AZE | RUS | ENG |


Böyük Britaniya səfiri: “Azərbaycan təkcə qlobal enerji oyunçusu deyil, biznesin digər sahələri üçün də imkanlar mənbəyidir”

Böyük Britaniya səfiri: “Azərbaycan təkcə qlobal enerji oyunçusu deyil, biznesin digər sahələri üçün də imkanlar mənbəyidir”
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsun APA-ya müsahibəsi
 
- Azərbaycanda fəaliyyətə başlamağınızdan bir il keçib. Ölkələrimiz münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Siyasi əlaqələr barədə nə deyə bilərsiniz?
- İyunda ölkəmizin milli bayramı ilə bağlı keçirilən rəsmi qəbulda biz iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Biz Azərbaycana ilk dəfə səfər edən "Salamanca" hərbi orkestrinin də iştirak etdiyi tədbirdə öz qonaqlarımıza iki ölkə arasında münasibətlərə dair möhtəşəm slayd şou nümayiş etdirdik. Fotolarda əlaqələrimizin bu 25 ildə necə inkişaf edərək güclənməsi və münasibətlərimizə dair bəzi xüsusi məqamlar nümayiş olundu. Birləşmiş Krallığın Azərbaycandakı səfiri kimi fəaliyyətimin bir ili imkan verdi ki, ikitərəfli əlaqələrimizi ən yaxından görüm. Bizim siyasi əlaqələrimizdən iqtisadi və enerji, mədəni və tarixi əlaqələrimizə kimi vurğulaya biləcəyim çox şey var. Azərbaycan Böyük Britaniya üçün etibarlı tərəfdaşdır və burada səfir olmaq mənim üçün qürurvericidir.   
 
- Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir ki, "Əsrin müqaviləsi”nin müddəti uzadılsın. Böyük Britaniya, o cümlədən BP şirkəti bu şərtləri qəbul edirmi və onların icrasına razıdırmı?
- Bildiyiniz kimi, bu, kommersiya xarakterli razılaşmadır və səfirlik bu danışıqlara cəlb olunmayıb. Lakin onu deyə bilərəm ki, BP-nin Azərbaycanda stabil, etibarlı və uzunmüddətli tərəfdaş kimi qazandığı nüfuzu görmək çox xoşdur. Mən Azərbaycanı gəzəndə bəzən hansısa şirkətin reklam kimi BP səhiyyə və təhlükəsizlik standartlarını təklif etdiyinin şahidi oluram. Bu isə BP-nin nüfuzunun burada mükəmməllik, keyfiyyət və yüksək standartlarla sinonim təşkil etdiyini göstərir. Mən həmçinin bilirəm ki, BP üçün Azərbaycan çox vacib tərəfdaşdır.
 
- BP Azərbaycanın enerji layihələrində aktiv iştirak edir. Bununla yanaşı, bu layihələrə digər Britaniya şirkətləri də podratçı qismində cəlb olunub. Həmin şirkətlərin gələcək fəaliyyəti ilə bağlı proqnozlarınız nədən ibarətdir?
- Bir daha bildirirəm ki, səfirlik hər hansı müstəqil şirkətin fəaliyyəti barədə fikir bildirməyə səlahiyyətli deyil. Lakin onu deyə bilərəm ki, mən Azərbaycanın tək böyük qlobal enerji oyunçusu kimi deyil, həmçinin biznesin digər sahələri üçün imkanlar mənbəyi kimi statusa malik olduğunu görürəm. 
 
- Azərbaycanda əsas kapitala ən çox yatırım edən ölkələr arasında Böyük Britaniya stabil olaraq "Top-5”dədir. Lakin sirr deyil ki, bu investisiyaların mütləq əksəriyyəti BP-nin payına düşür. Bu vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır?
- Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investordur. Ölkəmiz Azərbaycana birbaşa edilən investisiyanın yarıdan çoxuna sahibdir və Azərbaycana məhsullar ixrac edən ölkələr arasında ilk beşlikdədir. Azərbaycanda nəhəng beynəlxalq firmalardan tutmuş, kiçik və orta müəssisələrə kimi, 400-ə yaxın Britaniya biznes şirkəti fəaliyyət göstərir.  Bu şirkətlər tək neft və qaz sahəsinə aid deyil, tikinti, dizayn, menecment, təhsil, pərakəndə ticarət və digər sahələrə aiddir. Maliyyə xidmətləri, infrastruktur, İKT və nəqliyyat daxil olmaqla, digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var.
 
- Hazırda Cənub Qaz Dəhlizi layihəsinin icrası istiqamətində işlər gedir. Böyük Britaniya bu layihənin Avropa enerji təhlükəsizliyinin təminatında rolunu necə qiymətləndirir?
- Cənub Qaz Dəhlizi layihəsi bu regionun enerji xəritəsini dəyişəcək və Avropa enerji təhlükəsizliyinin təminatına əhəmiyyətli töhfə verəcək layihədir. Bu, indiyə kimi həyata keçirilən layihələr arasında ən iddialı layihələrdən biridir. Layihə dəniz səviyyəsindən 2700 metr hündürlükdə Xəzər dənizindən qazı 3500 kilometr qət edərək Avropaya daşıyacaq. 7 hökumətin və 11 müxtəlif şirkətin dəstəyi ilə həyata keçirilən bu layihə həqiqətən qiymətli təşəbbüsdür. Layihə gələcəkdə əlavə qaz daşıma imkanına malik olması üçün ilkin həcmindən iki dəfə daha artıq həcmdə qaz daşımaq gücünə malik olacaq şəkildə hazırlanıb. Mən çox fəxr edirəm k, britaniyalı ekspertlər bu layihənin ön cərgələrində yer alıblar.
 
- Sizcə, iki ölkə arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirirmi və dövriyyənin artırılması üçün hansı işlərin görülməsi nəzərdə tutulub?
- Britaniya-Azərbaycan əlaqələri həmişə inkişaf edir. Bu sıx əlaqələrin ən böyük sübutu hər iki ölkə tərəfindən ən yüksək səviyyədə dəstəklənən xarici işlər nazirlərinin sədrliyi ilə birgə hökumətlərarası komissiyanın mövcudluğudur. Hazırda bizim baş nazirə tabe olan ticarət səfirimiz Baronessa Nikolson var. O, bir il əvvəl təyin olunub və bu müddət ərzində Azərbaycana 3 dəfə səfər edib. Ticarət elçisi şəbəkəsi bütün siyasi partiyaları təmsil edir və parlamentin hər iki palatası tərəfindən irəli sürülüb. Onların təyinatları ödənişsizdir və proqramın məqsədi bu vacib şəxslərin şəxsi düşüncə, təcrübə və bilgilərindən fayda əldə etməkdir. Baronessanı tanıyan istənilən insan görər ki, onun səfərləri ikitərəfli əlaqələrimizə enerji, diqqət və əyləncə gətirir və ölkəyə qayıtdıqdan sonra da baronessa birgə ikitərəfli məqsədlərimizi inkişaf etdirmək üçün işləyir. 
 
- Digər tərəfdaş ölkələrlə birlikdə Azərbaycan Bakı-Tbilisi-Qarsdəmir yolu xəttini bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır. Çindən malların qısa zamanda Avropaya daşınmasında bu layihənin rolunu necə qiymətləndirirsiniz?
- Dəmir yolu xüsusilə məhsul və yüklərin daşınmasında ən faydalı nəqliyyat vasitələrindən biridir. Mən bilirəm ki, Azərbaycan özünün unikal coğrafi mövqeyindən istifadə edərək strateji nəqliyyat mərkəzinə çevrilmək və regionda ticarətin inkişafına və rifaha gətirib çıxaracaq şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizini inkişaf etdirmək istəyir. 
 
- Böyük Britaniya Müdafiə Nazirliyinin beynəlxalq strategiya üzrə baş direktoru Nik Qurrun Azərbaycana səfəri zamanı müdafiə nazirlikləri arasında mütəmadi  qərargah danışıqlarının keçirilməsi müzakirə edilib. Bu barədə daha detallı məlumat verə bilərsinizmi? İki ölkə arasında müdafiə sahəsində əlaqələri necə qiymətləndirirsiniz? Azərbaycanın NATOtərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatlarda iştirakı barədə nə düşünürsünüz?
- Bizim özəl danışıqlarla bağlı fikir bildirməyimiz düzgün olmaz. Lakin onu deyə bilərəm k, iki ölkə arasında müdafiə sahəsində əlaqələr mükəmməl səviyyədədir. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə, təhlükəsiz sərhədlərin təşviqində və  təcrübələrin bölüşdürülməsində birgə hərəkət edirik. Biz Azərbaycanın dəstək və əməkdaşlığını yüksək qiymətləndiririk və hər iki ölkə üçün sülh, təhlükəsizlik və rifahı təşviq etməkdə daha sıx işləmək niyyətindəyik.
 
- Uzun müddətdir Böyük Britaniyadan Azərbaycana yüksək səviyyəli səfər həyata keçirilmir. Bu ilin sonuna kimi bu tendensiyada hər hansı dəyişiklik müşahidə etmək mümkün olacaqmı?
- Bizim rəsmi şəxslərin Azərbaycana mütəmadi əsasda səfərləri baş tutur və onların adlarını çəkmək çox uzun olar. Biz bu ilin sonlarına yaxın Bakıda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclası çərçivəsində siyasi, iqtisadi və ticarət üzrə dialoqun bir hissəsi kimi, xarici içlər nazirlikləri arasında danışıqların baş tutmasını gözləyirik. Ehtimal ki, bu tədbir payızda baş tutacaq.
 
- Martda Birləşmiş Krallıq rəsmiləri "Brexit”in icrasına başlayıblar. Referendumun nəticələrinin dəyişə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu, nə dərəcədə mümkündür?
- "Brexit”lə bağlı referendumun nəticələri dəyişməyəcək. Referendumun nəticələri Britaniya hökuməti tərəfindən dəstəklənir. 50-ci maddə icra edilir və Birləşmiş Krallığın Aİ-dən çıxmasına dair danışıqlar artıq başlayıb. Mən həmçinin Birləşmiş Krallıq və onun dünyadakı mövqeyinə dair də bir neçə söz demək istərdim. Son illər ölkəmiz G7 ölkələri arasında ən sürətlə inkişaf edən iqtisadiyyata malik və dünyada ən güclü iqtisadiyyatı olan ölkələrdən birinə çevrilib. Birləşmiş Krallıq tarix ərzində ən yüksək işçilik səviyyəsinə və  aşağı və stabil inflyasiya vəziyyətinə gəlib çatıb. Ölkəmiz biznes üçün cəlbedici məkana çevrilib. Birləşmiş Krallıq xaricə açılan, qlobal düşüncəyə sahib, açıq ticarət üçün mayak rolunu oynamağa davam edir və edəcək. 
 
- Ümumi seçkilərdən sonra məlum oldu ki, baş nazir hökuməti təkbaşına qura bilməyəcək. Bu, "Brexit” danışıqlarına təsir edə və hökumət böhranına gətirib çıxara bilərmi?
- Mən sizi bu məsələ ilə bağlı Britaniya kraliçasının iyunun 21-dəki çıxışına yönəltmək istərdim. Bu çıxış uğurlu "Brexit” üçün qanunvericiliyi müəyyən etməyə kömək edən tarixi vacib iki illik sessiyaya dair vacib mesaj verir.
 
- Britaniyanın Aİ-ni tərk etməyə hazırlaşdığı bir vaxtda Azərbaycan bu qurumla əməkdaşlığı dərinləşdirmək istiqamətində danışıqlar aparır. Bu danışıqlar barədə nə düşünürsünüz? Aİ üçün  Azərbaycanla əlaqələri dərinləşdirmək nə dərəcədə əhəmiyyətlidir?
- Birləşmiş Krallıq Aİ-nin Azərbaycanla əlaqələri dərinləşdirmək istiqamətindəki səylərini dəstəkləyir və Azərbaycanla regional əməkdaşlığa və bu istiqamətdə Aİ ilə işbirliyinə sadiqdir. "Brexit”dən sonrakı dövrdə də belə qalacaq. Aİ-nin proqramları iqtisadi inkişafa nail olmaqla və bazar imkanlarının yaradılması ilə daha yaxşı və çox iş görülməsinə, idarəçiliyin inkişafına və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, rabitənin gücləndirilməsinə, enerji səmərəliliyi, iqlim dəyişikliyinə alışma və onun fəsadlarının aradan qaldırılmasına, mobilliyin və insanlar arasında münasibətlərin qurulmasına əhəmiyyətli töhfə verən böyük potensiala malikdir.
 
- Böyük Britaniya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasa da, sizin ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi hər zaman Azərbaycan üçün vacib olub. Bu münaqişənin həlli ilə bağlı nə düşünürsünüz? Danışıqları aparmağın bu qədər çətin olmasının səbəbi nədir?
- Birləşmiş Krallıq hökumətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir. Biz münaqişənin sülh yolu ilə həllinə, dayanıqlı və razılaşdırılmış nizamlamaya nail olunacağına ümid edirik. Biz Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləyirik. Hər il münaqişə səbəbindən insan ölümünün baş verməsi və məcburi köçkünlərlə bağlı çətinliklər  davam edir. Bəzən elə gəlir ki, müxtəlifliklər və fikir ayrılıqları səbəbi ilə bu region üçün parlaq gələcək daha uzaqlarda görünür. Lakin biz sülh yolu ilə nizamlamaya səy göstərməyə davam etməliyik. Yalnız diplomatiya sülh gətirə bilər.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007