Cavanlaşan şəkər
Bu gün dünyada 415 milyona yaxın şəkərli diabet xəstəsi var və
2040-cı ildə bu sayın 642 milyon olması gözlənilir. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu il üçün son hesablamaya görə, 212 min 577
nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. B.Salek vurğulayıb ki,
onlardan 28 924 nəfərdə I, 183 653 nəfərdə isə II tip şəkərli diabet müşahidə
olunur.
I tip xəstələr arasında 1 150 nəfərin uşaqların təşkil etdiyini deyən
direktor müavini bildirib ki, onların 99 faizi insulindən asılıdır: "Bu ilin
dövlət büdcəsindən diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat ayrılıb.
Xəstələrin sayında artım və cavanlaşma müşahidə olunur. Dünyada bu gün 500 mindən
artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş
arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir
yaşında uşaqlarda belə, bu xəstəlik aşkarlanır. Dünyada hər 11 nəfərdən biri şəkərli
diabet xəstəsidirsə, 2040-cı ildə bu göstərici hər 10 nəfərdən biri olacaq. Hər
6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt,
ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın
(yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Bundan başqa,
doğuşa qəbul edilən hər 7 hamilə qadından birində şəkərli diabet olur”.
B.Salek qeyd edib ki, 2-ci tip şəkərli diabet xəstəliyinin erkən
aşkarlanması fəsadların qarşını almağa yardım edir. Onun sözlərinə görə, şəkərli
diabet zamanı ağırlaşmaların vaxtında araşdırılması, skrininqlər xəstəliyin
gedişatını yaxşılaşdırır: ”Diabetin göz, qan-damar, böyrək, sinir, sisteminə təsiri
nəticəsində ağır problemlər meydana çıxır. Korluq, miokard infarktı, insult
kimi xəstəliklər, hemodializ müalicəsi, amputasiya erkən əlilliyə və ölümə səbəb
olur. Diabeti olan insanlarda ürək qan-damar xəstəliyindən və insultdan 2-3 dəfə,
korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə, aşağı ətrafların qanqrenasından
20 dəfə daha çox ölüm halı müşahidə edilir. Şəkərli diabet ölüm hallarına görə
4-cü yeri tutur. Belə olan halda, ancaq erkən diaqnoz və müdaxilə fəsadların
qarşısını ala bilər. Şəkərli diabet zamanı ilkin tibbi xidmətin düzgün təşkili
də bu problemin həllində mühüm rol oynayır. Göz və göz dibinin ildə iki dəfə
müayinəsi mühüm əhəmiyyət kəsb edir”.
Bəs görəsən şəkər xəstəlikdən əziyyət çəkənlərin sayının günü-gündən
artması nə ilə əlaqədardır? Yarım milyona yaxın uşağın şəkərdən əziyyət çəkməsi
dəhşətli faktdır. Ümumiyyətlə, şəkərin
bu qədər cavanlaşmasının əsas səbəbi nədir?
Tibb
və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, şəkər xəstəliyinin cavanlaşmasının əsas səbəbi müasir həyat
tərzidir: "Xüsusilə gənclər arasında fiziki aktivliyin azalması, düzgün
qidalanmamaq və tərkibində kimyəvi inqredientlər olan qidalardan daha çox
istifadə şəkərin yaranmasına səbəb olur. Bütün bunların fonunda mədəaltı vəzin
funksiyasında dəyişiklik yaranır və o, daha çox insulin ifraz etməyə başlayır.
Daha çox insulin ifrazı isə həm çəki artımına səbəb olur, həm də gələcəkdə şəkərin
artmasına zəmin hazırlayır. Təəssüflər olsun ki, xəstəliyin qarşısını almaq
üçün cəhd göstərilmir. Uşaqlarda və yeniyetmələrdə saydığımız simptomlar davam
edir. Xüsusilə də qaraciyərin piylənməsi və funksional qabiliyyətinin
pozulması, onun ölçülərinin artması şəkər xəstəliyinin yaranmasında çox önəmli rol oynayır. Əsas səbəblərdən
biri də valideynlərin yeniyetmə və uşaqlarda bu xəstəliyə diqqət yetirməmələridir”.
Ş.Namazlı bildirdi ki, hər kəs ildə
bir dəfə müayinələrdən keçməlidir. Həkimin sözlərinə görə, əgər vaxtında üstünə
düşülməzsə, şəkər sonradan daha ciddi fəsadlar ortaya çıxa bilər: "Qarşısı
alınmadıqda yavaş-yavaş qaraciyər sıradan çıxır. Bildiyiniz kimi qaraciyər qanda olan
qlükozanı qlükogenə çevirir. Qaraciyər özü yük altında olduqca, bu gələcəkdə tədricən
şəkərin yaranmasına səbəb olur. İştahan artması, gecə qidaların qəbulu
insulinin artması ilə müşahidə olunur. İnsulin artımı isə bir neçə ildən sonra
artıq şəkərin artmasına səbəb olur. Əlbəttə, bəzi xəstələrdə anadangəlmə şəkər
xəstəliyi var. Lakin burada söhbət ikinci tip şəkər xəstəliyindən, yəni mahiyyətində
qaraciyərin və mədəaltı vəzin quyruq hissəsində ifraz olunan insulinin
çoxluğundan gedir. Ümumiyyətlə, orqanizmdə sağlam həyat və qida tərzinin
hormonal mübadilə kimi əsas faktorların pozğunluğu nəticəsində şəkər xəstəliyinin
artması və cavanlaşması müşahidə oluna bilər. Təəssüflər olsun ki, bu dinamika
yüksələn xətlə davam edir. Əgər biz valideynlər, həkimlər həyəcan təbili
çalaraq insanlarımızı bu yolun başlanğıcından qaytarmasaq, təbii ki, bu, gələcəkdə
daha böyük fəsadlar törədə bilər. Bu durum həm də gələcəkdə sağlam körpələrin
dünyaya gəlməsi baxımından çox təhlükəlidir. Çünki şəkər irsi olaraq da ötürülə
bilən xəstəlikdir”.
Uzman
dietoloq Leyla Zülfüqarlı son günlər şəkər xəstəliyi
ilə bağlı böyük bir ajiotaj yarandığını vurğuladı. Dietoloqun sözlərinə görə,
dünyada və Azərbaycanda şəkər xəstələrinin sayının kəskin artması hər kəsi
maraqlandırır: "Statistik rəqəmlərə baxdıqda adamı dəhşət bürüyür. Əslində şəkər
xəstəliyi qidalanma ilə birbaşa əlaqəlidir. Sonradan qazanılan şəkər xəstəliyinin
əsas səbəbi genetik ötürülmə faktorudur. İkinci əsas səbəb isə düzgün bəslənməyə
əməl edilməməsidir. Bir dəfə ilə heç nə olmaz deyərək, öz vərdişlərimizdən
imtina edə bilmirik. Xəmir xörəkləri və çoxlu karbohidrat qəbulu isə gələcəkdə şəkər üçün əlverişli mühit yaradır.
Təəssüf ki, bu, bizdə artıq ənənə halını alıb. Xüsusilə xəmir xörəklərinə daha çox
meyilliyik. Bu stereotiplər mütləq qırılmalıdır”.
Dietoloq
qida rejimində korrektələr və ciddi islahatlar aparılmalı olduğunu vurğuladı:
"Biz metobolik xəstəliklərdən daha çox əziyyət çəkən xalqlar qrupuna aidik.
Fikir versək görərik ki, qonşu ölkələr içərisində də şəkərdən ən çox əziyyət çəkən
məhz bizik. Çünki gündəlik qidalanma rejimimizdə adi çayı az içsək, yaxud heç
içməsək belə, səhər tezdən şirinçay mütləq içirik. Biz bunun nə qədər də
ziyanlı olduğunu desək belə, bir çoxları "dədə-babadan şirinçayla böyümüşük,
heç nə olmaz” deyib yenə də qida rasionuna diqqət etmir. Əsas problem insanların
bunu birmənalı qəbul etməməyidir. Əslində düşmənimiz yağ yox, şəkərdir. Adətlərə
çox meyilli olmağımız qidalanmada olan müəyyən səhvləri artıq adət halına
çevirməyimizə gətirib çıxarıb. Ümumiyyətlə, biz xalq olaraq yeməkdən böyük zövq
alırıq. Lakin gələcəkdə övladlarımız üçün bir sıra xəstəlikləri, xüsusən şəkəri
irs qoyduğumuzu qətiyyən düşünmürük. Şəkər xəstəliyi nəsildən-nəslə keçən xəstəliklər
qrupuna aiddir. Bu gün ölkə əhalisinin 90 faizi insulin dirəncindən əziyyət çəkir.
İnsulin dirənci isə məhz qida pozğunluğu nəticəsində yaranan sindromdur ki, sonda
karbohidrat pozğunluğuna gətirib çıxarır. Əgər ölkədə ildən-ilə şəkər xəstələrinin
sayı artırsa, problemi mütləq özümüzdə axtarmalıyıq”.
Azərbaycanın baş
endokrinoloqu Rafiq Məmmədhəsənovapa-ya deyib ki, 2000-ci ildə dünyada belə xəstələrin sayı 171 milyon olub:
"2005-ci ildə şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda Azərbaycanda
56 min nəfər belə xəstə var idi. Proqram qəbul olunduqdan sonra xəstələrin sayı
durmadan artıb. Hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220
mindən çoxdur. Bu da onunla bağlıdır ki, əvvəllər insanlar xəstəliklərini gizlədirdilər".
R.Məmmədhəsənov vurğulayıb ki, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti
karbohidratdır. Onun sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkənlərin 10
faizi I tip, yerdə qalanları isə II tip xəstədir. II tip şəkərli diabetin əsas
səbəbi hipodinamiya (hərəkətsizlik), piylənmə-düzgün olmayan qidalanma və
stressdir: "Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. O cümlədən
stress, genetik amillər də rol oynayır. Misal olaraq, atada şəkərli diabet xəstəliyi
varsa, bunun övlada ötürülmə faizi 35-dir. Anadan bu xəstəliyin ötürülmə faizi
isə iki dəfə azdır".
Baş endokrinoloq əlavə edib ki, amputasiya olunan xəstələrin təxminən
25 faizi şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür. Görmə qabiliyyətinin
itirilməsinin 25-30 faizinində məhz bu xəstəliklə əlaqəli olduğunu deyən
həkim vurğulayıb ki, hemodializ alan xəstələrin təxminən 50 faizi şəkərli diabet
xəstəsidir: "Şəkərli diabetin fəsadları çoxdur. Dövlətin qayğısı nəticəsində
bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Komada olan xəstələrin
çox az hissəsi tələf olur. Azərbaycanda pəhrizə fikir verən demək olar ki,
yoxdur. Xəmir yeməklərini də çox sevdiyimizdən, bu xəstəliyin sayında artım
müşahidə olunur. Məsələn, qara çörəyin 100 qramının 42 qramı, ağ çörəyin isə 50
qrama yaxını şəkərdir".
Şəbnəm Mehdizadə