• cümə, 29 Mart, 06:31
  • Baku Bakı 5°C

Böyük güclər Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirir

16.11.17 10:15 2440
Böyük güclər Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirir
Noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşdükdən sonra regional məsələlərin həllində, xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı bir hərəkətlilik müşahidə edilməkdədir. Halbuki, prezidentlərin görüşündən sonra keçirilən mətbuat konfransında və ardınca hər iki dövlətin rəsmilərinin verdiyi açıqlamalarda münaqişənin həlli məsələsinə toxunulmamışdı. Buna baxmayaraq, mətbuatda bir sıra məlumatlar yer almağa başladı ki, bu da diqqəti yenidən Qarabağ məsələsinə istiqamətləndirdi.

Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfər edəcəyi açıqlandı. Eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvada həmsədrlərlə görüşəcək. Bir məqamı da qeyd edək ki, Ermənistan prezidenti və rəsmilərinin də Rusiyaya səfəri planlaşdırılır. İntensivləşən bu səfərlər ortaya müxtəlif suallar çıxarır. Bütün bunları Ərdoğan-Putin görüşünün nəticəsi hesab etmək olarmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi məsələsi hər zaman Türkiyə rəhbərliyinin Rusiya ilə münasibətlərində bir müzakirə mövzusu olub: "Noyabrın 13-də keçirilən görüşdən əvvəl də Türkiyə prezidentinin mətbuat xidməti Dağlıq Qarabağ məsələsinin prezident Putinlə görüşdə müzakirə ediləcəyi barədə məlumat vermişdi. Putinin "Türkiyə və Rusiya arasındakı münasibətlərdə artıq heç bir problem qalmayıb və münasibətlər əvvəlki kimi tam bərpa olunub” fikri onu deməyə əsas verir ki, dövlətlər arasında artıq tam anlaşma və müzakirə mühiti var. Azərbaycanın yaxın dostu Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ məsələsini qaldırması, bu problemin uzanmasının eyni zamanda Rusiyanın da milli maraqlarına cavab verməməsi ideyasını daima müdafiə etməsi, şübhəsiz, rəsmi Moskvanı da müəyyən məsələlərdə ciddi addımlar atmağa məcbur edir. Aydın məsələdir ki, Dağlıq Qarabağ probleminin mövcudluğu Ermənistanın bir dövlət kimi dünya xəritəsindən silinməsinə gətirib çıxarır. Ona görə də Rusiya tərəfinin münaqişə ilə bağlı məsələnin yumşaldılması, problemin mərhələ-mərhələ həll edilməsi istiqamətində öz töhfəsini verməsi tamamilə gözləniləndir”.

A.Mirzəzadənin sözlərinə görə, Rusiya XİN rəhbəri Lavrovun Bakıya və Yerevana səfəri tamamilə mümkündür ki, münaqişənin həlli ilə bağlı Rusiyanın hansısa bir planının müzakirəsinə həsr edilsin. Millət vəkili qeyd etdi ki, Azərbaycan üçün problemin kim tərəfindən həll olunmasının əhəmiyyəti yoxdur: "Əsas odur ki, ərazi bütövlüyümüz təmin edilsin, Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılsın. Buna görə də Rusiyanın vasitəçilik missiyası və Kremlin bu məsələdə beynəlxalq hüquq normalarından irəli gələrək iki dövlət arasında problemi həll etməyə çalışması alqışlanandır. Hər halda əvvəldən bir fikir bildirmək çətindir. Nəticəni gözləyib buna uyğun son fikri bildirmək olar”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, baş verənlərin hər birini tək Ərdoğan-Putin görüşü ilə bağlamaq düzgün olmazdı: "Çünki Cenevrədə prezidentlərin görüşü zamanı razılaşma olmasa da, ciddi müzakirələr gedib. O cümlədən Azərbaycan və Ermənistan prezidentləri arasında konstruktiv fikir mübadiləsi aparılıb. Lakin Sarkisyan bu görüşün nəticələri ilə bağlı sonradan etdiyi açıqlamalarla fikirləri neqativ istiqamətə yönəltdi. Lakin o və əlavə olaraq Ərdoğan-Putin görüşünü götürsək, onu deyə bilərik ki, bunlar müsbət amillərdir. Eyni zamanda Azərbaycanın xeyrinə baş verən hadisələrdir. Bu canlanma təsadüfi deyil. Burada Azərbaycanın müəyyən rolu nəzərə alınır. Belə ki, ölkəmizin Rusiya ilə bir sıra layihələrdə birgə iştirak etməsi məsələləri var. Bilirik ki, bir müddət əvvəl Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının çox mühüm görüşü baş tutdu və dövlət başçıları "Şimal-Cənub” dəmiryol xətti və digər məsələlər barədə razılığa gəldilər. Əlbəttə ki, Rusiya Azərbaycanla bir sıra istiqamətlərdə strateji partnyorluğun inkişaf etməsində maraqlıdır. Amma bu heç də o demək deyil ki, bütün məsələlər dərhal həll olunacaq, problemin birdəfəlik aradan qalxmasında konkret nöqtə qoyulacaq. Düşünürəm ki, Ərdoğan-Putin görüşünü bu məsələlərin davamı hesab etmək olar. Çünki şübhə etmirəm ki, Ərdoğan Soçi görüşündə Dağlıq Qarabağ məsələsini qaldırıb və bunu Putinlə ciddi şəkildə müzakirə edib. Türkiyə prezidenti bunu səfərdən öncə də bəyan etmişdi və gizlətmirdi. Belə demək mümkündürsə, Azərbaycanın maraqlarına cavab verən addımlar Türkiyə tərəfindən atılıb”.

F.Sadıxovun dediyinə görə, Lavrovun Azərbaycana və Ermənistana gözlənilən səfəri də Türkiyə və Rusiya prezidentlərinin görüşünün davamıdır: "Hər halda qısa müddətdə nəticə olmasa da, bu canlanma özü-özlüyündə onu göstərir ki, aparıcı oyunçular müəyyən dərəcədə Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdırlar”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər