Üç aya “peşəkarlıq” vədi verən ixtisas kursları - Araşdırma
Və ya bu
cür kursların bir neçə aya verdiyi təhsil nə dərəcədə zəmanətlidir?
"Son üç
yerimiz qaldı. 3 aylıq təhsil paketimizdən yaraqlanmaqla siz də qrafik dizayner
olun və günün ən çox tələb olunan mütəxəssislərindən birinə çevrilin”. Bugünlərdə
tədris kurslarının birinin sosial şəbəkə hesabında belə bir elanla rastlaşdım.
Diqqətimi çəkmədiyini desəm, yalan olar. Çünki həqiqətən də günümüzdə ən çox
tələb olunan peşələrdən biri də qrafik dizayner, veb-dizayner və marketinq
mütəxəssisləridir. Əmək haqqı da digər işlərlə müqayisədə kifayət qədər
yüksəkdir. Belə olan halda çox adam əsasən bu üç istiqamət üzrə kurslara gedib
qısa müddətdə özünə iş tapmaq istəyir. Maraqlıdır, bu kurslarda verilən təhsil
nə dərəcədə qaneedici olur? Ümumiyyətlə, cəmi üç aylıq kursa getməklə İT üzrə
mütəxəssis olmaq mümkündür?
Mövzunu
araşdırarkən bir neçə kursla əlaqə saxlayıb dərslər barəsində maraqlandıq.
Bəlli oldu ki, qiymətlər heç də ucuz deyil. Ən ucuz qrafik dizayn kursunun
qiyməti 150-200 manatdır.
Bu rəqəm 500-600
manata qədər arta bilir. Əksərən dərslər həftədə iki dəfə olmaqla iki saat
müddətdə keçirilir. Amma intensiv, yəni həftənin hər günü tədris planı olan
kurslar da var. Sonda imtahan verməklə kursdan sertifikat ala bilərsiniz. Bu
müddət ərzində isə sizin portfolionuz hazır olacaq.
Kurslar mütəxəssis yetişdirmir
Marketinq Peşəkarları Dərnəyinin idarə heyətinin
sədri Namiq Bayramov deyir ki, bu kurslar tələbələrə
ümumi biliklərin qazanılmasında yardım edir. Təcrübə qazanmaq istəyənlər üçün də bir növ şans rolunu oynayır:
"Əgər beş-on il təcrübəsi olan biri özünə peşəkar deməyə çəkinirsə, 3-5 aya
hansısa kursun verdiyi təhsillə peşəkar marketoloq, qrafik dizayner, proqramçı
olmaq mümkün deyil. Bütün sahələrdə olduğu kimi, adı çəkilən sahələrdə də işin
nəzəri və praktik tərəfləri var. Bu iki tərəfi dərindən mənimsəmədikdə
mütəxəssis olmaq mümkün deyil. Düzdür, marketinq üzrə universitet bitirən hər
kəs də bu sahələr üzrə peşəkar olmur. Bu tip tədris kursları işin ümumi məğzini
izah edir. Məsələn, kimsə marketinq departamentində çalışırsa, iş prosesində
marketinqin praktik tərəfini mənimsəyə bilər. Amma nəzəri bazanı öyrənmək də
bir o qədər vacibdir. Bəziləri dörd il universitet təhsili almaqdansa, müəyyən
müddətə kurslara gedərək öz biliklərini artıra bilir. Yaxud da əksinə, təhsil
alsa da, təcrübə keçməyən məzunlar var. Bu kurslar tələbələrə təcrübə qazanmaq
imkanı verir. Amma diqqət etmək lazımdır ki, kurslarda sözügedən sahələrin hər
iki məğzi izah edilsin. Yenə də deyim ki, heç bir kurs sizi sıfırdan dizayner,
yaxud marketoloq edə bilməz. Hər peşənin özünəməxsus xüsusiyyətləri var.
Məsələn, dizayn elə bir sahədir ki, insanın dizayn baxışı olmalıdır.
Marketoloqdan isə strateji düşünmək bacarığı tələb olunur. Əgər bu
xüsusiyyətlər sizdə varsa, həmin kurslar sizin bilik və bacarıqlarınıza təkan
verə bilər. Yəni kurslar mütəxəssis
yetişdirmir, sadəcə müəyyən dəstək verir”.
Müsahibim
deyir ki, reklamda şişirtmə yolverilən haldır və buna tez-tez rast gəlirik:
"Amma "3 aya qrafik dizayner ol” yalan reklamdır və yanlışdır. "Reklam haqqında”
qanuna görə də bu, yolverilməz haldır. Belə reklamlara görə cərimələr nəzərdə
tutulur. Bunun əvəzinə "3 aya öz peşəkarlığını artır” və yaxud bənzər
cümlələrdən istifadə edə bilərlər”.
Kursla mütəxəssis olmağa çalışanların çətinlikləri
İT üzrə mütəxəssis Rəşad Əliyev bildirir
ki, 3-5 ay ərzində kurslar İT-də
bəlli bir sahəni müəyyən xətt üzrə tədris edir: "Məsələn, proqramlaşdırma ilə
bağlı kurslar tələbəyə bu müddətdə "Java” proqramlaşdırma dilini öyrədir. İT
elə bir sahədir ki, 4-5 ildən bir proqramlaşdırma dili yenilənir.
Alqoritmləşdirmə isə onun ümumi riyaziyyatını izah edir. Yəni riyaziyyat bu
sahənin əsasıdır. Üstəgəl İT sahəsində mütəxəssis olmaq üçün məntiqi təfəkkür
və düşünmə bacarığı tələb olunur. Riyaziyyatı və məntiqi yaxşı bilməyən şəxs
heç vaxt peşəkar proqramçı ola bilməz. Bu kurslardan məzun olan tələbələr yeni
proqramlaşdırma dilindən istifadə etməkdə çətinlik çəkirlər. Amma İT üzrə
universitet təhsili alan şəxs bu işin alqoritimlərini öyrənir. Hansısa yeni
proqramlaşdırma dili istifadəyə verildikdə bu məzunların təməl biliklərə
ehtiyacı olmur. İşləmə prinsipinə uyğun olaraq tez bir zamanda çətinlik
çəkmədən bunu mənimsəyə bilirlər. Yəni kurslar öz tələbələrinə bir şeyi xətti
olaraq öyrədir”.
Təkmilləşmiş bilik üçün 3 ay kifayət etmir
Marketoloq Seymur Quliyev də sosial
şəbəkədə belə kurs reklamları ilə
tez-tez rastlaşdığını gəldiyini söylədi: "Azərbaycanda marketinq,
dizayn, İT sahəsini öyrədən bir sıra kurslar var. Amma məntiqlə götürdükdə
hansısa sahəni bu qədər qısa müddətdə dərindən öyrənmək, əlbəttə, mümkün deyil.
Çünki normalda insanlar 4 il marketinq üzrə bakalavr təhsili alırlar. Daha
sonra isə bu sahənin magistr və doktorantura təhsili gəlir. Marketinq elə bir
sahədir ki, durmadan yenilənir və bu müddətdə öyrəndiyimiz hər şey köhnəlir.
Ona görə də düşünürəm ki, 3 ay müddətində kursa getməklə marketinq mütəxəssisi
olmaq çətin məsələdir. Bu kurslarda tələbələr sadəcə, baza məlumatlarını ala
bilərlər. Müəyyən köməkçi vasitələr və alətlər kurslarda tədris olunur. Amma bu
biliklərin təkmilləşdirilmiş formada öyrənilməsi üçün 3 ay müddət kifayət
etmir. Bu özünü aldatmaqdan başqa
bir şey deyil. 6 ay müddətinə, həftədə iki dəfə dərs keçməklə heç kim hansısa
sahəni peşəkar öyrənə bilməz. Bu gün ixtisas kurslarına üz tutan çox sayda
insan var. Onların məqsədləri də aydındır. Müəyyən baza yığdıqdan sonra
beynəlxalq sertifikatlar almaqla öz CV-lərini zənginləşdirmək istəyirlər. Bir
çoxları həqiqətən də yeni nələrsə öyrənmək üçün kurslara gedirlər. İnsanların
kurslarda iştirak etmək məqsədləri fərqli ola bilər. Məsələn, marketinq üzrə
təhsil alan bir şəxs marketinq kursuna gedə bilər. Bu kurslarda o, öz
məlumatlılıq səviyyəsini daha da artıra bilər. Azərbaycanda marketinq üzrə
ixtisaslaşan kurslar çoxdur. Amma bunların içərisində keyfiyyətli tədris
kurslarının sayı azdır. Məsləhətdir ki, kursa gedərkən müəyyən araşdırma
edilsin və peşəkar səviyyədə tədris edilənlərə üz tutsunlar. Çünki bu kurslarda
təcrübə qazanmaq mümkündür”.
Dizaynerin "diz”-i
"Adobe Photoshop” üzrə ekspert
adına yiyələnən ilk azərbaycanlı, "Code Academy”nin həm art-direktoru, həm
də qrafik, veb dizayn üzrə təlimçisi Rizvan Bağırlı bildirdi ki, 3 aya maksimum
dizaynerin "diz”-i olmaq olar. Bu müddətdə siz yalnız primitiv texniki
bilikləri və dizaynla bağlı bəzi nüansları öyrənə bilərsiniz. Nəzərə alın ki,
bu kursların sayı həddən çoxdur və dərs deyən müəllimlərin də heç də hamısı
peşəkar deyil. Bu da sizin dizaynı nə dərəcədə öyrəncəyinizi bir az sual
altında qoyur. Adətən belə kurslar intensiv qrafiklə yox, həftədə 2-3 dəfə
olmaqla dərs keçirlər. Bu rejimlə dizayner olmaq mümkün deyil. Bizdə kursun
müddəti minimum 5-6 ay davam edir. O da intensiv rejimdə, yəni həftədə beş gün
olmaqla hər gün dörd saat tədris edilir. Müəllimlərimizin də hər biri illərlə
təcrübəsi olan mütəxəssislərdir”.
Qeyd
etdiyim ki, bu kursların qiyməti heç də ucuz deyil. Amma kifayət qədər
maraqlanan və üz tutan şəxslər var ki, bunların da böyük bir qismini gənclər
təşkil edir. Bəs bu kursların məzunları əmək bazarında özünə yer tapa bilirmi?
Namiq Bayramov deyir ki,
bu cür kursları araşdırmaq, işinə peşəkar yanaşanlara müraciət etmək lazımdır:
"Bəzi kursların partnyor şirkətləri var ki, kursu bitirən istedadlı məzunlarını
bu şirkətlərə yönəldirlər. Amma bu, bütün kurslara aid deyil. Elə kurs var ki,
texniki bilikləri öyrədir, sonra məzunları ilə maraqlanmır. Ona görə də bir
qədər sanballı kurslara müraciət etmək lazımdır ki, sonda işlə təmin oluna
bilsinlər. Çünki onlar öz məzunlarını əməkdaşlıq etdikləri şirkətlərə tövsiyə
edərək müsbət referans verirlər. Bu mənada kifayət qədər peşəkar və işinə
məsuliyyətlə yanaşan kurslarımız var. Amma insanları aldadan kurslar da az
deyil. Nəzərə almaq lazımdır ki, öz CV-nə əlavə etdiyin sertifikatlara da
işəgötürənlər tərəfindən baxılır. Yəni işəgötürən fikirləşir ki, bu kursun verdiyi
sertifikat nə dərəcədə önəmlidir? Yox əgər bu pul qazanmaq xatirinə çap edilən
rəngli kağızdan başqa bir şey deyilsə, işəgötürənlər bu sertifikata
baxmayacaqlar. Əksər kurslarda tədrisi bitirən hər kəsə iştirak etdiyinə görə
sertifikat verilir. Amma mənimsədiyi bilikləri tətbiq edə bilmirsə, həmin şəxsə
sertifikat vermək olmaz. Təəssüf ki, kurslar bu məqama diqqət etmir”.
Şirkətlər yeni kadr axtarmaq məcburiyyətində qalır
Rəşad Əliyev bildirir
ki, xüsusi xətt üzrə təhsil alan gənc məzunlar sonradan iş tapmaqda çətinlik
çəkmir: "Məsələn, hüquq sahəsində təhsil alan biri kursda hansısa
proqramlaşdırma dilini öyrənirsə, o, bu sahə üzrə özünə iş tapa bilər. Amma İT
elə sahədir ki, zaman keçdikcə tələblər dəyişir. Qeyd etdiyim ki, "Java”
proqramlaşdırma dilini bilən məzun İT-nin digər tərəflərini öyrənmədiyinə görə
digər dilləri bilmir. Amma indi şirkətlərin tələbləri də tez-tez dəyişir. Belə
olan təqdirdə şirkətlər yeni kadr axtarmaq məcburiyyətində qalır”.
Seymur Quliyev hesab
edir ki, bu kurslarda iştirak edib əmək bazarında özünə yer tutan şəxslər
çoxdur: "Onların arasında tanıdıqlarım da var. Bir çoxları müəyyən baza
biliklərini daim təkmilləşdirməyə çalışırlar. Marketinq təlimlərinə qatılmaqla
onlar öz bilik və bacarıqlarını daha da artırırlar. Əlbəttə, bu, müsbət haldır.
Amma hansısa bədən tərbiyə müəllimi 6 ay kursa getməklə marketinq və
kodlaşdırma öyrənə bilməz. Öyrənsə belə, mütəxəssis ola bilməz. Marketinq
biznes ixtisasıdır və iqtisadiyyat sahəsi ilə bağlıdır. Marketinqi öyrənib bu
sahə üzrə işləmək üçün iqtisadiyyata girişdən başlamaq lazımdır. Kurslar isə
iqtisadiyyat deyil, marketinq alətlərini tədris edir. Bu da iştirakçıların
axsaq şəkildə tədris almasına gətirib çıxarır. İqtisadiyyat elmi haqqında
məlumatı olmayan, statistik analizi bilməyən biri marketinq tədqiqatlarını
həyata keçirməkdə çətinlik çəkəcək və iqtisadi təsirləri ölçə bilməyəcək”.
Şəbnəm Mehdizadə