• cümə axşamı, 25 aprel, 12:23
  • Baku Bakı 23°C

Bütün sorğuların qalibi İlham Əliyevdir

27.09.13 08:25 1970
Bütün sorğuların qalibi İlham Əliyevdir
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti seçki öncəsi sorğu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin 86%-i Prezident İlham Əliyevi dəstəkləyiblər. AJF-in icraçı direktoru Corc Birnbaum sorğunun nəticələrini şərh edərək bildirib: “Biz bu məlumatın dəqiqliyinə əminik... Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir. Bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək”.
Sorğunun nəticələrini şərh edən digər analitiklər də bildiriblər ki, Azərbaycanın dinamik inkişafı, davamlı iqtisadi yüksəlişi, ölkədə sosial problemlərin uğurlu həlli, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi, Azərbaycanın dünya miqyasında nüfuzlu ölkəyə çevrilməsi, milli təhlükəsizlik kimi mühüm məsələnin əsaslı şəkildə həll edilməsi Azərbaycan hakimiyyətinin və şəxsən Prezident İlham Əliyevin yüksək reytinqini əsaslandıran amillərdir. Bundan başqa, bu günə kimi keçirilmiş bütün sorğuların nəticələri də bir daha təsdiq edir ki, ölkə əhalisi cənab İlham Əliyevi və hakim komandanı qarşıdan gələn dövrdə Azərbaycanın inkişafını və qarşıda duran məsələlərin həllini təmin edəcək yeganə qüvvə hesab edir.
2003-cü ildə Cənab İlham Əliyev dövlət başçısı seçiləndə və sonrakı illərdə dünyanın nüfuzlu təşkilatlarının, sosioloji təhqiqat mərkəzlərinin apardığı rəy sorğularının nəticələri Azərbaycan Prezidentinin reytinqinin ardıcıl şəkildə yüksəldiyini təsdiq etdilər. ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) tərəfindən 2006-cı il noyabrın 17-dən dekabrın 20-dək 1400 nəfər şəxs arasında keçirilmiş sorğu göstərdi ki, əhalinin 52 %-i ölkədəki ümumi vəziyyətdən razıdır. Respondentlərin 60 %-i mövcud iqtisadi vəziyyətə yaxşı qiymət vermişdilər. Rəy sorğusuna görə, əhalinin 60 %-dən çoxu Azərbaycan Prezidentinə tamamilə, 25 %-dən çoxu isə hər halda etibar etdiyini bildirmişdi. Bu isə əhalinin 85%-nin Azərbaycan Prezidentinə olan etimadını əyani şəkildə nümayiş etdirdi.
ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatının 2009-cu il iyulun 31-də keçmiş sovet respublikaları üzrə keçirdiyi sorğusunun nəticələri bir daha Azərbaycan xalqının Prezident İlham Əliyevin fəaliyyətini təqdir etdiyini və dəstəklədiyini göstərdi. “Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir” sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə etmişdi. Bu, postsovet ölkələri arasında ən yüksək göstərici kimi qeyd olunmuşu. Müqayisə üçün qeyd edək ki, sorğunun nəticələrinə görə, Gürcüstanda əhalinin 21 faizi, Ukraynada isə cəmi 4 faizi hökumətin işini müsbət qiymətləndirmişdi.
2011-ci ilin son aylarında “Gallup İnternational”–in dünyanın 51 ölkəsində apardığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutdu. Sorğunun nəticəsi göstərirdi ki, ölkə əhalisi hazırkı ilə nisbətən növbəti illərdə özünün rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin inkişafına böyük nikbinliklə baxır. Bu isə birmənalı şəkildə Prezident İlham Əliyevin fəaliyyətinə, ölkənin tərəqqisinə, həyata keçirilən nəhəng quruculuq işlərinə əhalinin adekvat reaksiyası idi. Eyni zamanda, araşdırma göstərdi ki, ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda qeyd edilirdi ki, son 34 il ərzində keçirilən sorğulara nisbətən həmin ilin nəticələrini dünya üzrə ən pessimist göstərici hesab etmək olar.
Bu faktor bir daha Prezident İlham Əliyevin Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğu, müxtəlif bölgələrdə ciddi qarşıdurmalar, sosial gərginliklər müşahidə olunduğu halda, ölkəmizin sabitlik adasını xatırlatdığı barədə fikrini əyani şəkildə təsdiq edir. Əvvəlcə 2004-2005-ci illərdə “rəngli inqilablar”, 2008-ci ildən başlayan və bu gün də davam edən qlobal iqtisadi böhran, ərəb ölkələrində siyasi kataklizmlər, hakimiyyət dəyişiklikləri və bunun fonunda müşahidə olunan hərbi qarşıdurmalar, iqtisadiyyatın çökməsi, sosial fəlakət Azərbaycan vətəndaşı üçün ardıcıl siqnallar idi. Bu mənzərəni müşahidə edən hər bir vətəndaş düşünürdü ki, bütün bunlar bizə lazımdırmı? Biz nəyə görə inkişaf edən ölkəmizi, artan iqtisadi potensialımızı, yüksələn sosial rifahımızı kimlərinsə hakimiyyət ehtirasına, maraqlarına qurban verməliyik? Nəticə etibarilə Azərbaycan vətəndaşı sağlam, düşünülmüş, prinsipial mövqe ortaya qoyaraq bütün bu avantüralara qarşı səsini ucaltdı, birmənalı şəkildə “yox” dedi. Nəticə də özünü çox gözlətmədi.
Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Avropa Qonşuluğu Barometri" layihəsi çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında keçirilən sorğunun nəticəsi insanlarımızın seçimini nümayiş etdirdi. Sorğuda iştirak edən respondentlərin 65%-i öz həyatlarından razı olduqlarını bildirdilər. Xüsusi olaraq qeyd edilməlidir ki, həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksək oldu. Sorğuda iştirak edənlərin 92%-i öz hökumətinə və 68%-parlamentə inandığını bildirdi. Respondentlərin 48% faizinin fikrincə, Azərbaycan düzgün istiqamətdə hərəkət edir. İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi soruşulanların 69%-i iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir, 60% isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.
Bütün sorğuların nəticələri birmənalı şəkildə təsdiq edir ki, son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi dinamik şəkildə yüksəlib. Cəmi 10 ildə ölkə elə bir inkişafa nail olub ki, bunu Azərbaycanı gözü götürməyənlər də etiraf etməyə məcburdurlar. Azərbaycan vətəndaşı da onun rəyi soruşulanda ölkənin 10 il əvvəlki və indiki mənzərəsini, öz sosial vəziyyətini müqayisə edir, gözünün önünə gətirir və cənab İlham Əliyevin adını çəkir. Artıq Azərbaycan ictimai rəyində İlham Əliyevin qurucu, yaradıcı obrazı formalaşıb. İnsanlar görürlər ki, İlham Əliyev bütün vədlərinə əməl edir, qısa zamanda ən ağır problemlərin həllinə nail olmağı bacarır. Onun bütün qərarları xalqın istək və arzularını ifadə edir. İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən yüksəkdə tutur, öz xalqına arxalanır və ondan güc, qüvvə alır. İlham Əliyev xalqla bir yerdədir, onun qayğıları ilə yaşayır, bütün gücünü, enerjisini cəmiyyətimizin qarşısında duran mühüm məsələlərin həllinə sərf edir. İlham Əliyev 10 ildə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Ona görə də o, seçki təbliğatı aparmır. İlham Əliyevin yerinə onun gördüyü böyük işlər danışır. İndi sual olunur: Azərbaycan seçicisi belə dövlət başçısına, rəhbərə, liderə növbəti dəfə niyə etimad göstərməsin? Bax o həmin yüksək faizlər də bu sadə, amma tam real həqiqəti əks etdirir.
Bu reallığı yalnız miskin durumda olan kiçik bir qrup həzm edə bilmir. Çünki əks təqdirdə öz gərəksizliklərini etiraf edərək siyasi səhnədən getməyə, “müxalifətçilik” adlanan biznesdən əl çəkməyə məcbur olacaqlar. Ona görə də onlar 20 ildir seçkidən seçkiyə fəallaşır, özlərinin də inanmadığı “birlik” görüntüsü yaradır, xarici təşkilatların, səfirliklərin qapılarında növbəyə düzülür və gələn seçkiyə kimi mövcudluqlarını qoruyub saxlamaq üçün azuqə toplayırlar. Onların mövqeyi tam inkarçılıq, “kim bizimlə deyilsə, bizim düşmənimizdir” prinsipinə əsaslanır. Əgər lazım gəlirsə, bunun üçün hamını, hətta ABŞ-ı, Avropa İttifaqını belə şantaj etməyə başlayırlar. Məsələn, hakimiyyətin yüksək reytinqini təsdiq edən sosioloji sorğuları ənənəvi şəkildə hədəfə götürən müxalifət "Avropa Qonşuluğu Barometri"nin nəticəsindən son dərəcə məyus oldu. Bu il mayın 2-4-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin müxalifət nümayəndələri ilə görüşü isə bu məyusluğu daha da gücləndirdi. Məsələn, müxalifət nümayəndələrinin nəyə görə Aİ-nin onları kifayət qədər dəstəkləmədiyi sualına cavab olaraq, Ş.Füle bildirmişdi ki, onlar dar nüfuzlarını Aİ-nin hesabına genişləndirməyə çalışmamalı və bu işdə Avropadan dəstək gözləməməlidirlər. Sorğunun guya reallığı əks etdirmədiyi ilə bağlı iddialara isə cənab Füle belə cavab vermişdi ki, “Avropa Qonşuluğu Barometri” Aİ-nin mötəbər qurumudur və nəticələrin şübhə altına alınması heç kimə başucalığı gətirməz. Üstəlik, cənab Füle “siz Aİ-ni rüşvətdə təqsirləndirirsiniz?” deyə əsəbiləşmişdi. Ancaq onu da nəzərə almaq lazımdır ki, cənab Füle heç də Azərbaycana rəğbəti ilə seçilən şəxs deyil və bir neçə halda ölkəmizlə bağlı tənqidi fikirlər də səsləndirib. Həmin açıqlamaları vaxtilə əlində bayraq edən müxalifət partiyaları rəhbərlərinin görüşdə necə pərt duruma düşdüklərini təsəvvür etmək bir o qədər də çətin deyil.
İndi çox maraqlı vəziyyət yaranır. "Avropa Qonşuluğu Barometri" layihəsi çərçivəsində keçirilmiş sorğuya əsasən, respondentlərin 92%-i öz hökumətinə inandığını bildirdi. Məlum məsələdir ki, bu 92% xalqın Prezident İlham Əliyevə, onun siyasətinə etimadını ifadə etmişdi. ABŞ-ın “Arthur J. Finkelstein and Associates” şirkəti isə müəyyən edib ki, respondentlərin 86%-i hazırkı Prezident İlham Əliyevi dəstəkləyir. Amma Milli Şura adlanan qurum bəyanat yayaraq bildirib ki, “AJF-nin keçirdiyi sorğuları obyektiv saymırıq və onun keçirəcəyi “exit-poll”un nəticələrini də tanımırıq”. İndi sual olunur, bu müxalifət İFES-i, “Gallup”u, “Avropa Qonşuluq Barometri”ni və digər nüfuzlu təşkilatları, sorğu mərkəzlərini tanımırsa, onlara inanmırsa, onda kimi tanıyır və kimə inanır? ABŞ Konqresi tərəfindən maliyyələşdirilən və Azərbaycan qanunlarını pozaraq Milli Şuranın namizədi Cəmil Həsənlini təbliğ edən “Azadlıq” radiosunun saytına? Müsavat funksioneri Hikmət Hacızadənin kurasiyasında olan “ADAM” sosioloji xidmətinə? Bu təsisatların keçirdiyi sorğuların nəticələri hansı dünya miqyaslı sorğu mərkəzinin nəticələri ilə üst-üstə düşür? Amma həm “Rəy” Monitorinq Mərkəzinin həm də ANSPRESS-in keçirdiyi sorğuların nəticələri göstərdi ki, seçkilər bu gün keçirilərsə, seçicilərin 81 faizi hakim Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə hazırdırlar. Bu nəticəni dünyanın nüfuzlu sosioloji təhqiqat mərkəzlərinin sorğuları da təsdiq edir.
Bütün sorğuların nəticələri göstərir edir ki, cənab İlham Əliyevin reytinqi onun dövlət başçısı postunda fəaliyyətinə paralel şəkildə yüksəlib və bu gün pik həddə çatıb. Cəmiyyət öz liderini görür, tanıyır, qəbul edir və ona növbəti dəfə etimad göstərməyə hazırdır.
«Kaspi» qəzeti
banner

Oxşar Xəbərlər