• çərşənbə axşamı, 19 mart, 07:29
  • Baku Bakı 8°C

Burda da kitablar var

23.10.17 12:35 17125
Burda da kitablar var

İndiyə kimi Bakının mərkəzində işıq saçan bir çox kitab dükanları, kitabxanalardan yazdım. Bu gün yolum şəhərdən nisbətən kənaradır. Kitab yolçusu olaraq mərkəzdən aralıda kitab satışının, mütaliənin və ümumiyyətlə, həm də kitab zövqünün nə yerdə olduğunu bilmək niyyətindəyəm. İstiqaməti Yeni Əhmədli qəsəbəsinə doğru götürdüm. Fərqli-fərqli, irili-xırdalı kitab – dəftərxana ləvazimatları dükanları var. Mənimsə diqqətimi Bakıda xeyli məşhur olan, 2012-ci ildən fəaliyyət göstərən Kitabevim.az mağazalar şəbəkəsinin Əhmədli filialı çəkdi. Mağaza Ukrayna dairəsi yaxınlığında Məhəmməd Hadi küçəsində yerləşir. Bu görkəmli Azərbaycan şairinin adını daşıyan küçədə bir müddət öncə yenicə açılmış kitab dükanında satışın hansı səviyyədə olduğunu, mərkəzdən kənarda yaşayan vətəndaşların kitab seçiminin nə cür olduğunu öyrənmək fikrindəyəm.

Bundan başlayım ki, Kitabevim.azın digər dükanları kimi, bu filialı da çox gözəl, çox təmiz, çox səliqəlidir. Janrlara görə kitablar bölmə-bölmə rəflərə yığılıb. Bir şey diqqətimi cəlb etdi ki, kitablar təkcə janrlara uyğun deyil, həm də janrın içində rənglərinə, ölçülərinə, görünüşlərinə görə də çox harmonik şəkildə düzülüb. Yəni rəng çalarları elə gözəl seçilib yığılıb ki, ilk təəssürat fikrində göy qurşağını canlandırdı. Kitablar göz oxşayır. İstər-istəməz kitabların rəng ahənginə dalırsan, diqqətini çəkir, maraqlanırsan. Məncə, bu özü də kitaba və kitab alıcılarına böyük diqqət və sevgidir. Hər şey xırda bir detaldan başlayır.

Veber deyir ki, iki dəfə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. Bəs, görəsən, burda heç olmasa bir dəfə oxunan kitablar hansılardır. Kim nə oxuyur, hansı kitablar dəbdədir və hansı kitablar dəbin üstündədir?!

Dediyim kimi kitablar janrlar üzrə müəyyən ardıcıllıqla düzülüb. Klassik və müasir ədəbiyyat nümunələri, detektivlər, özünüinkişaf kitabları, uşaq ədəbiyyatı, idmanın müxtəlif sahələriylə bağlı kitablar, elmi kitablar, dərslik və metodik vəsaitlər rəflərdədir. Çeşid, həqiqətən də, çoxdur. İstənilən səviyyədə oxucu üçün kitab var. Azərbaycan, rus, ingilis dillərində, Türkiyə türkcəsində müxtəlif yaş və intellekt səviyyəsində hər bir oxucu axtardığı kitabı tapa bilər. İnanmıram ki, hər hansı bir oxucu gələ bu tavanından döşəməsinəcən kitab – mütaliə ab-havasında olan dükana, özünə, düşüncələrinə, istəyinə uyğun bir kitab tapmaya. Həm də ki, dükanın əla məsləhətçiləri var. Alıcını səbirlə dinləyir, nəylə maraqlandığını öyrənir. Rəflərdən münasib kitabları seçib verir. Və ya oxucunun arzu etdiyi kitab onun yaş səviyyəsinə uyğun deyilsə, ona daha münasib kitab seçib təklif edir. Həmin bu peşəkar məsləhətçilərdən söhbət əsnasında öyrəndim ki, dükanın çox az müddətdə fəaliyyətdə olmağına baxmayaraq, müştəri toplaya bilir. Bunu elə özüm də şahid oldum. Düzü alıcıların ən çox məktəb ləvazimatları, dərsliklər, dərsliklərə əlavələrlə maraqlanırdılar. Müxtəlif fənlər üzrə, qiymətləndirmə testləri, ensiklopediyalar, atlaslar, lüğətlər və s. alırdılar. Amma Dostoyevskinin "Qumarbaz"ını soruşub alan olduğu da gözümdən yayınmadı.

Gənclər daha çox özünüinkişaf kitabları alırlar. Bu cür kitablar oxumaq indi gənclər arasında çox dəbdədir. Söhbətləşdik xeyli onlarla. Niyə bu kitablara bu qədər meylli olduqları ilə maraqlandım. Napoleon Hillin "Düşün və varlan" kitabının oxucusu bu kitabda özü üçün yeniliklər aşkarladığını, doğrudan da, heç nəyə sahib olmadan necə varlanmağın yollarını öyrəndiyini danışdı. Dediyinə görə, bu tip kitablar insanda mənəvi zənginlik hissi doğurur, həyat bir az rahatlaşır onda. Satıcı bildirdi ki, Robin Şarmanın "Ferrarisini satmış rahibdən liderlik dərsləri" (Uzaqgörən liderin səkkiz ritualı) kitabı satışda elə liderlik edir. Bu kitab, ümumiyyətlə, dünyada altı milyondan çox satılıb. Bundan başqa gənclər Vintsas Krevenin "Azəristan ölkəsi" kitabı, Xan nəşriyyatının çap etdiyi Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsi" kitabı da ən çox satılanlardandır. Demək olar ki, rəflərdə qalmır heç.

Satışda olduqca gözəl klassik ədəbiyyat nümunələri olsa da, onların liderlik etdiyini deyə bilmərəm. Amma alıcısı-oxucusu mütləq şəkildə var. Lev Tolstoy, Fyodor Dostoyevski, Viktor Hüqo, Remark, Heminquey, Saramaqo, Cek London, Markes, Mirzə Fətəli Axundov, Cəlil Məmmədzuluzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiqin kitabları müəyyən qədər satılır.

Detektivlər düzülən bölmə də xeyli diqqətimi cəlb etdi. Yenə də liderlik Xalq yazıçısı Çingiz Abdullayevdədir. Hər iki dildə Çingiz müəllimin kitabları ən çox sevilən, satılandır. Ondan sonra Müşfiq Xan, Varis, Elxan Elatlı ilk üçlükdədirlər. Dünya detektivlərindənsə, əlbəttə, ki, Aqata Kristi, Konan Doylun əsərləri sevilir və alınır.

Xalid Hüseynin "Çərpələng uçuran"ı, "Min möhtəşəm günəş"i hələ də oxucuların maraq dairəsindədir. Bundan başqa, Coco Moyesin "Səndən öncə mən", "Səndən sonra" və "Bir üstəgəl bir" kitabı da dəbdədir.

Dükanda uşaq ədəbiyyatına geniş yer ayrılıb. Əvvəllər daha çox rus dilində olan uşaq ədəbiyyatı daha ana dilimizdə çap olunan bir-birindən maraqlı kitablarla əvəz edilib. İndi bu bölməni daha çox ana dilimizdə olan, rəngarəng kitablar bəzəyir. "Altun” nəşriyyatı müxtəlif irihəcmli əsərlərin kiçildilmiş variantında kitablar çap edib ki, həm qiyməti münasibdir, həm görünüşü və həm də içindəkilər də maraqlıdır. "Qanun” nəşriyyatının da uşaq ədəbiyyatı seriyasından kitabları satışda var və alınır. Uşaqlarçün kitablar həm rəng, həm mətn, həm şəkil baxımından mütləq yüksək səviyyəli olmalıdır. Tərcümə edilmiş nağıllar, əfsanələr uşaqlarımızın dünyagörüşünə, qavrama qabiliyyətinə, yaşam tərzinə uyğun olmalı və bugünlə ayaqlaşmalıdır. Bir müddət əvvəl dirçəlməyə başlayan uşaq ədəbiyyatı çapı, deyəsən, gözəçarpacaq qədər irəliləyib. Vərəqlədiyim kitablar şəxsən məni qane etdi.

Kitab dükanın rus dilində çap olunmuş kitablar bölməsində də olduqca maraqlı kitablar olduğunu gördüm. Klassik ədəbiyyatın, demək olar ki, istənilən nümunəsini burada asanlıqla tapmaq olar. Bu filialda alıcılar arasında rusdilli təbəqə üstünlük təşkil edirmiş. Tələbat olduğundan rəflər boş qalmır. Türk dilində çap olunan əsərlər də burada az satılmır. Orhan Pamukun "Mənim adım qırmızı", "Məsumiyyət muzeyi", "Qırmızı saçlı qadın" əsərləri çox alınır. Amma ümumiyyətlə, götürsək, bu yazıçının əsərlərinə əvvəlki kimi maraq qalmayıb.

Kitabevim.az mağazalar şəbəkəsinin şüarı "Mütaliənin ən rahat ünvanı"dır. Həqiqətən də, ürəklə, mübaliğəsiz demək olar ki, bura mütaliənin doğma ünvanıdır. Dükandan ona görə xoş təəssüratlarla ayrılıram ki, kitab oxuyan var və onlar üçün bu cür gözəl məkanlar açılır, istifadəyə verilir. Hesab edirəm ki, tezliklə uşaqlıq illərimizdəki "kitab oxumaq dəmi" yenidən dəbə düşəcək.

Fyodor Dostoyevskinin belə bir məşhur fikri var: "Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalan şeyləri həyat özü edəcək". Ciddi kitablar oxuyaq, xanımlar və cənablar! Qalanını həyat özü yoluna qoyar. Və bir də bunu deyim ki, bəzi dəbdə olan kitabların adlarını eşidəndə istər-istəməz Oskar Uayldın "Əvvəllər kitabları yazıçılar yazardı, oxucularsa oxuyardı. İndi kitabı oxucular yazır, ona görə də heç kim kitab oxumur!" aforizmi yadıma düşdü...

Hazırladı: Xanım AYDIN

banner

Oxşar Xəbərlər