• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

“Üç yaşımdaykən “Kommunist” qəzeti oxuyurdum” – Mən gənc olarkən

04.08.14 08:33 2663
“Üç yaşımdaykən “Kommunist” qəzeti oxuyurdum” – Mən gənc olarkən
Uşaqlığı çox çətin, keşməkeşli, amma maraqlı keçib. Hələ 7-ci sinifdəykən oxuya-oxuya həm də işləyib pul qazanıb, ailəsinə kömək edib. Kiçik yaşlarından musiqiyə, rəssamlığa, kinoya, yazı-pozu işinə marağı böyük olub. Müsahibimiz Bakı Futbol Federasiyasının vitse-prezidenti, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar mədəniyyət işçisi, fəxri bədən tərbiyəsi və idman xadimi, “Ali Media”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatlarının laureatı, qocaman jurnalist Məzahir Süleymanzadədir.
“İlk yazdığım söz “Stalin” olub”
Bakıda dünyaya göz açsa da, uşaqlıq və yeniyetməlik dövrü Şamaxıda keçib. Neft fəhləsi olan atası Böyük Vətən Müharibəsində Berlinə qədər gedib çıxıb. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə orden və medallarla təltif edilib. Rayon sovetinin deputatı olub. Anası isə Şamaxıda ilk təhsilli qadınlardan biri kimi İkinci Dünya Müharibəsində “Bakı Kolxozu”na rəhbərlik edib.
M.Süleymanzadə üç yaşındaykən anasının köməkliyi ilə bütün hərfləri tanıyır, yazıb-oxumağı bacarırmış. Özü də “Kommunmist” qəzetini oxuduğunu deyir: “O zaman heç ağlıma da gətirməzdim ki, vaxt gələcək, bu qəzetin baş redaktorunun müavini olacağam. Evə “Kommunist” qəzeti gələn kimi atamın əlindən alıb döşəməyə sərər, qarnı üstə uzanıb sərlövhələrini oxuyardım. Sözlərin çoxunun mənasını başa düşmürdüm. O qədər sual verirdim ki, anam suallarımdan təngə gəlmişdi. İlk yazdığım söz “Stalin” sözü olub. Mənasını bilmirdim, amma qəzetin hər səhifəsində bu sözə rast gəlirdim. Birinci sinfə gedəndə “a” hərfini uşaqlara keçən Ceyran müəlliməyə əlifbanı əzbər söylədim. Vurma-bölməni əzbər deyəndən sonra Ceyran müəllimə direktorla danışıb mənim birbaşa 2-3-cü sinifdə oxumağa hazır olduğumu söylədi. Amma sinifdən-sinfə keçmək uzun proses olduğundan direktorun məsləhəti ilə elə birinci sinifdə qalası oldum. İş elə gətirdi, birinci sinifdə oxumaq nəsibim olmadı. Birinci rübün sonunda həyətimizdəki it məni elə günə saldı ki, bir il xəstəxanada yatdım. O vaxtdan əlli beş il keçsə də, dəhşətli hadisənin nişanələri hələ də bədənimdədir”.
“Ağladım ki, şəklimi Şərəf lövhəsinə vurmayın”
M.Süleymanzadə bir il sonra ikinci sinfə gedəndə dodağı çapıq olduğu üçün utandığından heç güzgüyə də baxmadığını deyir: “Sonra yavaş-yavaş taleyimlə barışdım, uşaqlara qaynayıb-qarışdım. Bir il dərsə getməsəm də, əlaçı idim. Şəklimi şərəf lövhəsindən asmaq istəyirdilər, ağladım ki, mənim şəklimi vurmasınlar. Çünki dodağım çox eybəcər görünürdü. Həsənağa müəllim dedi ki, şəklimi elə çəkəcək, dodağım bilinməsin. Digər uşaqlardan fərqli olaraq mənim şəklim profildən çəkildi”.
Musiqiyə, rəssamlığa həvəsi olduğunu deyən müsahibimizin yazıları və çəkdiyi şəkillər dördüncü sinifdən etibarən uşaq mətbuatında dərc olunmağa başlayır: “Yeddinci sinifdə oxuyanda respublika mətbuatında da yazılarım çıxdığından artıq tanınırdım. Hətta məktəbi qurtarmamış, son siniflərdə “Yeni Şirvan” qəzetindən məni işə dəvət etdilər”.
Yol idarəsində ilk maaş
Əmək fəaliyyətinə 7-ci sinifdən başlayır. Dərs qurtaran kimi yol idarəsinə gedib rəssamlıq edir. Dediyinə görə, Bakıdan Şamaxıya qədər olan yoldakı bütün yol işarələrini o vaxt öz əlləri ilə çəkib. Bunun müqabilində isə hər ay 65 rubl maaş alıb: “Bununla ailəmə böyük kömək olurdum. O vaxt atam qəza səbəbindən qoltuq ağacı ilə gəzdiyindən işləyə bilmirdi. Bütün ağırlıq anamın üstündə idi. Evdə 5 qardaş idik, bibimin 2 qızını da biz saxlayırdıq. Çox çətin idi”.
Uşaqlıqdan minnət götürməyi xoşlamadığını deyən həmsöhbətimiz şəkil çəkmək üçün lazım olan rəngləri, kətanı, kağızı, fırçanı heç kimə ağız açmadan həmişə maaşı ilə aldığını deyir. Kinoya olan həvəsinə görə axşamlar maaşının bir hissəsi ilə “Şirvan” kinoteatrının bir seansını da buraxmırmış: “Seanslara gedərkən bir gün yuxarı çıxıb filmin necə göstərilməsi ilə maraqlandım. Orada işləyənlər marağımı görüb təklif etdilər ki, hər gün gedib onlara kömək edim, əvəzində elə yuxarıdaca pulsuz kinoya baxım. Onlara kömək edə-edə kinomexanikliyi öyrəndim. Bunun sayəsində uzun illər kinoteatra gələn bütün filmlərə dəfələrlə baxmaq şansı qazandım. Çox vaxt heç işçilər işə gəlmirdilər, mən özüm hər şeyi quraşdırıb tamaşaçılara kino göstərirdim. Nəticədə təklif etdilər ki, yol idarəsində rəssamlıq işindən çıxım və 10 rubl artıq maaşla kinoteatrda işləyim. Beləliklə, səkkizinci sinifdə işimi dəyişdim. Axırda pullarımı toplayıb balaca bir kinoproyektor aldım, kinoteatrdan gətirdiyim lent qırıqlarını, səssiz kadrları həyətimizdə qonşularımıza göstərməyə başladım, özü də izahını da verirdim. 100-ə yaxın adam həyətimizə yığılırdı. Bəziləri hətta buna görə mənə pul da verirdi”.
Yol idarəsində işləyərkən isə M.Süleymanzadə ilk maaşına evlərinə televizor alır və bu, ailənin həyatına yaxşı mənada rəng qatır.
Qızların diqqətini cəlb etmək üçün pəhləvan olur
Güclü mütaliəsi səbəbindən yuxarı siniflərdə oxumaq ona maraqsız gəlir: “Bir çox müəllimlərim, xüsusilə, ədəbiyyat müəllimim xahiş edirdi ki, dərsə girməyim. Çünki elə suallar verirdim ki, bəzən cavab verə bilmirdi”.
Mətbuatda dərc olunan, radioda səslənən yazılarının müqabilində yaxşı qonorar aldığını deyən həmsöhbətimizin sözlərinə görə, bəzən bu vəsait ata-anasının birgə maaşından da artıq olarmış. Rəssamlıqdan, yazı-pozu işindən əlavə, pəhləvanlıq etməyi də varmış. M.Süleymanzadənin sözlərinə görə, Şamaxıda diqqəti cəlb etmək, qızların hörmətini qazanmaq üçün iki yol var idi – ya gərək pəhləvan olaydın, ya da yaradıcılıqla məşğul olaydın: “Mən bu sahənin ikisi ilə də məşğul idim. Güləş üzrə dəfələrlə Azərbaycan, Zaqafqaziya birinciliyini qazanmışdım. Sonradan zədələndiyimdən güləşi davam etdirmədim”.
Bir günlük tələbə
Aktyorluq qabiliyyəti də olan M.Süleymanzadə səkkizinci sinifdən Şamaxıdakı Xalq Teatrının, demək olar, bütün tamaşalarında müxtəlif rollarda oynayır: “Səhnə fəaliyyətim məni səhnəyə bağlasa da, aktyor deyil, rejissor olmaq istəyirdim. Buna görə 10-cu sinfi bitirəndə sənədlərimi İncəsənət İnstitutunun rejissorluq fakültəsinə verdim. Bütün imtahanlardan yüksək qiymət alsam da, müsabiqədən keçə bilmədim. O vaxt rejissorluq fakültəsinə cəmi yeddi yer var idi. Bundan sonra sənədlərimi şərqşünaslıq fakültəsinə təqdim etdim. İki “4”, iki “5” lə buraya da qəbul ola bilmədim. Qəbul komissiyasından məni çağırdılar və dedilər ki, qiymətlərimə əsasən, məni Azərbaycan Dövlət Pedaqoji İnstitutuna köçürüblər. Sentyabrın 1-də dərsə getdim. Müəllimlər gəldilər, özlərini təqdim etdilər, dərs deyib getdilər, mənsə bütün günü düşündüm ki, dörd ildən sonra buranı bitirib ədəbiyyat müəllimi işləyəcəm. Bəs mənim arzularım, xəyallarım necə olacaq. Elə həmin gün dərs qurtarandan sonra avtobusa minib Şamaxıya qayıtdım və bir daha sözügedən instituta getmədim. Ailəmdə buna görə böyük narazılıq yarandı, məndən inciyib küsdülər”.
“Gecəni vağzalda avtobusda yatdım”
Sonra hərbi xidmətə yollanan M.Süleymanzadə qayıdandan sənədlərini ailəsindən gizli indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verir: “Hərbi xidmət keçdiyimə görə sənədlərimi rahatlıqla jurnalistika fakültəsinə götürdülər. Qabiliyyət imtahanına minə yaxın yazımı apardım. Dedilər, “sən hazır jurnalistsən”. Sabahısı gün birinci imtahan idi. Evdə demədiyimdən qabiliyyət imtahanından çıxıb daş maşını ilə 1 rubla Şamaxıya qayıtdım. Çünki avtobusla getmək üçün pulum yox idi. Sabahısı gün yenidən daş maşını ilə Bakıya gəldim. İmtahana 30 dəqiqə gecikdim. Üst-başım toz içində idi. Qapıdakı nəzarətçilər buraxmırdılar ki, gecikmişəm. Narazılığımı bildirdim. Bu vaxt bəxtimdən imtahan komissiyasının üzvlərindən biri universitetə daxil olarkən nə baş verdiyini soruşdu və vəziyyətdən hali olandan sonra nəzarətçilərə məni buraxmalarını tapşırdı. Auditoriyanı tapdım və lövhədəki sərbəst mövzunu birbaşa ağlama vərəqinə 15 dəqiqəyə yazdım. Çıxmaq istədiyimi desəm də, qoymadılar ki, camaata 2.5 saat bəs etmir, niyə mən tez çıxıram”.
Sabahısı yazı imtahanından keçənlər ədəbiyyatdan imtahana girməli idilər. Qalmağa yeri olmadığından M.Süleymanzadə avtovağzala gedib səhər yola düşəcək avtobuslardan birinin qapısını aralayıb orada yatır. Gecənin bir aləmində kimsə qapını açıb onu görür və burada nə etdiyini soruşur: “Gördüm, çox səs-küy salır, cibimdən çıxarıb 20 qəpik verdim və dedim ki, 2-3 saatdan sonra çıxıb imtahana gedəcəm. Səhər gəldim ki, mənə “4” yazıblar. Şikayət edəcəyimi və səhvimin nədən ibarət olduğunu göstərmələrini tələb etdim. Tofiq Rüstəmov imtahan komissiyasında məsul katib idi. Məni onun yanına apardılar. Yazımda hər şey normal idi, bircə ifadənin altından dalğalı xətt çəkilmişdi. İfadənin düz olduğunu və bunu nə üçün çəkdiklərini soruşdum və qiymətimi düzəltmələrini tələb etdim. Tofiq müəllim məni birtəhər yola gətirdi ki, səs-küy salmayım. Beləliklə, ədəbiyyat imtahanına girdim. Sual Qoqolun yaradıcılığından idi və mən bircə cümlə də bilmirdim. Yadımda qalan yalnız Cəlil Məmmədquluzadənin Qoqol haqqında dediyi “Allah sənə rəhmət eləsin, Qoqol” cümləsi idi. Başladım Mirzə Cəlilin yaradıcılığından danışmağa və arada da onun Qoqol haqqında dediyi fikri təkrarladım. Müəllimlərin başı qarışıq idi, görürdülər ki, mən nəsə danışıram. Sonda komissiyanın üzvlərindən biri gülümsəyərək “4” aldığımı dedi. Sevinməkdən başqa əlacım yox idi. Beləliklə, imtahanların hamısından keçib universitetə qəbul oldum”.
“Şirməmməd müəllimə dərsdən də vacib olduğunu dedim”

Jurnalistika fakültəsində oxuduğu ilk gündən kursu başa vuranacan universitetdə lider olduğunu deyir: “Universitetə daxil olandan televiziyada “Televiziya tələbə klubu” verilişinin aparıcısı oldum, hər həftə ekrana çıxırdım. Universitet komsomol komitəsinin üzvü idim. Müxtəlif qəzetlərlə əməkdaşlıq edirdim. Tələbə vaxtı güzəranım çox yaxşı idi. Bilmirdim, pulumu hara xərcləyim. Televiziyadan 200 rubla yaxın qonorar alırdım. Üstəlik, qəzetlərdən də qonorarım olurdu. Fəal tələbə kimi isə mənə 46 rubl təqaüd verilirdi”.
Tələbəlik dövründə boş vaxtlarını necə keçirməsinə gəlincə, deyir ki, o vaxtkı qaydalara görə, tələbələr teatrlara müraciət edir və il boyu tamaşalara baxa bilmək üçün onlara nisbətən ucuz qiymətə biletlər verilirdi: “Buna görə də Opera və Balet, Akademik Dram, Gənc Tamaşaçılar, Musiqili Komediya teatrlarında göstərilən tamaşaların hamısına baxırdıq. Kinoya getməyi də xoşlayırdıq. Çox vaxt dərsdən qaçıb “Azərbaycan”, “Araz” kinotetrlarına gedirdik. Çoxlu qonorar aldığıma görə qrupumuzun bütün qızlarını kinoya dəvət edirdim. Bir dəfə Şirməmməd müəllimin dərsindən qaçıb kinotetra getdik. Şirməmməd müəllim dərsə gəlməməyimizin səbəbini soruşdu. Dedim, vacib işimiz var idi. Dərsdən vacib olub olmadığını soruşdu. “Dərsdən də vacib idi” cavabını verəndə, qayıtdı ki, “daha sənə sual verməyəcəyəm, o şey ki, dərsdən vacibdir, düz edib getmisiniz”. İndi də aradabir Şirməmməd müəllimin yadına həmin hadisəni salıram”.
Lalə MUSAQIZI
Mən gənc olarkən">

banner

Oxşar Xəbərlər