
- Oxuyuram, çox məzmunlu kitabdır. Böyükdür, aram-aram oxuyuram. Cavidi elə açıqlayır ki... Onun atasını da tanıyırdım - yazıçı İmamverdi Əbilovu. Yaddaşım gedib, yoxsa onu da çox oxumuşam.
- Mənim yaddaşım indidən gedib, maşallah, sizin nəsil xeyli irəlidədir o baxımdan. Sizin vaxtınızda ekologiya, qida daha təmiz idi.İndi yaddaş tez məhv olur.
- Hə, elə deyirlər.
Anlayana arı vızıltısı sazdır
Anlamayana zurna-qaval da azdır.
Yaddaşsızlıq adamı anlamayan kimi qələmə verir.
Bayaqdan söhbət əsnasında əlimdə oynatdığım əşyanı ona göstərib, soruşuram ki, bu nədir, Tahirə müəllimə? Deyir, o mənim sağ əlimdir: "Oturduğum yerdən qalxa bilməyəndə götürmək istədiyimi onu uzadıb yaxına çəkirəm”. Ucu əl formasında uzun çubuqdur. Onun yerindən qalxa bilməyən adam üçün əhəmiyyətini anlayıb, düşünürəm ki, gözəl ifadə elədi Tahirə müəllimə. Doğrudan da onun sağ əlidir bu əşya.
- Bir az özünüzdən danışaq, harda müəllimə işləyirdiniz?
- 190 nömrəli məktəbdə təhsil almışam. Əslən Şamaxıdanıq, Bakıda böyümüşəm. Universiteti bitirəndən sonra Xalq Təsərrüfatı İnstitutunda işləmişəm, orta məktəbdə dərs demişəm.
Ömrü hədərlə vurmadım başa
Zəhmətlə, hünərlə mən doldum yaşa.
Nizami deyir ki,

Bütün elmlərdən bir az sınandım
Ölümün əlində mən aciz qaldım.
- Hansı məktəbdə işləyirdiniz?
- 173 nömrəli məktəbdə. Günlərin bir günü burda yığıncaq vardı. Mən də çıxış elədim, dedilər siz ədəbiyyatçısınız, dedim yox, amma hərdən özüm də unuduram riyaziyyatçı olmağımı. Sadəcə, vaxtında çox ədəbiyyat oxumuşam. Amma bir söz var:
Oxumaq dərmandır, anlamaq şəfa...
Heç vaxt nə oxuduğunu danışma, nə anladığından bəhs et. Bir gözəl kitab tapdın, bir dost tapırsan. Onu ikinci dəfə oxumağın dostla görüşündür. Belə-belə danışıram. Qonaqlardan biri dedi ki, bu xanım danışdıqca orta məktəbdə bir riyaziyyat müəlliməm vardı, onu xatırlayıram. O bütün riyazi düsturları şeirlə açırdı bizim üçün. Bizə ədəbiyyatı o müəllimə sevdirib. Direktorumuz ədəbiyyatçı idi, öz dərslərinə Tahirə müəlliməni göndərirdi həmişə. Soruşdum hansı məktəbi bitirmisiniz? Dedi 173-ü. Dedim, Samir, məni tanımadın? "Tahirə müəllimə, sizsiniz?” – dedi, gözləri yaşardı. Dedi, çox kökəlmisiniz ona görə tanımadım sizi. O vaxtlar çox incə idim. Həyat adamı həm incəldə bilir, həm də şişirdə. Deyirəm, qocalmışam, tanımazsan. Yox, dedi, mən qocalmışam, altı nəvəm var.
- Şagirdinizlə illər sonra görüşmək çox maraqlı olar, təsəvvür edirəm.
- Çox. Nələr yada düşmədi, hamı bizə tamaşa edirdi.
Bir dəfə də aşağıda bir hadisə olub. Əlimdə əl ağacı vardı, onu açırsan olur stul. Uşaqlarım məni Məkkəyə ziyarətə aparmışdılar, ordan almışıq. Açıb oturmuşdum. Gördüm bir gənc qadın, yanında da 7 yaşında olardı oğlan uşağı, kimisə axtarırlar. Neçə dəfə bu mərtəbələri enib-qalxdılar. Qadının da əlində ağır zənbil var. Dedim kimi axtarırsınız, dedilər bir nəfər xəstə var burda, onun yanına gəlmişik, tapa bilmirik. Dedim bəs, soruşun də.
Bilmədiyini soruşsa hər kəs
Məqsədə tez çatar, vaxtı itirməz.
Axtardıqlarını tapmadılar, amma məni tapdılar. Zənbili də mənə hədiyyə edib, getdilər. Dedim, siz sözə dəyər verirsiniz, çox sağ olun.
Söz möhkəm və acı olmasa əgər,
O düzlük yolunu necə göstərər.
Hüseyn Arif deyib:
Vaxt gedər, vaxt tapılar
Mal gedər, mal tapılar
Zamanın hədər getsə,
İllərlə yeri boş qalar.
Ola bilər, indi unutmuşam, hansınsa düz demərəm, amma məğzini düzgün çatdırıram.
- Necə deyirsiniz, elə də verəcəm, düzəlişsiz. Qızınız barədə çox danışmısınız mənə, deyəsən Gürcüstanda yaşayırdı?
- Hə, İstanbulda da yaşayıblar, orda mən də onlarla yaşayırdım, darıxdım, qala bilmədim qəriblikdə. Yoldaşı da çox savadlı, düzgün adamdı. Türklər də çox sevirdilər məni, deyirdilər danışın, biz dinləyək. Nəvələrim də var, böyüyü də, balacası da. Onlara Hüseyn Caviddən çox danışardım. "Şeyx Sənan”da gözləri görməyənlər fəryad çəkir:
İmdad, imdad kainatı görmür gözlərimiz
Yalvarırıq sizə, şəfa veriniz.
Aqil cavab verir:
Görmək nemət, görməmək səadət
Nəyi görmək istər gözləriniz bilməm
Od tutub zülm içində yanıram
Bu çirkinlikləri görməmək üçün siz
Yalvarıb yaradana şükür ediniz.
Kora təsəlli üçün kor olmağın üstünlüklərini qabardır. Belə kəlamların sayəsində Bakıxanov qəsəbəsində iki otaqlı mənzilim ola-ola, üstəlik dövlət mənə üç otaqlı mənzil verdi. Yetər ki, Allahı tanıyaq. Evi salmışdılar genişləndirməyə, iki otaqlını verib, üç otaqlı almalıyıq. Yoldaşım da çox mədəni adamdır, fərasətli deyil. Getdim çıxdım onun müdirinin yanına. Adı Vaqif Səmədovdur müdirin. Girdim kabinetinə, danışmışam əvvəldən. Dedim, adınız humanist, soyadınız ondan da humanist, niyə Qacar rolunda gedirsiniz? Adam tutuldu. Arxasınca da bir-iki ibrətamiz kəlam. Dedi, müəllimə, bağladınız məni, ev sizindir.
Bu yerdə Tahirə müəllimənin telefonuna zəng gəlir. Müəllimə açıb, "Etibar, oğlum, ordan gələn olacaq, bir-ki para şey tapşıracam sənə, göndər. İndi yanımda adam var, sonra zəngləşərik” - deyir.
- Kimdir, Tahirə müəllimə?
- Oğlumdur.
- Oğlunuz var, ancaq qızınızdan danışırsınız həmişə?
- Yox, iki oğlum var. Onlar dinə bağlıdırlar, televizora-filana baxmırlar. Savadlıdırlar ha, amma islama bağlıdırlar. Mən də televizorsuz qala bilmirəm.
Onlar baxmırlar, heç baxılası da deyil, amma mən televizorsuz qala bilmirəm. Mən dövlətə çox müraciət elədim yaşayış yeriylə bağlı. Dedim Bilgəh tərəfdə, havası mənə düşdüyü üçün, bir yer verin mənə. Gətirdilər bura. Təzə istifadəyə verilmişdi mən gələndə. Bura çox yaxşıdır, mənə də çox diqqət göstərirlər, fərq qoyurlar. Fərq qoymasalar, yaşaya bilmərəm. Bilirəm axı mən öz fərqimi. Adi məqamları anlamayanlar var. Nədən danışırdım mən?
- Vaqif Səmədovdan ev almağınızdan.
- Hə, dedi xanım, ev sizindir.
- İndi o evlərdə uşaqlarınız qalır?
- Hə, əlbəttə. Vurğunun qızı Aybənizlə universitetdə eyni vaxtda oxumuşuq. Sonra görüşdük, dedim ona ki, atanın çörəyini yeyirəm. Dedi necə? Dedim onun şeirləri hər yerdə yolumu açır. Akademik Fuad Qasımzadədən qiyməti də Səməd Vurğunun şeirindən misrayla almışam. Bileti çəkdim, dedi danış. Dedim, bircə kəlmə bilirəm. Sizi ilk dərsdə fəlsəfəyə girişi belə vermişdiniz:
Ən böyük fəlsəfə həyatdır, həyat
Onu anlamasan gir beşikdə yat.
Dedi, bu cavabı heç əlaçılardan ala bilmirəm, ver qiymət kitabçasını. Dörd yazdı mənə.
Yerdəki hər soyuq daş parçasından
Saraylar yaradır sənətkar insan.
Bu misralar da əmək dərsində yollarımı açıb. Sonra əməyə aid şeirlər yazmağı tapşırdılar mənə ki, əmək otağının divarlarını bəzədim.
Diş-dırnaqla qazandığım səadəti
Dəyişmərəm min-min hazır səadətə.
- Nizami Cəfərovu axtarırdınız, tapdınız?
- Yox. Onu Tofiq Hacıyevin kitabı üçün axtarırdım, nəvəsini tapdım, göndərdi mənə o kitabı. Sağ olsun.
- Maşallah, burda oturduğunuz yerdə istədiyinizi əldə edirsiniz. İndi kiminlə görüşmək, hansı kitabı tapmaq istərdiniz?
- İndi İntiqam Qasımzadəni axtarıram. Yetər ki, Allahı tanıyaq. Bu həyatdan onu tanıyan fayda görəcək. Bir də oxuyaq, dərk edək. Yalnız oxuyan dərk edər. Ömür boyu oxudum. Deyir:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Şərh vermirəm, Tahirə müəllimə özü danışdı hər şeyi. Onun söhbətlərində həyatın çılpaqlığı var.
Ramilə Qurbanlı

banner

Oxşar Xəbərlər