• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Bütün canlılar üçün vacib təbii qaynaq

06.07.20 16:30 1308
Bütün canlılar üçün vacib təbii qaynaq
Beyin mərkəzlərinin istər ictimayətə açıq istərsə də qapalı sənədlərində qeyd edilib ki, yaxın 30-50 ilin ən böyük problemi içməli, şirin su problemi olacaq. Bol su resursu olan ölkələr gələcəkdə ciddi resurs və nüfuz qazanacağı gözlənilən haldır. Rusiya dünyada ən çox şirin su resurslarına malik ölkədir, tək Baykal gölü deyil, bol sulu çaylar da məhz Rusiya ərazisindədir. 2050-ci ilə qədər dünyada suya tələbatın 55 faiz artacağı gözlənilir. Digər tərəfdən, əhali artımı və qlobal istiləşmə səbəbindən şirin su ehtiyatları getdikcə azalır. Bu suyun 97,5 faizi duzlu su olduğundan insan istehlakına uyğun deyil. Həm dünya əhalisi, həm də temperatur artdıqca, şirin su problemi var. Suya tələbatın 2050-ci ildək 55 faiz artacağı gözlənilir.
Dünya məişətində təmiz suyun 70 faizi kənd təsərrüfatında istifadə olunur. Şirin su ehtiyatlarını çoxaltmaq üçün dünya ölkələrində müxtəlif təklif lahiyələri irəli sürülür. Həmçinin bəzi ölkələrdə yeni və effektiv çıxış yolu axtarılır. Məsələn, 1997-2009-cu illəri arasında ən quraq dövrünü yaşayan Avstraliya bu zaman kəsiyində su istehlakını iki dəfə azaltmağı bacardı. Dünya Bankı Su Tətbiqləri proqramının iqtisadçısı Richard Damania bildirir ki, "yaşıl qitə”də buna, suyu pula satmaqla nail olunur. Digər bir nümunə göstərilən dövlət suyu milli təhlükəsizlik məsələsi olaraq görən İsraildir. Təl-Əviv yaxınlığındakı çirkab su təmizləyici qurğularda 140 milyon kubmetr su istehsal olunur və bu su kənd təsərrüfatında istifadə edilir.
Bu gün suvarma zamanı istifadə olunan suyun 40 faizi tullantı sularından təmin edilir.Tətqiqatçılar hesab edir ki, İsrail səhrada bir ölkə olaraq bunu lazımi texnologiya, iqtisadi qaynaqlar və siyasi qətiyyət ilə bacara bilirsə, digər ölkələrdə edə bilər. İsrail tullantı sularının 86 faizini təmizləyir və təkrar istifadə edir. Bu baxımdan dünyada ilkdir. İspaniya isə 19 faizlə ikinci yerdə dayanır. İsraildə içməli suyun yarıdan çoxu şirinləşdirmə yolu ilə təmin olunur. Bənzər inkişaf Kaliforniyada da həyata keçirilir. 2011-2016-cı illər arasında bölgədə son 1200 ilin ən quraq dövrü yaşandı. Böyük yeraltı su hövzələri azaldı, 1900 quyu qurudu. Bu ilin ilk üç ayında güclü yağışlar oldu. Ancaq yağıntı su hövzələrini dərhal doldurmurdu. Bunun üçün dörd il ərzində normadan çox yağıntı olmalıdır. Hətta bu vəziyyətdə də heç vaxt tam bir doldurma olmayacaq, çünki bölgədə suyun istifadəsi davam edəcəkdir. Səudiyyə Ərəbistanı suyun duzsuzlaşdırılması baxımından dünya lideridir. Ərəbistanın istehsal etdiyi şirin suyun illik miqdarı dünya üzrə orta miqdarın 18 faizinə çatır.
Amerika Milli Aviasiya və Kosmik Agentliyinin (NASA) araşdırmasına görə, dünyada şirin su istehlakı su mənbələrinin yenidən qurulmasından daha sürətlidir. Dünyadakı 37 ən böyük su qatından 21-i azalır. Hindistandakı Ganges hövzəsində yeraltı suların səviyyəsi əhalinin artması və suvarma səbəbindən ildə 6.31 sm azalır. NASA-nun su alimi Jay Famigliettinin sözlərinə görə, dünyanın hər yerində suyun səviyyəsi aşağı düşür. Su ehtiyatları əbədi olaraq kifayət etmir. Səlahiyyətlilər su problemini daşqın, güclü yağışlar və sonrakı quraqlıq dövrləri ilə suyun sürətlə axması ilə əlaqələndirirlər. 2050-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkənlərin sayı 4 milyardı keçəcəkdir.
İllərdir müzakirə olunan müharibə su səbəbiylə ortaya çıxara bilərmi? Rusiya Elmlər Akademiyasına bağlı Su Problemləri İnstitutunun direktoru Viktor Danilov-Danilyan gələcəkdə su probleminin qlobal müharibəyə səbəb olub-olmayacağı ilə bağlı fikirlərini belə izah edir: "Təzə su çatışmazlığının gələcəkdə qlobal müharibələrə və münaqişələrə səbəb olacağı ssenariləri real deyil. İnkişaf etmiş ölkələr çox yaxşı bilirlər ki, dəniz suyunun duzsuzlaşdırılması dəyəri 1 kubmetr duzsuzlaşdırmanın dəyəri 50 qəpikdir hərbi xərclərdən qat-qat azdır. Lakin inkişaf etməkdə olan ölkələr arasındakı transsərhəd çayların suları səbəbindən fikir ayrılıqları tez-tez olur, bu da təbii ki, regional münaqişə üçün təhlükə yaradır. Su probleminin müharibə səbəbi kimi gündəmə gəlməsi belə düzgün deyil. Düşünmürəm ki, su problemindən qarşıdurma yaransın. Çünki müharibə baha başa gələn bir işdir”.
Mütəxəssislər suyun müharibəyə səbəb olacağını düşünmürlər. Tamamilə dəyişdirilməyən bir mənbə olmaqla, su bütün canlılar üçün çox vacib bir təbii qaynaqdır. Son 20 ildə artan əhali və ehtiyacların diversifikasiyası qlobal su böhranına səbəb olsa da, ekspertlər bununla razılaşmırlar. Dünyanın sürətlə artan əhalisi və su tələbatı ilə iqtisadi, siyasi və ekoloji mövzularda mübarizə və qarşıdurmalar daha geniş yayılmış və ciddi ölçülərə çatmışdır.
2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA-ın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın sənədlərində qeyd edilir. Dünyanın su ehtiyatları üzrə mövcud vəziyyətlə bağlı qısa arayışda qeyd olunur ki, bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Əsaslı müdaxilələr olmasa, on il sonra onların sayı 3 milyard nəfərə çata bilər: "Belə ki, dünya əhalisinin 40%-i iki və ya daha çox ölkənin nəzarət etdiyi trans-sərhəd su mənbələrindən asılıdır. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş vermişdir. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi - su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.
Bildirilir ki, su ehtiyatlarının təqribən 70%-i transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürüdürlər: "Regionda su ehtiyatlarına dair beynəlxalq hüquq normalarının hamılıqla qəbul olunmaması nəticəsində transsərhəd Kür, Araz və Alazan çaylarının sənaye və məişət tullantıları ilə çirkləndirilməsi davam etdirilir, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada çaylarda suyun həcmini azaldan hidrotexniki qurğuların tikintisi planlaşdırılır. Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və sair məsələnin hərbi-siyasi xarakter aldığını göstərir".
Hazırda respublikamızda da ciddi şirin su qıtlığı - Kür çayının quruması təhlükəsi ilə qarşı-qarşıyayıq. Tədqiqatçıların da irəli sürdüyü təkliflərə əsaslansaq deyə bilərəm ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsi və bu sahəyə yeni texnikalar, xaricdən mütəxəssislər cəlb edilməlidir. Həmçinin kadr hazırlığı da vacibdir. Digər vacib amil praktiki olaraq suyun təkrar istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyası da geniş tətbiq olunmasıdır. Bunun üçün adi çökdürmə üsulu kifayətdir. Eyni zamanda, mərkəzləşdirilmiş sexlərin yaradılması vacibdir. Belədə sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkündür. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Təsərrüfatın bəzi sahələrində alternativ su mənbələrinin işlənməsi, dəqiq desək, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı sulardan istifadə problemi olduqca böyük əhəmiyyət kəsb edir.
Azərbaycan hazırda regionun ən az şirin su ehtiyatına malik ölkəsidir. Halbuki regionun ən böyük su anbarı Ermənistanın işğalına qədər Azərbaycanda yerləşirdi. Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su tutarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı vaxti ilə respublikanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir ərazi üçün həyat çeşməsi rolunu oynayırdı. Mənfur qonşularımızın Azərbaycana vurduğu ziyanlar sırasında həyati əhəmiyyət kəsb edən su anbarı işğal nəticəsində ermənilərin nəzarəti altına keçmişdir. Su anbarı ermənilərin nəzarətində altında olduğu üçün azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışırlar. Yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər bu ərazidə yerləşən rayonların ərazilərinə su buraxmırlar. Bu isə, təbii ki, öz mənfi təsirini göstərir. Kasıb kəndlinin əzab-əziyyəti suyun olmaması səbəbindən hədər gedir. Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda ermənilər Sərsəng su anbarından maksimal həcmdə su buraxırlar və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarır. Uzun illər ərzində bu vəziyyətin davam etməsi regionda bitki və yaşıllığın məhvinə səbəb olub.
Ən pis hal isə odur ki, bütün bunlar torpağın bioloji strukturunda bərpası mümkünsüz olan proseslərin baş verməsinə və ən nəhayət, ciddi ekoloji gərginliyə gətirib çıxarıb. 25 ilə yaxın bir müddətdir tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalmış, texnogen qurğuların əksəriyyəti sıradan çıxmış və hazırda son dərəcə təhlükəli bir vəziyyət yaranmışdır. Səbəbindən asılı olmayaraq baş verən hər hansı bir qəza bizim 400 mindən artıq soydaşımızın yaşadığı bu bölgə üçün əsl su böhranı, böyük bir bədbəxtçilik olardı. İndiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPA deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təəssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb.
Müşfiq CƏFƏROV
Millət vəkili
banner

Oxşar Xəbərlər