• cümə axşamı, 25 aprel, 05:30
  • Baku Bakı 19°C

Bütün dünya nə qədər güclü, kreativ, istedadlı olduğumuzu görəcək

30.05.15 11:02 2652
Bütün dünya nə qədər güclü, kreativ, istedadlı olduğumuzu görəcək
Artıq “Bakı-2015” Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə keçiriləcək bu mötəbər yarışda gənclərin rolu danılmazdır. Hazırlıq prosesində aktivlik göstərən gənclərimiz Oyunların mükəmməl keçməsi üçün əllərindən gələni etməyə çalışırlar. Bu günkü müsahibimiz də məhz beynəlxalq layihələrdə Azərbaycanı təmsil edən, geniş təcrübəsi ilə gənclərə örnək olan aparıcı Hüsniyyə Məhərrəmovadır.
Hüsniyyə ötən həftə Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision-2015” mahnı müsabiqəsində iştirak edərək, təmsilçimizə dəstək oldu. Müsabiqədən qayıtdıqdan sonra isə Avropa Oyunları ilə bağlı ona həvalə olunan işlərinin başına döndü. “Kaspi”nin qonağı olan H.Məhərrəmova bizimlə söhbətində böyük layihələrlə bağlı xarici səfərlərdə olmasından, yaxın zamanlarda onu digər irimiqyaslı layihələrdə görə biləcəyimizdən də danışdı.
- Hüsniyyə xanım, Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsində 12-ci yerə layiq görülməsi ölkəmizdə birmənalı qarşılanmadı. Sizcə, Elnur 12-ci yerə layiq idimi?

- Əlbəttə ki, təmsilçimiz Elnur Hüseynov bu yerə layiq deyildi. Ancaq bilmək lazımdır ki, “Eurovision” mahnı müsabiqəsi bir yarışmasadır. Bu yarışmada nəticələr hər zaman gözlənilməz olur. Bəzən zəif iştirakçının qalib olduğunun, bəzən də güclü iştirakçıların az bal topladığının şahidi oluruq. Bu il də həmin müsabiqəyə biri-birindən maraqlı mahnılar təqdim edilmişdi. Məni təəccübləndirən digər bir məqam isə, Almaniyanın bu müsabiqəyə çox güclü iştirakçı göndərməsinə baxmayaraq, onların 0 xal qazanması oldu. Baxmayaraq ki, həmin iştirakçının gözəl səsi, performansı var idi. Mən çox təəccüblədnim ki, elə gözəl mahnıya 0 xal verdilər. Bizə gəlincə isə, müsabiqədə yarışan 40 ölkə arasında 12-ci olmaq elə də pis nəticə deyil. Almaniyanın bu vəziyyətini görəndə mənə elə gəlir ki, 12-ci yer elə də pis yer deyil (gülür). Nədənsə nəticələr bir qədər zəif olanda, bizdə bunu faciə kimi qəbul edirlər.12-ci olmağın nəyi pisdir ki? Amma açığını desəm, mən də bu nəticəni gözləmirdim.
- Müsabiqəyə təqdim olunan mahnılar yarımfinalda səsləndikdə, xarici saytlarda Elnuru ilk “5”-likdə göstərirdilər. Bunun üçün də hər kəs Elnurdan yüksək nəticə gözləyirdi. Bəlkə də ona görədir ki, tamaşaçılar 12-ci yeri təəccüblə qarşıladılar.

- Bəli, Elnurun ifası bəyənilən ifalardan idi. Nəticələr bizdən, bizim düşüncələrimizdən asılı olmur. Elnurun mahnısı qısa zaman çərçivəsində çox dinlənilən mahnıya çevrilmişdi. Elnur Avropada ən çox dinlənilən ifaçıların sırasında idi. Diqqətinizə onu da çatdırım ki, təmsilçimiz Avropada böyük oxucu kütləsinə malik olan Almaniyanın “Manner” maqazin jurnalının üz qabığına da çıxdı. Həmin jurnalda hər ifaçıya müraciət edib, onun rəsmini manşet etmirlər. Bu da onun sevilməsinin və Avropada kifayət qədər tanınmasının əsas göstəricilərindən biridir. Yəni Elnurun favoritlər sırasında olması üçün bir çox əsaslar var idi. Elnurun ifası, nömrəsi, əlbəttə ki, 12-ci yerdən daha yaxşısına layiq idi. Amma bu, bir yarışmadır, ona görə hər şeyi öncədən proqnoz etmək olmur. Bir dəfə ön sırada yer tutduqda, ikinci dəfə bir qədər geridə də ola bilirsən. Nəticələrin necə olacağını öncədən görə bilmərik, sadəcə olaraq mahnıya, performansa görə nəyin daha keyfiyyətli və maraqlı olduğunu deyə bilərik. Təəssüf ki, bu, müsabiqənin nəticələrinə heç bir təsir göstərmir.
- Hüsniyyə xanım, bildiyiniz kimi, ölkəmiz böyük bir məsuliyyəti üzərinə götürərək bu il “Bakı-2015” Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu Oyunarın Azərbaycanda keçirilməsinə bir vətəndaş kimi münasibətinizi öyrənmək istərdik.

- Təbii ki, Azərbaycan vətəndaşı olaraq ölkəmizdə belə böyük yarışmanın keçirilməsinə çox sevinirəm. Azərbaycanımızda keçirilən böyük tədbirlərə, layihələrə ikiəlli razıyam. Çünki bu tip yarışmaların keçirilməsi vətənimizin tanınmasına, onun PR-na, dünya ölkəri arasında sözünü deməsinə, nüfuzunu qaldırmasına böyük köməkdir. Demək olar ki, inkişaf etmiş ölkələrdə bu miqyasda yarışmalar keçirilir və bu da onların tanınmasında daha böyük rol oynayır. Biz gənc bir ölkəyik, dünya arenasında sözümü demək üçün əlimizdə hər bir imkan var. Beynəlxalq yarışmalara da hər zaman hazırıq. İstər “Eurovision” mahnı müsabiqəsi, istər Birinci Avropa Oyunları, istərsə də “Formula 1”yarışmasının keçirilməsi bizi ancaq dünya arenasıda tanıda və seçilən bir ölkə edə bilər. Biz də Azərbaycan vətəndaşı kimi bu uğurlarımıza yalnız və yalnız sevinə bilərik. Bunun üçün də beynəlxalq yarışmlara ev sahibliyi etməyimizi mübət hal kimi dəyərlərndiriəm. İstənilən tərəfdən baxanda, belə beynəlxalq layihələr bizə uğur gətirir. Avropa Oyunlarının vətənimizdə keçirilməsinin hərətəfəli tərəfdarıyam. Bilirəm ki, çox möhtəşəm açılış mərasimi olacaq, yəqin ki, avropalılar bu açılışa heyranlıqla baxacaqlar. Bütün dünya bizim nəyə qadir olduğumuzu, nə qədər güclü, kreativ, isteadadlı olduğumuzu görəcək. Üstəlik də çoxlu sayda gənclərimiz Oyunlarla bağlı çox gözəl işlərlə təmin olunublar. Özüm də o komandanın içindəyəm və görürəm ki, bizim gənclər peşəkarlarla, xaricilərlə, işini bilən insanlarla birlikdə çalışırlar və geniş təcrübə əldə edirlər. Təsəvvür etmirəm ki, Avropa Oyunları olmasaydı, bu qədər gənclərimiz nə edəcəkdilər və belə bir təcrübəyə necə yiyələnəcəkdilər. Bir gənc kimi bu layihədə iştirak etmək onlar üçün böyük üstünlükdür. Bu onların sonrakı həyatlarında da böyük rol oynayacaq. Avropa Oyunarında iştirak etmək gənclər üçün böyük bir məktəbdir. Həm təcrübə baxımından, həm də gələcəkdəki iş strukturkarı baxımından. Gələn il ölkəmizdə “Formula 1 Grand Prix” avtomobil yarışları da keçiriləcək. Düzünü desəm, bu yarışmanın başlamasını səbirsizliklə gözləyirəm. Çünki bu idman növünü çox sevirəm. Bu idman növünü izləyənlər bilir ki, onun hansısa ölkədə keçirilməsi çətin və müşkül məsələdir.
- Azərbaycan hansı beynəlxalq layihələrə imza atırsa, orada sizin də adınız hallanır. Maraqlıdır, bu Oyunlarda siz hansı vəzifəni icra edəcəksiniz?

- Mənim də az da olsa, Avropa Oyunlarının keçirilməsində qatqım var. Bildiyiniz kimi, paytaxtımızda prezidentimiz tərəfindən yandırılan məşəl bölgələrimizi gəzməkdədir. Həmin məşəlin gəzdirilməsi məsələsində başlanğıcda duranlardan biri də mənəm. Bu mötəbər yarışdakı digər rolum barədə isə sizə öncədən məlumat verə bilmərəm. Oyunlar ərəfəsində siz özünüz hər şeyin şahidi olacaqsınız.
- Sizin “Facebook” səhifənizdən xarici ölkələrdəki səfərlərinizi görürük. Bu səfərlər işlə bağlıdır, yoxsa istirahət turuna çıxmışdınız?

- İndiyə kimi istirahət üçün xaricdə cəmi bir dəfə olmuşam. Mənim xarici səfərlərim yalnız işlə bağlı olub. Bu işimlə bağlı da yaxın zamanlarda sizə açıqlama verəcəyəm. Çox maraqlı bir layihədir. Hazırda işimdən çox razıyam. Yalnız “Eurovision”, Avropa Oyunları deyil, bir çox layihələr var ki, onlara görə çox zaman xaricdə olmağa məcburam.
- ATV-də sizi yeni bir verilişin anonsunda görmüşdük. Bəlkə elə danışdığınız layihə budur?

- Bu, tamam başqa bir layihədir. Avropa Oyunları ilə bağlı biz onu saxlamalı olduq. Həmin verilişdə bir neçə aparıcı olacağıq. Ancaq hər birimiz ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı işlərə cəlb edilmişik. Bu müddətdə bizim efirə çıxmağımız həm məqsədyönlü deyil, həm də fiziki cəhətdən bunu çatdıra bilməzdik. Ona görə bu layihəni sentyabr ayına, yəni yeni mövsümə saxladıq. Onu da qeyd edim ki, mən ATV kanalında çalışmıram. O kanalı çox sevirəm, yaradıcı kollektivinə böyük hörmətim var. Sadəcə olaraq onlarla əməkdaşlıq edirəm. Məni bu layihəyə dəvət etdikləri üçün də onlara təşəkkürümü bildirirəm. Bizi sentyabrda gözləyin. Həmin verilişdə 4 aparıcı, bir qonaq olacaq. Mürəkkəb və ya hər hansı intellektual bir layihə deyil. Belə ki, 4 fərqli üslubda olan aparıcılar fərqli qonaqlarla görüşəcəyik. Bu veriliş vasitəsilə ekran qarşısında əyləşən tamaşaçılara pozitiv aura ötürməyə çalışacağıq. İnanıram ki, bu da çox maraqlı verilişlərdən biri olacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər