Üç sual

Üç sual

17 İyun 2019, 10:30 15215
Padşah bir gün öz-özünə düşünür: 
 
"Bu işə nə vaxt başlayacağımı, kimlərlə işləyib, kimlərlə işləməyəcəyimi, hansı işin daha vacib olduğunu bilsəydim, heç uğursuzluğa düçar olmazdım”.
Beləliklə o, bu işin nə vaxt edilməsi gərəkdiyini, bu iş üçün kimlərin uyğun olduğunu, bütün işlərin ən vacib olanını düzgün şəkildə öyrədənə mükafat verəcəyini elan etdirir.
 
Bir çox bilici adamlar padşahın hüzuruna gəlir, lakin bu suallara hərəsi başqa cavablar verirlər. Bir qismi birinci sualı, yəni bu işin nə vaxt edilməsi gərəkdiyini bilmək üçün illərə, aylara, günlərə görə çalışma cədvəli düzəltmək, bu cədvələ həmişə əməl etmək gərəkdiyini deyirlər. Başqaları isə, hər işin nə vaxt ediləcəyini əvvəlcədən mümkün olmadığını, boş işlərlə məşğul olmaq yerinə hadisələri diqqətlə müşahidə edib, lazım olan şeyi etməyin tək çarə olduğunu deyirlər. Üçüncü qisim isə, tək bir insanın nə qədər diqqətli olursa-olsun, bu işin nə vaxt görüləcəyinə qərar verə bilməyəcəyini deyir. Onların fikrincə, padşahın yanında bilici insanlardan ibarət məsləhət qurumu olmalıdır və ən yaxşısı bu qurumun məsləhətlərinə əməl etməkdir. Dördüncü qisim, "məsləhətə vaxt qalmaz” deyirlər. İşə başlama vaxtının olub-olmadığını o saat qərarlaşdırmaq və bunun üçün də nə olacağını əvvəlcədən bilmək lazımdır. Bunun öhdəsindən də yalnız kahinlər gələ bilərlər. Belədirsə, bu işin nə vaxt edilib-edilməyəcəyini kahinlərdən soruşmaq lazımdır. İkinci suala da hərəsi bir cavab verdilər. Bir qismi, "padşah üçün ən lazımlı adamlar ona kömək edən idarəçilər olmalıdır” deyirlər. Bir qismi isə, bu iş üçün kahinləri məsləhət görürlər. Üçüncülər, padşaha ən çox həkimlərin gərəkli olduğunu vurğulayırlar. Dördüncülər isə, "əhəmiyyətli kimsələr əsgərlərdir” söyləyirlər. Üçüncü, yəni ən vacib olan işin nə olduğuna bəziləri elmi, bəziləri hərbini, bəziləri isə, Tanrıya ibadəti işarə edirlər. Bu cavabların heç biri bir-birinə uyğun olmadığı üçün padşah heç birini qəbul etməyib, mükafatı da heç kimə vermir. Suallarına daha dolğun və düzgün cavab almaq üçün məşhur bir keşişə müraciət etməyə qərar verir. 
 
Bu keşiş meşədə təkbaşına yaşayırdı. Heç bir yerə getməz, yanına yalnız kasıb təbəqədən insanları qəbul edərmiş. Buna görə də padşah yoxsul adam libasına girdi. Keşişin daxmasına yaxınlaşmadan atdan düşüb, təkbaşına keşişin yanına getdi. Padşah yaxınlaşarkən, keşiş yer qazırdı. Onu görəndə salam verib, işinə davam etdi. Zəif və taqətsiz keşiş hər beli torpağa vurub bir torpaq parçası qazdıqdan sonra çətinliklə, dərin-dərin nəfəs alırdı.  Padşah keşişə yaxınlaşıb dedi: 
– Bilici keşiş! Sənin yanına bu üç suala cavab tapmaq üçün gəlmişəm. Sonradan peşman olmamaq üçün bu işin nə vaxt edilməli olduğunu necə bilərəm? Bu iş üçün hansı insanlar gərəkdir? Yəni bu iş üçün kimlərlə ortaq olmalıyam? Hansı işlər daha vacibdir? Hansı işlər o birilərdən daha önəmlidir? 
 
Keşiş padşaha qulaq asır, amma heç cavab vermir, ovuclarının içinə tüpürüb torpağı qazmağa davam edirdi. Padşah dedi: 
- Deyəsən, yoruldun. Beli ver,  bir az da mən qazım. 
Keşiş: 
 
- Var olasan, - deyib beli padşaha uzatdı. Torpağın üstünə oturdu. İki sıra qazdıqdan sonra, padşah dayanıb suallarını təkrar etdi. Keşiş yenə cavab vermirdi. Ayağa durarkən beli götürüb: 
 
- İndi sən dincəl, mən qazım, - dedi. 
 
Amma padşah torpağı qazmağa davam edirdi. Beləcə bir saat, iki saat ötüb keçmiş, günəş artıq ağacların arxasında itməyə başlamışdı.
 
- Bilici keşiş! Mən sənin yanına sual verib, cavab almağa gəlmişəm. Əgər cavab verməyəcəksənsə, evimə qayıdım. 
 
Keşiş dedi: 
 
- Bax, bir adam buraya doğru qaçır. Kimdir görəsən? 
 
Padşah o yana boylananda, doğrudan da, meşədən bir adamın qaçaraq gəldiyini gördü. Adam qarnını tutduğu əllərinin altından qan axırdı. Padşahın yanına çatanda yerə yıxıldı, gözləri axarkən tərpənmədən inildəməyə başladı. Padşahla keşiş saqqallı adamın paltarlarını soyundurdular. Adamın qarnında böyük bir yara görünürdü. Padşah öz dəsmalıyla yaranı silib keşişin məhrabasıyla bağladı. Axan qan dayanmaq bilmirdi. Padşah dəfələrcə qana bulaşmış sarğını açır, yuyur və yenidən bağlayırdı. 
 
Qan dayandıqdan sonra, yaralı adam özünə gəlib su istədi. Padşah suyu gətirib yaralıya verdi. O müddətdə günəş artıq batır, hava sərinləşirdi. Padşah keşişin köməyi ilə yaralı adamı daxmaya aparıb, yatağa uzatdı. Yatağa uzananda adam gözlərini yumub rahatlandı. Padşah isə, yeriməkdən və işləməkdən o qədər yorulmuşdu ki, elə qapının ağzında yuxuya getdi. 
 
Qısa yaz gecəsi belə keçdi. Səhər olanda padşah bir anlıq harda olduğunu, ona parlaq gözlərlə diqqətlə baxan qəribə, saqqallı adamın kim olduğunu anlamaqda çətinlik çəkdi. Saqqallı adam padşahın oyandığını və ona baxdığını görəndə zəif bir səslə dedi: 
 
- Məni bağışla! 
 
Padşah: 
 
- Mən səni tanımıram. Bağışlanmalı heç nə yoxdur. 
 
- Sən məni tanımırsan, amma mən səni tanıyıram. Mən sənin düşməninəm.  Qardaşımın malını-mülkünü alıb, edam etdirdiyin üçün səndən intiqam almağa and içmişdim. Sənin keşişin yanına tək gələcəyini bilirdim. Geri qayıdarkən səni öldürməyə qərar vermişdim. Gün boyunca gözlədim. Gəlmədiyini düşünüb gizləndiyim yerdən çıxdım.  Elə bu zaman mühafizəçilərinə rast gəldim. Onlar da məni tanıyıb yaraladılar. Qaçmağına qaçdım, amma sən yaramı bağlamasaydın, qan itkisindən öləcəkdim. Mən səni öldürmək istədim. Sən isə, mənim həyatımı xilas etdin. İndi əgər yaşasam, sən də bundan razı qalarsan. Ən sadiq qulun olaram, sənə xidmət edərəm, oğullarıma da bunu əmr edərəm.  Məni bağışla! 
 
Padşah düşməni ilə belə asanlıqla barışa bildiyinə görə, çox sevinirdi. Adamı yalnızca bağışlamaqla qalmayıb, həm də malını-mülkünü geri verməyi, adamlarının onu burdan aparacağını, həkiminin onu sağaldacağını vəd etdi. Padşah yaralı ilə vidalaşandan sonra, həyətə çıxdı. Burdan getməmişdən qabaq keşişdən suallarına cavab verməsini istədi. Keşiş həyətdə dizüstə oturaraq bir gün əvvəl qazılan yerə tərəvəz toxumları əkirdi. Padşah ona yaxınlaşaraq dedi: 
 
- Ey bilici keşiş! Səndən son dəfə suallarıma cavab verməyini xahiş edirəm. 
 
Keşiş zəif baldırları üstündə bardaş quraraq torpağa oturdu. Yanında ayaq üstə duran padşahı altdan yuxarıya süzərək dedi: 
 
- Sən istədiyin cavabları aldın artıq. 
 
- Necə? Hansı cavabları? 
 
- Dünən zəifliyimə yazığın gəlib torpağı qazmasaydın və təkbaşına geri qayıtsaydın, o adam sənə hücum edəcəkdi. Onda mənimlə burda qalmadığına peşman olacaqdın. Deməli, torpağı qazdığın vaxt bu iş üçün ən uyğun zaman idi. Mən də sənin üçün ən lazımlı adam idim. Ən vacib iş də mənə yaxşılıq etmək idi. Sonra, o adam buraya qaça-qaça gələndə, ən uyğun vaxt ona baxdığın zaman idi. Yarasını bağlamasaydın, o, səninlə barışmamış öləcəkdi. Demək ki, ən vacib adam o adam idi. Onun üçün etdiklərin də ən önəmli iş idi. Beləliklə, bunu yadından çıxarma ki, ən uyğun zaman içində olduğumuz andır. Çünki, ancaq onda öz-özümüzün hakimiyik. Ən uyğun adam da sənin indi görüşdüyün adamdır. Çünki, bu adamın başqa insanlarla işi olub-olmadığı heç bəlli deyil. Ən önəmli iş ona yaxşılıq etməkdir. Çünki,  insan bu dünyaya yalnızca yaxşılıq etmək üçün göndərilib.
 
Lev Tolstoy 
Tərcümə: Aygün Ələkbərov