• cümə axşamı, 25 aprel, 05:01
  • Baku Bakı 19°C

Cansağlığı, yaradıcılıq uğurları, pul...

24.12.19 11:00 946
Cansağlığı, yaradıcılıq uğurları, pul...
İncəsənət nümayəndələrinin 2020-ci ildən gözlədikləri çoxdur

2019-cu ilin son həftəsini yaşayırıq. Geridə qoyduğumuz bu il həyatımızda həm xoş, həm də kədərli anlarla yadda qaldı. Zaman o qədər sürətlə ötüb keçir ki, ilin nə zaman gəldiyini və nə zaman yola saldığımızı belə anlamağa macal tapmırıq. Gələn yeni ildən isə gözləntilərimiz böyükdür. Çünki gələcəyə ümidlə, arzu ilə baxırıq. Bəs görəsən incəsənət nümayəndələri 2019-cu ili necə qiymətləndirirlər və onların yaddaşında geridə qoduğumuz il necə qalıb? Yeni ildən isə gözləntiləri nələrdir?

Xalq artisti Mübariz Tağıyev bizimlə söhbətində 2020-ci ildən xoşbəxtlik və daha çox pul istədiyini bildirdi: "Hər yeni il yeni bir səhifənin başlanğıcıdır. Mənim də 2020-ci ildən gözləntilərim var. İlk növbədə işğal altında olan torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasını istəyirəm. 2020-ci ilin ölkəmizə əmin-amanlıq, xoş günlər gətirməsini arzulayıram. Bu yeni il hər bir vətəndaşımıza xoş günlər gətirsin, müharibə, söz-söhbət olmasın. Nə qədər şablon səslənsə də, hər kəsə cansağlığı arzulayıram. Çox istifadə edilməsinə baxmayaraq, bu sözün tərkibində böyük bir məna var. Çünki insanın canı sağlam olmasa, heç bir iş görə bilməz və bizim kimi yaradıcı insanlar da istədiyi şəkildə yaşayıb, yarada bilməz. Yeni ildə pulumuz da bir az çox olsa, heç də pis olmazdı. 2019-cu il mənim yubiley ilim idi. Azərbaycanın ən böyük sarayı olan Heydər Əliyev Sarayında yubiley konsertim keçirildi. Orda məni sevən insanlarla, xalqla təmasda oldum. Həqiqətən də gözəl hisslər yaşadım. Fəaliyyət göstərdiyim bu illər boyu gördüyüm bütün layihələr bir-bir gözümün önündən keçdi. Mən 2019-cu ili özüm üçün hesabat ili kimi qiymətləndirirəm. Bu il yeni mahnılarım, yeni layihələrim oldu. Azərbaycan Milli Konservatoriyasında "Estrada kafedrası” fəaliyyət göstərməyə başladı və mən ora dəvət olundum. Ümumi götürdükdə, 2019-cu il mənim üçün heç də pis il olmadı”.

Xalq artisti Teyyub Aslanov 2019-cu ili bol festival və xarici səfərlərlə yola saldığını qeyd edir: "2019-cu il mənim üçün gözəl layihələrlə yadda qaldı. Belə ki, bu ili maraqlı layihələr, yeni mahnılarla geridə qoymağa hazırlaşıram. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olduğu üçün Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam verdi. Bu sərəncam çərçivəsində ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda müxtəlif tədbirlər, layihələr keçirildi. Mənim də bu layihədə zərrə qədər payım varsa, nə xoş mənə. Belə ki, geridə qoyduğumuz bu ildə Nəsimi ilə bağlı Xanım İsmayılqızı ilə yeni mahnım işıq üzü gördü. Dövlət xətti ilə xaricdə çoxsaylı tədbirlərimiz, festivallarımız, səfərlərimiz gerçəkləşdi. Oktyabrın 16-da UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirildi. Bundan başqa, Almaniyada festivalda iştirak etdik. Yayda Mərakeşin Fəs şəhərində məşhur festivalda qonaq olduq. 2019-cu il, ümumi götürdükdə, səfərlər və festivallarla dolu bir il oldu. Bundan başqa, bu il Aygün Səmədzadənin sözləri Əhməd Cavada aid olan 3 əsərini ifa etdim. Bu mahnılar TRT Avazın 10 illiyində canlı yayımla bütün dünyaya yayımlandı. Oktyabr ayında həmin mahnıları 250 milyon insan izlədi. Bütün bunlar uğurdur”.
Xalq artisti 2020-ci ildən gözləntilərinin çox olduğunu və yeni ildə bol ruzi bərəkət və firavan həyat arzuladığını bildirdi: "Növbəti ildə də qastrol səfərləri gözlənilir. Artıq dəvətlər almışıq. Onları sağlam şəkildə gerçəkləşdirməyi arzu edirəm. 2020-ci ildən özümə və xalqıma cansağlığı arzu edirəm. Cansağlığı olan yerdə işlərin öhdəsindən gəlmək olur”.

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinovun da 2020-ci ildən gözləntiləri böyükdür. Deyir ki, yeni ildən yeni layihələr və gənclərlə işləmək üçün əlverişli şans gözləyir: "Yeni ilə az qalıb. İnsan yeni ili arzularla qarşılayır. Hər bir insanda olduğu kimi, mənim də arzularım, istəklərim, ümidlərim var. Ən böyük arzum çevrəmdəki insanların, doğmalarımın sağlam yaşamasıdır. Tanrı onları qada-bəladan uzaq etsin. İnsanın arzusu çox olanda içində qorxu hissi yaranır ki, birdən həyata keçməz. Yaradıcı insanın arzusu nə ola bilər? Yeni sifarişlər, yaradıcılıq planları. İndi üzərində çalışdığım bəzi layihələr var ki, onların 2020-ci ildə başa çatmasını istəyirəm. İnsanlarımızın əzizləri daim yanında olsun, onların qədrini, dəyərini bilin. Hər şey cansağlığı və xoşbəxtliyin başındadır”.
Xalq artisti qeyd edir ki, 2019-cu il onun yaradıcılığında uğurlu bir il kimi qalıb: "Bu il də xoşbəxt anlar yaşadım. İtaliyada yeni il gələndə, köhnə əşyaları eyvandan çölə atırlar. Hər şeyi yenidən başlayırlar. İnsan necə düşünürsə, elə də yaşayır. 2019-cu il mənim ilim idi. Deyim ki, həyatımda o qədər də qeyri-adi bir şey olmadı. Yəni bu ili itkisiz yola salıram. 2020-ci ildən gözləntilərim böyükdür. 2019-cu ildə bir çox mədəni hadisələr baş verdi. Hər il ölkəmizdə bir çox siyasi və mədəni proseslər baş verir. Mənim konsert proqramlarım təşkil olundu. Bu çox gözəl hal idi. Çox istəyərdim ki, bölgələrə gedim, orda ustad dərsləri keçim. Gənclərlə birlikdə olmaq, onlarla ünsiyyət qurmağı çox sevirəm. Hər ay Azərbaycanda mötəbər mədəni tədbirlər keçirilir. Bunların hamısı gözəldir və hamısı da ölkəmizin mənafeyinə xidmət edir. Mən çox sevinirəm ki, Bakı şəhəri mədəniyyət mərkəzinə çevrilib. Belə ki, hər il ölkəmizdə Qəbələ, Üzeyir Hacıbəyov və Caz musiqi festivalları keçirilir. Bu da dövlət başçısının musiqiyə olan sevgisi və qayğısının göstəricisidir. Bunun özü elə böyük hadisədir. Belə layihələr Azərbaycanı musiqiyə dəyər verən bir ölkə kimi tanıdır”.

Xalq artisti Gülyanaq Məmmədova 2019-cu ilin mədəni hadisələrlə dolu bir il olduğunu və bunun onların yaradıcılığına da təsir etdiyini bildirdi: "2019-cu il bizim üçün konsertlər, tədbirlərlə dolu bir il oldu. Təbii ki, bacım Gülyazla birlikdə gözəl günlərimiz də oldu, kədərləndiyimiz hadisələr də yaşadıq. Ümumiyyətlə geridə qalan hər hansı ili pis il kimi qiymətləndirmək olmaz. Bir ifaçı üçün ən gözəl il onun konsertlərinin bol olduğu bir ola bilər ki, bu il bacımla birlikdə konsert proqramı verdik. 2020-ci ildən gözləntilərimizə gəldikdə isə, hər şey Allahın əlindədir. Həyatda hər şey bizim istədiyimiz kimi olmur. Çünki hər şey Allahın qismətindən asılıdır. O nə yazırsa, odur. Yaşayaq və görək. Yaradıcılığımda uğurlar arzulayıram. Hər kəs istəyər ki, onu gözəl günlər gözləsin. Ancaq biz düşündüyümüzü düşünək, görək Allah nə yazır. Çünki onun yazısına pozu yoxdur”.

Əməkdar artist, dosent Azad Şükürov deyir ki, 2019-cu ili gözəl xatırlayacaq: "Geridə qoyduğumuz bu il mənim üçün kifayət qədər uğurlu bir il oldu. Müəyyən çətinliklərlə üzləşdim ki, onları da sağlıqla yola verdik. Çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı” kafedrası üçün də uğurlu il keçdi. Ən əsası, 2019-cu ildə mənim 60 illik yubileyim keçirildi. Düzdür, böyük bir tədbir keçirmədik, amma çevrəmdəki insanlar, dostlarım məni təbrik etdilər. 60 yaşı adladım. Qocalığın ilk illərini yaşayıram. 2019-cu ilin mədəni hadisəsi "Nəsimi ili”ni hesab edirəm. Ölkəmizdə bununla bağlı müxtəlif tədbirlər, o cümlədən müsabiqələr keçirildi. Bəzi müsabiqələrdə münsiflər heyətinin sədri kimi iştirak etdim. Gənclərin bu yönə marağı məni çox sevindirdi. Biz universitetimizdə bütün ali təhsil ocaqları arasında "Nəsimi” müsabiqəsi keçirdik. Tələbələrimiz beynəlxalq festivallarda iştirak etdi və yaxşı mükafatlar qazandılar. 2020-ci ildən gözləntilərim böyükdür. Hər şey yaxşı olmalıdır, Allahın da izni ilə yaşayarıq, görərik”.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər