• çərşənbə axşamı, 23 aprel, 14:39
  • Baku Bakı 24°C

CAHAN MÜLKÜNÜN ƏBƏDİ HALI

24.06.17 11:55 1962
CAHAN MÜLKÜNÜN ƏBƏDİ HALI
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist


Allah sənə rəhmət eləsin, Molla Pənah Vaqif! 300 il öncə dünyaya gəldin, millətinin sadə zümrələrinin ağır zəhmətə qatlaşıb dolanışıq sarıdan min bir əziyyət çəkməsindən, axta zoğal tapmamağından, cahan mülkündə doğru halətin olmamağından yazdın. Göydəki gözəlləri torpağa bağladın... Keşməkeşli bir ömür sürdün...Nə yazıq, cahan mülkünün rəngi dəyişmədi ki... Haqq nahaqla qoşa göyərdi. Göyərçinli, ilanlı, ağlı-qaralı dünya!.. Təbiətlə cəmiyyətin əbədi oxşarlığı qalmaqdadır. Bu gün biz sənin qəbrini də ziyarət edə bilmirik... Halbuki, dünya indi sənin şeirlərinin işığına yığışır...

O sözlər onun könül rübabına yaxın düşə bilmədi
Şeirimizə ana dilinin şirinliyini cazibə və ustalıqla gətirən Molla Pənah Vaqif bu sahədə öz missiyasını ləyaqətlə yerinə yetirən şairlərin öncüllərindən sayılır. XVIII əsrə qədər şeirimizdə olan ərəb və fars tərkibli sözlərin, demək olar ki, xeyli hissəsi Vaqifin könül rübabına yaxın düşə bilmədi. Bəlkə də elə bu səbəbdən, Vaqifin şeirlərini onun ölümündən sonra xalq arasında toplayıb çap etmək mümkün oldu. Vaqif dövrünün sevilən, lirik ovqatlı şairi olmaqla bərabər, həm də çox müdrik, ağıllı fikir sahibi idi. İctimai xadim kimi fəaliyyəti həddən artıq geniş olduğundan, adı Azərbaycan ədəbiyyatına, tarixinə təkcə şair kimi deyil, həm də dövrünün dərin düşüncəli şəxsiyyəti kimi düşmüşdür. O, Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya gəlsə də, qədim Şuşanın simvoluna, əbədiyaşar simasına çevrildi. İbrahim xanın sarayında çalışaraq xanlığın daxili və xarici siyasətinin müəyyənləşməsində böyük rol oynadı. Molla Pənah Vaqif həm şair, həm də siyasi xadim kimi xalqına xidmət etdi.
O, sarayda əvvəlcə eşikağası kimi çalışıb. Ağlı, təfəkkürü İbrahim xanın xoşuna gəldiyinə görə, onu vəzir təyin edib. Şairin bir çox məziyyətlərinə bələdləşdikcə, ona daha çox etibar göstərirdi. Çox keçmir ki, Vaqif Şuşa xanlığının əsas simalarından birinə çevrildi. 27 il sarayda çalışan Vaqif xanlığın bütün daxili və xarici işlərinin müəyyənləşdirilməsində İbrahim xanın ən yaxın adamı kimi tanınırdı. Şair haqqında yazan tədqiqatçılar, eləcə də tarixi mənbələr təsdiqləyir ki, Vaqif Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çox fədakarlıqla çalışmışdır. Hətta Şuşanın abadlaşmasında, əsl şəhər simasına bürünməsində məsləhət və tövsiyələri olmuşdur. O dövrdə Şuşanın mədəni həyatında Vaqifin böyük rolu vardı.

Evi talan edilərək, əsərləri, divan və əlyazmaları yandırılmışdır
Zaman-zaman Şuşa yadelli işğalçıların hücumlarına məruz qalmışdı. İran şahı Ağa Məhəmməd Şah Qacar iki dəfə Şuşaya basqın etmişdir. Birinci hücum zamanı Vaqifin məsləhəti ilə qurulan müdafiə xəttini şahın orduları yara bilməmişdi. Qarabağ xanlığı Şuşa qalasını basqınçıların hücumundan müdafiə edə bilmişdi. Təəssüf ki, ölkədə baş verən fəlakətlər, qarışıqlar nəticəsində Şuşa ikinci dəfə Ağa Məhəmməd Şah Qacarın amansız hücumu qarşısında tab gətirə bilmədi. 1797-ci ildə Şuşa Qacarın qoşunları tərəfindən işğal edildi. Şahın ilk hədəfi, təbii ki, Vaqif olub. Şair həbs edilərək zindana salınıb. Onun zindan həyatı uzun sürməyib. Qacarın öldürülməsi şairin azadlığına səbəb olub. Amma Vaqifin fəlakətli günləri bununla tamamlanmayıb. İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyətə gəlib. Onun ilk işi əmisinin yaxın adamlarını aradan götürməkdən ibarət olub. Bu səbəbdən də bəhanə taparaq şairi oğlu Əli ağa ilə birlikdə edam etdirib. Ölümündən əvvəl Vaqif ona bəslənən ögey münasibəti çox gözəl duyurdu. Şuşada baş verənləri yazıb İbrahim xana çatdırmaq istəsə də, buna müvəffəq ola bilməmişdi. Üzləşdiyi xəyanətlərdən təngə gələrək "Görmədim" adlı məşhur müxəmməsini yazıb:

Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Doğrudan da, çox təəssüf doğuran hal və tarixin pərişan, xəcalət çəkməli səhifəsidir ki, xanlıq taxtı yolunda öz doğmalarına, soydaşlarına üz çevirərək, onların ölümünə fərman verəsən, qətlinə imza atasan. Yəqin ki, Şuşanın yadelli işğalçılardan təmizlənməsində Cavanşir xanın xidməti olub. Amma təkcə Vaqifə qarşı etdiyi xəyanət heç zaman bağışlanmayacaq. Taxt-tac naminə xalqın şairini öldürməklə kifayətlənməmiş, onun evini də talan edilərək, əsərləri, divan və əlyazmaları yandırılmışdır. Şairi yaşadan xalq sevgisi olmuşdur. Dillər əzbəri olan şeirləri uzun illər şuşalıların yaddaşından silinməmişdir. Sonralar hafizələrdə qalan nümunələr şuşalı ziyalılar tərəfindən yazıya köçürülərək bizlərə gəlib çatmışdır.

Ulu öndər Heydər Əliyevin tarixi çıxışı
Molla Pənah Vaqif Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcını qoyub. Məhz ilk dəfə Molla Pənah Vaqifin şeirlərində Qarabağ qızları böyük məhəbbətlə və istəklə vəsf edilib. Molla Pənah Vaqif ilk dəfə olaraq dünyanın bütün gözəllərinin məhz Azərbaycan torpağında cücərdiyini şeirlərində məhəbbətlə tərənnüm edib. Molla Pənah Vaqif özündən sonra yaranan şeirimizə dərin təsir etmişdir. Onun əsərləri 1856-cı ildə toplanaraq ilk dəfə kitab şəklində çap olunmuşdur. Xalq şairi Səməd Vurğun "Vaqif" dramını yazaraq şairin həyatına yeni yozum vermişdi. Azərbaycanın görkəmli aktyorları Vaqifin rolunu yaratmaqla, yaddaşlarda yeni obrazın əbədiliyinə nail olmuşdular. Vaxtilə Səməd Vurğunun böyük müdrikliklə söylədiyi bu misralar həqiqətə çevrilmişdir:

Uçan buludlar da çağırır "gəlin"!
Qalxacaq, şairim, bir gün heykəlin.
Bizim Qarabağın Cıdır düzündə,
Vaqif canlanacaq onun üzündə.
Ümummilli lider Heydər Əliyev Molla Pənah Vaqifin şeirlərini yüksək dəyərləndirirdi. Ulu öndərin təşəbbüsü ilə 1982-ci ilin qışında Şuşada - Cıdır düzündə unudulmaz şairimizin məqbərəsinin açılışı oldu. Yanvar ayının soyuqlu, qarlı günləri olmasına baxmayaraq, şuşalılar qəlblərində şairə qarşı olan dərin məhəbbətlə Cıdır düzünə gəldilər. Vaxtilə Vaqif, Murov və Kirs dağlarının qarlı zirvəsini buradan seyr edərək, şeirlər qoşmuşdu. İndi onu sevənlərin ucaltdıqları əzəmətli məqbərə Qarabağ dağlarının daha bir zirvəsinə - poeziya və şöhrət zirvəsinə zinət verirdi. O gün hamının dilinin əzbəri "Vaqif" kəlməsi idi. Ümummilli lider Heydər Əliyev, eləcə də respublikamızın elm, ədəbiyyat və incəsənət xadimlərinin böyük bir dəstəsi - yazıçılardan Mirzə İbrahimov, Anar, şairlərdən Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Nəriman Həsənzadə, mədəniyyət xadimlərindən Niyazi, Rauf Hacıyev, Lütfiyar İmanov, Şəmsi Bədəlbəyli, Fərhad Bədəlbəyli, Cahangir Cahangirov, rəssamlardan Lətif Kərimov, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, o cümlədən kinostudiyanın əməkdaşları, televiziya, mətbuat işçiləri, Cıdır düzündəki bu qeyri-adi hadisəni fərəhlə seyr etdilər.
Məqbərənin açılış mərasimi çox möhtəşəm keçdi. Qırmızı lentin kəsilməsi ilə dahi Üzeyir bəyin "Koroğlu" uvertürasının dağlarda əks-səda verməsi hamının qürurunu artırdı. Mərasimdə ulu öndər Heydər Əliyevin tarixi çıxışı, mədəniyyətə, poeziyaya yüksək qiymət verməsi Şuşanın və Şuşa mühitində yetişmiş şəxsiyyətlərin Azərbaycan üçün hansı zirvədə dayanması fikirləri soydaşlarımızı sevindirsə də, yan-yörədə fırlanan yaltaq sifətli, namərd ermənilərin sinəsinə tikan kimi batırdı.
Vaqif öz şeirlərində Şuşanı məhəbbətlə vəsf edərək onun sıldırımlı qayalıqlarına, uca dağlarına vurulduğunu dəfələrlə söyləyib. Bu səbəbdən də onu qayalı təpənin üstündə dəfn etmişdilər. Şairin əzəmətli məqbərəsi də orada ucalmışdı. Qarabağın çox yerindən görünürdü. Abidənin müəllifləri memar Ə.Salamzadə, heykəltəraş A.Mustafayevdir. 18 metrdən hündür olan məqbərə dördtilli qüllə şəklində idi. Divarlara bayır tərəfdən çəhrayı, içəri tərəfdən ağ Qarabağ mərmərindən üz çəkilmişdi. Məqbərənin içərisinə pəncərələrin şəbəkəşəkilli barmaqlıqlarının arasından işıq süzülürdü. Məqbərənin mərkəzində qara mərmərdən yonulmuş sarkofaq vardı. İçəri tərəfdən giriş qapısı ilə üzbəüz səmtdə Vaqifin ağ mərmərdən yonulmuş büstü qoyulmuşdu. O gündən məqbərə qədim və gözəl Şuşamızın simasının ayrılmaz hissəsinə çevrildi.

Şuşa əliyaylıqlı Natəvan olub, övladlarını çağırır
Vaqifi yad edəsən, məzarı üstündə məqbərə ucaldasan, şairin şeirlərini dilə gətirməyəsən, bu, mümkün deyildi. Həmin gün Şuşada Poeziya evinin açılışı da oldu. El-obanın bu şənliyində Heydər Əliyev də iştirak etdi. Ulu öndər Poeziya evinə toplaşanlara müraciətlə dedi: "Əlamətdar haldır ki, Şuşada Vaqifin məqbərəsinin təntənəli surətdə açıldığı gün, Poeziya evi də açılmışdır. Gərək çalışasınız ki, bu ev şəhərin əsl poeziya mərkəzinə çevrilsin..."
Çevrildi də, amma heç kəsin ağlına gəlməzdi ki, on ildən sonra bu dilbər guşələrdə bayquşlar ulayacaq. Faşist ermənilər şuşalıları öz dədə-baba ocaqlarından didərgin salacaqlar. "Çatladı Vaqifin goru Şuşada" naləsini çəkən şair Şahmar Əkbərzadə yazırdı:
Baxır həsrət-həsrət əsir məzarlar,
Orda Vaqif qalıb, Xan qızı qalıb.
Hayla dəliləri Koroğlu kimi,
Pənah xan nərənə tamarzı qalıb.
Yağı tapdağına çevrilən Şuşanın sinəmizə çəkdiyi dərdin şırımları çox dərin və böyükdür. Bakıda Vurğunun ruhu narahat, Şuşada Vaqifin məzarı yandı, Üzeyirin, Bülbülün, Xan qızının heykəlləri güllələndi. Dolama yolları bizsiz qalan, sinəsində yağılar gəzən Şuşa əliyaylıqlı Natəvan olub, övladlarını çağırır. Şuşa qızı çağırır. Şuşa bizi çağırır...
banner

Oxşar Xəbərlər