• çərşənbə axşamı, 16 aprel, 20:21
  • Baku Bakı 18°C

Üç təkanla zirvəyə doğru - Portret

16.09.14 13:31 3245
Üç təkanla zirvəyə doğru - Portret
Dünyada bir ölkənin idman cəhətdən inkişafı onun yüngül atletikasını durumu ilə ölçülür. Çünki buradakı növlər insanın kompleks bacarığına əsaslanır. Xüsusilə qısa məsafələrə qaçış, uzunluğa və hündürlüyə tullanma bu baxımdan ölçü sayılır. Sevindirici haldır ki, Azərbaycan da yavaş-yavaş dünya idmanının elitası sayılan yüngül atletikada da, özü də gənc nəslin iştirakı ilə öz layiqli yerini tutmağa başlayır. Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarında qazanılan bürünc medal buna sübutdur. Budəfəki yazımızın qəhrəmanı həmin uğurun sahibi – üç təkanla tullanan Nazim Babayevdir.
Yaxşı şagird, yaxşı idmançı
8 oktyabr 1997-ci ildə Bakıda anadan olan Nazim, 80 nömrəli məktəbin yetirməsidir. Adətən idmançıların başqa dərslərə vaxt çatdırmadığı, fənlərdən aşağı qiymətlər aldıqlarına şahid olsaq da, onda belə deyildi. Özü də Babayev dəqiq elmləri yaxşı oxuyub. Başqaları üçün çətin olan fizika, riyaziyyat və kimya dərslərində Nazim çox fəaldır. 6 yaşına qədər Moskvada yaşayan, sonradan Bakıya köçən idmançının ailəsindən daha çox babasının onun seçimində rolu olub. Məktəbə onu məhz babası aparıb-gətirdiyindən onun təkidi öz rolunu oynayıb. Elə birinci sinifdən başlayaraq dərsləriylə bərabər həvəskar kimi idmanla da məşğul olan Nazim, karyerasına altıncı sinifdə oxuyanda başlayıb. Bakı Şəhəri Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Atletika məktəbinin yetirməsi olan atlet, niyə məhz üç təkanla tullanmanı seçməsi haqda bunları deyir: “Uşaq olanda daha çox uzunluğa tullanırdım. Müəllimim də istedadlı olduğumu görüb məni üç təkanla tullanmada sınadı. Orada da uğurlu nəticələr əldə etdim. Vaxt keçdikcə, məhz “üç təkan”da daha yaxşı çıxış etməyə başladım və seçimimi etdim. Həm də bu növə marağım daha çox idi”.
İlk vaxtlar idmanla məşğul olanda valideynləri başqa sənətin ardınca getməyini istəyirdilər. Ancaq bir müddət sonra, nailiyyətlərinin getdikcə artdığını görəndə onlar da Nazimin arzusunu qəbul etdilər. Dördüncü sinfə qədər rəqslə də məşğul olan Babayev, sonda özünə yəqin edir ki, idmansız yaşaya bilməyəcək.
Fantastik nəticələr

Cəmi bir ildir beynəlxalq yarışlara qatılan gənc atlet, artıq yetərincə böyük, hətta deyərdik bu müddət üçün fantastik nəticələr əldə edə bilib. 2013-cü ildə Hollandiyanın Utrext şəhərində keçirilən Avropa Gənclər Olimpiya festivalında və 2014-cü ilin 30 may-1 iyun tarixlərində Azərbaycanda keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa təsnifat turnirində qızıl (bu nəticə ona Nankinə vəsiqə qazandırdı), Gürcüstanda keçirilən komandalar arasında Avropa çempionatında bürünc, Nankindəki Asiya Oyunlarında gümüş, bir il sonra isə elə həmin şəhərdə keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanan Nazimin uğurlarına yalnız həsəd aparmaq olar. Cəmi bir ilə zirvəyə bu qədər yaxınlaşmaq, çempionluq əzmi göstərmək hər idmançının öyünə biləcəyi bir şey deyil. Medallar öz yerində, Nazim həm də rekordçudur. O, Bakıdakı təsnifat turnirində 16,18 metr uzunluğa tullanaraq 33 ildir dəyişməyən Azərbaycanın yeniyetmələr rekordunu yeniləyərək potensialını göstərmişdi. Təəccüblənməmək olmur.
Universallıq və sürət
Üç təkanla tullanmada qələbə qazanmaq asan deyil. Burada sürət, fiziki və texniki hazırlıq baxımından maksimum formada olmaq, üstəlik, mənəvi dayanıqlılıq gərəkdir. Üç təkanla tullanma texniki cəhətdən elə üç hissədən ibarətdir: qaçma, addım və tullanış. İdmançı xüsusi xəttə qədər maksimum sürətlə qaçmalı, o xəttə qaçışa başladığı ayaqla toxunmalı, daha sonra 13 metrlik məsafəni üç addımla (burada iki cür keçid tərzləri var: “sol, sol, sağ” və “sağ, sağ, sol”) keçməli, yalnız bundan sonra tullanmalıdır. Kənardan eyni cür görünsə də, hər idmançının özünəməxsus tullanış tərzi var. Nazim daha çox sürətə üstünlük verərək hərəkətləri maksimum tezliklə yerinə yetirməyə çalışır. Bu səbəbdən Babayev üç təkanla yanaşı, uzunluğa tullanma yarışlarına da qatıla və uğur qazana bilir.
Üç təkanla tullanmanın daha bir çətin tərəfi çox zədəyəmeylli idman növü olmasıdır. Atletikanın bütün növlərində sınıqlar, əzilmələr olsa da, məhz bu növ ən qorxulularındandır. Xüsusilə də, belə düşən ağırlıq yetərincə böyük olduğunda bədənin bu nahiyəsindən ciddi zədə alma ehtimalı böyükdür. Özü də bu zədələr çox vaxt xroniki hal alır və idmançını həyatı boyu rahat buraxmır. Gənc atletlər üçün üç təkanla tullanma həm də dayanıqlılıq sınağıdır. Şükürlər olsun ki, Nazim bu baxımdan özünü yaxşı tərəfdən göstərə bilir və cəmi 16 yaşında dünya atletikasının elitasına doğru irəliləməkdə davam edir.
Vətənpərvərlik nümayişi
Babayevin uşaqlıqda Rusiyada yaşaması onun bu ölkəyə rəğbətini artıra bilərdi. Ancaq Nazimin az qala hər müsahibəsində Azərbaycanı necə sevdiyi aşkar görünür. “Azərbaycan xalqını sevindirmək, himnimizi səsləndirmək və bayrağımızı yüksəltmək istəyirəm” cümləsini onun hər açıqlamasında eşitmək olur. O, vətən sevgisini təkcə sözdə yox, əməldə də sübut edib. Məsələn, çox az adam bilir ki, cəmi bir neçə il əvvəl ona Gürcüstandan yaxşı maliyyə təklifi gəlmiş, bu qonşu ölkənin şərəfini qoruması istənmişdi. Amma o buna qarşı çıxmış, yalnız Azərbaycana xidmət etmək istədiyini bildirmişdi. Lap Rusiyadan da istəsələr getməyəcəyini deyən Babayevin vətən sevgisi alqışlanmalıdır.
Maksimalist atlet
Yuxarıda da qeyd etdiyimiz kimi, üç təkanla tullanma həm də mənəvi hazırlığın yüksək səviyyədə olmasını tələb edir. Verilən 6 cəhdin birincisi uğursuz alınanda ikinciyə, o da uğursuz alınanda üçüncüyə köklənmə vacibdir. Hər uğursuz cəhd isə həm fiziki, həm də ümumi hazırlığa ziyan vurur. Dünya tarixinin ən güclü “üçtəkançılar”ı qələbələrini ilk cəhdlərində qazanmağa üstünlük verirlər. Bu, həm də idmançının yarışa yaxşı hazırlıq göstəricisi sayılır. Böyük Britaniyalı rekordçu Conatan Edvards özünün məşhur rekordunu ilk iki cəhdində etmişdi. Onun birinci dəfədən 18,16 metr, ikinci cəhdində isə 18,29 metr uzunluğa tullanışı bir nümunədir. Gənc atletimiz Nazim Babayev (maraqlıdır ki, idmançımızın kumiri Edvards yox, hazırda da karyerasını davam etdirən fransız Teddi Tamqodur. Bu idmançı qapalı məkanlarda Fransa, Avropa və dünya çempionatları rekordçusudur) də maksimalistdir və qələbələrini startda qazanmağa çalışır. Üstəlik, bu maksimalizmi onun idmana baxışlarında da özünü büruzə verir. Verdiyimiz “Olimpiya çempionluğu, yoxsa dünya rekordunun yeniləməyi daha çox istərdin” sualına aldığımız “Əlbəttə bunların hər ikisini arzulayıram, ancaq seçməli olsam, Edvardsın rekordunu təzələmək istərdim” cavabı çox şeydən xəbər verir. 1995-ci ildə qoyulan rekordun yaxınına belə düşmək olmayıb. O vaxtdan bu yana çox sayda Olimpiya çempionları gəlib-gedib, adlarını xatırlayan da azdır. Ancaq Edvardsı hamı tanıyır, xatırlayır, onun kimi olmaq istəyir. Nazim Babayevin də bu gənc yaşında qarşısına maksimum hədəf qoymasını təqdir etmək gərəkdir.
Portreti
O, çox gəncdir. Enerjili, istəkli, həm də güclüdür. Bəzən uzun və yorucu məşqlərdən bezsə də, arzusuna çatmaq üçün indidən böyük əzmlə çalışır. Portretindən bizə gülərüz, ancaq diqqətli, həmişə nəyisə düşünən bir gənc baxır. Onun üçün həyat hələ indi başlayır. Karyerasının başlanğıcında Yeniyetmələr Olimpiya bürüncünü boynundan asıb. Bu, həyat üç təkanının birinci addımıdır. Qarşıda dünya və Olimpia çempionluqları, Avropa Oyunlarında uğur var. Buna nə onun, nə də bizim şübhəmiz yoxdur. Çünki o ruhən çempiondur. Bu isə gec-tez öz nəticəsini verir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər