• cümə, 26 Aprel, 03:26
  • Baku Bakı 16°C

Bütün dövlətlər öz maraqlarından çıxış edirlər

10.06.17 11:30 1467
Bütün dövlətlər öz maraqlarından çıxış edirlər
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv, Qəmər adaları, Mavrikiy və Seneqal rəsmi Doha ilə diplomatik əlaqələri kəsiblər. Buna səbəb kimi həmin dövlətlər Qətərin terror təşkilatlarına və adları qeyd edilən ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə terrorçuların fəaliyyətlərinə dəstək verməsini göstəriblər. Bu barədə məlumat yayıldıqdan sonra Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı liderləri arasında telefon danışığı olub və onlar Qətər ətrafında baş verənləri müzakirə ediblər. Vəziyyətin getdikcə gərginləşdiyi bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Qətər arasında türk hərbçilərin Qətər ərazisində yerləşdirilməsi barədə sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb. Qeyd olunub ki, Qətərdə Türkiyə hərbi bazasının yaradılması 2014-cü ildə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə imzalanmış sazişdə nəzərdə tutulub. Türkiyənin Qətərə hərbi kontingent göndərmək barədə qərarından sonra Pakistan da analoji qərar qəbul edib. Qərara görə, Pakistanın Qətərə 20 mindən çox hərbi qulluqçu göndərəcəyi gözlənilir. Bu qərar isə Pakistan və Türkiyə arasında hərbi sahədə mövcud saziş çərçivəsində qəbul edilib.

Yaxın Şərqdə cərəyan edən proseslər, Türkiyə və Pakistanın Qətərə hərbi kontingent yerləşdirməsini "Kaspi”yə şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, rəsmi Doha ətrafında maraqların toqquşması özünü göstərməkdədir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı başda olmaqla, regionda yerləşən dövlətlərin hər biri öz maraqlarına cavab verən addımlar atırlar: "Onlar Qətəri təcrid vəziyyətinə salmaq, bununla da Tehran-Doha münasibətlərinə zərbə vurmaq niyyəti güdürlər. Çünki ərəb dövlətlərini İranla Qətər arasında olan isti münasibətlər həddən ziyadə narahat edir. Bununla yanaşı, Qətər ətrafında gərginliyin yaranmasında enerji amili də özünü göstərməkdədir. Vaxtilə belə bir layihə var idi ki, Qətərdən Türkiyəyə və Avropaya qaz boru xətti çəkiləcək. Lakin ərəb inqilabları, o cümlədən Suriyada uzunmüddətli müharibənin başlanması bu layihənin reallaşmasını ləngitdi. Ola bilsin bu layihənin yenidən bərpa edilməsi gündəmdədir. Son illər Türkiyə ilə Qətər arasında münasibətlər normal məcrada inkişaf edib. Hər iki dövlət strateji nöqtədə yerləşir. Türkiyə bir sıra məhsulların Qətərə çatdırılmasında maraqlıdır. Eləcə də Qətər Türkiyəyə 20 milyard dollara yaxın yatırım edib. Səudiyyə Ərəbistanı və bir sıra dövlətlərin rəsmi Dohaya qarşı davranışları fonunda Türkiyə anlayır ki, Qətədəki dayaq nöqtəsi itsə, maraqları zərbə altında qala bilər. Ona görə də Qətərin yanında olmaq rəsmi Ankara üçün önəmli məsələdir. Məhz bu kimi səbəblərdən Türkiyə hərbi kontingentinin Qətərdə yerləşdirilməsi barədə qərar qəbul olunub. Türkiyə kimi Pakistan da öz maraqlarının təmin olunması üçün analoji addım atıb. Çünki, Pakistan da Qətərlə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Hər iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə yaxşı münasibətlər formalaşıb”.

F.Sadıxov Türkiyə və Pakistanın Qətərdə hərbi kontingent yerləşdirməsinin təhlükəli tərəfini də şərh edib. Bildirib ki, Yaxın Şərqdəki narahat vəziyyət, Qətər ətrafında baş verən proseslər, üstəlik Türkiyə və Pakistanın hərbi kontingent yerləşdirməsi, regiondakı gərginliyi bir qədər də artıra bilər: "Bu regionda yeni toqquşmaları da istisna etmək olmaz. Bu qədər dövlət regionda öz maraqlarını açıq şəkildə qabardır, istəklərini yeritmək istəyirlərsə, bunun sonunun hərbi münaqişə ilə nəticələnəcəyini də gözləmək mümkündür”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Türkiyə, Pakistan, Azərbaycan kimi ölkələr Səudiyyə Ərəbistanı-Qətər münasibətlərinin kəskinləşməsində maraqlı deyillər və onlar arasında seçim etmək istəmirlər. Onun sözlərinə görə, bir çox qeyri-ərəb ölkələrin həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə sıx əlaqələri var: "Türkiyənin Səudiyyə və Qətərlə yaxşı əlaqələri var. Ancaq son vaxtlar Qətər Türkiyəyə daha çox maraq göstərir. Qətərin Türkiyədə milyardlarla dollar həcmində kapitalı, sərmayəsi var. Hərbi kontingentin yerləşdirilməsi barədə müraciəti də Türkiyədən rəsmi Doha edib. Türkiyə tarixində ilk dəfədir ki, ölkədən kənarda - Qətərdə hərbi baza formalaşdırılır. Bu iki amil nəzərə alınaraq, Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı istəyir deyə, Qətərlə münasibətləri korlamaq istəmir. Əksinə, rəsmi Ankara öz davranışları ilə Qətərə mənəvi dəstək verir. İnanmıram ki, bu davranış Türkiyə Səudiyyə münasibətlərinə hər hansı formada xələl gətirsin. Fikrimcə, gec-tez Səudiyyə ilə Qətər barışacaq, münasibətlər yaxşılaşacaq. Qətər ərəb dünyasından kənarda qala bilməz. Qətərin bütün quru sərhədi Səudiyyə Ərəbistanı ilədir və ərzaq məhsullarının böyük əksəriyyəti bu ölkədən idxal olunur. Qətər varlı dövlət olsa da, iqlimi imkan vermir ki, bu məhsulları özü yetişdirsin, tədarük etsin. Ona görə də son hadisələr səbəbindən ölkədə ərzaq qıtlığı indidən yaşanmaqdadır. Bu kimi reallıqlar nəzərə alınaraq Qətər qarşısında iki şərt qoyulub. Rəsmi Doha beynəlxalq terrorçulara dəstək verməkdən imtina etməli, İranla gizli əlaqələrinə son qoymalıdır. İndidən görünür ki, Qətər geriyə doğru addımlar atır. Rəsmi Doha buna məcburdur. Artıq Qətər "HƏMAS”ın ölkədəki nümayəndəliyini bağladıb. Bu kimi addımların davamlı olacağına inanıram”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər