• çərşənbə axşamı, 16 aprel, 13:01
  • Baku Bakı 19°C

Bütün dünya üçün sosial inqilab nümunəsi - Fotolar

28.02.19 18:42 1973
Bütün dünya üçün sosial inqilab nümunəsi - Fotolar
Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Ona görə də, əhalinin rifah halının yüksəldilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görülür, iqtisadi və institusional islahatlar həyata keçirilir. Bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Lakin bununla belə, Azərbaycan dünyanın bir parçasıdır və beynəlxalq aləmdə baş verən proseslər bizim ölkədən də yan keçmir. Bu mənada zaman-zaman dünyada baş verən iqtisadi böhranı və onun bir sıra ölkələrə ciddi təsir göstərməsini qeyd etmək olar. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi sözsüz ki, az da olsa Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərib. Nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyuta ilə kredit almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu kimi məsələlərə məhkəmə müstəvisində baxılma halları çoxalıb.

Lakin son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Bu yerdə onu da qeyd edək ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyuta ilə alınan kreditlərilə bağlı olub. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb.

Fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı da bu məsələyə toxunaraq bildirib ki, sözügedən problemin həlli üçün son mərhələdə işçi qrup çox ciddi məşğuldur: "İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə, əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.

Dövlət başçısı İlham Əliyev bu çıxışından cəmi 3 gün sonra "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Beləliklə, ölkə rəhbəri növbəti dəfə əhalinin sosial probleminə həssas yanaşmaqla, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli ilə yenidən nümayiş etdirib. Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun bu Fərmanla bağlı açıqlamasından məlum olduğu kimi, sözügedən dövlət sənədi dollarla krediti olan 450 min nəfərə şamil ediləcək.
Bununla yanaşı, 1 ildən artıq müddətdə krediti ödəyə bilməyən 400 min vətəndaşın borcları restrukturizasiya olunacaq. Əgər hər ailədə ümumilikdə 4 nəfərin yaşadığını nəzərə alsaq, fərmandan yararlanan vətəndaşların sayı 2.5-3 milyon nəfər olacaq. Digər tərəfdən, 1 dollar 0.78 qəpik olanda kredit götürüb onu 1.05 və ya 1.70-lə ödəmiş vətəndaşlara da dövlət tərəfindən kompensasiya ödəniləcək. Kompensasiya borc tam ödənilibsə, vətəndaşın özünə, tam ödənilməyibsə, banklara ödəniləcək və qalan borcdan çıxılacaq. Əgər dollar krediti sonradan manatla olan müqaviləyə keçirilibsə, fərman bu halda da tətbiq ediləcək. Ən nəhayət, güzəşt kreditlərini manata keçirən vətəndaşa da şamil ediləcək.

İqtisadçı ekspert Vüqar Bayramov da bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Onun sözlərinə görə, nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapıb. Ekspert deyib ki, həmin problemin həlli yüz minlərlə insanın bu güzəştdən istifadə etməsinə şərait yaradacaq. V.Bayramov qeyd edib ki, Fərmana əsasən, xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanacaq: "Güzəşt 10 min dollar həcmində kredit borclarına tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi zamanı iki dövr - 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət nəzərdə tutulub. Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq ediləcək. Bu isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min dollar kredit götürmüşdüsə, onun krediti manat ifadəsində 7 min 800 manat idi. Devalvasiyadan sonra həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılacaq və məbləğ təxminən devalvasiyadan əvvəlki məbləğ olacaq. 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan kreditlərdə isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu, hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin məbləği 5 min dollar olacaq. Yəni, 10 min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə edəcək. Qalan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik faizi 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da vətəndaşlara imkan verəcək ki, qalan hissəni 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunur. Ümumilikdə, bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Həmçinin bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir”.

Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Bununla da Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Bu mənada Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər