Böyük ədib, xalq müəllimi və görkəmli dramaturq
Doktor Nəriman Nərimanov (1870-1924)... Böyük ictimai-siyasi xadim,
maarifçi, pedaqoq, yazıçı və dramaturq... Onun adı Azərbaycanın ictimai fikir və
mədəniyyət tarixində mühüm yerə malikdir. O, bir tərəfdən ədəbiyyat tariximizdə
görkəmli nasir, böyük dramaturq, digər tərəfdən də fəal milli ziyalı və
publisist kimi tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu
görkəmli ictimai-siyasi xadim və yazıçının fəaliyyətini yüksək qiymətləndirərək
demişdir: "Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara
xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və
bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön
cərgəsinə çıxartdı. ...Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində
böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.
"XIX əsrin 70-90-cı illərini Azərbaycan ədəbiyyatının
"yetimlik dövrü” adlandırırlar”, - deyə yazan görkəmli elm adamı akademik İsa Həbibbəyli Nəriman Nərimanov
kimi ədəbi simalar haqqında haqlı olaraq dəqiq və səlis şəkildə göstərirdi ki: "Heç bir müəllimi, ustadı, canlı sələfi
olmayan C.Məmmədquluzadə, N.Nərimanov, S.Qənizadə, M.Ə.Sabir və başqaları kimi
şairlər XIX əsrin 80-”90-cı illərində yazdıqları əsərlərlə ədəbiyyatı yetimlik
dövründən xilas etdilər. Dərinləşməkdə olan ədəbi böhranın və ya uçurumun
aradan qaldırılmasında 1894-cü ildə yazılmış iki əsərin – Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları” povestinin və Nəriman Nərimanovun "Nadanlıq”
dramının xüsusi yeri var idi”. Bu mənada görkəmli siyasi xadim və ədib Nəriman
Nərimanovun qələmindən çıxan "Nadanlıq”, "Şamdan bəy” və "Nadir şah” kimi dram əsərləri
Azərbaycan dramaturgiyasının inkişafı və
zənginləşməsinə mühüm töhfələr verib. Ədibin "Bahadır və Sona” romanı, "Pir”
povesti, "Bir kəndin sərgüzəşti”, "İdil kənarında”, "Şeytan bazarda” kimi hekayələri
Azərbaycan bədii nəsrinin inkişafına istiqamət verən əsərlər olaraq əhəmiyyət
qazanıb. Ədibin "Bahadır və Sona” əsəri Azərbaycan ədəbi düşüncəsi və
yaradıcılıq ənənələrinin üzərində qurularaq meydana gələn və Azərbaycan
tolerantlığı, multikultural düşüncəsini nümayiş etdirən, ictimai-siyasi görüşlərini
ortaya qoyan əsərlərdən biri kimi qiymət qazanıb. Çoxsaylı publisist
yazılarında mənsub olduğu xalqının və ölkəsinin qayğılarını dilə gətirməyə,
problemlərinə çözüm gətirməyə səy göstərib.
Nəriman Nərimanov həm də qüvvətli dramaturq, Azərbaycan teatrının
inkişafına töhfələr verən böyük sənətkardır. Böyük istedadla ərsəyə gətirdiyi "Nadanlıq”,
"Şamdan bəy” və "Nadir şah” kimi dram əsərlərinin hər biri ayrılıqda Azərbaycan
dramaturgiyasının inkişafında mühüm yer tutur. Lakin, söz yox ki, bu əsərlərin
arasında adı da, mövzusu və problematikası da daha fərqli və ümumi-ictimai
maraqlılıq baxımından "Nadir şah” əsəri təkcə ədibin öz yaradıcılığında deyil,
ümumən Azərbaycan dramaturgiyasında xüsusi bir əhəmiyyət qazanıb.
Görkəmli ədibin 1894-cü ildə ərsəyə gətirdiyi "Nadanlıq” əsəri
mühitin avamlıq və geriliklərinə qarşı ən sanballı ədəbi nümunələrdən biri və
dram əsərlərinin birincisidir. Vaxtilə bir pedaqoq, xalq müəllimi kimi
Qızılhacılı kəndində fəaliyyət göstərən, mühiti yaxından müşahidə edərək onun
problemlərini öyrənən ədibin özü də bu əsərini yazmaq məqsədini belə ifadə
etmişdi: "Məzkur əsəri yazmağıma səbəb
Qafqaz müsəlmanlarının əksərinin bimərifət və nadanlığı oldu”. Əsərin baş qəhrəmanlarından
olan Məhəmmədağa kənddə məktəb açıb xalqın balalarına elm və təhsil vemək məqsədilə
yanıb-tutuşan milli ziyalılardan biridir. Pozivitizmin Azərbaycanda xüsusi mərhələ,
hərəkat təşkil etdiyi XIX əsrdə, ümumiyyətlə, bu mövzu da, problem də başlıca
yeri təşkil edirdi. Məhəmmədağa da məhz ədibin özü və müasirləri kimi xalqın gələcək
inkişafı və oyanışına nail olmaq yolunda fədakarlıqla xalqın övladlarını
maarifləndirməyə dəvət və səy edən xalq müəllimlərinin ümumiləşdirilmiş obrazı idi. Əlbəttə, mövzu da, problematika
da maarifçi realizm üçün ənənəyə uyğun idi. Lakin köhnə düşüncə, ənənələrlə
yaşayan və yaşamağa sövq edilən mühit hələ möhkəm idi: yeni üsullu təhsili, mədəniyyəti
qəbul etmir, müasirliyi ağlı almır, qəlbinə yatmırdı. Mühitin başçısı və
ağsaqqallarından olan, bir övladını da təhsilə verən Hacı Abdullanın Məhəmmədağaya
dediyi sözlər əslində müsəlman cəmiyyətində məktəb, təhsil və elmə qarşı
münasibətsizliyin genezisini təyin etmək baxımından maraq doğurur: "Ay Məhəmmədağa!
Boş yerə başını niyə ağrıdırsan? Bizim adam oxumağa uşaq verməz! Hər kəsin özünə
görə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir,
biri yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva,
doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır””. Əsərdəki bu sözlər onu ideya
və problematika cəhətdən Azərbaycanda tənqidi realizmin banisi və böyük ustadı
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin müəllimi” və "Danabaş kəndinin məktəbi”
əsərlərilə birləşdirir. Əsərin sonunda – finalda isə Məhəmmədağanın maarifçi
fikirlərinə tərəfdar çıxan, maarifə can etən gənc nəsli təmsil edən Ömərin güllələnib
öldürülməsi məhz bu nadanlığın nəticəsi kimi kədər və təəssüf doğrur. Ömərin
son sözləri məhz bu fikirləri qət edir: "Məni ... nadanlıq ...avamlıq ...
bi...mərifətlik güllələdi. Bunlar hamısı ... Ah! ... adamı ... heyvan edərmiş! Ah! Nadanlıq!”
Ədibin ikinci dram əsəri olan "Dilin bəlası, yaxud Şamdan bəy” əsəri
milli düşüncədə istiqlal ideyalarının pərvazlanmağa başladığı bir zamanda
yaramaz, fırıldaqçı və fürsətgir burjua nümayəndələrinin millətin başına gətirdiyi
bəlalardan söhbət açır. Özünü savadlı, geniş münasibətlər sahibi, müasir və
millətpərvər biri kimi tanıdan Şamdan bəy konkret dövrün ortaya çıxardığı fırıldaqçı
və fürsətgir burjua gənclərinin qüvvətli nümayəndəsidir. Biz müxtəlif müəlliflərin
əsərlərində belə surətlərə rast gəlirik. Müxtəlif əsərlərdə öz elmini xalqın
başına torba edərək keçirən və qazanc əldə etmək istəyən fırıldaqçı qəhrəmanların
surətlərini müşahidə etmişik. Şeyx Nəsrullah bu surətlərin ən tipik olanıdır: o,
ölüləri diriltmək adı altında diriləri öldürən, mənəvi əsarətə, fanatizm və
mövhumatla gözlərini, əql və düşüncələrini bağlayan, hislərini alan məharətli
bir fürsətgirdir. N.Nərimanov da sosial-demokratlar cəbhəsinin bir nümayəndəsi
kimi məhz belə fırıldaqçı burjua nümayəndələrinin konkret tipini yaratmaqla həm
onların faciəsini göstərmiş, həm də belə fırıldaqçılara qarşı xalqın birliyi və
oyanıqlığı zərurətini ortaya qoymuşdur. Şamdan bəy ona qapılarını açan, ona yer
və çörək verən dostu Yusifin sevgilisinə nail olmaqla Hacı İbrahimin var-dövlətinə
sahib olub xoşbəxtliyə çatmaq düşüncəsilə özünü məhvə məhkum edir. Xainlik,
hirs, nifrət sonunda onun öz-özünə xətər yetirməsilə nəticələnir. Son məclisdə
iştirakçıların onun haqqında ifadə etdikləri fikirlər xalqın oyanıqlığı və birliyini
nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Yusifin onun meyidi üzərində dediyi
sözlər də Şamdan bəylərin faciəsinin səbəbini uğurla açıb göstərən replikadır:
"Axırda bu günə düşməyin təbiidir... Yaman dil başa bəladır! Xain və yalançı
bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu?
Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz
xilas olmaq həmişə mümkündür”.
N.Nərimanovun arzuladığı, xalqda tapmaq, görmək istədiyi birlik və
mübarizənin qüdrətini həm onun öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatı
tarixində olduqca mühüm əhəmiyyəti və yeri olan məşhur "Nadir şah” (1898) əsərində
rast gəlirik. Əslində butün bu keyfiyyətlər baxımından Nərimanovun dram əsərlərini
mövzu və problem baxımından konseptual olaraq bir-birini tamamlayan əsərlər
kimi səciyyələndirmək olar. Ədibin "Nadanlıq” əsərində əgər müasirlik və
inkişafa maneə, əngəl olan yerlərdəki avamlıq və nadanlıq tənqid edilirsə,
"Şamdan bəy” əsərində geniş ictimai qüvvələrin ümid bəslədiyi gənc burjua nümayəndələrinin
ümumiləşdirilmiş obrazı olan Şamdan bəyin timsalında bacarıqsızlığı və şəxsi mənafe
naminə ümidləri boşa çıxarması, ictimai ümidsizlik yaratması bədii düşüncənin
meydanına gətirilir, "Nadir şah” əsərində isə millətin son və başlıca nailiyyəti
olan dövlət qurmaq və onun fəaliyyəti üçün mövcud olan əsaslar barədə fikirlər bədii
ədəbiyyatın təlqin dairəsinə daxil olur. Akademik İ.Həbibbəylinin yazdığı kimi,
""Nadir şah” dramında ədəbiyyatda ilk dəfə
olaraq xalq hakimiyyəti ideyası irəli sürülmüşdür. "Nadir şah” Azərbaycan ədəbiyyatında
birinci milli-tarixi dram əsəri idi”.
Fikrində vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən
qurtarmaqdan başqa bir şey” olmayan Nadir öz saf niyyəti, mütərəqqi ideyaları
ilə xalqı, döyüşən qüvvələri başına toplayarq tarixə yeni bir dövlət bəxş edir.
Nadir şah öz idarəçiliyi, islahatlar ideyası ilə də tarixdə böyük iz buraxır:
sünni və şiə məzhəb düşmənçiliyi, fikir ayrılığını ortadan qaldırmaqla müsəlman
aləmini birliyə gətirmək, İncili tərcümə etdirməklə multikultural düşüncə və dini-mədəni dözümlülük üzərində xalqlar
və mədəniyyətlər arasında barış yaratmaq, dini dövlətdən ayırmaq (mollaların
ixtiyarını azaltmaq) və səfaləti ortadan qaldırmaq. Bu zəruri, dövləti və milləti
əbədi, dayanıqlı tutan vacib ideyalar bir tərəfdən Nadir şahın uzaqgörənliyinin
göstəricisidirsə, digər tərəfdən ictimai-siyasi görüşləri və fəaliyyətilə
xalqımızın dövlətçilik tarixində yer tutmuş müəllif Nəriman Nərimanovun özünün ürəyindən
xəbər verən məsələlərdirlər. Tarixi həqiqətlərə sadiq qalan böyük ədib Nadir
şahı ictimai-siyasi fikirlərinin ruporuna çevirir. Bu əsərində xalqı ilə bağlı
arzu və ideallarını toplayır, məqsəd üçün lazım olan zəruri ictimi keyfiyyətləri
nümayiş etdirir. Görkəmli ədib Nadir şahın faciəsində hələ çatışmayan ictimai
keyfiyyətləri, yetişməyən mühiti, ehtiyac olan siyasi düşüncəni və s. ehtiva
etməyə çalışır. Nadir şah həm öz idealları, həm də faciəsi ilə Nərimanovun şəxsi
taleyi baxımından da ümumilik və oxşarlıq nümayiş etdirərək onun taleyi ilə birləşir.
Əsərin sonunda bir qrup qüvvələr tərəfindən sui-qəsd törədilərək arxadan
vurulan Nadir şahın: "Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq
yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm. Ümumi xeyri nəzərdə
tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin
yolunda sərf... etmişəm... Oğlumun gözlərini vətənə qurban etmişəm... Pərvərdigara!..
Özün kömək et bu başsız millətə!” kimi sözləri artıq həyatı çoxdan dərs etmiş,
öz yolunu, fəaliyyətini saf-çürük edərək günahı və savabını vicdan tərəzisində
ölçən Nəriman Nərimanovun son məktubları və məqalələrindəki fikirlərilə tale və
məzmun oxşarlığı ortaya qoyur. Müzakirələrə hələ də açıq olan ədəbiyyatımızın
şah əsərlərindən biri kimi "Nadir şah” haqqında müəllif özü də yazacaqdı ki:
""Nadir şah” adlı tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm və
başa salmaq istəmişəm ki, qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi
kimi hökmdarın şəxsiyyəti heç də müqəddəs deyil və əgər o, məmləkəti idarə edə
bilmirsə, onu tapdalayıb keçmək olar”. (Lakin müəllifin öz sözlərini əsərə tətbiq
edərkən heç də birmənalı qarşılanmayan məqamların ortaya çıxdığını da demək
mümkündür. Xalq hakimiyyəti tərəfdarı olan müəllifin adıgedən əsərində xalq
içindən çıxmış Nadir şahın hakimiyyəti heç də xalqı təmsil edən qüvvələr tərəfindən
deyil, öz mənfəətləri və hakimiyyətləri naminə məhz ruhanilərin demokratik yol
hesab olunmayan sui-qəsdləri nəticəsində devrilir. Hadisə öz dövrünə, tarixi şəraitə
uyğun olsa da, müəllifin ideyası və bəhs etdiyi fikrinə heç də uyğun gəlmir – R.Q.).
Həm də ədəbi tərcüməçilik fəaliyyətinə sahib olan Nərimanov dilimizə
tərcümə etdiyi Qoqolun "Müfəttiş” və Qriqori Genin "Edam” əsərlərilə tərcümə sənəti
və ədəbi əlaqələrimizə mühüm töhfələr vermişdir. Nəticə etibarilə tam qətiyyətlə
demək olar ki, Nəriman Nərimanov xalqın dərdlərini, mərəzini sağaltmağa yönəlik
öz peşəsini ədəbi nisbəsinə çevirərək "Doktor Nərimanov” (Həkim Nizami kimi-müəllif)
olaraq yaddaşlarda əbədi yer tutan çox azsaylı görkəmli simalardan biridir. Bu
görkəmli ədəbi şəxsiyyətin tanınmış tədqiqatçılarından olan Teymur Əhmədovun
yazdığı kimi: "Azərbaycan xalqının xoşbəxtliyi və səadəti uğrunda ömrü boyu
inamla mübarizə aparan Nəriman Nərimanovun zəngin ədəbi irsi bu gün də öz
aktuallığı ilə diqqəti cəlb edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin,
dövlətçiliyin möhkəmlənməsi və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan hər
bir azərbaycanlı üçün qiymətli və əzizdir”.
Bu görkəmli dövlət və ictimai xadim, ədəbiyyatımız və mədəniyyətimizin
nadir simalarından biri Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi
haqqındakı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu əvəzsiz şəxsiyyətin
fəaliyyətinə verilən yüksək qiyməti özündə ifadə edir. Sərəncamda deyildiyi
kimi: "Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi
Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində
böyük rol oynamışdır. ...Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və
siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən
inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq
işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. ...O, keçmişimizin mədəni sərvətlərinin
mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin,
maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün
milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent