AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Canlı ünsiyyətin yerini internet, mobil telefon tutub

Canlı ünsiyyətin yerini internet, mobil telefon tutub

Mədəniyyət
08 Noyabr 2012, 17:53 3142
“Gənclərimiz fikirlərini qarşısındakı insana çatdırmaqda çətinlik çəkir. Sovet dövründə mobil telefon, internet yox idi, sadəcə, canlı ünsiyyət var idi. İndiki dövrün gəncləri bir-birlərinə fikirlərini ya SMS, ya da Facebook vasitəsilə çatdırır. Gənclər indi yazılarla ünsiyyət qurur və belə olduqda danışıq qabiliyyətləri inkişaf etmir”. Pantomim Teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyev bizimlə söhbətində həmçinin, müasir teatr problemlərindən, serial çəkilişlərindən də söhbət açdı.

Hər insan öz sənəti ilə məşğul olsa...

- Pantomim Teatrını Bəxtiyar Xanızadə yaradıb. Onun tələbəsi olmaq necə bir hissdir?
- Bəxtiyar Xanızadə bizə hər zaman söyləyir ki, mən elə bir teatr yaratmaq istəyirəm ki, mənim aktyorum tək pantomimlə kifayətlənməsin, o hər şeyi bacarsın. O aktyor həm gözəl rəqs etməyi, həm gözəl aktyorluğu, həm gözəl rejissorluğu, həm də oxumağı bacarsın. İnsan öz amalına doğru gedirsə və bu yolda əziyyət çəkirsə, ona nail olmağı da bacarır. Bəxtiyar Xanızadə bunu bacardı. Biz o zaman 4 nəfər idik - Rövşən İsax, Əsəd İsmayılov, Siyavuş Hüseynli və mən. Bizim qrupda adminsitrasiya işlərini mən görürdüm və Bəxtiyar Xanızadə o zaman mənə söyləmişdi ki, gələcəkdə teatrımız olsa, sən çox güman ki, o teatrın direktoru olacaqsan. Biz tələbə olarkən o, gələcəyimiz haqqında öz diaqnozunu qoydu. B.Xanızadənin fikrincə, hərəmizin bir sənəti olacaqdı. Məsələn Rövşən İsaxdan gözəl rejissor, Siyavuş Hüseynlidən gözəl aktyor çıxacaq, mən direktor olacaqdım. İndi Elman sözügedən teatrın direktorudur, həmin o dördlükdən Rövşən İsax rejissordur, ATV kanalında ”Pərvanələrin rəqsi” serialını çəkir, bundan əlavə, “Aktrisa” filmi ilə məşhurdur. Siyavuş Hüseyinli SOY Prodakşnda əvvəllər aparıcılıq edirdi, gözəl diksiyası var. İndi o da serial çəkir. Əsəd İsmayılov mətbəənin başçısıdır. Bizə qoyulan diaqnoz doğru çıxdı. Biz bu səviyyəyə aktyor bacarığımızın sayəsində gəlib çatmışıq. Mənim üçün hər şeydən önəmli mənim aktyorluğumdur, aktyor sənətimdir, çünki mən hər şeyi bu sənətim sayəsində əldə etmişəm. Pantomim Teatrı yaranandan mən direktor müavini işləyirdim. Çalışıram ki, hər kəsin etimadını doğrulda bilim. Bəxtiyar Xanızadənin yolunu davam elətdirim, onun bizə ərmağan etdiyi teatrı mükəmməl şəkildə təmsil edim.
- Xəzər Universitetinin Dünya məktəbində müəllim kimi də çalışırsınız. Pedaqoji iş aktyorluğunuza kömək edir, yoxsa əksinə?
- Artıq 10 ildir ki, bu məktəbdə çalışıram. Əvvəllər dünya teatr aktyorları və rejissorlarından bəhs edir, tələbələri incəsənət sahəsi üzrə - kino, teatr, obrazın canlılığı və s. üzrə bilgiləndirirdim. Hazırda isə nitq mədəniyyəti dərsi keçirəm. Qeyd edim ki, gənclərimizin danışıq qabiliyyəti pis vəziyyətdədir. Onların bir çoxu fikirlərini qarşısındakı insana çatdırmaqda çətinlik çəkir. Sovet dövründə ancaq şəhər telefonu var idi, mobil telefon, internet yox idi, sadəcə canlı ünsiyyət var idi. İndiki dövrün gəncləri bir-birlərinə fikirlərini ya SMS, ya da Facebook vasitəsilə çatdırır. Yazılarla danışırlar və belə olduqda danışıq qabiliyyətləri elə də inkişaf etmir. İnsanları bir-birinə yaxınlaşdıran canlı ünsiyyətdir. Mən Dünya məktəbində şagirdlərə bu mədəniyyəti izah edirəm. Hər bir gəncin nitq, eşitmə və dinləmə mədəniyyəti olmalıdır.
- Siz Pantomimin həm direktoru, həm də aktyorusunuz. Seriallara da çəkilirsiniz. Bu qədər işi necə çatdırırsınız?
- Həm də Pantomim Teatrının musiqi tərtibatçısıyam (gülür). Uşaq vaxtı yalnız AzTV var idi, o kanala baxanda korifey sənətkarlarımız söyləyirdilər ki, günümüz belə başlayır, səhər dublyaj, günorta çəkiliş, axşam da tamaşa. Düşünürdüm ki, görəsən, bu insanlar bu qədər işi bir gündə necə çatdırılar? Bu gün mən də bu işləri yerinə yetirirəm və öz sənətimi sevirəm. Bu işlərdən enerji alıram. Mən Qaban ilinin Oğlaq bürcündənəm, qarşıma qoyduğum bütün məqsədlərə çatmağa öyrəşmişəm. Aktyor olacağıma artıq 10 yaşında qərar vermişdim. Mənim 41 yaşım var, amma bu gün də oxuyuram. Zaman dəyişir, dəyişdikcə onun tələbləri də dəyişir. Elə mövzular var ki, uşaqlar onu bizdən daha yaxşı bilirlər. Hər bir insan öz sənəti ilə məşğul olub onu sevsə, bu işlərdən yorulmaz, əksinə, həzz alar.
- İncəsənət Universitetində pantomim dərsi keçirilmir, bəs kadrları necə tapırsınız?
- Bizim teatra pantomim anlayışları olmayan gənc aktyorlar müraciət edir və onlar burada püxtələşir. Pantomima aktyoru olmaq üçün həm fiziki, mənəvi, həm də savad cəhətdən hazırlıqlı olmaq lazımdır. Pantomima aktyoru olmaq çox çətindir. Bura gələn tələbələr bu rejimə dözmürlər, yəni gələn kimi məşhur olmaq istəyirlər. Professionallıq əldə etmək illər tələb edir. Bu gün fədakar gənclərimiz var, onlar öz üzərilərində çalışırlar və kifayət qədər də məşhurdurlar.

Ümid edirəm...

- Ölkədə keçirilən festivallarda xeyli müddətdir ki, Pantomim Teatrının adı yoxdur. Sizcə, bunun səbəbi nədir: Pantomimaya ehtiyac yoxdur?
- Azərbaycanda ilk Pantomim festivalı 1994-cü ildə “Him-Cim” adı altında keçirilib. 2-ci Beynəlxaq Pantomim teatr festivalı isə 1996-cı ildə keçirildi. Son zamanlar dövlət tərəfindən teatrlarımıza böyük dəstək var. Ümid edirəm ki, belə bir Beynəlxaq Pantomim Teatr festivalı yaxın illərdə Azərbaycanda da keçiriləcək.
- Pantomim Teatrı xarici festivallara dəvətlər alırmı?
- Bəli, xarici festivallara tez-tez dəvət alırıq. Festival önəmli bir bayramdır. Beynəlxaq festivallarda müxtəlif qruplar bir yerdə cəmləşirlər və öz ölkələrini tanıdırlar, simaları tanınır və xarici festivallardan yeni səfərlər doğur. Əgər özünü gözəl göstərə bilirsənsə, növbəti dəvətlər gəlir. Biz festivallara gedərkən həmişə vətənimizi təmsil etmişik və kifayət qədər də uğur qazanmışıq.
- Hazırda Pantomim Teatrında yeni tamaşalar hazırlanırmı?
- Bütün mətbuat orqanları bilir ki, Pantomim Teatrında heç vaxt öncədən məşq və olacaqlar bardə məlumat verilmir. Çünki tamaşaçı üçün sürpriz daha maraqlı olur. Mən indi yeni tamaşa haqqında sizə tam məlumat verim, tamaşanın ideyasını, adını, musiqisini açıqlayım və o zaman artıq tamaşaçının beynində tamaşa barədə təəssürat formalaşır, sonradan onun üçün tamaşa maraqsız olur. Bilirəm reklam xatirinə demək lazımıdr, amma Pantamim Teatrının tamaşaçıları biləndə ki, yeni tamaşa hazırlanıb, onlar özlərini sürprizə hazır edirlər. Hazırda yeni tamaşa üzərində məşqlər gedir. Bu ilin sonunda tamaşaçılara təqdim olunacaq. Bircə onu deyə bilərəm ki, tamaşada jest, mimika, söz, texnika - bir sözlə, hər şey olacaq.
- Hansı rejissorların işini daha çox bəyənirsiniz?
- Hər bir rejissorun öz yozumu, öz dili var. Heç bir zaman heç bir aktyor və rejissor arasında ayrı-seçkilik qoymuram. İndi teatr aləmində yeniliklər çoxdur, maraqlı tamaşalar qurulur. Elə bir zaman gəlib çatıb ki, insanlar texnikadan qurtulub, canlı ünsiyyətlə əlaqə qurmağa ehtiyac duyurlar. 31 ildir ki, bu işlə məşğulam. Bizim sənətdə aktyroun ən böyük qazancı tamaşaçıların ona verdiyi alqışdır. Bu qiymətlərin ən yaxşısı isə aktyorlara verilən fəxri adlardır. Bu il mayın 9-da mən bu ada layiq görüldüm. Çox istərdim ki, bütün aktyor yoldaşlarım bu hissi yaşasınlar.
- İndi televiziyalarımızda yerli seriallar çəkilməyə başlayıb və o serialların birində də siz rol almısınız. Çəkilən serialların keyfiyyətindən razısınızmı?
- İndi çəkilən serilların hamısını alqışlayıram. Dövlət tərəfindən yerli serilların çəkilişi barədə qərar qəbul edildikdən sonra televiziyalarımızda yerli seriallar çoxalmağa başladı. Serail çəkimi nə deməkdir? Yəni rejissorun və aktyorun işi var. Heç kim deməsin ki, seriallarımız maraqsızdır. Gəlin qonşu dövlətlərin təcrübəsinə nəzər yetirək. Türkiyədə də film çəkilişlərinə yeni başlayanda bu iş tam professional deyidi. Ancaq indi türk serialı dünyada öz sözünü deyir. Əgər uşaq yeriməyə başlayırsa, biz onun əlindən tutub yeriməyi öyrətməliyik, ona laqeydlik göstərib, üz çevirməməliyik. Seriallarınmız addım atan uşağa bənzəyir.
Seriala çəkilməmişdən əvvəl mənə bir çox təkliflər gəldi. Ssenariləri oxudum və seçim elədim. Mənim üçün baş rol önəmli deyil. Elə korifey sənətkarlarımız olub ki, epizodik rolla yaddaşlarda qalıb. Biz onları görüb bu sənətə gəlmişik. Rolun böyüyü-kiçiyi yoxdur. Hər bir aktyor üçün tramplin teatrdır.

Xəyalə Rəis