• cümə axşamı, 28 mart, 21:50
  • Baku Bakı 13°C

Canavar

07.10.19 13:00 19942
Canavar
Biz nəsilliklə tüfəngə, ova həvəsli olmuşuq. Yəqin o səbəbdən idi ki, hələ uşaq yaşlarımdan kəndin baş ovçusu Rüstəm kişidən məni də yaylağa ova aparmasını xahış edirdim. Hər dəfə qışda o məni də özləri ilə aparacağına söz verir, yayda – mövsüm çatanda isə bəhanə edirdi ki, "hələ çox balacasan, qaya keçidlərini adlaya bilməzsən”. Nəhayət, bu sonuncu yay Rüstəm kişini razı sala bildim.
– Yaxşı! Səni o şərtlə aparıram ki, ovda özünü kişi kimi aparasan!
Bu şərt mənə bir o qədər aydın olmasa da, razı olmaqdan başqa çarəm yox idi.
Elə bu gecə yola çıxırıq. Saat 3-də!.. – deyə Rüstəm kişi tapşırıq verdi ki, hazır olum.
Sevincimi həddi-hududu yox idi. Elə bilirdim, bütün dünyanı mənə bağışlayıblar. Amma bir iş də var idi ki, atamın evdə olmaması, tüfəngi də özü ilə aparması məni əliboş qoymuşdu. Kimdən tüfəng istəyəcəyimi hələ bilmirdim. Anamdan xahiş etdim ki, qonşu Bayram kişinin tüfəngini mənə alıb versin. O isə nəinki tüfəngi almağı, heç mənim ova getməyimə razılıq vermirdi. Çox yalvardıqdan və dayımın da bizimlə gedəcəyini dedikdən sonra onun razılığını ala bildim.
Bayram kişinin tüfəngindən əlim çıxmışdı. Öz-özümə çox götür-qoy etdikdən sonra atamın dostu, həm də qohumumuz olan Əyyub əminin yanına getdim, arzumu ona bildirdim.
– Dədən sən yaşda olanda beşaçılan gəzdirirdi. Bu xaraba qoşalülə nədi ki, onu səndən əsirgəyəm! – deyə Əyyub əmi divardan asılmış tüfəngi götürüb mənə verdi. Ona təşəkkür edib evə qaçdım. Sevindiyimdən dolu patron almaq da yadımdan çıxdı. Atamın ov sursatı olan qutunu ələk-vələk etdim. Onun tüfəngi başqa kalibirdən olduğu üçün iki dənə 16 kalibirli boş giliz tapa bildim və onları götürüb dayımgilə getdim.
Dayımda gilizlərə təzə piston vurdu, birinə qara barıtla qırma, o birinə isə karteş (iri qırma) töküb doldurdu. Tapşırdı ki, gecə saat 3-də dəyirman arxının üstündəki suölçənin yanında olum.
Axşam anam çantamı yığışdırdı və tapşırdı ki, yatım, saat 2-də oyadar, durub gedərəm. Yatağıma uzandım, amma gözümə yuxu getmədi. Dözə bilməyib, saat 1 olar-olmaz durub tüfəng, çanta və fənərimi götürüb, yola çıxdım.
Tüfəngi çiynimə keçirmişdim. Onun ağırlığı mənə, elə bil, "dünyanın ən qoçaq adamı” olduğumu hiss elətdirirdi. İstəyirdim kimsə qabağıma çıxsın və məni belə "silahlı görsün, bilsin ki, mən də artıq ovçuyam. Əfsus ki, yoldakı itlərdən başqa heç kəslə qarşılaşmadım. Gəlib suölçənin qarşısına çatdım və orada ovçu yoldaşlarımı gözləməyə başladım.
Evdə, rahat yatağımda yuxulaya bilmədiyim halda, necə olubsa, oturduğum yerdə yuxulamışammış. Bir də ayıldım ki, Yaqub çiyindən tutub məni ehmallıca silkələyir və adımı çağırır. Tez dirsəkləndiyim yerdən qalxdım və Rüstəm kişinin səsini eşitdim:
– Daha bəsdir! Dur gedək, qalanını yaylaqda yatarsan! –deyirdi.
Düzü pərt olmuşdum. Amma olan olmuşdur. Sən demə, burada bir saatdan çox yuxlamışam, kim gəlibsə, məni oyatmadan o biri yoldaşları gözləyib. Hamı da öz atları ilə gəlmişdi. Mənim tüfəngimi və çantamı Yaqub götürdü, özüm isə Nəzir dayının atına mindim və yola düşdük.
Yol yoxuş və mənim də yerim narahat idi. Yəhərin arxa dəmirindən möhkəm yapışmışdım ki, sürüşüb düşməyim. Atın çılpaq bel sümüyü və təri də bir tərəfdən...
Gah sulu dərənin içi ilə, gah da quru torpaq çığırlarla gedirdik. Quru yol çıxan kimi nisbətən sakitlik olur, qulağıma meşənin vahiməli səsləri gəlirdi. Heç kəs də fənərdən istifadə etmirdi və mən düşünürdüm ki, "atın gözü gecələr də görürmüş”. Hərdən də dayım əlini arxaya uzadıb, böyrümə vurur və "yuxlama, yıxılarsan” deyə pıçıldayırdı.
Belə ki, iki saata yaxın yol getdik. Artıq səhər açılırdı. Biz "Cincarlı” adlanan dərəyə çatmışdıq. Buradan yuxarı atlı getmək mümkün deyildi. Ona görə də atlardan düşüb qalan yolu piyada çıxmaq lazım gəldi. Sarmalar ilə yuxarı qalxmağa başladıq. Mən tez yoruldum. Istəyirdim ki, yorulduğumu yoldaşlarıma bildirməyim, mümkün olmadı. Ayaqlarım getmirdi. Tərləmişdim və elə bil, havamda çatmırdı. Bir əli ilə atın yüyənindən tutmuş və o biri əlində tüfəngi olan Nəzir dayı mənə dedi ki, onun atının quyruğundan yapışam. Elə də etdim. Deyəsən, işin səmtini indi tapmışdım. Atın quyruğundan tutub, onun dalınca, dağı rahatca qalxmağa başladım. Elə bil, heyvan özü də mənə kömək lazım olduğunu hiss edirdi. Sarmanın döngəsində bir an ayaq saxlayıb, gözləyirdi ki, üst yola özüm çıxım. Nəhayət, dağa çatdıq. Bura geniş yol idi. Mən çox susamışdım. Mənim xahişim ilə dayandıq və oturub termosdan çay içdik. Dayıma dedim ki, acmışam, çantatam isə Yaqubun atının yəhərinə bağlanıb. O isə:
- Yaylağa çatanda çörək yeyərik – dedi. Burada beş dəqiqəyə nəfəs alarıq.
Ovçular qalxdılar və hər kəs atına mindi. Mən isə atın quyruğundan tutub, piyada getməyi üstün tutdum. Əslində, ata minmək istəyirdim, lakin aşağıda atın çılpaq bel sümüyü məni əməli-başlı incitmişdi. Ona görə də piyada gedəcəyimi bildirdim.
Artıq səhər açılmış, quşların səsindən qulaq tutulurdu. Getdiyiniz yolun hər iki tərəfi xırda pöhrəlik idi və elə bil, yolun kənarlarına cürbəcür formalı və rəngli çiçəklər əkmişdilər. Hər tərəfdən xoş dağ ətri gəlirdi.
Yarım saata qədər belə yol getdikdən sonra yavaş-yavaş ağacların seyrəldiyi, hündür otların bitdiyi çəmənliklər başladı. Gəlib bir bulağın başına Çatdıq. Səliqəli daş döşəməsi, su gələn saxsı borusu, heyvanların su içməsi üçün ağacdan yonulmuş novu olan bu bulaq mənə təsəvvür edilməyəcək dərəcədə xoş təsir bağışladı. Elə bildim, haradasa, doğma bir yerdəyəm. Bunları xəyal və yuxularımda görmüşdüm. Nə qədər gözəl idi bu yerlər!...
Ovçular atdan endilər, əl-üzümüzü yuyub süfrə sərdik. Çantalarımızda olanları ortaya düzdük. Atlar da susayıblarmış. Onlar nova dirənib su içməyə başlamışdılar ki, Rüstəm kişi qoymadı. Dedi:
– Atlar tərlidir. Soyuq su içib saqqo olarlar. Gedəndə onlara su verərik.
Biz çörəyimizi yedikdən və atlar su içdikdən sonra getmək üçün yığışdıq. Mənə isə elə bura çatıb, bu bulağı görmək kifayət idi. Heç yerə getmək istəmirdim. Arada dayımdan soruşdum:
– Bu bulağı kim düzəldib? Bura haradır?
– Töhrə bulağıdır. Bu yaylaq da elə Töhrədir. Bunlara qoyun-quzu, mal-heyvan gətirirlər. Çobanlar bura suya gəlir...
Ürəyimdən elə çoban olmaq keçdi! Bu yaylaqda olmaq, buz bulaqların gözündən su içmək... Mən hələ öz xəyallarımla bir tərəfə çıxmamışdım ki, Rüstəm kişi:
– Gedirik! – dedi.
Çantalarımızı çiyimizə keçirib yola düzəldik. Bu dəfə mən ovçuların işinə yaradım. Onlar atları sıra ilə bir-birinin yəhərinə bağladılar və ən qabaqda olan Rüstəm kişinin atının yüyənini mənə verdilər. Atları onların dalınca aparırdım. Ovçular isə təqribən əlli metr qabaqda əllərində tüfəngləri hazır şəkildə gedirdilər.
Gəlib hündür ağ otlu geniş çəmənliyə çatdıq. Sağ tərəfimiz sıldırım yoxuş idi. Yoxuşun aşağılarında ağaclar görünündü. Çoxlu cığırların olmasına görə mən yəqin etdim ki, qoyun sürüləri bu yaxınlardadır.
Dayımgil dayandılar və atları iki-iki bir-birinə bağlayıb çəmənliyə buraxdılar. Mənə də tapşırdılar ki, onların göstərdikləri yerdə oturub "ov gözləyirdim”.
- Həm atlara baxarsan, həm də qabaq tərəfi gözləyərsən! – deyib getdilər.
Mən əvvəlcə tapşırılan "bərə”nin ətrafını gəzdim, gördüm ki, bura iki tərəfi keçilməz yoxuş olan bir dağ belidir. Çəmənlik burada daralır və bir maşın yolu enində bel qalır ki, onda da yol kimi istifadə edilirlər. Yolun hər iki tərəfi hündür qaya daşları ilə hasarlanmış kimi idi. Mən üzü çəmənliyə tərəf oturduqda sol tərəfimdəki qaya daşlarının hündürlüyü iki metrə yaxın, sağ tərəfimdəki iki metrdən çox olardı. Oturduğum yerdən düzənliyin bir hissəsi görünürdü. Arxa tərəfim, iki dağa keçid yeri-pilləkən kimi sal daş qaya idi. Pillələrin hündürlüyü bizim adət etdiyimiz pillələrdən az fərqli olardı. Ətrafda ağ ipək başlı hündür ot və moruq kollarından qeyri heç bir ağac görünmürdü.
Günəşin kürəyimin isitməsinə baxmayaraq, mənə əməlli-başlı soyuq olurdu. Soyuqdan otura bilmədim və durub sol tərəfimdəki daşın üstünə çıxdım. Oradan Kiş çayının vadisi görünürdü. Bu mənzərəyə də çox tamaşa edə bilmədim və aşağı düşüb yerimə qayıtdım. İndi də yeni problem ortaya çıxdı. Yuxum gəlməyə başlamışdı və heç gözlərimi aça bilmirdim. Öz-özümü qınayırdım ki, axı bu boyda yolu gəlib, burada yatmağa nə ad vermək olar? Yoldaşlarım mənə etibar edib "bərə” tapşırıblar, mənə yatmaq olmaz!
Tüfəngin qundağını ayaqlarımın arasından yerə qoyub, lüləsini çiynimə söykənmiş vəziyyətdə oturub, yarıyuxulu, yarıayıq "ov gözləyirdim”.
Deyəsən, yenə yuxulamışdım. Səsə ayıldım. Çəmənlik tərəfdən at kişnərtisinə oxşar səs gəldi. Səs təkrar olunur və mənə yaxınlaşırdı. Sonra at ayaqlarının səsini də eşitdim. Ayağa durub o tərəfə baxdım. Gördüm ki, iki atqabaqlarına bir boz heyvanı salıb mənə tərəf qovdular. Onlar yaxınlaşda görüm ki, bu çoban itidir. Atlar dayanan kimi, it onların qabağında quyruq bulayır və elə bil atlarla oynamaq istəyirdi. Yatır, durur, sağa-sola qaçır, qulaqlarını qısıb, atların üstünə cumur, atlar isə onları dişləməyə çalışırdılar. İt onların bu hərəkətinə cavab olaraq, quyruğunu qısıb, qorxa-qorxa mənə tərəf qaçırdı. Atlar dayanır və oyun yenidən başlanırdı.
Fikirləşdim ki, ovun gələn vaxtı, görəsən, bu it haradan gəldi?! Qayıdıb yerimdə oturdum və tüfəngin çaxmağını çəkib, bu oyunun nə ilə bitəcəyini gözlədim. Ürəyimdə tutmuşdum ki, mənə on-on beş addım qalmış, itin üstünə acıqlanıb, qovaram getsin. Lakin heç bir dəqiqə elə keçməmiş atlar onu qovub, mənim lap yanıma gətirdilər. Hələ it məni görməmişdi. Yenə qıvrıla-qıvrıla atlara doğru getmək istəyirdim ki, mən:
- Ay it! - deyə qışqırdım.
İt mənim səsimə çevrildi və baxışlarımız bir-birinə sataşanda məni vahimə basdı. Bu iri, ovçarkaya oxşayan boz və qaraağız köpək hələ üstəlik mənə mırıldandı. Əlimi tətiyin üstünə qoysam da, tüfəngin qudağını yerdən qaldırmamışdım. Çünki qarşıda atların olması o tərəfə tüfəng atmağıma imkan verməzdi.
Elə bil, itin mənə mırıldanması atları yuxudan ayıltdı. Onlar dal ayaqları üstünə qalxıb, kişnədilər. İt isə mənim üstümə cumdu.
- Dədə! – deyərək oturduğum yerdə bir az da yumaqlandım. İtin hənirtisini başımın üstündə hiss edəndə gözlərimi yumdum və tətiyin ikisini də çəkdim.
Elə bil dünya qopdu. Gurultusunu dağlar əks-səda ilə təkrarlayan atəş səsindən qulaqlarım batdı. Gözümü açanda tüstüdən heç yeri görmədim. Bir azdan tüstü çəkildi və mən yerimdən qalxdım. Qorxudan dizlərim əsirdi. Özümə gələndə isə itin sifəti və mənə ağartdığı dişləri yadıma düşdü. Bir də yadıma düşdü ki, iki patronum var idi, onları da atdım. İndi isə silahsız və təkəm. Bu məni daha çox qorxutdu. Yandakı ən hündür daş qayanın üstünə dırmaşdım. Fikirləşdim ki, it birdə qayıdıb gəlsə, heç olmasa, bir az hündür yerdə olum və tüfəngin qundağı ilə özümü qoruya bilim. Çıxdığım yerdən baxanda, atları da çəmənlikdə görmədim. Bütün bunlar məni məyus etdi və hönkürüb ağlamağa başladım. Sonra isə yoldaşlarımı harayladım:
- Rüstəm əmi! Salam! Yaqub! Dayı!...
Səsimə dağların əks-sədasından başqa səs verən olmadı. Çağırmaqdan yoruldum və sakitcə oturub gözləməyə başladım. Ovçular günortadan sonra gəldilər. Onları götürüb ürəklənsəm də, daşın üstündən aşağı düşmədim. Rüstəm kişi soruşdu:
- Ədə! Ora niyə dırmaşmısan?... Niyə düşmürsən?... Atlar hanı?.. və s.
- Bilmirəm! – dedim və təzədən kövrəlib ağlamağa başladım.
- Bu nədir?! Uşaq-zad deyilsən ki?! –deyə dayım daşın lap yanına gəldi və əlini uzatdı ki, tutub düşüm.
Mən aşağı düşdüm və Rüstəm kişi yenə soruşdu:
- Ədə! O gülləni nəyə atdım?
- Havaya...
- Havaya?!
- İtdən qorxub, atdım...
- İt? Nə it?! Buralarda it nə gəzir? – deyə Rüstəm kişi üzümə baxdı. Deyəsən
sözümə inanmamışdı.
- Çoban iti gəlmişdi. Atlarla oynayırdı. Mən onun üstünə acıqlandım ki, çıxıb
getsin, o mənim üstümə cumdu, mən də atdım...
- İtə atdın?
- Yoox! Havaya... O üstümdən tullananda...
- Üstündən hara tullandı? – deyə mən də pilləkənləri göstərdim.
Yaqub bizdən bir az aralı dayanmışdı. O əyilib diqqətlə yerə baxdı və dedi ki, burada qan izi var. Rüstəm kişi bir də məndən soruşdu:
- Ədə, yoxsa yuxulu olub atları atmısan?
Mən heç fikirləşmədən:
- Bilmirəm, - deyə mızıldandım.
Yaqub Salamla birlikdə yola diqqətlə baxa-baxa, gəldikləri tərəfə getdilər. Oradan salmanın səsi eşidildi:
- Rüstəm dayı, bir bura gəl!
- Nə olub?! – deyə Rüstəm kişi onların yanına getdi və oradan onun "paho” səsini eşitdim. - Bu ki, əməlli-başlı canavardır!
"Canavar” sözünü eşidəndə yenidən dizlərim əsdi və yenidən ağlamağa başladım. Nəzir dayı da o tərəfə getmişdi. Mənim səsimə qayıdıb gəldi və əlimi kürəyimə vurub:
- Sən əməlli-başlı ovçusanmış ki! – dedi. – O boyda canavarı vurub-yıxan ovçu da ağlayarmı? Bəsdir, səsini kəs! Sonra uşaqlar gedib danışacaqlar ki, canavarı vurub, qorxusundan zırhazır ağlayırdı.
- Sonuncu söz elə bil, məni yuxudan ayıltdı. Özümü toplayıb:
- Mən heç nədən qorxmuram! Qorxsam, onu vurmazdım ki! – dedim.
- Bu başqa məsələ. Sən olmasan, canavar atları aldadıb, qayadan uçuracaqdı. Qoy, onlar canavarın dərisini soysunlar, biz də gedək görək atlar hara getdi, - deyə Nəzir dayı mənim əlimdən tüfəngi alıb, daşa söykəndi. Özümün çantasını da ora qoyub, mənə işarə etdi ki, dalınca gəlim.
Biz çəmənliyə - atları axtarmağa getdik.

Yusif ŞÜKÜRLÜ

banner

Oxşar Xəbərlər