• cümə, 26 Aprel, 03:51
  • Baku Bakı 16°C

Üç ölkənin paytaxtı - Bratislava - Fotolar

26.01.17 11:30 2566
Üç ölkənin paytaxtı - Bratislava - Fotolar
Budapeştdən qatarla 2 saat 40 dəqiqəlik yolu qət edib Slovakiyanın balaca və gözəl paytaxtına - Bratislavaya çatmaq mümkündür. Hər saatdan bir, rahat və təmiz qatarlar sərnişinləri bu istiqamətə daşıyır. Dəmir yolu stansiyasından çıxıb şəhərin küçələri ilə mərkəzə doğru irəlilədikcə, insanı müasir meqapolisin enerjisinə qarışan orta əsrlərə məxsus qeyri-adi romantik ab-hava cəlb edir. Macarlar və avstriyalılar kimi, slovaklar da paytaxtları haqqında «Dunay üzərində mirvari» deyiləndə fərəhlənirlər.
Qədim tikililər, kilsələr, qəsrlər...

Hər il bu şəhərə dünyanın müxtəlif yerlərindən 20 mindən çox turist gəlir. Qış idman növləri və alpinizm mərkəzləri, ölkənin dörd bir tərəfinə səpələnmiş termal vannalar və mineral bulaqlar, qoruma altına alınmış tarixi şəhərlər ölkəyə çox sayda turist axınına səbəb olub. Dunay çayının sakit axan zümrüd suları, ətəyində yerləşdiyi Karpat dağlarının əzəməti bu şəhərin füsunkarlığını daha da artırır. Həm də bu şəhərin unikallığı iki ölkə ilə - Macarıstan və Avstriya ilə sərhəd olmasındadır. Bratislavanı qonşu Avstriyadan cəmi 16 km məsafə ayırır. Digər tərəfdən, minillik tarixi olan şəhər Avropanın ən gənc paytaxtlarından biri kimi tanınır. Maraqlıdır ki, özünün çoxəsrlik tarixi boyunca Bratislava 3 dəfə müxtəlif dövlətlərin paytaxtına çevrilib. Osmanlıların 1541-ci ildə Budaya hücumundan sonra Macarıstanın paytaxtı Bratislavaya köçürülüb və şəhər 1784-cü ilə qədər macarların paytaxtı rolunu oynayıb. 1939-1945-ci illərdə Bratislava alman faşistlərinin iştirakı ilə yaradılan birinci Slovakiya Respublikasının paytaxtı olub. 1945-ci ildən sonra yenidən Çexoslavakiyanın tərkibinə qatılıb.

Mənbələrə görə, V-VI əsrlərdə ilk slovak qəbilələri bu əraziyə köç ediblər. Onlar güclərini birləşdirərək Slovak İmperatorluğunu yaradıblar. Slovaklar bu ərazilərə gələnə qədər burada alman və rumın tayfaları yaşayıb. Bratislava haqqında alimlərin ilk əlyazmaları 907-ci ilə aid edilir. O vaxtdan 1918-ci ilə qədər şəhər Macarıstanın, 1919-1939-cu illərdə Çexoslavakiyanın bir hissəsi olub. 1993-cü ildən sonra isə Bratislava müstəqil dövlət olan Slovakiyanın paytaxtıdır. Bu illər ərzində ölkədə qayda-qanun yaratmağa, inkişafa, tarixi abidələri bərpa etməyə müvəffəq olunub ki, bu da hazırda paytaxtın öz turistlərini möhtəşəmliyi ilə valeh etməsinə imkan verir. Paytaxt bir çox Avropa şəhərləri kimi öz arxitektura tikililəri, daş küçələri, qədim kilsələri, qala və qəsrləri ilə müxtəlif epoxalara minnətdardır.
Şəhərin küçələrində demək olar ki, bütün tikililər qədim tarixdən söhbət açır. Qənbər daş döşənmiş dar küçələrdə turistləri müxtəlif bürünc heykəllər qarşılayır. Xüsusən kanalizasiya üzərindəki santexnik heykəli haqqında olan inanca görə, fəhlənin dəmir dəbilqəsinə əlini sürtənlərdə arzularının həyata keçməsinə inam yaranır.

Bratislavada kilsələr çoxluğu və möhtəşəmliyi ilə fərqlənir. Şəhərin səs-küylü hissəsində yerləşən Müqəddəs Martin kilsəsi gün ərzində bir neçə dəfə çalınan zəngləri ilə insanları bu qədim məbədə ibadətə səsləyir. Təkcə böyüklərin deyil, gənclərin də ibadətə tələsdiklərini görüncə, avropalılar üçün dəyərlərin və inamın itməməsinin şahidi olursan.

Mixalski davazasından köhnə şəhərə daxil olanda küçələrin əsil labirinti ilə irəliləyirsən. Ərazidə bu günümüzə qədər qorunub saxlanan Mixalski qülləsi yerləşir. XIII-XIV əsrlərdə tikilən qüllənin hündürlüyü 50 metrdir. Qülləyə daxil olub Silah Muzeyinə baxmaq mümkündür. Muzeydə, həmçinin Avstriya-Macarıstan imperiyası dövrünə aid eksponatlar qorunur. Küçələrdən irəlilədikcə, borokko-klassizim üslubunda tikilən və vaxtilə macar parlamentinin yerləşdiyi, hazırda isə Universitet Kitabxanası olan bina qarşısında ayaq saxlamalı olursan. Motsartın 6 yaşında konsert verdiyi Palffyho sarayı, Ali Musiqi Məktəbi, Avstriya səfirliyinin binaları da özünün möhtəşəmliyi ilə diqqət çəkir. Mərkəzdə yerləşən Slavin təpəsində 6 min sovet əsgərinin xatirəsinə ucaldılan nəhəng abidə görünür. Onlar şəhərin azadlığı uğrunda həlak olublar. Abidə 1960-cı ildə tikilib. Bratislavanın qədim mərkəzindəki Baş meydan əvvəllər Bazar meydanı adlansa da, indi rahat restoranlar, kafelər və mağazalarla əhatələnib. Burada tez-tez müxtəlif tədbirlər, yarmarkalar, konsertlər keçirilir. Şəhərin qonaqları, yerli sakinlər xüsusən yay boyunca günlərini bu meydanda keçirirlər.
Bütün hadisələrin şahidi

Hündürlükdə yerləşməsi ilə diqqət çəkən Qrad qəsrini "Bratislava Kremli” də adlandırırlar. Qəsr X əsrdə tikilib. Dunay çayının sahilində, müasir Bratislavanın ürəyində qərarlaşan qəsr demək olar ki, şəhərin çoxəsrlik tarixi boyunca bütün hadisələrin şahidi olub. Özündə kifayət qədər düzbücaqlı binaları, hər küncündə qüllələri birləşdirən qəsrin ən qiymətli incisi "Taclı qüllə” hesab edilir ki, bu da XIII əsrə aiddir. Məhz burada tacın xəzinəsi qorunur. Arxitektura kompleksi özündə qotikdən başlayıb, renesans dövründə bitən bir çox elementləri, ən müxtəlif stilləri birləşdirib. Uzaqdan möhtəşəmliyi ilə diqqəti çəkən qəsrə yalnız kiçik tutumlu turist avtobusları ilə qalxmaq mümkündür. Bunun üçünsə 10 avro ödəməklə həm qalanın tarixi haqqında məlumatlar əldə edir, həm də hündürlükdə yerləşən qalanı gəzə bilirsən. Macarıstan kraliçası Mariya Tereziya qalanın daxili divarlarının barokko və rokoko üslubunda tikilməsinin təşəbbüskarı olub. Ancaq imperatriçanın səylərindən qəsrdə az nümunələr qalıb. Qala demək olar ki, əvvəlki görkəminə qayıdıb. 1911-ci ildə qəsr içkili Avstriya əsgərləri tərəfindən yandırılıb. Uzun illər tikili təmirsiz qalıb. İkinci dünya müharibəsindən sonra - 50-ci illərdə qalanın yenidən bərpasına başlanılıb. Hazırda qalada Slovakiya Milli Muzeyi yerləşir. Hər gün səhər 9.00-dan 17.00-dək açıq olan muzeyə 4 avro ödəməklə maraqlı sərgiləri seyr etmək mümkündür. Turistlər burada mebel, silah, portret, saat, pul, medal və s. əşyaların zəngin kolleksiyalarını görə bilərlər. Qüllələrin birinə qalxmaqla isə, şəhərin füsunkar panoramasından zövq almaq olur.

Bratislavada yerləşən saysız-hesabsız muzeylərin qiymətləri 1-5 avro arası dəyişir. Muzeylərə giriş Macarıstan muzeyləri ilə müqayisədə xeyli ucuzdur. Slovakiya Tarix Muzeyinə 3 avro ödəyib bilet almaqla yüzlərlə Bibliya miniatürlərini, qayıq şəkillərinin kolleksiyasını və heykəlləri seyr etmək mümkündür. Hər hansı bir eksponata toxunanda isə səslənən siqnalizasiya polis bölməsində eşidilir. Teatr binaları da – opera, xalq və milli, komediya teatrları Bratislavanın Avropanın ən yaxşı teatral ölkə olmasından xəbər verir.

Rahat simalar, düzənli həyat

Paytaxtdakı universitetlərdə dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır. Xüsusən texnoloji biliklərə yiyələnmək üçün gələnlər çoxdur. Gənclər bu şəhəri təkcə öncül təhsil sisteminə görə deyil, həm də azad ruhlu, sakit və rahat olmasına görə sevirlər. 6-15 yaş arasında təhsilin məcburi və pulsuz olduğu ölkədə oxuma-yazma nisbəti 99%-dir.

Hal-hazırda Slovakiya iqtisadiyyatı Avropada ən sürətlə inkişaf edən iqtisadiyyatlardandır. Kənd təsərrüfatı və sənayenin müxtəlif sahələri inkişaf edib.Təbii sərvətlərlə zəngin olan mədənləri var. Torpaqlarından keçən təbii qaz və neft boru xətlərinin gətirdiyi gəlir ölkənin ehtiyaclarını qarşılayır.Düzlüklərdə az da olsa, təbii qazçıxarılar.Turizm bu ölkənin əsas gəlir sahələrindən biridir. 2009-cu ildən Avropa Birliyinə üzv olan ölkənin pul vahidi qonşu Macarıstandan fərqli olaraq avrodur.

İnsanların simasından rahat həyatları hiss olunur. Sanki qayda-qanunları özləri diqtə edir və ona əməl edirlər. Mərkəzi küçələr boyunca uzanan kafe, restotan və pablarda adam əlindən tərpənmək olmur. Qiymətlər isə o qədər də ucuz deyil. "Hand made” deyə təqdim etdikləri yeməklər üçün 20-25 avro ödəmək lazım gəlir. Şirniyyatları və milli şorbaları kifayət qədər dadlıdır. Dunayın sahillərində yerləşdiyindən, balıq yeməklərinin müxtəlif çeşidlərini dadmaq mümkündür. Slovakiyada tarixən üzümçülük inkişaf etdiyindən, bir çox Avropa ölkəsindəki kimi, şərab çeşidləri bütün mağazaların vitrinlərindən boylanır.

Bratislavaya yenə qayıtmaq arzusu ilə bir günlük səfərimizi başa vurub geri döndükdə, yaddaşımızda qalan 500 min əhalisi olan, miqrantların görünmədiyi şəhərin sakitliyi və qədimliyi, tinlərdə çalınan canlı musiqilərin sədası, tramvayların nostalji oyadan səsi, insanların rahat siması və havanın şaxtasından donduqda isinməyə qaçdığımız rəngarəng suvenir dükanları oldu.
Təranə Məhərrəmova
Budapeşt-Bratislava





banner

Oxşar Xəbərlər