• cümə, 29 Mart, 14:58
  • Baku Bakı 14°C

BVF ölkəmizdə pul-kredit siyasətinin sərtləşdirilməsini təklif edir

26.10.16 12:57 6059
BVF ölkəmizdə pul-kredit siyasətinin sərtləşdirilməsini təklif edir
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır. Apa-nın məlumatına görə, bu barədə IMF-in hesabatında deyilir."Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya 2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya təzyiqinin yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını qoruyur", - deyə fondun məlumatında deyilir.Hazırda ölkədə pul-kredit siyasətinin vəziyyəti elə də "yumşaq” hesab edilə bilməz. Bəs daha da sərtləşmə aparılması vacibdirmi? Sərtləşmənin hansı mənfi və müsbət tərəfləri olacaq? Bu kimi suallar ətrafında ekspertlərlə söhbət apardıq.
"Pul kütləsinin azaldılması trendi davam etdirilir”
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, sərtləşdirmə dedikdə faktiki olaraq Azərbaycanda davam etdirilən monetar siyasətdən söhbət gedir. Pul kütləsinin azaldılması, kredit faizlərinin yüksəldilməsi və uçot dərəcəsinin artırılması: "Bütövlükdə götürüldükdə bu alətlər pul siyasətinin sərtləşdiriməsi istiqamətində istifadə olunan alətlərdir. Hazırda pul kütləsinin azaldılması trendi davam etdirilir. Burada hədəf iki istiqamətdədir. Biri inflyasiyanın müəyyən qədər nəzarət olunan formada saxlanılması, digəri isə əlavə valyuta tələbinin qarşısını müəyyən qədər almaq. İkincisi uçot dərəcəsidir. Uçot dərəcəsində son bir ildə təxminən 4 dəfədən çox artım olub. Hazırda 15 faizdir. Halbuki il yarım bundan əvvəl təxminən 3,7 faizə qədər azalmışdı. Bu kimi alətlərdən istifadə etmək yolu ilə Mərkəzi Bank və hökumət inflyasiyanın tənzimlənməsinə, eyni zamanda valyuta tələbinin məhdudlaşdırılmasına cəhd göstərir. Beynəlxalq Valyuta Fondu məsələyə məhz bu prizmadan yanaşır. Bu istiqaməti dəstəkləyir ki, inflyasiyanın demək olar ki, nəzarətdən çıxmağının qarşısını almağın vacib yollarından biri budur”.
"Sərtləşdirmə iqtisadi böhranın qarşısını alır”
R.Həsənov deyir ki, bir çox hallarda pul-kredit siyasətinin sərtləşdirilməsi iqtisadiyyatın digər sahələrində neqativ hallara gətirib çıxarır. Ona görə də burada ikili siyasət aparılması vacibdir: "Sərtləşdirmə iqtisadi böhranın qarşısını alır. Xüsusilə Azərbaycanda kimi ölkələrdə. Təbii ki pul siyasətinin sərtləşdirilməsi iqtisadiyyatın nağd pula olan çıxış imkanlarını məhdudlaşdırır. Bu da öz növbəsində istehlak qabiliyyətini zəiflədir. İstehlak qabiliyyətinin zəifləməsi isə yalnız yerli istehlaka hədəflənmiş istehsalı çökdürən amillərdən biridir. Yəni, bu baxımdan da götürdükdə bunlar silsilə olaraq digər sektorlarda neqativ hallar formalaşdıra bilər. Ona görə, hökumət bu ikisi arasında balans müəyyənləşdirməli, mümkün qədər birtərəfli deyil, ikitərəfli siyasət həyata keçirməlidir. Həm biznesin təşviqi və maliyyə əlçatanlığının qorunması, kreditə çıxış imkanlarının genişləndirilməsi, digər tərəfdən də hansısa formada mümkün variantlarla inflyasiyanın və məzənnənin müəyyən səviyyədə qorunub saxlanması lazımdır. Hökumət birtərəfli siyasət apararsa, digər tərəfdə çox ciddi fəsadlara gətirib çıxardır ki, onun nəticələrini aradan qaldırmaq illərlə mümkün olmur”.
R.Həsənov deyir ki, uçot dərəcəsində qısa müddətdə azalma olacağı gözlənilmir, əksinə dekabr ayının sonuna artımlar ola bilər: "Çünki manata risk yenə artır. O baxımdan uçot dərəcəsinin artma ehtimalı yüksəlir. FED uçot dərəcəsini artırsa, dolların manata təzyiqi daha da yüksələcək. Bu vaxt yəqin ki bizdə də adekvat addımlar atmalı olacaqlar. Onlardan biri də uçot dərəcəsinin artırılması olacaq”.
"Burada üst-üstə düşməyən tərs mütənasiblik var”
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli də deyir ki, on illərdir Valyuta Fondu inflyasiya tendensiyası yaranan, iqtisadi aktivlik çox artan ölkələrə pul kütləsini azaltmağı, pul-kredit siyasətini sərtləşdirməyi, hökumətin xərcləmələri – subsidiyalarını azaltmağı təklif edir. Onların əsas baxdıqları konsept budur. Azərbaycana da bu aspektdən yanaşıblar: "Bu il rəsmi açıqlamalarda Azərbaycanda ümumdaxili məhsulun azaldığı müşahidə olunur. Amma Valyuta Fondu bir faiz artım olacağını proqnozlaşdırır. Əslində bu çox müsbət proqnozdur. Hökumət bunu gözləyirmi? Bu məsələ var. Gələn il isə iqtisadi artımın daha çox olacağını deyirlər. Amma məncə, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə hökumətin xərcləmələrindən – dövlət büdcəsindən asılıdır. Fiskal siyasətdə genişlənmə olduqca, pul-kredit siyasətində də ona uyğun genişlənmə gedir. Bu da ölkədə müəyyən tendensiya yaradır. Bizdə hələ özəl sektor o səviyyədə olmadığı üçün daha çox dövlət büdcəsindən asılıdır. Bu mənada onlar gələn ilin böyümə tendensiyasını müsbət görürlər, ardınca da pul-kredit siyasətini daha da sərtləşdirməyi təklif edirlər. Burada üst-üstə düşməyən tərs mütənasiblik var”.
"Son iki ildə kifayət qədər pul-kredit siyasəti sərtləşdirilib”
C.İbrahimlinin sözlərinə görə, Azərbaycanda pul-kredit siyasəti son iki ildə kifayət qədər sərtləşdirilib: "Dövriyyədə pul bazası azaldılıb, dövlət büdcəsində azalma var. Hətta dövlət büdcəsinin bir hissəsi kimi nəzərdə tutulan investisiyayönümlü böyük həcmdəki ayırmaların da reallaşmasını növbəti illərə keçirib. Kifayət qədər pul-kredit və fiskal siyasətdə sıxlaşma olub. Bundan sonrakı mərhələdə və gələn il üçün də bu tendensiyanın davamı bir az çətin görünür. Düzdür, son illər ilk dəfə olaraq ölkəmizdə ikirəqəmli inflyasiya müşahidə olunur. Amma inflyasiya tendensiyasının olacağı qaçılmaz idi. Çünki bu devalvasiya ilə bağlı məsələdir. Amma onların təklif elədikləri sərtləşdirmə siyasəti indiki məqamda iqtisadi aktivliyin azalmasına səbəb ola bilər”.

Ekspert hesab edir ki, manatla xarici valyutanın stabilliyini qorumağın bir variantını tapmaq, iqtisadiyyata bir az aktivlik gətirmək lazımdır: "Dünya təcrübəsi də bunu göstərir ki, iqtisadiyyatların yaranan müəyyən problemlərdən çıxa, böyümə tendensiyasına keçə bilməsi üçün burada həm fiskal, həm pul-kredit siyasətində genişlənmənin olması labüddür. Biz bunu 2008-ci ildəki son dünya maliyyə böhranında da gördük. Düzdür, orada Azərbaycanla üst-üstə düşməyən məsələlər var. Amma yenə də iqtisadiyyatda aktivliyin saxlanılması, biznes mühitinin genişlənməsi üçün həm pul-kredit, həm fiskal siyasətdə genişlənməyə getmək şərt olacaq. İnflyasiya iqtisadiyyat üçün xroniki xəstəlik kimi bir şeydir. Müalicəsi uzun vaxt alır. Amma iqtisadiyyatda kifayət qədər böyümə tendensiyası, aktivlik təmin olunsa, bu, inflyasiyanın tənzimlənməsinə kömək edə bilər. Ancaq burada idxal-ixracın tendensiyaya təsirinə, pul kütləsinin genişlənməsinin fəsadlarına, sonrakı illərdə iqtisadiyyatdakı böyümənin necə olmasına, nə qədər mal və xidmətin həcminin artacağına, ümumdaxili məhsulun nə qədər yüksələcəyinə və s. baxmaq lazımdır. Orta xətti tapmaq lazımdır. Amma mən pul-kredit, fiskal siyasəti o qədər də sıxlaşdırmağın tərəfdarı deyiləm”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər