• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Bütün türkdilli ölkələr latın qrafikasına keçməlidir - Fotolar

14.12.17 10:00 3151
Bütün türkdilli ölkələr latın qrafikasına keçməlidir - Fotolar
Türkdilli xalqların beynəlxalq səviyyədə tarixi-mədəni və mənəvi dəyərlərinin qorunması, tədqiqi və populyarlaşdırılması ilə məşğul olan beynəlxalq TÜRKSOY təşkilatının baş katibi, professor Düsen Kaseinov Azərbaycana səfər edib. Onunla möhtəşəm Xalça Muzeyində türkdilli xalqların nağıllar külliyyatının təqdimat mərasimindən və uşaq rəsmlərinin sərgisindən sonra görüşüb, səfər təəssüratlarını və türkdilli xalqlar üçün aktual əhəmiyyət kəsb edən məsələlərlə bağlı mövqeyini öyrənməyə müvəffəq olduq. Qeyd edək ki, şən və dostluq atmosferinin hökm sürdüyü tədbirdə, türk xalqlarının gözəl milli geyimlərində rəqs edən və oxuyan uşaqlar tədbir iştirakçılarına xüsusi bir bayram əhval-ruhiyyəsi yaradırdı.
- Düsen bəy, özünüzü belə bir gözəl, sevgi atmosferində, uşaqların arasında necə hiss edirsiniz?
- Gözəl. Bakıda keçirdiyim görüşlər məndə böyük təəssürat oyatdı. Bundan əvvəl türk şairlərinin əsərlərinin külliyyatının təqdimat mərasimində, Molla Pənah Vaqifin 300 və balkar şairi Kaysın Kuliyevin 100 illiyinə həsr olunan yubiley mərasimlərinə, eləcə də, Azərbaycan Pedaqoji Universitetində türkdilli xalqların kafedrasının açılış mərasimlərinə qatıldım. İndi də uşaqların iştirakı ilə keçirilən belə bir mərasimdəyəm.
- Özünüzü tarixi bir dövrə düşmüş kimi hiss edirsiniz?
- Əlbəttə. Başqa bir emosiya da ola bilməz. Bu, uşaqlar üçün böyük bir stimuldur. Ən əsası, bu şöhrət onların başını gicəlləndirməməlidir. Bir müəllim və konservatoriyanın keçmiş rektoru kimi deyə bilərəm ki, bu, elə də asan deyil. Birinci növbədə əmək, zəhmət sərf edilməli, ən əsası incəsənətin istənilən sahəsində əsl yaradıcılıq hissi olmalıdır.
- Hökumət və qeyri-hökumət qurumlarının TÜRKSOY-un layihələrinə cəlb edilməsi hansı səviyyədədir?
- TÜRKSOY-un uğurlarının sirri həm də ondadır ki, biz ictimai təşkilatlardan gələn təkliflərə reaksiya veririk. Onların imkanları məhduddur. Lakin bizim bir çox ölkələrlə əlaqələr qurmaq üçün geniş imkanlarımız var. Beynəlxalq təşkilat kimi tərəfləri bir-biri ilə yaxınlaşdırmaq, kömək etmək, tanış etmək imkanlarımız var. Məsələn, biz eşitmə imkanları zəif olan uşaqların "Dillərin jesti” festivalını keçirdik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən uşaqları dəvət etdik. Yəni bizlərin köməyi ilə yerli idarəetmə orqanları və ictimai təşkilatlar iştirak etdilər. Yaxud götürək, Qazaxıstan və YUNESKO-nun "Uşaqlar dünyanı təsvir edir” layihəsini. Birinci tədbir qazax uşaqlarının cəlb edilməsi ilə bağlı idi. Sonra isə biz sərhədləri genişləndirərək, digər türkdilli xalqları, o cümlədən Azərbaycanı da bura cəlb etdik. Uşaq festivalları ilə yanaşı, xalq incəsənəti festivalları da keçirdik və bu istiqamətdə hazırda böyük işlər görülür. Biz deyirik ki, TÜRKSOY YUNESKO-nun analoqudur. Lakin YUNESKO özü praktiki olaraq bizim etdiyimiz layihələrlə məşğul olmur. Biz bura geniş xalq kütlələrini cəlb edirik. Musiqiçi və yaradıcı bir insan olaraq sizə açıq deyim, mən konfransları sevmirəm, çünki adətən onlar tədbir naminə keçirilir. Xoşbəxtlikdən, biz konkret işlə məşğul oluruq. Məsələn, biz konservatoriyanın gənc və istedadlı tələbələrini toplamışıq, xor təşkil etmişik. TÜRKSOY-un xoru 2015-ci ildə Maqdeburqda keçirilən Beynəlxalq Xor Olimpiadasının laureatı olub, üç qızıl medal qazanıb. Münsiflər heyəti qarşılarında türk dünyasının nümayəndələrinin olmasından heyrətə gəlmişdilər. Halbuki, onların məktəbi dünyaca məşhur Avropa məktəbi idi. Bizim həm də türk xalq çalğı alətləri orkestrimiz də var, öz layihəmizə kamera və simfonik orkestrləri də cəlb edirik.
- TÜRKSOY 2018-ci ili Qara Qarayev ili elan edib. Gələn il onun 100 illiyi tamam olacaq. Bu istiqamətdə hansı işlər görülür?
- Dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində (bu şəhər 2017-ci il türk dünyasının paytaxtı elan edilib) belə qərara gəldik ki, 2018-ci ili Qara Qarayev ili elan edək və türk dünyası da bunu qeyd edəcək. Ötən il Türkiyənin Bolu şəhərinin Seben kəndində olanda hər səkkiz evdən birinə bizim ölkələrin bəstəkarlarının adlarını verdik. Onların arasında Qara Qarayev də var. Həmin yerə türkdilli ölkələrdən bəstəkarlar gəlib və iki həftə ərzində öz sənətləri ilə məşğul olublar. Yubiley tədbirlərinə hazırlıq artıq başlayıb və bir çox türkdilli ölkələrin şəhərlərində tədbirlər keçirilir. Bursada azərbaycanlı dirijor Yalçın Adıgözəlovun təşəbbüsü ilə keçiriləcək musiqi festivalına hazırlıq prosesindəyik. Vəd etmişik ki, filarmoniya rəhbərinə bununla bağlı kömək edəcəyik. Musiqi həftələrindən birinin Qara Qarayevin əsərlərinə həsr olunmasını irəli sürmüşük. İstərdik ki, bu əsərlər bütün dünya boyu səslənsin və bunu üçün səy göstərilməlidir. Ötən il mənim təşəbbüsümlə türkdilli ölkələrin qadın bəstəkarlarının festivalını keçirdik. Türkdilli ölkələrdən olan qadınlar ilk dəfə bir yerə toplaşdılar. Mənim çox hörmət etdiyim azərbaycanlı gözəl bəstəkar Firəngiz Əlizadənin yubileyi olduğundan, tədbirə qatıla bilmədi, lakin onun əsərləri orada səsləndi. Yaradıcı qadınlar mütəmadi olaraq belə bir tərkibdə görüşmək qərarına gəldilər. Sonra Karaqanda şəhərində mərhum Rauf Əliyevin konserti keçirildi.
- Gələn il türk dünyasının üç görkəmli nümayəndəsi - Çingiz Aytmatov, Qara Qarayev və Maqjan Jumabayevin illəri elan olunub. Bunu necə izah edərdiniz?
- Onlar həqiqətən də türk dünyasının görkəmli nümayəndələridir. Hələ qədim dövrlərdən bizim ümumtürk və dünya miqyaslı bir çox parlaq şəxsiyyətlərimiz olub. Lakin biz həm də öz xalqlarını məşhurlaşdıran müasirlərimizi də yaddan çıxarmırıq. Məsələn, korifey sənətkarların böyük həcmdə divar və stolüstü şəkilləri əks olunan təqvimlərini dərc edib yaymışıq. Bu il isə ağlıma belə bir fikir gəldi - niyə müasirlərimizi də təbliğ etməyək. Bu səbəbdən də gələn il Tahir Salahov, yazıçı Anar və çox hörmət bəslədiyim xanəndə Arif Babayevin təqvimlərini buraxacağıq. Ağsaqqalları sağlığında qiymətləndirmək gərəkdir və bu sözsüz ki, onların ömürlərinin daha da uzanmasına səbəb ola bilər. Əlbəttə, hörmət və izzəti insan sağ ikən etmək lazımdır. Bu, sadəcə, bir diqqət və hörmət əlamətidir. Biz böyük iş təcrübə toplamışıq. Hər il də bəlli olur ki, kimsə bizim diqqətimizdən kənarda qalır. Bu səbəbdən də gələn ili birdən-birə türk mədəniyyətinin üç görkəmli nümayəndəsinin ili elan etmək qərarına gəldik. Bu il həm də bir istisna etdik – adətən, YUNESKO və TÜRKSOY-un ənənəsinə uyğun olaraq, 100 il tamam olmamış yubileylər keçirilmir. Məsələn, Aytmatovun 90 ili tamam olsa da, biz istisna etdik. Biz bu məsələyə bir qədər incə yanaşdıq. Qazax tərəfinin təşəbbüsü ilə bura şair Maqjan Jumbayevi də daxil etdik. Bu il M.P.Vaqifin yubileyinin qeyd etdik, gələn ili isə Qara Qarayev ili elan etmişik. Türkdilli ölkələr isə 14-dür. Əgər haradasa bizim korifeyləri tanımırlarsa, bu o deməkdir ki, biz türk mədəniyyətinin təbliğatı istiqamətində lazımı səviyyədə işləmirik.
- Dahilər özlərindən sonrakı nəsillərə böyük irs qoyublar və biz də onu dünyaya tanıtmalıyıq.
- Əlbəttə. Türkiyədə olanda Heydər Əliyevin dahiyanə söylədiyi bir fikri eşitdim - "İki dövlət - bir xalq”. Bu fikri tam şəkildə dəstəkləyirəm. Lakin məsələ ondadır ki, praktikada bu sözlər bir qədər konkret işlərlə uzlaşmır. Biz bu sahədə konkret işlərə az rast gəlirik. Mən musiqiçiyəm və bu sahədən misal gətirmək istərdim. Türk simfonik orkestrlərinin repertuarını və dramatik teatrlarını araşdırdım. Türkdilli ölkələrin bəstəkarları və yaxud yazıçılarının əsərlərinin heç 3 faizinə də rast gəlmədim. Olsa da, o da orada işləyib, çalışan azərbaycanlı sənətkarların əsərləridir. Mən bu məsələni ölkələrimizin mədəniyyət nazirləri ilə də müzakirə etdim. Buna xüsusi diqqət ayrılmalıdır. Opera ilə bağlı onu deyim ki, "Koroğlu” ilə bağlı 200 nəfər topladıq, beynəlxalq xor qurduq və türk dilində opera nümayiş etdirdik. Bişkek, Almatı, Ankarada olduq. Bakıda isə 2010-cu il sentyabrın 20-də, Ü.Hacıbəyovun doğun günündə nümayiş etdirdik. Bu, çoxlu zəhmət tələb edirdi, lakin mən göstərdim ki, bunu reallaşdırmaq mümkündür və gərəklidir.
- Bunu bir eksperiment hesab etmək olarmı?
- Necə istəyirsiniz adlandırın. Yaxşı olardı ki, milli teatrlar öz səhnələrində türkdilli ölkələrdən müğənnilər dəvət edib belə bir opera qoyardılar. Real vəziyyət belədir ki, türkdilli ölkələrin opera səhnələri arasında lazımı əlaqələr mövcud deyil. Əgər kimsə bunu etməsə, proses getməyəcək.
- Türk Şurasının sammitində türk dünyasında ümumi televiziya məkanının yaradılması ilə bağlı konsepsiyaya necə yanaşırsınız?
- Məsələ çox mürəkkəb və əhəmiyyətlidir. İstərdik ki, Azərbaycanda tək yerli xəbərlər, veriliş və proqramlar olmasın. Bizim telekanallar arasında əlaqələr qurulmalıdır. Bunun üçün isə mütləq vahid telekanaldan yayımlanma həyata keçirilməlidir. Türkiyənin əyləncəli TBM (Türk Müzik Birliği) bazasında türkdilli ölkələrin mədəniyyət xəbərləri yayımlanmalıdır. Bizim bu kanalla birgə layihələrimiz var idi. TRT-Avaz müəyyən mənada bu məsələni həll edir. Lakin orada cəmi altı türk ölkəsi təmsil olunur. Hamı bu işə səy göstərib kömək etsə, yaxşı olardı. Hələ ki, Türkiyə bunu öz üzərinə götürüb. Telekanal, düzdür, çox əhəmiyyətlidir. Lakin dil və yüksək səviyyəli tərcüməçilərlə bağlı problem mövcuddur. Türk dili üzrə peşəkar kadr qıtlığı var. Bu məsələ ilə bağlı fundamental əsas, müxtəlif elm sahələri üzrə mütəxəssislər gərəkdir. Lakin hələ ki, humanitar sahədə rus dili bağlantı rolunu oynamaqdadır.
- Siz böyük bir iş görürsünüz, ən müxtəlif səviyyədə görüşlər keçirirsiniz. Ümumiyyətlə, türk dünyası mədəniyyətini Avropada necə tanıyırlar?
- Bunun üçün peşəkar yanaşma gərəkdir. Bu musiqi, balet, teatr və yaxud kino da ola bilər. Bizim filmləri Amerika filmləri ilə müqayisə etmək olarmı? Dəyişiklik üçün böyük maliyyə gərəkdir. Musiqi sahəsində beynəlxalq müsabiqələr laureatlarımız olur. Lakin başa düşürsünüz, onlar mədəniyyət hadisəsi olmur. Onları mütəmadi olaraq dövlət səviyyəsində qabartmaq gərəkdir. Bu gündəlik praktikaya çevrilərsə, onda inteqrasiya baş verəcək. Biz sovet qaydalarına görə hərəkət edir, mədəniyyət günləri keçiririk. Lakin bu, kifayət etmir.
- Vahid əlifbanın tətbiqi özünü nə dərəcədə doğrulda və qəbul oluna bilər?
- Məsələ ondadır ki, sizlər və türklərdə latın qrafikası müxtəlifdir, qazax və özbəklərdə latın isə ciddi işlənməyə ehtiyac duyur. Mən hesab edirəm ki, bütün türkdilli ölkələr latın qrafikasına keçməlidir. Bu proses dayanmamalıdır. Türk alimlərinin bu sahədə işi hər bir türkdilli xalqın xüsusiyyətləri nəzərə alınmaqla, razılaşdırılmış və birgə olmalıdır, güclü elmi baza olmalıdır. Hələ ki, bu proses başlanğıc mərhələdədir.
- Biz bilirik ki, gələn il TÜRKSOY özünün 25 illiyinin keçirir və xüsusi yubiley proqramı hazırlanıb. Bizlər də sizə bu əlamətdar tarixi uğurla keçirməyi arzu edirik. Əminik ki, bu tədbirlər türkdilli xalqların inteqrasiyası yolunda mühüm rol oynayacaq.
- Təşəkkür edirik. Biz ümid edirik ki, siz TÜRKSOY-un yubiley tədbirlərini də böyük maraqla və ətraflı şəkildə işıqlandıracaqsınız.
Afət İslam

banner

Oxşar Xəbərlər