BVF ölkəmizdə pul-kredit siyasətinin sərtləşdirilməsini təklif edir
Beynəlxalq
Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək
inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır.
Apa-nın məlumatına görə, bu barədə IMF-in hesabatında deyilir."Qafqaz
və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya
2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya təzyiqinin
yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını
qoruyur", - deyə fondun məlumatında deyilir.Hazırda ölkədə
pul-kredit siyasətinin vəziyyəti elə də "yumşaq” hesab edilə bilməz. Bəs daha
da sərtləşmə aparılması vacibdirmi? Sərtləşmənin hansı mənfi və müsbət tərəfləri
olacaq? Bu kimi suallar ətrafında ekspertlərlə söhbət apardıq.
"Pul kütləsinin azaldılması trendi davam etdirilir”
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, sərtləşdirmə
dedikdə faktiki olaraq Azərbaycanda davam etdirilən monetar siyasətdən söhbət
gedir. Pul kütləsinin azaldılması, kredit faizlərinin yüksəldilməsi və uçot dərəcəsinin
artırılması: "Bütövlükdə götürüldükdə bu alətlər pul siyasətinin sərtləşdiriməsi
istiqamətində istifadə olunan alətlərdir. Hazırda pul kütləsinin azaldılması
trendi davam etdirilir. Burada hədəf iki istiqamətdədir. Biri inflyasiyanın müəyyən
qədər nəzarət olunan formada saxlanılması, digəri isə əlavə valyuta tələbinin
qarşısını müəyyən qədər almaq. İkincisi uçot dərəcəsidir. Uçot dərəcəsində son
bir ildə təxminən 4 dəfədən çox artım olub. Hazırda 15 faizdir. Halbuki il
yarım bundan əvvəl təxminən 3,7 faizə qədər
azalmışdı. Bu kimi alətlərdən istifadə etmək yolu ilə Mərkəzi Bank və hökumət
inflyasiyanın tənzimlənməsinə, eyni zamanda valyuta tələbinin məhdudlaşdırılmasına
cəhd göstərir. Beynəlxalq Valyuta Fondu məsələyə məhz bu prizmadan yanaşır. Bu
istiqaməti dəstəkləyir ki, inflyasiyanın demək olar ki, nəzarətdən çıxmağının
qarşısını almağın vacib yollarından biri budur”.
"Sərtləşdirmə iqtisadi böhranın qarşısını alır”
R.Həsənov
deyir ki, bir çox hallarda pul-kredit siyasətinin sərtləşdirilməsi
iqtisadiyyatın digər sahələrində neqativ hallara gətirib çıxarır. Ona görə də
burada ikili siyasət aparılması vacibdir: "Sərtləşdirmə iqtisadi böhranın
qarşısını alır. Xüsusilə Azərbaycanda kimi ölkələrdə. Təbii ki pul siyasətinin
sərtləşdirilməsi iqtisadiyyatın nağd pula olan çıxış imkanlarını məhdudlaşdırır.
Bu da öz növbəsində istehlak qabiliyyətini zəiflədir. İstehlak qabiliyyətinin zəifləməsi
isə yalnız yerli istehlaka hədəflənmiş istehsalı çökdürən amillərdən biridir. Yəni,
bu baxımdan da götürdükdə bunlar silsilə olaraq digər sektorlarda neqativ
hallar formalaşdıra bilər. Ona görə, hökumət bu ikisi arasında balans müəyyənləşdirməli,
mümkün qədər birtərəfli deyil, ikitərəfli siyasət həyata keçirməlidir. Həm
biznesin təşviqi və maliyyə əlçatanlığının qorunması, kreditə çıxış
imkanlarının genişləndirilməsi, digər tərəfdən də hansısa formada mümkün
variantlarla inflyasiyanın və məzənnənin müəyyən səviyyədə qorunub saxlanması
lazımdır. Hökumət birtərəfli siyasət apararsa, digər tərəfdə çox ciddi fəsadlara
gətirib çıxardır ki, onun nəticələrini aradan qaldırmaq illərlə mümkün olmur”.
R.Həsənov
deyir ki, uçot dərəcəsində qısa müddətdə azalma olacağı gözlənilmir, əksinə
dekabr ayının sonuna artımlar ola bilər: "Çünki manata risk yenə artır. O
baxımdan uçot dərəcəsinin artma ehtimalı yüksəlir. FED uçot dərəcəsini artırsa,
dolların manata təzyiqi daha da yüksələcək. Bu vaxt yəqin ki bizdə də adekvat
addımlar atmalı olacaqlar. Onlardan biri də uçot dərəcəsinin artırılması
olacaq”.
"Burada üst-üstə düşməyən tərs mütənasiblik var”
Maliyyə bazarları üzrə
ekspert Cəfər İbrahimli də deyir ki, on illərdir
Valyuta Fondu inflyasiya tendensiyası yaranan, iqtisadi aktivlik çox artan ölkələrə pul kütləsini azaltmağı, pul-kredit
siyasətini sərtləşdirməyi, hökumətin xərcləmələri – subsidiyalarını azaltmağı təklif
edir. Onların əsas baxdıqları konsept budur. Azərbaycana da bu aspektdən
yanaşıblar: "Bu il rəsmi açıqlamalarda Azərbaycanda ümumdaxili məhsulun azaldığı
müşahidə olunur. Amma Valyuta Fondu bir faiz artım olacağını proqnozlaşdırır. Əslində
bu çox müsbət proqnozdur. Hökumət bunu gözləyirmi? Bu məsələ var. Gələn il isə
iqtisadi artımın daha çox olacağını deyirlər. Amma məncə, Azərbaycan
iqtisadiyyatı böyük ölçüdə hökumətin xərcləmələrindən – dövlət büdcəsindən
asılıdır. Fiskal siyasətdə genişlənmə olduqca, pul-kredit siyasətində də ona
uyğun genişlənmə gedir. Bu da ölkədə müəyyən tendensiya yaradır. Bizdə hələ özəl
sektor o səviyyədə olmadığı üçün daha çox dövlət büdcəsindən asılıdır. Bu mənada
onlar gələn ilin böyümə tendensiyasını müsbət görürlər, ardınca da pul-kredit
siyasətini daha da sərtləşdirməyi təklif edirlər. Burada üst-üstə düşməyən tərs
mütənasiblik var”.
"Son iki ildə kifayət qədər pul-kredit siyasəti sərtləşdirilib”
C.İbrahimlinin
sözlərinə görə, Azərbaycanda pul-kredit siyasəti son iki ildə kifayət qədər sərtləşdirilib:
"Dövriyyədə pul bazası azaldılıb, dövlət büdcəsində azalma var. Hətta dövlət
büdcəsinin bir hissəsi kimi nəzərdə tutulan investisiyayönümlü böyük həcmdəki ayırmaların
da reallaşmasını növbəti illərə keçirib. Kifayət qədər pul-kredit və fiskal
siyasətdə sıxlaşma olub. Bundan sonrakı mərhələdə və gələn il üçün də bu
tendensiyanın davamı bir az çətin görünür. Düzdür, son illər ilk dəfə olaraq
ölkəmizdə ikirəqəmli inflyasiya müşahidə olunur. Amma inflyasiya
tendensiyasının olacağı qaçılmaz idi. Çünki bu devalvasiya ilə bağlı məsələdir.
Amma onların təklif elədikləri sərtləşdirmə siyasəti indiki məqamda iqtisadi
aktivliyin azalmasına səbəb ola bilər”.
Ekspert hesab
edir ki, manatla xarici valyutanın stabilliyini qorumağın bir variantını
tapmaq, iqtisadiyyata bir az aktivlik gətirmək lazımdır: "Dünya təcrübəsi də
bunu göstərir ki, iqtisadiyyatların yaranan müəyyən problemlərdən çıxa, böyümə
tendensiyasına keçə bilməsi üçün burada həm fiskal, həm pul-kredit siyasətində
genişlənmənin olması labüddür. Biz bunu 2008-ci ildəki son dünya maliyyə böhranında
da gördük. Düzdür, orada Azərbaycanla üst-üstə düşməyən məsələlər var. Amma yenə
də iqtisadiyyatda aktivliyin saxlanılması, biznes mühitinin genişlənməsi üçün həm
pul-kredit, həm fiskal siyasətdə genişlənməyə getmək şərt olacaq. İnflyasiya
iqtisadiyyat üçün xroniki xəstəlik kimi bir şeydir. Müalicəsi uzun vaxt alır.
Amma iqtisadiyyatda kifayət qədər böyümə tendensiyası, aktivlik təmin olunsa, bu,
inflyasiyanın tənzimlənməsinə kömək edə bilər. Ancaq burada idxal-ixracın
tendensiyaya təsirinə, pul kütləsinin genişlənməsinin fəsadlarına, sonrakı illərdə
iqtisadiyyatdakı böyümənin necə olmasına, nə qədər mal və xidmətin həcminin
artacağına, ümumdaxili məhsulun nə qədər yüksələcəyinə və s. baxmaq lazımdır. Orta xətti tapmaq lazımdır. Amma mən
pul-kredit, fiskal siyasəti o qədər də sıxlaşdırmağın tərəfdarı deyiləm”.
Aygün Asimqızı