• cümə, 29 Mart, 04:06
  • Baku Bakı 7°C

Buraxılış imtahanlarında “2” alıb ali məktəbə qəbul olunanlar

27.08.13 15:16 1539
Buraxılış imtahanlarında “2” alıb ali məktəbə qəbul olunanlar
Tələbə Qəbulu üzrə Dövlət komissiyası (TQDK) bu il buraxılış imtahanlarında “2” qiymət alan abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticələrini açıqlayıb.
TQDK-dan APA-ya verilən xəbərə görə, buraxılış imtahanlarında “2” qiymət alan abituriyentdən 128-i ali məktəblərə qəbul olub. Onlardan 39-u I, 26-sı II, 43-ü III, 30-u isə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında müəyyən bal toplayaraq ali məktəblərə daxil olublar.
I ixtisas qrupu üzrə sənəd vermiş belə abituriyentlərdən yalnız biri qəbul imtahanında 350 bal toplayıb. Həmin abituriyent buraxılış imtahanında Riyaziyyat fənnindən “5”, Ana dilindən “2” qiymət alıb. O, Milli Aviasiya Akademiyasına qəbul olub.
Həmin qrup üzrə buraxılış imtahanlarında “2” qiymət alan 5 nəfər isə qəbul imtahanlarında 250-dən yüksək bal toplayıb. I ixtisas qrupu üzrə 33 abituriyent isə buraxılış imtahanlarında “2” qiymət alsa da, qəbul imtahanlarında 250-dən aşağı bal toplayaraq ali məktəbə qəbul olub.
II ixtisas qrupunda buraxılış imtahanlarında “2” qiyməti alan cəmi bir abituriyent 301 bal toplayıb və o, Azərbaycan Dövlət Aqrar Universitetinin daxil olub.
Həmin qrup üzrə 5 abituriyent 250-dən çox bal toplayıb, qalan abituriyentlər isə 150 balla müsabiqə vəziyyəti aşağı olan ali məktəblərə qəbul olublar.
III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında maraqlı fakt qeydə alınıb. Belə ki, buraxılış imtahanında Riyaziyyat “2”, Ana dilindən isə “5” qiymət alan abituriyent III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 559 bal toplayıb. Həmin abituriyent Gəncə Dövlət Universitetinin Xarici dil müəllimliyinə ixtisasına qəbul olub. III qrupda digər belə bir abituriyent 412 bal, digər 29 abituriyent isə 250-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar. Buraxılış imtahanlarında Ana dilindən “3”, Riyaziyyatdan isə “2” qiymət alan 12 abituriyent isə III qrupun qabiliyyət tələb edən ixtisaslarına daxil olublar.
Buraxılış imtahanında “2” qiyməti alan abituriyentlərin 30-u bu il IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul olub. IV ixtisas qrupu üzrə sənəd verən, lakin buraxılış imtahanında Riyaziyyatdan “3” Ana dilindən “2” qiymət alan yalnız 1 abituriyent qəbul imtahanında 330 bal toplayıb. Həmin abituriyent Naxçıvan Dövlət Universitetinin biologiya müəllimliyi fakültəsinə qəbul olunub. Digər 3-ü xüsusi qabiliyyət tələb etməyən ixtisaslara, qalan abituriyentlər isə 200 baldan aşağı nəticə göstərərək bədən tərbiyəsi ixtisasına daxil qəbul olublar. Bu qrup üzrə yalnız 2 abituriyent qəbul imtahanında 200 baldan aşağı nəticə göstərib.
TQDK tərəfindən bu il orta məktəblərdə buraxılış imtahanlarında “2” qiyməti alan abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticələrlə bağlı statistik məlumatlar ötən həftə Təhsil Nazirliyinə göndərilib.
Qeyd edək ki, ötən gün Təhsil Nazirliyinin 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələri ilə bağlı açıqladığı rəqəmlər də həmin faktlara əsaslanır. Belə ki, bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var. Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.
banner

Oxşar Xəbərlər