• cümə, 19 Aprel, 19:26
  • Baku Bakı 24°C

Burda bir küçə var sənsizlikdən darıxır

06.06.16 11:12 2723
Burda bir küçə var sənsizlikdən darıxır
Çalğın (Məhəmmədrza Cəfəri) 1977-ci il Novruz axşamında - mart ayının 21-də Təbrizdə dünyaya göz açıb. Ali təhsilli riyaziyyatçıdır. 13 yaşından poeziyaya maraq göstərmiş, əruz və heca vəznində şeirlər yazmışdır. Bir müddət rəssamlıqla məşğul olmuşdur. Xalı rəssamlığında özünü tanıtsa da, sonradan bu sənəti buraxıb sərbəst şeirlər yazmağa başlamışdır. O taylı-bu taylı Azərbaycan sərbəst şeirində dili, yolu və imzası var.

YENİLİKDİR
Əynindəki toz-toprağı çırpıb
yağışın ucundan tutub göylərə çıxmaq
yenilikdir.
Bədahətən yazılmış qəzəllərin arxivlərindən əkilib
fikirləşib şeir yazmaq
yenilikdir.
Sağ əlini kəsib
sol əlinə vermək,
Sağ gözünü çıxarıb
sol gözüylə görmək
yenilikdir.
Qızların hamısının Məryəm olması,
Atanın üstünə bıçaq çək, oğlan,
Diyəsini1 mən verərəm
Sənin adın İsadır.
Yenilikdir ətlərin
kabab şişlərindən qaçıb
yaylaqlarda otlaması.
Yenilikdir
kafelərdə oturub
çiyinlərindən ərəb duasını qopartmaq.
Gülümsəyərək başındakı pəhləvi börkünü götürüb
qəhvəçiyə deyəsən ki,
mənə bir çay ver.
1-qan bahası

DÜNƏNDƏN
Dünəndən
Yekaterinanın qucağında
saatlarımı kəlmələrə borc vermişəm,
Onları düşünmədən.
Birinci,
Di-di-dilim tu-t-tutulub.
İkinci,
Rusca bilmirəm.

HEÇ KİMSƏNİ SEVMİR
Gündüzlər
başına bir börk qoyur Eyfel qülləsi kimi əyri.
"Günəş” kafesində olur gündüzlər,
Gecələr
internetdədir.
Dışarıda
qloballaşmadan danışar,
İçərisinə baxarsan,
kəndlərindən dışarı çıxmayıb yazıq…
Əcaib bir insandır,
maşınının arxasında yazdırıb:
"Hər kimə dedim sevirəm səni!”
Dedi: "Mənə kontur alarsanmı?”

GƏL
Yetər bu qədər, gəl
Lap gələ bilməsən də,
Lap bu gəliş ürəyini deşsə də,
Lap da, sonsuzluğunu əllərinlə imzalasan da.
Səninki suyun o yanda axmaz
Gözlərin də axmasın o yanlarda
Gözəlliyin vurnuxmasın güzgülərdə
Saçların dalğalanmasın tənhalığın dənizində
Bilmirəm
Bəlkə də bilirsən
Şeirlərim o qədər utancaqdılar ki,
sənin yadında qalmazlar.
Məni gözlərimən yaşıya bilərsən
Gözlərimdə baxışlarından uzun bir qatar var.
Gözlərimdə sən gələn yollara yağış yağır axşamlar
Yetər bu qədər, gəl.
Tanışlığımızın kəpənəkləri qanadlanıblar
Uçurlar ürəyimdə yandırdığın işığın həndəvərində
Baxışlarının gündüzlərindən
gecələrimin dəhlizlərində xəyallar yuva qurublar,
Umud ağacım sənin adına açılmayan yarpaqlarını tökür.
Sənə qu quşunun tüklərindən basdırdığım yastıq
Sənsizlikdən əzab çəkir.
Yetər bu qədər, gəl
Burda bir çiçək var
qaranlıqda can verir.
Burda bir küçə var
sənsizlikdən darıxır.
Burda bir şair var
tənhalıqdan qocalır.
Lap əlində yağın daşsa da,
lap bu gəliş ürəyini deşsə də,
Lap gələ bilməsən də
Gəl!
EŞQ
Eşq -
Evinizdən təzib
xiyabanlarda
maşınların siqnallarında
onun səsini gəzməkdir.
Eşq -
Onun saçları
yoxsulluğunu anlamasınlar deyə
ona hədiyə apardığın yaylığı
ananın boğçasından oğurlamaqdır.
Eşq
Təşənnücdur1,
vüsalınan ayrılığın ortasında,
Və heç bir təşənnüc
səni bu qədər vurnuxdura bilməz.
Eşq
Kitabdır,
Varaqlarını aşıra-aşıra tanıyacaqsan
Nizamini, Lorkanı, Mayakovskini.
Varaqlarını aşıra-aşıra öyrənəcəksən
mədrəsədən əkilməyin yolunu,
Barmaqların buxarlanmış şüşələrin üstündə
necə şeir yazmasını öyrənəcəksən.
Eşq
köhnədir
Nə gözlərinə quş2 verən əntiqələr kimi,
nə də Misir ehramlarındakı kitabələr kimi
Kiflənmiş çörək kimi köhnədir eşq.
Eşq
Lap olsun
Mənim gözlərimdən qalxan boğanaqdır,
Lap olsun sənin gözlərini
Mühasirəyə salan nisgildir.
Adının çox da böyük olmasından qorxma,
Alçaq bir təpədir eşq
Nə qədər qıçı qıçına dolaşsa da
Hər uşaq çıxar.

1-qıc olma, tutulma
2-aldatmaq (gözlərini aldadıb heyran qoymaq)

***
Culfadan baş aldım Araz yenişə
Yolları sürünə-sürünə getdim.
Bələndim Arazın ləpələrinə
Dumana bürünə-bürünə getdim.
Bir gözəl o taydan nigaran baxır
Bəlkə də səhəngi qalıbdır çayda.
Bəlkə də yaylığın yel aparıbdır,
Bəlkə də sevgisi qalıb bu tayda.
Mənə əl açmışdı Qarabağ, Şuşa,
Kəlbəcər dadına məni çağırdı.
Bağışla, Dəli dağ, bağışla məni,
Mənim öz nisgilim səndən ağırdı.

BİZLƏR
Silməyi sevirdik, -
Öncə
göz yaşlarımızı sildik,
Sonra
bir-birimizi.

AYRILIQ
Ayrılıq -
Yuxularında Qaraməliyin qızına inanmaqdır,
Lələni güdaza verib
Kərəm kimi yanmaqdır.
Ayrılıq -
Yol qırağında tənhalığın çadrasını
başına çəkmiş bir ağacdır,
meyvəsi olmaz.
Ayrılıq
Gözlərindən başlandı bu uzaqlıq,
Əllərindən başlandı bu soyuqluq
Və mən
quşlardan öyrəndim ki,
qış gələndə köçərlər.
Yenilikdir ayrılıq,
Eşitmişəm
ulduzların axmasını,
ulduzların çıxmasını,
Köhnə tanrıların getməsini,
təzə tanrıların səsini.
Özünü çox da gözdən salma, Nəmrud bəy1,
mən İbrahimi sevirəm.
Ayrılıq
başlanğıcdır
Tarlalarda üç çəlikli kişi2 kimi qalaqlanan kələk deyil
Ayrılıq sünbüldür,
İşığını mənim üstümə salan aya mərhəba,
Məni yuxudan ayıldan xoruza alqışlar!
Yoxsa məni udacaqdılar balıqlar bu çayda
Yoxsa məni...
Yaxşı ki, ayıldım,
Yaxşı ki, ayrıldım,
Ayrılmasaydım
Mən adam olmazdım.
1- İbrahim peyğəmbər dövründə sahib olduğu sərvət və səltənəti ilə özünü Tanrı hesab edirdi
2 - tarlada gözətçi yerinə quraşdırılan oyuq


***

Minib qaşqa kəhər atın göydə dolanır yağış,
Yenə sığmır köynəyinə yerə calanır yağış.
Özün vurur dağa-daşa sevincdən, fərəhdən,
Torpağa bulanır yağış, zığa bulanır yağış.
Damcı-damcı üzüm üstə qonur gözyaşım kimi,
Salxım-salxım qulağımda nə sırğalanır yağış.
Sənin ayaqqabların da mənim ürəyim kimi
Gör nə yırğalanır yağış, nə tapdalanır yağış.
Yoxsa ölərdim belə, ürəyim sıxılırdı,
Yaxşı ki, göy səs salır, yaxşı ki, yağır yağış.


***

Anama bir damən1 tikərsən, Xəyyat bəy,
Boyu
ayaqlarının üstündən olsun,
kəməri qırx dörddür.
İstərsən
Kəmərinin sol tərəfindən zip2 tikə bilərsən
amma
cib tikmə.

Qardaşıma bir köynək tikərsən, Xəyyat bəy,
Boyu
qurşağından olsun
Düymələrini sədəfdən qoyarsan,
İstərsən
çiyinlərində paqon tikə bilərsən
amma
cib tikmə.

Mənə bir şalvar tikərsən, Xəyyat bəy,
Boyu yüz üç olsun,
kəmərim qırxdır,
Çox da gen olmasın lütfən.
Mən rasta3 şalvarları çox sevərəm
şalvarımı əynimdən qaçırtmasınlar deyə.
İstərsən
qayış yeri tikə bilərsən
amma
cib tikmə,
Bizlərdə pul olmaz.

1 - yubka, tuman
2 - bir yerə yığıb bağlayan (zamok)
3 - dar və düz



***

Mən öləndə
tabutumu
Lap yavaş-yavaş gətirin.
Mən tənhalıqdan darıxan bir şairəm
Mənə bir yoldaş gətirin.

Mən öləndə
qəbrim üstə
Hamı ağ geyinsin, ağ üzdə gəlsin.
Xəbər çatdırın Bakıya
Məni sevən qız da gəlsin.

Mən öləndə
Yeməyinizi fikirləşməyin, dostlar,
Suyum yox, unum yox mənim.
Xeyratım sizə düşməz ki,
Sonsuzam sonum yox mənim.

Mən öləndə
Şeirlərimi üstümə sərin lütfən,
Mənə öz sözüm ağlasın.
Mənə doğulmayan oğlum,
Mənə yox qızım ağlasın.

Mən öləndə
Baş daşıma
Bir ovuc torpaq çəkərsiz,
Başım üstə Azərbaycan,
Sinəm üstə dağ çəkərsiz.


***

Dünəndən hava tutqun,
Dünəndən hava ağır.
Yenə Allah ağlayır
Deyirlər yağış yağır.

Dünəndən yağış yağır
Qapımı döyə-döyə.
Dəli şeytan deyir ki,
Tut ucundan çıx göyə.

De Allaha dünəndən -
Hər yan olubdur çamır.
Sənin bu göz yaşların
Mənim üstümə damır.

***
Sanki dünən idi,
İyirmi il qabaq
Mənim on doqquz yaşım varıydı
Bu xiyabanı gördükdə
yadıma düşdüm.
Aynasını, baxışlarımla təmizləyirdi
Xiyabanların bütün yaşıl çıraqlarından1 keçirdi məni,
Və bilmirdi ki,
Mən həmişə qırmızıyam.
Sanki dünən idi,
İyirmi il qabaq
Mənim on doqquz yaşım olardı
Təbrizin İmam xiyabanında2 bir qız sevirdim,
Anası
Əxlaq polisidir,
Atası
Araq satardı.
Araqlarını qəzetə büküb satardı qızın atası
Pullarıma yazıqlığım gələrdi
Birinci
Araq içən deyildim ki,
İkinci
Qəzetə oxumazdım.
Sanki dünən idi
İyirmi il qabaq
Mənim on doqquz yaşım varıydı
Toxum olmağımızı bilmirdilər
Bizi bu xiyabanda quyladılar
Cücərdik
Sünbül kimi pöhrələndik
Dirçəldik
Yenə bu xiyabanda boğdular bizi
Dostumun birini orada öldürdülər,
Birini burada,
Məni qovdular
Qaçdım,
Qaçdım,
Qaçdım,
Oooooooooooooooooooof!
Başım gicəlləndi
Bağışla, xanım,
maşını saxla
düşürəm
1 - svetoforun işığı nəzərdə tutulur
2 - Təbrizdə məhəllə
banner

Oxşar Xəbərlər