• cümə, 26 Aprel, 20:18
  • Baku Bakı 22°C

Üç yolun bir ünvanı

17.10.17 10:45 2994
Üç yolun bir ünvanı
Teatr tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında təkcə ssenaristin, rejissorun, bəstəkarın, aktyorun üzərinə yük düşmür. Həqiqətən də bu sənət növləri kollektiv yaradıcılığın məhsuludur. Mütəxəssislər gözəl bilirlər ki, hər hansı teatr tamaşasının təsirli alınmasında, yadda qalmasında bədii tərtibatın - rəssam işinin öz yeri var. Bəzən adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli bir görüntünün, geyimin, silahın mühüm mənası olur. Bütün vasitələr tamaşanın, filmin, konsertin müvəffəqiyyətlə başa çatmasına xidmət edir.
Milli teatrımız yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da, professional rəssamların olmaması səbəbindən müxtəlif şəkillərdən, pyesin məzmununa uyğun gələn əşyalardan, şablon, tipik vasitələrdən istifadə edilsə də, ildən-ilə peşəkar teatr rəssamına ehtiyac duyulurdu.
Ötən əsrin əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça ustaları öz əməyini əsirgəmədi. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Həsən Fətullayev və başqaları öz dəst-xətləri ilə teatrı bu çətinlikdən xilas etdilər. Azərbaycanda teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında isə xalq rəssamı Bədurə Əfqanlının son dərəcə məhsuldar və gərgin əməyi dayandı. Bir fərəhli fakt da var ki, o, həm də ilk teatr rəssamı olan azərbaycanlı qadındır. Ümumiyyətlə, bu rəssamın taleyində ilkin olmaq qızıl xətt kimi keçir. 1920-ci ildə Bakıda təşkil olunan Bakı Rəssamlıq Məktəbinin milli rəssamların yeni nəslinin yetişməsində böyük rolu oldu. Maraqlıdır ki, həmin məktəbi bitirənlərdən biri də Bədurə Əfqanlı idi.Yenə də ilk azərbaycanlı qızlardan idi ki, professional təhsil alırdı.
O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından və geniş dünyagörüşlü şəxsiyyətlərindən olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurədə də kiçik yaşlarından incəsənətə böyük maraq vardı. Onlar yayda bütün ailə ilə Novxanıdakı bağ evlərində dincələrdilər. Bədurənin təbiətə, rənglər aləminə marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan başladı. İlk "teatrı" da Novxanıda görmüşdü Bədurə xanım. O, dini mərasimlərdə şəbih çıxaran insanlara maraqla baxardı. Eləcə də milli bayramlarda, el şənliklərində, kənddə düzənlənən mərasimlərdə iştirak edər və bütün bunlar da Bədurənin yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi rəsmlərlə müəlliminin diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə oxusa da, həvəsi onu rəssamlıq dünyasına çəkdi. Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olan gənc qız dünya incəsənət tarixini öyrənməyə böyük həvəs göstərdi. Sonralar müxtəlif şəhərlərdə - Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə yönəltmişdi. Bütün bunlar da onun fikrini qətiləşdirdi - teatr rəssamı olmalıdır. Diplom işinin mövzusu V.Şekspirin "Otello" faciəsi idi. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onu həm təkrarçılıqdan uzaqlaşdırdı, həm də özünəməxsus bir diplomçu kimi fərqləndirdi.
90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur. Uzun illər Rza Əfqanlı ilə birlikdə uğurlu tamaşaların səhnə həyatına ömür verdilər. Onların birgə hazırladığı tamaşalardan "Şeyx Sənan" faciəsi, "Aşıq Qərib" operası, "1905-ci ildə" və "Sevil" pyesləri haqqında o dövrün mətbuatında maraqlı fikirlər var. Sonralar bir müddət Aşqabadda çalışsalar da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini doğma şəhərdə davam etdirib. 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət edilən Bədurə xanım burada uzun müddət rəssam kimi çalışıb. Bu rəssamın ən müsbət cəhətlərindən biri də bu idi ki, o, heç vaxt rəssam fırçasına, istedadına arxayın olmazdı. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Bu səbəbdən də onun tamaşalara verdiyi tərtibat həm sadəliyi, həm ciddiliyi, həm də əsərin mövzusu ilə həmahəng olması ilə seçilirdi. Xüsusilə də Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər bu tamaşaların uğurlu alınmasında böyük rol oynadı. İkinci dünya müharibəsi illərində və sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə bədii tərtibat Bədurə Əfqanlı tərəfindən verilirdi. O, çox istedadlı quruluşçu rəssam idi. Eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün bir məktəb sayılırdı. O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan əsərin məzmunu təbii surətdə açılsın. Dekorasiyalar, bir növ, tamaşanın şərh edilməsində böyük rol oynayırdı. Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər ki, Bədurə xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün komponentlər - istedad, əməksevərlik, axtarış həvəsi, professional yetkinlik var idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun quruluşçu rəssamı olduğu tamaşalar həmişə monumental xarakter daşıyırdı. Rənglərin çalarlarından məharətlə istifadə edərək teatr estetikasının daha zənginləşməsinə nail ola bilirdi. Onun bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək edirdi. Bu səbəbdən də həm rejissorlar, həm də dramaturqlar Bədurə xanımla işləməyi çox sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilirdi. Bədurə Əfqanlı yaradıcılığının tədqiqatçısı sənətşünas Dilarə Səfərəliyeva yazırdı: "Bədurə Əfqanlı gözəl geyim eskizlərində hər bir əsərin ideyasının xarakterinə dərindən nüfuz etmək nümunəsi göstərmişdir".
O, təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkərdi. Bu filmlərə indi də maraqla baxılır: "Koroğlu", "Leyli və Məcnun", "Böyük dayaq", "Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" və s.
Bədurə Əfqanlının yaradıcılığından danışarkən onun müxtəlif ansambllar və ifaçılar üçün hazırladığı geyimlərdən söz açmamaq olmur. Onun bu sahədəki fəaliyyətinə bütün dünya bələd idi. Həm fərdi sərgiləri keçirilərdi, həm də eskizləri əsasında geyinən ifaçılar bütün planeti dolaşardılar. Unudulmaz Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın məsləhət gördüyü geyimlər əsasında konsert tamaşalarına gedərdilər.
Yaradıcılığı həmişə yüksək qiymətləndirilərdi. 1974-cü ildə xalq artisti fəxri adına layiq görülən Bədurə Əfqanlı sənətinin vurğunu idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun irsi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Teatrın bədii tərtibatı ilə məşğul olan hər kəs bu unudulmaz şəxsiyyətin bədii irsindən öyrənməkdədir. Bədurə Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri indi də davam edir. Özü olmasa da... sənəti yaşayır.
Təzadlarla dolu bir ömür yaşayıb Rza Əfqanlı. Hələ uşaqlıq illərindən üzləşdiyi itkilər, ağır dərdlər ahıl çağlarında belə, varlığından çəkilmirdi. Gözlərində duyulan kədərin dərinliyində bu görkəmli sənətkarın nə çəkdiyi onu yaxından tanıyanlara bəlli idi.
110 yaşı tamamlanan Rza Əfqanlının mədəniyyət tariximizdəki xidmətlərini araşdırarkən bir fikrin təsdiqinə varırsan ki, o, son dərəcə istedadlı, sənətinə bağlı cəfakeş aktyor olub. İstər mütəxəssislərin rəyinə görə, istərsə də müasirlərinin xatirələrində Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında əks olunardı. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini təbii yarada bilirdi. Sənətşünas İnqilab Kərimov söyləyir ki, Rza Əfqanlı bütün problemlərini, dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən də həyatda nə qədər dərdli, qəmli hadisələrlə üzləşsə də, səhnədə hər bir obrazın öz geyimində, formasında, dəyərində olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış baş qəhrəmana kimi bütün rollarını can-dildən yaradırdı.
O, 1899-cu ilin mayında Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. 2 yaşında ikən atası Rüstəmi itirən Rza yetimliyin çox ağır ovqatı ilə üzləşib. Onun yaşıdları valideynləri ilə birlikdə xoşbəxt həyat sürərkən, Rza 9 yaşında qapılarda işləməyə, qoyun-quzu otarmağa məcbur olub. Dolanışığının çətinliyi 1912-ci ilin baharında Rzanın Bakıya gəlməsinə səbəb olub. O vaxtlar neft şəhəri kimi məşhurlaşan paytaxta bir parça çörək dalınca üz tutanlar çox olurdu. Bu səfərlərin də uğurlu və uğursuzu olurdu. Kimi həqiqətən gün-güzəran sahibi olur, bir başqası isə yenə də işsizlik girdabında əziyyət çəkirdi. Bəlkə də elə bu səbəbə görə, dörd il sonra Rza Əfqanlı Pyatiqorsk şəhərinə gedib. Burada da həyat onun üzünə gülməyib. Gah çəkməçi şagirdi işləyib, gah vağzallarda yük daşıyaraq bir təhər çörək pulu qazanıb. Sonra isə rus ordusunda hərbi xidmətə gedib.
Rzanın hələ uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkərdi. Bəlkə də elə buna görə, yenidən Bakıya qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı ilk növbədə, Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılıb. Gənc oğlandakı aktyorluq istedadını ilk dəfə akademik teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən də yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına çıxması onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı. Beləliklə, Rza Əfqanlı tezliklə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başladı. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkirdi. 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib.
Həmin dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılırdı. 1933-34-cü il teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb, milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Arada bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Həyatı kimi səhnə taleyi də hamar deyildi. Amma bütün bunlara baxmayaraq, Rza Əfqanlının Azərbaycan teatrına bəxş etdiyi obrazlar cazibədarlığı ilə görənlərin yaddaşında iz salıb. Mütəxəssislərin fikrincə, hətta eyni tamaşada bir neçə surəti oynayan Rza Əfqanlı onları elə səpkidə, məharətlə təqdim edə bilirmiş ki, tamaşaçılar yalnız proqramdakı adların siyahısına görə onun üç rol yaratdığından xəbər tuturmuşlar.
Səhnədəki səmərəli fəaliyyətilə əlaqədar 39 yaşında əməkdar, 44 yaşında isə xalq artisti fəxri adlarına layiq görülən Rza Əfqanlı 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında yaratdığı Fərhad roluna görə Stalin mükafatı alıb. O, 1973-cü ildə dünyasını dəyişmişdi.
Azərbaycan kino sənətinin inkişafında da Rza Əfqanlının özünəməxsus xidməti var. O, həm də görkəmli kino xadimi sayılırdı. Rza Əfqanlı "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "O olmasın, bu olsun", "Aygün", "26-lar", "Dağlarda döyüş", "Qanun naminə", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı obrazları ilə tamaşaçı rəğbətini qazanıb.
Yazımın əvvəlində dediyim kimi Rza Əfqanlı həm də ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin inkişafına kömək edirdi. Həyat yoldaşı Bədurə Əfqanlı barəsində dediyim kimi o, uzun illər müxtəlif teatrlarda geyim rəssamı olub. Onun bədii tərtibat verdiyi tamaşalar orijinallığı və milliliyi ilə seçilirdi. Övladı Ofeliya Aslan uzun illərdir ki, həm teatrın, həm də kino sənətinin inkişafında özünəməxsus fədakarlıq göstərib. Ofeliya Aslanın Musiqili Komediya Teatrında yaratdığı obrazlar bir-birindən duzlu və məzəli olub.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər