• cümə axşamı, 18 aprel, 23:19
  • Baku Bakı 21°C

Üç dövlət üçün səmərəli təşəbbüs

10.12.16 11:15 1203
Üç dövlət üçün səmərəli təşəbbüs
Rusiyanın paytaxtı Moskvada "Parlamentskaya qazeta”da Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan "Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı sərfəli əməkdaşlıq” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada iştirak edən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılmasının gündəmdə olduğunu söyləyib. O, Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək deyib ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması məsələsi müzakirə olunub. D.Savelyev bildirib ki, Türkiyə və Azərbaycan tərəfi də buna razılıq verib. Onun sözlərinə görə, qrupun ilk iclasının Bakıda keçirilməsi planlaşdırılıb.
"Mehribanlaşma, yaxınlaşma hər üç dövlət üçün faydalı ola bilər”
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Qənizadə mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, belə dostluq qruplarının yaradılması hər zaman müsbət nəticəsini verib. Onun fikrincə, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin belə bir fikir səsləndirməsi, eyni zamanda Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması da, gələcəkdə hər üç ölkə arasında münasibətlərə müsbət təsir göstərəcək, bu regionda hər üç dövlətin əlaqələrini daha da inkişaf etdirəcək: "Ayrı-ayrı deputatların öz fikirlərini məhz bu dostluq qrupunda səsləndirməsi, müzakirələrin aparılması, səsləndirilən fikirlərə qarşı cavabların verilməsi, yaxşı ideyaların həyata keçirilməsi istiqamətində işçi qrupların yaradılması və sair kimi hadisələri müşahidə edə bilərik. Təbii ki, bütün bunlar müsbət hadisələr kimi yadda qalacaq. Dövlətlər arasında belə sıx münasibətlərin formalaşması növbəti mərhələdə iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, siyasi müstəvidə hansısa addımların atılması, eləcə də bu ölkələrin ərazisindəki müəyyən problemlərin həll olunması ilə müşayiət oluna bilər. Bu baxımdan üçtərəfli parlamentlərarası dostluq qrupunun yaradılması hər üç dövlət üçün səmərəli ola bilər. Bu yaxınlarda İran-Rusiya-Azərbaycan münasibətlərinin tənzimlənməsi və bu çərçivədə Bakıda keçirilən üçtərəfli görüş bu dövlətlər, o cümlədən sadə vətəndaşlar arasında böyük sevinc hissi ilə qarşılandı. Bundan irəli gələrək, bir sıra addımlar atılmaqdadır ki, bu da hər üç dövlət arasında qarşılıqlı münasibətlərin inkişafına ancaq töhfə verəcək. Ona görə də Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılmasına da bu kontekstdən yanaşır, müsbət qarşılayıram. Mehribanlaşma, yaxınlaşma hər üç dövlət üçün faydalı ola bilər”.
"Bu münasibətlərdə Azərbaycanın da yer alması strateji maraqlarımıza uyğundur”
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da qəzetimizə açıqlamsında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri D.Savelyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb. Deyib ki, hazırda Türkiyə-Rusiya-Azərbaycan arasında üçtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün intensiv proseslər gedir: "Türkiyə-Rusiya münasibətlərinin bərpası və inkişafında hər iki dövlət başçısının maraqları, səyləri ortadadır. Azərbaycan isə həm Rusiya, həm də strateji tərəfdaşımız Türkiyə ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurub. Hər iki dövlətlə ölkəmiz arasında hər hansı problem yoxdur. Belə olan halda, Rusiya-Türkiyə münasibətlərinin inkişafı avtomatik olaraq Azərbaycanın da bu proseslərin içərisində yer alması ilə nəticələnir. Beləliklə, Moskva-Ankara-Bakı üçlüyünün yaranması günün tələbinə çevrilir. Ona görə də rusiyalı deputatın səsləndirdiyi fikirləri təsadüfi saymır, belə bir əməkdaşlığın, parlamentlərarası əlaqələr qrupunun yaradılmasını zərurət kimi qəbul edirəm. Çünki, dünyada baş verən proseslər də bunu diktə edir. Rusiya-Türkiyə arasında münasibətlərin qurulması və bu münasibətlərdə Azərbaycanın da yer alması strateji maraqlarımıza uyğundur. Fikrimcə, bu münasibətlər gələcəkdə Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə də ciddi təsirlər göstərə bilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər