• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Üç əsrin qəzeti

09.12.16 13:20 4370
Üç əsrin qəzeti
Çağdaş Azərbaycan mətbuatı böyük tarixi inkişaf yolu keçərək azad, müstəqil, demokratik tərəqqinin ən yüksək səviyyəsinə çatmışdır. Ölkəmizdə müstəqilliyin əldə olunduğu ilk illərdən başlayaraq yaranan müstəqil mətbuat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni məzmun alaraq sürətlə inkişaf etməyə başladı. O, söz, fikir, mətbuat azadlığının inkişafını dövlətin demokratik inkişafının əsas istiqaməti kimi qəbul edərək, mətbuatın daha da sürətlə inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra sərəncam və fərmanlar imzalamışdı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada söz, fikir, məlumat azadlığı ilə bağlı müddəaların əksini tapması, 1998-ci il 6 avqust fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsi, 1998-ci ilin sonunda qəzet redaksiyalarının əlavə dəyər vergisindən azad olunması, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması və s. kimi onlarla belə mütərəqqi sərəncamlarla mətbuatın tərəqqisinə kömək göstərildi.

2001-ci ildə Ulu öndər "Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində deyirdi: "Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salanda görürük ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır”. Bu sözün dərinliyində dayanan həqiqətin müəllifi elə Ulu öndər özü idi, onun diqqət və qayğısı mətbuata demokratik ruh gətirərək medianın inkişafı üçün yeni üfüqlər açdı. Dövlətin bütövlükdə sürətli inkişafı azad mətbuatın, kütləvi informasiya vasitələrinin yeni məzmun alması üçün arzulanan tarixi şəraiti formalaşdırdı.
Ölkə rəhbəri cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra iqtisadiyyatın sürətli inkişafı media təmsilçilərinə qayğının artmasına şərait yaratdı. Təkcə KVDF-nin yaranması haqqında imzalanan sərəncam, qəzet redaksiyalarına göstərilən maddi yardım, jurnalistlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması üçün tikilən binaları qeyd etmək dövlət-media münasibətlərindəki demokratik ənənələrin tərəqqisinə bariz nümunədir.

Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir. Yubileylər həm də hesabatdır, keçilən tarixi inkişaf yolunun çətin, şərəfli məqamları dərindən təhlil olunmaqla bərabər, çağdaş mərhələdən gələcəyə uğurlu keçid etmək üçün inkişafın vacib sahələrinə yeni baxışları formalaşdırır.
Tarixi «Kaspi» qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybay bizlərə çatdırmağa nail olmuşdu. «Kaspi»də fəaliyyəti ilə qəzetə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olmuşdu.

1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla «Əkinçi» işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətlə qəzet açmaq təşəbbüsü dəyərləndirilir. Kuzmin rus olduğu üçün müraciətinə qısa bir müddətdə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzetin «Çıraq» adı ilə Azərbaycan dilində əlavəsinin çıxması ideyasına isə «yox» cavabı verilir. Beləliklə, «Kaspi» yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçdi. Bu tarix həm də millətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyüklü proseslərdə «Kaspi» qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtanlara məruz qalsalar da, əqidə sadiqliyi göstərərək, həqiqətə və azadlığa doğru irəliləyərək istiqlal mücadiləsindən dönmədilər. Bu yolun yolçularını vahid əqidə birləşdirirdi – milli mücadilə, milli istiqlal!
«Kaspi» qəzeti hətta rus redaktorların rəhbərlik etdikləri dövrlərdə belə, azərbaycanlı ziyalıların tribunasına çevrilə bilmişdi. İlk naşir Kuzminlə başlayaraq Y.Starsev, N.Svinkin, V.Xomutov, P.Qordiyevski, N.Sokolinski, A.Veyenberq, Ə.Topçubaşov, Ə.Hüseynzadə və başqalarının dövründə azərbaycanlı ziyalılar fikirlərini senzordan yayındıraraq qəzetdə dərc etdirməyə nail olurdular. Bu fədakarlıq onların fəaliyyətlərini tarixə çevirirdi. Əslində, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə «Kaspi»də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar. Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi.

N.Sokolinskinin təklifi ilə müvəqqəti olaraq qəzetin baş redaktorluğuna gətirilən M.Şahtaxtlı qısa müddət ərzindəki fəaliyyəti ilə senzor və şəhər qubernatorluğunun qısqanclıq hədəfinə çevrildi. Çox ustalıqla aparılan şovinist müzakirələrdə onun savadının, qabiliyyət və bacarığının, milli qeyrətinin qabarıq şəkildə üzə çıxması tezliklə tutduğu redaktorluq vəzifəsindən uzaqlaşdırılmağına gətirib çıxardı. M.Şahtaxtlının ziyalı çevikliyi ilə qısa müddətdən istifadə edərək çap etdirdiyi tarixi məqalədəki haqlı tələblər 100 il sonra belə tarixi həqiqətlərdə öz təsdiqini tapdı. Onun «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı» adlı məqaləsi 1891-ci ilin 1 may sayında çap olundu. Bu məqalədə geniş elmi, tarixi şərhlə Azərbaycan millətinin adı izah olunurdu. Sonra isə bütün tarixi təhriflərə aydınlıq gətirilərək «Zaqafqaziya müsəlmanlarını tatar əvəzinə azərbaycanlı, Zaqafqaziya türk dilini isə... Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı» - fikri ilə tamamlanırdı. Milli təfəkkür, milli vətəndaşlıq qeyrəti ilə fəaliyyət göstərən M.Şahtaxtlının min bir əzabla senzordan keçirə bildiyi tarixi təşəbbüs illər sonra – 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz müqəddəs təsbitini tapdı. «Azərbaycan xalqı» və «Azərbaycan dili» ifadələri tarixi mənasına qovuşdu.
***

"Kaspi” qəzetinin rus dilində çıxması azərbaycanlılar tərəfindən kütləvi şəkildə oxunmasına əngəl törətsə də, nəşr Cənubi Qafqaz və Orta Asiya, hətta Yaxın Şərq müsəlmanlarının ilk rusdilli qəzeti kimi yüksək nüfuza malik idi. «Kaspi» dövrünün ən çox təsir imkanına malik qəzeti idi. O dövrdə Qafqazda nəşr olunan 56 mətbuat orqanının 20-si rus dilində idi. «Kaspi» rusdilli nəşrlər arasında həm tiraj, həm də dərc olunan məqalə müəlliflərinin çəkisinə görə öndə idi.

1889-cu ildən 1897-ci ilə qədərki tarixdə «Kaspi»nin redaktoru olmuş N.A.Sokolinskinin ölümündən sonra qəzetin maliyyə çətinlikləri başlayır. Xalqının maariflənməsində heç vaxt heç nə əsirgəməyən maarifpərvər milyonçu Hacı Zeynalabdin Tağıyev Həsən bəyin təklif və təşəbbüsünü dəstəkləyərək qəzetin və onun mətbəəsinin alınmasına 57 min rubl ayırdı. Məhz bu dövrdən başlayaraq «Kaspi» qəzeti "Müsəlman Kaspisi” adlandı. Ona görə belə deyilirdi ki, qəzetin müsəlman redaktorunun ətrafında dövrün milli düşüncəli ziyalıları toplaşdılar, onun səhifələrinə yeni istiqlal məzmunu gətirdilər.
«Kaspi»nin tarixi inkişaf yoluna diqqətlə yanaşsaq, bu tarixin 38 illik dövrünü belə ümumiləşdirə bilərik:
- 1881-1891-ci illər mərhələsi: ilk azərbaycanlı ziyalıların qələm təcrübələrinin sınanılması və mətbuatda getdikcə tanınması prosesi;
- 1891-1905-ci illər: "Kaspi”nin fəaliyyətində baş verən hadisələrə münasibət bildirən ziyalı təbəqəsinin fəallığı müşahidə olunur. «Müsəlman Kaspi»si müdrikliklə senzuranın basqılarını dəf edə bilir;
- 1905-1914-cü illər mərhələsi: I rus inqilabı və 1905 - erməni-müsəlman münasibətlərindəki gərginlikdə «Kaspi» həm milli vətəndaşlıq mövqeyi, həm də yüksək peşəkarlıq nümayiş etdirir;
- 1914-1918-ci illər: İmperiyanın çöküşü xalqların öz müqəddəratını təyin etmək məqsədilə fəallaşmasına səbəb olur, bütün Rusiya müsəlman türkləri Əlimərdan bəy Topçubaşovun liderliyi ətrafında "Kaspi”yə toplanır;
- 1918-1919-cu illər: bu dövr qəzetin növbəti yüksəliş mərhələsi və sonu kimi dəyərləndirilməlidir. Bu, həm də 1918-ci il mart qırğını, AXC-nin yaradılmasına informasiya dəstəyinin göstərilməsi dövrüdür.
Əlimərdan bəy Topçubaşov "Kaspi”yə baş redaktorluq etdiyi illərdə milli şüurun inkişafı, milli ruh və mübarizədə fəallığı təbliğ edən yazıların dərc olunması üçün min bir əziyyətlə senzuraya yol tapa bilmişdi. 1899-cu ildə 2500 tirajla çıxan qəzet 1906-cı ildə artıq 10 000 tirajla nəşr edilirdi. Ə.Topçubaşovun redaktorluğu illərində qəzetə ictimai maraq daha da artaraq, ətrafına dövrün milli düşüncəli ziyalılarını topladı. Ona görə «Kaspi» milli ziyalıların «düşünən beyin mərkəzi» adlanırdı.
«Kaspi» qəzetinə doqquz ilə qədər redaktorluq etmiş Azərbaycan xalqının görkəmli dövlət xadimi, ilk Bakı Dumasının müsəlman sədri, olmuş Ə.Topçubaşovun Həsən bəy Zərdabinin xatirəsinə həsr etdiyi «Azərbaycanın mayakı» adlı məqaləsində deyilir: «Qəzet Volqa müsəlmanları, xüsusilə onların mərkəzi sayılan Kazan, Ufa, Orenburq, Nijni-Novqorod, Krım ilə də mənəvi əlaqələr saxlayırdı». «Kaspi» hətta başqa müsəlman ölkələrinə də göndərilirdi. Qəzetin aparıcı yazarlarından olan Ə.Ağayevin müsəlman məsələləri barədə felyetonları, ictimaiyyət, torpaq, şəhər problemləri barədə Həsən bəyin məqalələri, F.Köçərlinin ədəbi-bədii oçerkləri böyük maraq yaradırdı. Bu məqalələr müsəlman xalqlarını məişət və dillərini, ədəbiyyatlarını öyrənməyə çağırırdı. Bu cəhətdən «Kaspi» qəzeti qeyd olunan müddət ərzində Azərbaycanın siyasi-iqtisadi, mənəvi həyatının inkişafında dərin iz qoydu». (N.Yaqublu: «Kaspi» qəzetinin yaradılması və tarixi).
Əfsuslar olsun ki, Ə.Topçubaşovun ictimai və mili düşüncə fəallığı senzor idarəsini narahat etdiyindən, hər zaman qəzetin fəaliyyətinə maneə törətməyə çalışırdılar. Hətta Zeynalabdın Tağıyev haqqında qubernatorluğa jandarm idarəsindən 13 yanvarda daxil olan məktubda «o, savadsız olsa da, Zaqafqaziya müsəlmanları arasında böyük nüfuza malikdir, bu qəzetin nəşrini tatarlara həvalə etmək olmaz» deyə xəbərdarlıq edilirdi. Çünki Həsən bəy Zərdabinin tövsiyələri əsasında Əlimərdan bəyin qəzetə gətirdiyi yeni məzmun «Kaspi»nin yeni inkişaf mərhələsini açmışdı. Biz redaktor kimi onun özünün xeyli məqaləsi ilə tanış olmaqla yanaşı, həm də bu məqalələrin köməyi ilə şəhər dumasının fəaliyyəti vasitəsilə fəhlələrin iş şəraitinin yaxşılaşması, sosial tələblər, məktəb, təhsil problemlərinin həll olunması, eləcə də Azərbaycan ədəbiyyatı, dünya və rus ədəbiyyatının təbliği üçün yeni imkanlar yarandığını izləyə bilirik.

Əlimərdan bəy Topçubaşovun redaktorluğu illərində Ə.Ağaoğlu ədəbi-tənqid bölməsində şöbə müdiri kimi çalışaraq, Əlimərdan bəyin ictimai işlərinin çox olduğu dövrlərdə Həsən bəy Zərdabi ilə birgə qeyri-rəsmi redaktorluq işini də həyata keçiriblər.
"Kaspi”də Əhməd bəyin dini-fəlsəfi, ictimai-siyasi, xüsusilə maarif, təhsil və qadın azadlığına həsr olunan 200-dən çox məqaləsi çap olunub.

Eyni zamanda, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov maarifçi publisist kimi geniş oxucu kütləsinin səbirsizliklə gözlədiyi imza müəllifinə çevrilmişdi. Onun "Kaspi”də xeyli məqaləsi işıq üzü gördü.

Ceyhun Hacıbəyli daha irəli gedərək inqilabi-maarifçi ruhlu yazıları ilə diqqəti cəlb edirdi. Dəqiq fakt və dəlillər əsasında hazırlanan məqalələr daha çox təhsilin inkişafını tələb edirdi. Onun məktəb, təhsil problemləri, dini dəyərlərin düzgün çatdırılması, xeyriyyəçilik və onun cəmiyyətə faydaları, Qars qaçqınları, onların problemləri, nəşriyyat məsələlərinə həsr olunmuş yüzlərlə məqaləsi sevə-sevə oxunurdu.

F.Köçərli, S.Qənizadə, N,Vəzirov, Ş.Əfəndizadə, N.Nərimanovun "Kaspi”də dərc olunan yazıları bu gün də aktuallığına, millət sevgisi ilə dolu olduğuna görə tədqiqatçıların diqqətini cəlb edir.

Əfsus ki, Ə.Topçubaşovun "Kaspi”dəki redaktorluq fəaliyyəti 1907-ci ildə dayanır. «Viborq bəyannaməsi»ni imzalayan beş müsəlman deputatdan biri olan Əlimərdan bəy 3 ay həbsə məhkum edilir. O, redaktorluq və digər siyasi hüquqlarından məhrum edilir. 1907-ci ilin yanvarında çıxan sayda «müvəqqəti redaktor H.B.Məlikov» qeyd olunub. Sağlamlığı ilə bağlı böyük çətinliklər yaşamasına baxmayaraq, Həsən bəy Zərdabi 27 fevrala, yəni 47-ci saya qədər qəzetə redaktorluq edib. Qəzetin ilk tədqiqatçısı Səmayə Mövlayevanın «Üç əsrin qəzeti» kitabında qeyd etdiyi kimi, Əlimmərdan bəyin ictimai işlərlə məşğul olduğu zamanlarda «Kaspi»nin 608 sayına məhz Həsən bəy redaktorluq etmişdi. Onun yolunu Əlimərdan bəyin yaxın dostu, dövrün böyük ideoloqu, ictimaiyyətçisi Ə.Hüseynzadə davam etdirmişdi. O, 1907-ci ilin 48-ci sayından 231-ci sayınadək bu böyük məsuliyyəti öz üzərinə götürmüşdü. Qərənfil Dünyaminqızının tədqiqatlarından bəlli olur ki, sonrakı redaktoru Ə.Topçubaşov özü seçib. Onun Həsən bəy Zərdabiyə yazdığı məktubda deyilir: «Kaspi»nin məhv olmaması üçün redaktor tapmışam – Andrey Veyenberq. Təəssüf ki, ondan yaxşısını tapmadım». («Üç əsrin qəzeti», səh.159)

A.Veyenberq 1907-ci ildə 232-ci saydan başlayaraq 1919-cu ilin 1 aprelində çapdan çıxan sonuncu sayadək «Kaspi»yə redaktorluq edir.

«Kaspi» qəzeti həm də 1918-ci il mart qırğınının şahidi idi. Qəzetin mətbəəsi tarixdə terrora məruz qalan ilk mətbəə kimi ermənilər tərəfindən topa tutuldu və dağıdıldı. Sonralar mətbəənin bir hissəsi bərpa olundu və qəzet 1919-cu ilin aprelinədək fəaliyyətini davam etdirdi.
«Kaspi» 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub.

O vaxt «Kaspi» qəzeti bir neçə dəfə yubileyini keçirmişdi. 1891-ci ildə qəzetin 10 illiyi, 1906-cı ildə 25 illiyi qeyd olunmuşdu. Bu bayramda qəzetin hüquqi sahibi Hacı Zeynalabdın Tağıyev də iştirak edirdi. Redaksiyanın yaşlı əməkdaşlarından biri Hacıya xitabən bu sözləri söyləmişdi: ""Kaspi” qəzeti Qafqazın, ələlxüsus Bakı şəhərinin mədəni tərəqqisinə səy edib, çalışmada olmuşdur. Buna görə də bizim üçün bayramdır». Yubileydə qəzetin baş mürəttibi Nəriman Nərimanovun qardaşı Salman Nərimanov, Abdulla Şaiqin qardaşı, turançılıq ideologiyasının əsas simalarından biri Yusif Ziya, publisist Mehdi bəy Hacınski çıxış etmişdilər.

Hacı Zeynalabdın kollektivi təbrik edərək çıxışını belə yekunlaşdırmışdı: «Mən teatr tikdirdim və qəzet aldım. Fikir elədim ki, bu iki şeyin vücudu ilə mən aləmin əksini xalqa göstərə bilərəm. Bunların hər ikisi bizim üçün mühüm məsələdir». Sonda Əlimərdan bəy Topçubaşov çıxış edərək söyləmişdi: "Gün o gün olsun ki, "Kaspi”nin 50 illiyini qeyd edək”.

25 illik yubileyin materialları arxivdə bu gün də saxlanılır.

Tarixdə iz qoymuş «Kaspi» bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz «Kaspi»çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq.
Müasir «Kaspi» qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladı. Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalaşmış, yeni qəzetçilik ənənəsi yaranmışdı.

«Kaspi» media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi. "Kaspi” media etikasına daim sadiq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirdi. Qəzet, sələfinin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın olduğunu sübut etdi.

Biz həmişə dövlət və dövlətçilik ənənələrinin təbliğ olunmasını, qorunmasını fəaliyyətimizin əsası kimi qəbul etdik. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir” – fikrini fəaliyyətimizin əsas qayəsinə çevirməyə çalışdıq. Fəaliyyətini bərpa edəndən qısa müddət sonra qəzet gündəlik 16 səhifə çıxmağa başladı, həftə sonları 24 səhifəylə («Ədəbiyyat» əlavəsi ilə birlikdə) oxucuların görüşünə gəldi. Müxtəlif rubrikaların öz oxucu auditoriyası formalaşdı. «Kaspi» siyasətə qarışmadan siyasi hadisələri düzgün şərh etməyi, oxucuları məlumatlandırmağı, vətəndaşların bu və ya digər məişət və sosial yüklü problemlərinə işıq salmağı bacardı. Milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrin cəmiyyətdəki yeri və rolunun düzgün şərhinə çalışdı. Biz Azərbaycançılıq ideologiyasını, milli maraqları qəzetin fəaliyyət amalına, Vətən, Torpaq, Bayraq, Dövlət və Dövlətçilik düşüncəsini «Kaspi»nin ənənələrə sadiqliyinin ölçü və ifadəsinə çevirməyə çalışdıq.

Onu da qeyd edək ki, fəaliyyətini bərpa edəndən sonra "Kaspi”nin xətti ilə müxtəlif kitablar nəşr olundu. Qəzetin nəşrlər seriyası da oxucular tərəfindən maraqla qarşılandı.

2010-cu ildə qəzetimiz Azərbaycan və ingilis dillərində milli mətbuatımızın 135 illiyinə həsr olunmuş «135 illik yol» kitablarını, onun ardınca isə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə «İlham Əliyev: «Mən jurnalistləri vətənpərvərliyə çağırıram» kimi nəfis tərtibatlı kitabı nəşr etdirdi.

Elə bu yüksək mənəvi dəyərlərin davamı olaraq «Kaspi» qəzeti 2010-cu ilin avqust ayından 2011-ci ilin fevral ayınadək Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş, vətənpərvərlik mövzusunda bədii və publisistik əsərlərin müsabiqəsini elan etdi. Əsas məqsəd vətənpərvərlik mövzusunu yaradıcı ictimaiyyətin diqqətində saxlayaraq, ən yaxşı poeziya nümunələrinin, hekayə və publisist yazıların müsabiqədə toplanmasını təmin etmək idi. Müsabiqə uğurla başa çatdı və təqdim olunan maraqlı nümunələrdən ibarət «Mübariz yol» adlı nəfis tərtibatlı kitab «Kaspi» qəzetinin oxucularına təqdim edildi.
2011-ci ildə «Kaspi» qəzetinin yenidən araşdırılması üçün media mütəxəssisləri və tədqiqatçıların iştirakı ilə 9 aylıq müsabiqə elan olundu. Müsabiqəyə təqdim olunan məqalələr bizi inandırdı ki, millət sevgisi ilə fəaliyyətə başlayan, müstəqillik uğrunda canlarını fəda edənlərin fədakarlığı heç zaman unudulmur. Bu müsabiqənin yekunu olaraq «Üç əsrin qəzeti» kitabı işıq üzü gördü. Bu kitab nəinki «Kaspi» qəzetinin tarixini öyrənmək baxımından əhəmiyyətlidir, eyni zamanda, jurnalistika fakültəsinin tələbələri üçün dərslik kimi də istifadə edilə bilər.
«Kaspi» ədəbiyyat və mədəniyyətlə bağlı məqalələrin, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələrinin dərcinə də daim diqqət yetirir. Qəzetin fəaliyyət konsepsiyasına uyğun olaraq azərbaycançılıq məfkurəsinin təbliği və milli qürur nümunəsi kimi istinad etdiyimiz ədiblərin irsinin araşdırılmasına da çalışırıq. Bu kontekstdə Azərbaycanın böyük şairi Məmməd Arazın yaradıcılığının yenidən araşdırılmasına həsr olunmuş müsbiqəni qeyd etmək istərdim. 2013-cü ildə bu müsabiqənin yekunları əsasında «Kaspi» nəşrləri seriyasından «Haqqın var yaşamağa» adlı növbəti kitab çap olundu. Bu işin davamı kimi, «Kaspi» qəzeti bu istiqamətdəki fəaliyyətini daha geniş miqyasda həyata keçirməyə qərar verdi. Nəticədə, türkçülük ideologiyası uğrunda şəhid olmuş Hüseyn Cavidin irsi "H.Cavid əsərləri” adlı kitab şəklində Türkiyədə çap olunaraq türk oxucusuna çatdırıldı, «Cavid və Türkiyə» mövzusunda genişmiqyaslı elmi konfranslar keçirildi. Kitabın nəşr olunduğu ildən başlayaraq "Kaspi”nin təşəbbüsü ilə hər ilin mart ayında Türkiyənin İstanbul, Ankara və digər şəhərlərinin müxtəlif universitetlərində Cavid yaradıcılığına həsr olunmuş elmi konfranslar təşkil edildi.

Eyni zamanda, «Kaspi» qəzetinin və Kaspi Təhsil Şirkətinin birgə layihəsi əsasında Hüseyn Cavidin əsərlərinin İran İslam Respublikasında həm Azərbaycan dilində nəşri, həm də fars dilinə tərcümə olunaraq farsdilli oxuculara çatdırılması üçün İranın görkəmli şair və tərcüməçisi Əliyar Həmdiyə müraciət olundu. Bu layihə əsasında «Topal Teymur», «Şeyx Sənan», «Peyğəmbər», «Maral» əsərləri hər iki dildə İran oxucularına çatdırıldı.

Cavid irsinin yenidən araşdırılması üçün 2014-cü ildə elan etdiyimiz növbəti müsabiqədə məqsədimiz bu günədək filosof şairmiz haqqında heç yerdə çap olunmayan yeni araşdırmaları toplamaq, Cavidşünaslıqdakı yeni baxışları dəyərləndirmək idi. Bu müsabiqənin nəticəsi olaraq «Cavid: Vətənə qayıdış» adlı foto albom, elmi-publisistik materiallardan ibarət «Cavid: Vətənə qayıdış» adlı kitab işıq üzü gördü.

2015-ci ildə qəzetimizin ildə bir dəfə veriləcək «Kaspi» mükafatını təsis etdik. Mükafat Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan şəxslərə təqdim olunmaq üçün nəzərdə tutulub. İlk mükafat Cavidin nəşinin Sibirdən gətirilməsi üçün yaradılmış komissiyanın rəhbəri və qoruyub saxladığı materialları sevə-sevə «Cavid: Vətənə qayıdış» albomuna təqdim edən Həmid Cəfərova verildi. Hələlik sonuncu layihəmiz isə millətimizin istiqlalı üçün canlarından keçərək əbədiyaşarlıq qazanan, "Kaspi” qəzeti ilə əməkdaşlıq edən Azərbaycan maarifçilərinə həsr olunub. Kitabda yer alan materiallar «Kaspi»nin xüsusi buraxılışlarında zaman-zaman dərc olunmuş ən oxunaqlu materiallardır. Yaxın vaxtlarda kitab oxuculara təqdim olunacaq.
Ötən il daha bir ciddi uğura imza atdıq. Belə ki, Almaniyanın Jack Levinson nəşriyyatının bir qolu olan "Brill onlayn” mətbəəsinin toplayıb saxladığı "Kaspi” qəzetinin 38 illik nəşrinin elektron variantını aldıq. Bu gün bu materiallar istifadə üçün texniki standartlara uyğunlaşdırılıb və saytımızda yerləşdirilib.

Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. Qəzetimiz həftənin cümə axşamı "Teatr”, cümə "Gənclik qəzeti”, şənbə günləri isə "Ədəbiyyat” əlavəsi ilə nəşr olunur.

Onu da qeyd edim ki, milli mətbuatımız hər an dövlətin diqqət və qayğısından yararlanaraq günü-gündən inkişaf etməkdədir. 2005-ci ilin iyulunda milli mətbuatın 130 illiyinə həsr olunmuş yubiley mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı haqqında fikrini belə ifadə etdi:"Bu gün Azərbaycanda, sözün əsil mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsil mənasında müstəqil olmalıdır”.

2000-ci il iyun ayının 22-də milli mətbuatımızın 125 illiyi münasibətilə keçirilən görüşdə ulu öndər Heydər Əliyev mətbuatın keçdiyi çətin, şərəfli yola nəzər salaraq "Kaspi” haqqında demişdi: "Əkinçi” qısa bir zamandan sonra bağlandı. Ondan sonra rus dilində nəşr olunan bəzi qəzetlərə əlavə olaraq vərəqələr çıxdı. ...Zeynalabdın Tağıyevin maliyyəsi ilə «Kaspi» qəzeti buraxılıb, amma o, rus dilində idi. Bunlar bizim tariximizdir. Zərdabinin qoyduğu təməl yaşadı və inkişaf etdi”.
"Kaspi” qəzeti haqqında Ulu öndərin söylədiyi bu fikir mətbuata verilən böyük dəyərdir. Bu fikir həm də hər bir mətbuat orqanının məsuliyyətli və vicdanlı fəaliyyətinə çağırış kimi qəbil olunmalıdır. Millət, xalq sevgisi, dövlət və dövlətçilik ənənələrinə vətəndaş münasibəti mətbuatın enerji mənbəyinə çevrilməlidir. Ölkə rəhbəri İlham Əliyevin "Mən jurnalistləri vətənpərvərliyə çağırıram” fikri fəaliyyətimizin əsas məzmununu təşkil etməlidir.
Üç əsrin qəzeti olaraq müasir «Kaspi» klassik ənənələrin bünövrəsi üzərində ucalaraq, çağdaş mətbuatın mütərəqqi prinsiplərini tətbiq edərək, müasir medianın sevilən, oxunan nümunəsini yaratdı. Biz «Kaspi”çilər tarixi, milli bir qəzetin ardıcılları, xələfləri olaraq fəaliyyət məsuliyyətimizi dərindən dərk edirik. Biz siyasi ambisiya və iddialardan uzaq olan millət, xalq, vətən sevgisinə tapınaraq yola çıxdıq.
Bütün dərdlərimizə, yaralarımıza məlhəm olacaq qələbə müjdəsini bir gün «Kaspi»dən eşidəcəyiniz ümidlərilə, torpağımıza bütövlük, dövlətimizə əbədiyaşarlıq, bayrağımıza daim göylərdə dalğalanmaq arzusu ilə yeni-yeni yüzilliklərə doğru yolumuzu davam etdirməkdəyik.
Sona Vəliyeva
"Kaspi” qəzetinin təsisçisi

banner

Oxşar Xəbərlər