• çərşənbə axşamı, 19 mart, 09:12
  • Baku Bakı 8°C

“Böyük yatırım olan yerdə böyük maraqlar var”

19.09.17 12:00 3222
“Böyük yatırım olan yerdə böyük maraqlar var”
Ötən həftə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, "Chevron”, IMPEX, "Statoil”, "ExxonMobil”, "TP”, ITOCHU və "ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində "Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında "Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma da əldə olunub. Sözügedən sazişin imzalanması, onun iqtisadi və siyasi əhəmiyyəti, regiondakı sabitliyə təsiri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban cavablandırır.

- İlham bəy, sentyabrın 14-də Bakıda Yeni Əsrin Müqaviləsi imzalandı. Bu hadisənin özünü necə dəyərləndirirsiniz?
- Bu hadisə Azərbaycan üçün olduqca önəmlidir. 23 il bundan öncə imzalanan "Əsrin müqaviləsi” Azərbaycanın taleyində necə rol oynadısa, Yeni Əsrin Müqaviləsi də özündən əvvəlkinin əhəmiyyətini azaltmadan xüsusi rol oynayacaq. Birinci müqavilə Azərbaycana sərmayə qoyan şirkətlərin inamı idi. Bu, ölkəmizin ilk müqaviləsi idi, hansı ki, məhz onun ardınca xarici şirkətlər, xarici sərmayələr Azərbaycana ayaq açdı. Bu xarici şirkətlər ölkəmizin sovetlər dövründə əl çatmayan karbohidrogen ehtiyatlarının işlənməsinə öz töhfələrini verdilər. Bunun nəticəsində cəmi 2 onillikdən bir qədər artıq vaxt ərzində Azərbaycanın dünyaya daha da tanınması baş verdi. Nəzər almaq lazımdır ki, "Əsrin müqaviləsi” imzalananda Azərbaycanın müstəqilliyinin yenicə əldə edilmiş illəri idi. Məhz bu müqavilə, xarici sərmayənin axını, iqtisadiyyatın tədricən inkişaf etdirilməsi sayəsində Azərbaycan ayaqda durmağı bacardı. Bununla yanaşı, "Əsrin müqaviləsi”ndən ötən müddət ərzində ölkəmiz paytaxtdan başlamış regionlara qədər öz simasını dəyişdi, bu dəyişikliyi nümayiş etdirə bildi. İndi də faktiki olaraq neftin qiymətlərinin aşağı düşməsi, dünyanın bir çox neft ixrac edən ölkələrinin təqribən 3 il ərzində keçirdiyi sıxıntılar, iqtisadi böhran fonunda Azərbaycan bu cür çoxmilyardlıq müqaviləyə imza atıb. Ən əsası ölkəmiz bu müqaviləni daha münbit şərtlərlə, yeniləyərək imzalayıb. Heç kəsə sirr deyil ki, Azərbaycanın neft sənayesi hələ də iqtisadiyyatın lokomotivi rolunu oynayır. Belə bir şəraitdə Yeni Əsrin Müqaviləsinin yeni nəfəsi, abı-havası ölkə iqtisadiyyatının bütün sahələrində hiss olunacaq.

- Siz 23 il əvvəl imzalanan "Əsrin müqaviləsi”ni xatırlatdınız. Həmin vaxt bəzi ekspertlər bununla bağlı bədbin proqnozlar verir, bəzi xarici ölkələrdə yaşanan sindromların Azərbaycanda təkrarlanacağını iddia edirdilər. Lakin zaman bu iddiaların əksini sübut etdi. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...
- "Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 ildə, xüsusən də son 10 ildə biz neftin həm hasilat və maddi gəlirlər baxımından yüksəlişini, həm də enişini gördük. Bu, olduqca vacib amildir. Bəzi neft ölkələri var ki, onlar 20-30 il ərzində öz neftlərinin iri həcminə görə heç bir sıxıntı keçirməmişdilər. Həmin dövlətlər neftin fontan dövrünü həddən artıq uzun keçmişdilər. Beləliklə də buradan maddi gəlirlərin əldə edilməsi, "məst olma” dövrü həmin dövlətlərdə bir nəslin faydalı iş əmsalını tamamilə sıradan çıxardı. Ancaq çox yaxşı oldu ki, Azərbaycan öz mənfəətinin 1 milyardını 2006-cı ildə qazandı. Bizim gəlhagəlli dövrümüz həmin tarixdən sonra cəmi 5 il yaşandı. Yəni, neftdən əldə etdiyimiz pik gəlirlər 2011-ci ildə oldu. Ondan sonra neft gəlirləri tədricən azalmağa başladı. Neft hasilatının pik dövrü isə 2010-cu ildə olmuşdu. Qısa bir vaxtda Azərbaycan başqa ölkələrin 30-40 il zaman kəsiyində keçdiyi yolu qət etdi. Bu, bizə çox şey öyrətdi. Nəticə etibarilə Azərbaycan bir çox dövlətlərin uzun onilliklər boyu keçdiyi inkişaf yolunu cəmi 10 ilə keçə bildi. Proseslərin təsirindən irəli gələrək Azərbaycan çevik hərəkət etmək strategiyasını ortaya qoya bildi. Məsələnin mahiyyətində dayanan həm də bu amildir. 2014-cü ildə Azərbaycanın büdcə xərclərinin 20 milyard dollardan artıq olması əsas götürülərək həm ölkə daxilində, həm də xaricdə qeyd edirdilər ki, bu hesabla 2018-ci ildən sonra Neft Fondumuzda heç bir vəsait qalmayacaq. Əsas kimi də fonddan büdcəyə transferləri götürürdülər. Beləliklə də ölkənin gələcəyini boz rəngdə təsvir etməyə çalışırdılar. Lakin fakt budur ki, 2018-ci ildə Neft Fondunun aktivlərinin 30 milyard dollardan aşağı düşməyəcəyi gözlənilir. Bütün bunlar hökumətin mövcud vəziyyətdə həyata keçirdiyi çevik siyasətin nəticəsidir. Əgər biz körfəz ölkələri kimi ancaq neftdən əldə edilən gəlirlərə ümid bəsləsəydik, Neft Fondunda toplanan milyardlara arxayın olsaydıq, bu gün iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində heç bir addım atılmazdı. Halbuki, təkcə kənd təsərrüfatı məhsullarımız ötən illə müqayisədə 40 faiz artıb. Bununla belə, 2010-cu ildən etibarən ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə daha böyük diqqət artırılsa da, hələ də dövlət büdcəsinin formalaşmasında, ixracda bu sektor neft sektoru ilə müqayisə olunacaq səviyyədə deyil. Bizim ixrac etdiyimiz brend markalı neft dünya bazarında heç kimin rəqabət apara bilməyəcəyi bir məhsuldur. İstənilən şəraitdə biz bu məhsulu bazardakı qiymətdən 1,5 - 2 dollar bahasına sata bilirik. Alıcılar sadəcə gözləyirlər ki, bu neft tankerlərə dolsun. Yəni, bizim neftimizi satmaqla bağlı problemimiz yoxdur. Sadəcə, arzumuz və istəyimiz budur ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi sayəsində bir çox məhsullarımız da "Azeri Light”a yaxınlaşsın, ən azı bu səviyyədə satılsın, büdcəmizə gəlir gətirsin.

- 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanan zaman bildirilirdi ki, "Azəri-Çıraq-Günəşli”də neft ehtiyatı maksimum 511 milyon tondur. Ötən 23 ildə yataqdan 436 milyon ton neft hasil edilib. Yeni Əsrin Müqaviləsi imzalanan zaman isə qeyd edildi ki, sözügedən yataqda hələ də 500 milyon tona yaxın neft ehtiyatı var. Bu barədə nə deyə bilərsiniz?
- 1994-cü ildə müqavilə imzalanarkən yatağın potensialı barədə məlumatlar sovet dövrünün texnoloji imkanlarına əsaslanırdı. Lakin 1995-2005-ci illərdə xarici şirkətlərin apardığı geoloji, üçölçülü və dördölçülü kəşfiyyatlar, qazılan çoxsaylı qiymətləndirmə quyuları, aparılan təhlillər sayəsində məlum oldu ki, Azəri-Çıraq-Günəşlinin neft ehtiyatları müqavilə imzalanarkən verilən proqnozları 2 dəfə üstələyir. Bu, dünya miqyasında çox böyük yataqdır. Hasilat başlayandan 20 il sonra oradan cəmi 436 milyon ton neft hasil edilib. Müqavilənin başa çatmasına cəmi bir neçə il qaldığı müddətdə hasilat aşağı enir, şirkətlər yenidən sərmayə qoymaqda maraqlı tərəf kimi çıxış etmirdilər. Çünki, neft sənayesi iqtisadiyyatın iri kapitalyönümlü sektorudur. Xarici şirkətlər hesab edirdilər ki, bundan sonra ora sərmayə yönəltsələr, qısa zaman kəsiyində həmin kapitalı geri qaytarmaqda çətinlik çəkəcəklər. Xarici şirkətlər risklərlə üzləşə biləcəklərindən ehtiyatlanırdılar. Məhz bu səbəbdən "Əsrin müqaviləsi”nin müddətinin artırılmasında maraqlı idilər. Ancaq əvvəlki şərtlərlə müqavilənin müddətinin uzadılması Azərbaycan tərəfini heç bir halda qane etmirdi. Ona görə də rəsmi Bakı 1994-cü ildə imzalanan kontraktın müddəalarında dəyişikliklər edilməklə uzadılması ideyasını irəli sürdü, israr etdi, dəyişikliklərə nail oldu, sentyabrın 14-də də müqavilə imzalandı.
- Azərbaycan tərəfi müqavilədə nələrin dəyişdirilməsini istəyirdi?
- Təbii ki, ilk növbədə mənfəət məsələsi ortadadır. Ancaq bununla belə, 1994-cü ildə müqavilə imzalanan zaman xarici şirkətlər sovet ittifaqının dağılmasından sonra yenicə müstəqillik əldə edən, iqtisadiyyatı zəif, yeni qurulan, iqtisadi-siyasi risklərin çox böyük olduğu bir ölkəyə gəlmişdilər. Azərbaycan işğalçı Ermənistanla müharibə şəraitində idi, atəşkəs yeni əldə edilmişdi. Geopolitik risklər o zaman böyük idi. Azərbaycan dünya bazarından təcrid edilmişdi, Xəzər dənizi qapalı bir hövzə sayılırdı. Azərbaycanda hasil edilən xammalın, məhsulun dünya bazarına çıxarılması özü böyük bir risk idi. Bütün bu risklərin hamısı 1994-cü ildə imzalanan kontraktda öz əksini tapmışdı. Lakin indi o vaxtdan 23 il keçib. Azərbaycan 90-cı illərin əvvəllərindəki durumda deyil. Bir qədər əvvəl qeyd edilən risklərin bir çoxu ümumiyyətlə yoxdur, digər qismi isə minimuma enib. Belə olan halda yeni müqavilədə bir sıra dəyişikliklərin edilməsi zəruri idi. Beləliklə də mənfəət, Azərbaycanın əldə edəcəyi gəlirlərin artması gündəmə gəlir. Müqavilə üzrə orta qiymət 75 dollar götürülüb. Bu qiymətlər çərçivəsində yalnız dövlətin mənfəəti minimum 140 milyard dollar civarında ola bilər. Birinci müqavilə üzrə bu gəlir 125 milyard dollardan bir qədər artıq idi. Ümumilikdə Azərbaycanın qazancını götürsək, Dövlət Neft Şirkətinin əvvəlki kontraktda payı 10 faiz idi. Sonradan 11,6 faizə qədər yüksəldildi. İndi isə SOCAR-ın payı 25 faizdir. Yəni, yeni müqavilə əsasında Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə kifayət qədər gəlir əldə etmək imkanı qazanır. Bundan əlavə, şirkətlərin dövlət büdcəsinə ödəmələrinin həcmi də artacaq. 2010-cu ildən sonra Azərbaycan şirkətləri bu layihələrdə podratçı və subpodratçı qismində iştirak etməyə başlayıblar. Yeni müqavilə üzrə 2018-ci ildən gerçəkləşməyə başlayacaq layihə üzrə isə həmin şirkətlər prosesin daha aktiv iştirakçısına çevriləcəklər. Müxtəlif parametrlər üzrə Azərbaycanın qazancı birinci müqavilə ilə müqayisədə daha çox olacaq. Birinci müqavilə imzalanarkən Azərbaycanın beynəlxalq təcrübəsi, beynəlxalq sertifikata malik olan mütəxəssisləri yox idi. Yalnız belə mütəxəssislərin hazırlanmasına 10 il vaxt sərf olunub. İndi isə layihə çərçivəsində görüləcək işlərə cəlb olunan yerli kadrların, mütəxəssislərin sayı 90 faizlə ölçülür.

- Yeni Əsrin Müqaviləsinin imzalanması, layihənin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki roluna, həmçinin regiondakı sabitliyə təsiri necə edəcək?
- Sözsüz ki, Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş, yenidən tərtib olunmuş sazişin imzalanması yalnız iqtisadi, kommersiya xarakterli hadisə deyil. Böyük yatırım olan yerdə böyük maraqlar var. SOCAR beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan 8 şirkətlə bu layihədə təmsil olunur. Həmin şirkətlərin burada təmsil olunması, 2050-ci ilə qədər Xəzər dənizinin karbohidrogen ehtiyatlarının çıxarılmasında iştirak etməsi mühüm faktdır. Nəzərə alınmalıdır ki, indiyə qədər Xəzər dənizinin hüquqi statusu müəyyən edilməyib. Lakin Azərbaycanın dünyada artan nüfuzu, praktik baxımdan qonşu ölkələrlə dil tapması, xoş münasibətlər qurması, diplomatik və ticari əlaqələri inkişaf etdirməsi Xəzərin bundan sonra da sabitlik məkanı olacağına dəlalət edir. Beləliklə də Azərbaycan regionda iqtisadi gücə çevrilir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla regiondakı bütün dövlətlərlə, eləcə də regionda təmsil olunmayan digər xarici ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən hərtərəfli münasibətlər qurur, bu münasibətlərin daim inkişaf etdirilməsinə maraq göstərir. Bütün bunlar bölgədə hər hansı hərbi-siyasi gərginliyin qarşısının alınmasında, sabitliyin bərqərar olunmasında mühüm rol oynayır.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər