• şənbə, 20 Aprel, 13:36
  • Baku Bakı 23°C

“Böyüklərimiz daima bizim yolumuza çıraq olmağa çalışırlar”

04.05.15 07:02 1540
“Böyüklərimiz daima bizim yolumuza çıraq olmağa çalışırlar”
27 aprel 2015-ci il tarixində Mingəçevir Dövlət Dram Teatrı Süleyman Sani Axundovun eyniadlı əsərinin motivləri əsasında xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi “Eşq və intiqam” adlı tamaşa ilə Akademik Milli Dram Teatrının səhnəsinə qonaq oldular. Biz də bunu fürsət bilib, qonaq teatrın gənc üzvü, sözügedən tamaşada Çingiz obrazını ifa edən aktyor Hüseyn Mustafayev ilə söhbətləşmək qərarına gəldik. Beləliklə müsahibəni oxucularımıza təqdim edirik:
-Özünüzü oxucularımıza təqdim edin:
-Mən Mustafayev Hüseyn Əbülfət oğlu 1991-ci il iyul ayının 26-da Mingəçevir şəhərində anadan olmuşam. 2009-cu ildə orta məktəbi bitirərək Turizm kollecinə qəbul olmuşam. Hərbi xidmətimi başa vurduqdan sonra kollecdə təhsilimi davam etdirmişəm. Kollecin qatıldığı tədbirlərdə aparıcı olaraq çıxış etdiyim vaxtlarda Bakıda keçirilən Uşaq və gənclər yaradıcılıq festivalına dəvət aldım. Bu festivalda uğurla çıxış etdim və Mingəçevirə qayıtdıqdan sonra Mingəçevir Dövlət Dram Teatrına dəvət aldım. 2012-ci ildən teatrın aktyor heyətində çalışıram.
-Niyə məhz teatr? Səni teatra cəlb edən nə oldu?
-Mən teatra heç vaxt qazanc mənbəyi kimi baxmamışam. Bu heç mümkün də deyil (gülür). Teatr mənim üçün hər şeydən öncə özünüifadə, özünü təsdiq vasitəsidir. Mən teatrın köməyi ilə öz duyğularımı ətrafdakı insanlarla bölüşürəm. Seyircinin məni izləməsi, mənimlə birgə eyni həyacanı keçirməsi mənim üçün təkrarolunmaz bir duyğudur. Teatr həm də məni gəncliyin səhvlərindən qoruyan mənəvi-əxlaqi bir tərbiyə ocağıdır. Mən bu sənəti seçməklə həm özümü kamilləşdirmək, həm də mədəni gəncliyimizin inkişafında pay sahibi olmaq istyirəm.
-Gənc insan kimi “teatr və gənclik” sənin üçün nə deməkdir?
-Mənim zənnimcə teatr hər şeydən öncə gəncliyin nəbzini tutmalı, gəncliyə müraciət etməlidir. Mən bir gənc olaraq ilk növbədə mənə müraciət etməyən, mənim hiss və həyacanlarıma, arzu və istəklərimə cavab verməyən teatrı qəbul etmirəm. Lakin gəncliyin də teatr qarşısında məsuliyyət daşıdığını anlayır və öz məsuliyyətimi dərk edirəm. Mən anlayıram ki, enerjili, qüvvəli bir gənc olaraq bizim üzərimizə çox vacib öhdəlik düşür. Gəncliyin istək və tələblərinə cavab verəcək bir teatra və mədəniyyətə sahib olmaq üçün ilk növbədə biz gənclər nə istədiyimizi müəyyənləşdirməliyik. Çox təəssüf ki, müasir gəncliyin zövqü heç də ürəkaçan deyil. Bu musiqi, film, tamaşa və s. seçimlərində özünü büruzə verir. Mən istəməzdim ki, bizim gənclər yalnız futbolla maraqlansınlar, yalnız rep dinləsinər. Əlbəttə teatrı, klassik musiqini, muğamlarımzı sevən gənclər də az deyil, biri elə mən özüm (gülür). Lakin nə qədər çox olsa, bir o qədər mədəniyyətimiz inkişaf edər, çiçəklənər.
-Gənclərin istək və tələblərindən söz saldın. Bəs, gəncliyin tələbatı ilə razılaşmayan, gəncliyi daim ənənəni pozmaqda günahlandıran yaşlı nəsil ilə, gənc nəsil arasında gedən soyuq müharibəni necə dəyərləndirirsən?
-Mən belə düşünürəm ki, rəqabət daima olmalıdır. Rəqabət varsa, demək inkişaf da var. Yaşlı nəslin biz gənclərə qarşı münasibətini mən anlayıram. Kim bilir, bəlkə biz də özümüzdən sonra gələn nəslə eyni tərzdə yanaşacağıq. Bəlkə biz də bizdən sonrakı gəncliyi bəyənməyəcəyik (gülür). Lakin “böyüklərimiz tamamilə bizə düşmən kəsiliblər” demək olmaz. Böyüklərimiz daima bizə yol göstərir, öz təcrübələrini bizimlə bölüşür, bizim yolumuza çıraq olmağa çalışırlar. Bir gənc olaraq biz dinləməyi, nümunə götürməyi bacarmalıyıq. Çünki mən inanıram ki, yaşlı nəslin gəncliyə olan münasibəti mənfi də olsa, müsbət də olsa, bizə düzgün yol seçməkdə, düzgün qərar verməkdə kömək etmək məqsədi daşıyır.
-Mingəçevir teatrında yaradıcı atmosfer necədir?
-Mingəçevir Dövlət Dram Teatrında çox gözəl yaradıcı atmosfer hökm sürür. Teatrımızda gənclərin yaradıcı baxımdan inkişafına hərtərəfli dəstək verilir. Direktor hər bir problemimizi yerindəcə çözmək üçün əlindən gələni əsirgəmir. Rejissorlarımız bizim kimi gənclərə məsuliyyətli rollar tapşırmaqdan çəkinmirlər, bizə inanırlar. Biz də Mingəçevir Dövlət Dram Teatrının bizə olan inamını boşa çıxarmamaq üçün var qüvvəmizlə çalışırıq.
-Aktyor olaraq özünü daha çox hansı ampluada görürsən?
-Aktyor hər bir janrda çıxış etməyi bacarmalıdır, istər komediya, istər lirik-psixoloji, istərsə faciə, fərq etməz. Mən özümü konkret bir ampluaya şamil etmirəm. Məsələn mən xalq artisti Vaqif Əsədovun quruluşunda Üzeyir bəy Hacıbəyovun “Ər və arvad” komediyasında Mərcan bəy rolunu ifa etmişəm. Rejissorlarımız mənə hansı rolu həvalə edirlərsə mən o rolun uğurlu alınması üçün bütün qüvvəmi sərf edirəm. Lakin etiraf edim ki, daha çox psixoloji-faciəvi obrazlara meylliyəm.
-Bir neçə saatdan sonra (müsahibə tamaşadan əvvəl alınıb) Akademik Milli dram Teatrının səhnəsində “Eşq və intiqam” tamaşasında Çingiz obrazı ilə çıxış edəcəksən. Respublikanın bir nömrəli teatrının səhnəsində çıxış etmək necə bir duyğudur?
- Çox həyəcanlıyam. Bir neçə saatdan sonra Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçı önünə çıxacağımı düşünəndə həyəcandan özümə yer tapa bilmirəm. Bu mənim üçün növbəti dəfə çox ağır, çox məsuliyyətli imtahanlardan biridir. Mən əlimdən gələni edəcəyəm ki, öz oyunum ilə gözəl Bakımızın seyrçilərini də ovsunlayım, onlara özümü və ümumiyyətlə teatrımızı sevdirim. Çünki bizim kollektivin hər bir üzvünün başlıca məqsədi Mingəçevir Dövlət Dram Teatrının uğuru, teatrın yaradıcı inkişafı yolunda çalışmaqdır. Və mən inanıram ki, biz bu sınaqdan da alnıaçıq çıxacağıq.
-Az öncə məşq prosesini izlədik. Tamaşada ifa edəcəyin Çingiz obrazını necə dərk etmisən. Sonda özünü öldürən Çingiz kimdir - bacısına başqa gözlə baxmaqdan utanan qardaş, yoxsa sevdiyinə qovuşa bilməyəcəyini anlayan aşiq?
-Mənə həvalə olunan bu rol psixoloji cəhətdən çox ağır, məsuliyyətli bir obrazdır. Çingiz Həcər xanımla (əməkdar artist Ella Yaqubova) Nadir bəyin sevgisinin məhsulu olsa da təhlükəsizliyi üçün anası tərəfindən tərk edilir. O, Əlimərdan bəylə (Şıxı Qurbanov) Yasəmən xanımın (Afət Əliyeva) yanına övladlığa verilir və bu ailənin doğma övladı kimi böyüyüb boya-başa çatır. Tale onun qabağına bioloji anası Həcər xanım (əməkdar artist Ella Yaqubova) və Şahbaz bəydən (Aydın Quliyev) olma bacısı Zöhrə xanımı (Fəridə Məmmədova) çıxarır və Çingizlə Zöhrə bir-birilərini bacı qardaş olduğunu bilmədən dəlicəsinə sevirlər. Tamaşanın sonunda Çingiz Piri babanın (əməkdar artist Akif Mirabov) dilindən sevgilisinin əslində bacısı olduğunu öyrənir və özünü öldürür. Tamaşanın əvvəlində Çingiz bəy iyirmi ildən artıq davam edən qan davasının içində yer alsa da, Zöhrə xanıma olan sevgisi ona həmişə ayaqda qalmağa kömək edir. Lakin Zöhrə xanımın onun bacısı olduğunu biləndə artıq Çingizin necə bir daxili sarsıntı keçirdiyini anlamaq yəqin ki, çətin deyil. Mən öz ifa tərzimlə daxili sarsıntını, əzab-əziyyəti tamaşaçılara çatdırmaq istəmişəm. Sonda intihar edən Çingiz mənə görə sevgisinə qovuşa bilməyəcəyini anlayan, bu sevginin əlindən dəli olub Məcnun kimi çöllərə düşmək istəməyən, aciz olmadığını bütün dünyaya, bütün insanlığa göstərmək istəyən Çingizdir. Aşiq Çingizin daxili-psixoloji aləminin açılmasında Zöhrə xanımı ifa edən aktrisa Fəridə Məmmədovanın önəmli təsiri var. Məhz Çingizin daxili çarpışmalarına Zöhrənin də Fəridə xanımın ifasında eyni duyğularla qarşılıq verməsi mənim oyunuma xüsusi bir rəng qatıb.
-Təzə nə üzərində işləyirsən?
-Hazırda teatrımızın səhnəsində Ağaxan Salmanlının quruluşunda Əhməd Orucoğlunun eyniadlı komediyası əsasında “Nənənin kələyi” tamaşasının məşqləri gedir və mənə həmin tamaşada Namiq obrazı tapşırılıb. İnşaallah, aprel ayının 30-dan etibarən tamaşa seyrçilərin ixtiyarına veriləcək və əminəm ki, çox gözəl, maraqlı bir tamaşa olacaq.
-Səhnədə oynamaq istədiyin, arzusunda olduğun rol hansıdır?
-Gənc aktyorlar daha çox Şekspir əsərlərində oynamaq, Otello, Hamlet, Romeo kimi obrazlar yaratmaq arzusundadırlar. Lakin mənim üçün milli dramaturgiyamız daha dəyərlidir. Mən Cəfər Cabbarlının “Aydın” tamaşasında Aydını, “Oqtay Eloğlu” tamaşasında Oqtay Eloğlunu, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndər obrazlarını yaratmaq arzusundayam. Əlbəttə ki, yalnız arzulamaqla iş bitmir. Çalışmaq lazımdır. O zamana qədər mən daima inkişaf etməli, yaradıcılıq prosesi keçməliyəm.
-Sənə sənət yolunda uğurlar azulayırıq...
-Təşəkkür edirəm.
Niyaz Cəfərov
teatrşünas
banner

Oxşar Xəbərlər