• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

“Burada xəstəxanalar pulsuzdur”- Uğur hekayəsi

22.09.14 12:07 3357
“Burada xəstəxanalar pulsuzdur”- Uğur hekayəsi
Uğurunun sirrini ilk növbədə böyük istəyi və qarşısına məqsəd qoyub ona doğru irəliləməkdə görür. Müsahibimiz Kəmalə Məmmədli İngiltərənin Mançestr şəhərində Trafford Hospitalında Xəstəxanadaxili infeksiyaya qarşı mübarizə komitəsində çalışır. K.Məmmədli orada işləyənə qədər hansı etaplardan keçdiyi, ümumiyyətlə, sözügedən ölkədə tibb sahəsi barədə suallarımızı cavablandırdı.
- Tibb Universitetini bitirib Azərbaycanda 1 il çalışandan sonra 2003-cü ildə həyat yoldaşımın işiylə bağlı Böyük Britaniyaya köçməli olduq. Buraya köçəndə ingilis dilində bazam olsa da, sürətli danışdıqlarından ingilislərlə ünsiyyət mənə o qədər də asan gəlmədi. Dərhal kollecə yazıldım, bir ilə ingilis dilini mükəmməl səviyyədə öyrənib sertifikat aldım. Amma işləmək mənim üçün uzaq bir xəyal kimi görünürdü. Öyrəndim ki, həkim işləmək üçün bir neçə etapdan keçmək lazımdır. Əvvəlcə İELTS imtahanı verib ən azı 7 bal toplamalı, sonra ixtisasdan 2 mərhələli - PLAB 1 ve PLAB 2 imtahanlarını verməli idim. Elə bir insan yox idi ki, mənə sözlə də olsa, yardım etsin, hansısa istiqamət göstərsin. Tamamilə tək idim, bunun özü böyük bir çətinlik idi. Mənimlə birlikdə Suriya, İran, Pakistan, Hindistandan imtahan verməyə hazırlaşan həkimlər var idi. Onların həm təcrübəsi çox idi, həm də sözügedən millətlərdən imtahan verənlər çox olduğundan bir-birlərinə yardım edirdilər. Bir suriyalı həkimin mənə köməyi oldu, imtahan suallarını ondan götürdüm və test sualları mənə çox rahat gəldi. Sadəcə, o vaxt artıq azyaşlı oğlum olduğundan hazırlaşmaq çox çətin idi. Hərdən fikirləşirəm ki, uşağın o illərini itirdim, oğlum ağlaya-ağlaya üstümə gəlirdi, başını qatmaq üçün əlinə nəsə verirdim ki, getsin, mənə mane olmasın. Oğlumun 3 yaşına kimi imtahanlara hazırlaşdım. Imtahan vermək üçün həm də böyük miqdarda pul ödəməliydim. Birinci imtahandan keçdim, ikinci imtahan praktiki idi. 14 otağın hər birində xəstə olurdu. Professorların nəzarəti altında həmin xəstələrlə görüşüb diaqnoz qoymalı, müalicə yazmalı, xəstəylə münasibət qurmalı idin. Imtahandan keçəcəyimə ümid bəsləmirdim. Cavabların çıxması, 1 ay yarım çəkdi. Interneti açıb adımı oxuyanda elə bilidim ki, bütün dünyanı fəth etmişəm. Amma tez bir müddətdə sevincim alt-üst oldu. Çünki iş tapmaq asan deyildi. 2 il müddətinə iş tapmadıqda isə, həmin imtahanları yenidən verməli idin. Müxtəlif xəstəxanalara CV göndərdim. Irlandiyadan iş təklifi gəldi. Amma İrlandiya yaşadığımız yerə uzaq olduğundan orada işləmək əl vermirdi və imtina etdim. Sonra eşitdim ki, Mançestrdə Stretford xəstəxanasında könüllülərə ehtiyac var və oraya da CV-mi təqdim etdim. Qəbul etdilər, sözügedən klinikada mədə-bağırsaq xəstəlikləri üzrə könüllü olaraq çalışmağa başladım və burada gözəl insanlarla rastlaşdım, özümə qarşı diqqət, kömək gördüm. Xəstəxanada müxtəlif yerlərdən olan millətlərin nümayəndələri var idi. Azərbaycanı isə heç kim tanımırdı. Üzr istəyib ölkəmizin harada yerləşdiyini soruşurdular. Mən izah edəndən sonra yalan-doğru yadlarına düşdüyünü deyirdilər.
- Deyəsən, xəstəxanada işləyərkən araşdırma məqalə də hazırlamısınız...
- Bəli. Xəstəxanada işləyə-işləyə qərara gəldim ki, statistik məlumatlar əsasında araşdırma aparıb məqalə yazım ki, CV-im daha da zənginləşsin. Mənə rəhbərlik edən professor dedi ki, məqaləm GUT jurnalinda cıxsa, Vienaya konfransda çıxış etmək üçün dəvət alacam. Üstündən 3 ay keçəndən sonra telefonuma zəng gəldi ki, məqaləm çıxıb və Vienada konfransda çıxış etməliyəm. Amma elə oldu ki, ailə üzvlərimdən biri xəstələndi və mənim onu qoyub getməyim heç cür mümkün olmadı.
- Hazırda harada çalışırsınız?
- Artıq 3 ildir ki, Trafford Hospitalında Xəstəxanadaxili infeksiyaya qarşı mübarizə komitəsində yarım iş günü çalışıram. Əslində hazırkı işim o qədər də ürəyimcə deyil. Qürbətdə 2 uşaqla karyera baxımından irəli getmək çətindir. Hərçənd yoldaşım mənim irəliləməyim üçün əlindən gələn köməyi edir. Düşünürəm ki, hələ istədiyimi əldə etməmişəm. Göz xəstəliklərinə marağım çoxdur. Planımda var ki, göz xəstəlikləri üzrə magistratura təhsili alıb, ixtisasımı dəyişim.
- Azərbaycanda həm həkim kimi işləmisiniz, həm də Tibb Universitetində oxuyarkən müxtəlif xəstəxanalarda təcrübədə olmusunuz. İngiltərə və Azərbaycanda həkimlərin xəstəyə münasibəti arasında hansı fərqləri gördünüz?
- Azərbaycanda həkimə dahi kimi baxırlar. Düzdür, İngiltərədə də hörmət var. Amma unutmayaq ki, həkim də oxuyub xəstəyə xidmət etmək, onu sağaltmaq üçün işləyir. Azərbaycanda həkimlərin bir çoxu xəstələrlə çox kobud davranır, elə münasibət göstərirlər ki, xəstə əlavə sual verməyə qorxur. O qədər şahidi olmuşam ki, xəstə həkimə sual verəndə, üstünə qışqırıb ki, “sən həkimdən çox biləcəksən?” və s. İngiltərədə isə hər bir halda xəstə haqlıdır. Xəstə ilə nəzakətli davranmaq, xəstəyə xidmət etmək həkimin borcudur.
- Necə düşünürsünüz, yaxşı həkim olmaq üçün nə etmək lazımdır? Həkimdə hansı xüsusiyyətələr cəmləşməlidir?
- Həkimdə məsuliyyət, işində diqqətli olmaq, empatiya, yəni özünü xəstənin yerinə qoya bilmək bacarığı,bir də sənətinə sevgi olmalıdır. Azərbaycanda valideynin arzusudur deyə, Tibb Universitetinə daxil olan tələbələr var idi. Atalarımız, analarımız özləri edə bilmədiklərini övladlarının timsalında həyata keçirməyə çalışırlar. Buna görə də Tibb Universitetini bitirəndən sonra tələbələrin bir çoxu ya işləmək istəmir, ya da məcburən işləyənlər yaxşı həkim olmurlar. İngiltərədə isə Tibb Universitetinə daxil olmaq istəyən tələbələrə hələ imtahan verməmiş şans verilir ki, 2 ay müddətinə hansısa xəstəxanada həkimləri, xəstələri müşahidə etsinlər. Ola bilər, həkim olmaq istəyən qandan qorxduğunu aşkarlayacaq, ya ağır rejimdə işləyə bilməyəcəyini dərk edəcək. Yeri gəlmişkən, İngiltərədə həkimlər hədsiz dərəcədə çox işləyirlər. Bütün günü palatalarda gəzir, xəstələrlə təmasda olurlar. Elə vaxt olub ki, mən evə gəlib ayaqlarımı isti suya qoymuşam ki, bəlkə ağrısı kəsə. Gənc həkimlər arasinda hətta işin ağırlığından depressiyaya düşənlər də olur. Burada həkimlər yazı-pozu işləri ilə də məşğul olur, xəstələrin xəstəlik tarixçələrini kompyuterə köçürür, xəstə yeniden müayinəyə ehtiyac duyursa, müxtəlif xəstəxanalarla əlaqə saxlayıb xəstə üçün qəbul günərini təyin edirlər. Bir sözlə, çox əziyyətli işdir. Buna görə də İngiltərədə tələbənin sənədlərini tibb sahəsinə verməmiş xəstəxanalardakı vəziyyətlə tanış olması vacibdir.
- 3 il idi ki, Azərbaycana gəlmirdiniz. Bu yay oğlanlarınızla birgə təşrif buyurdunuz. Ingiltərəyə hansı təəssüratla qayıtdınız?
- Bakı gözəlləşib, hətta regionlarda da bu dəyişiklik hiss olunur. Ölkəmdəki bəzi dövlət orqanlarında çox yüksək xidmət, müştəriləri gülərüzlə qarşılamaq kimi müsbət dəyişikliklər gördüm və çox sevindim ki, bizdə də belə şeylər var. Amma bəzi problemlər hələ də həll edilməyib. Ümid edirəm ki, onlar da düzələcək. Çünki Azərbaycanla İngiltərə arasında dövlət quruculuğu baxımından fərqlər var. Biz yeni yaranmış dövlətik. Çox istərdim ki, gələn dəfə Azərbaycana gələndə tibb sahəsində də müsbət dəyişikliklər görüm. Müşahidələrimə əsasən, deyə bilərəm ki, əslində xəstəxanalarda hər cür şərait yaradılıb, yeni texnika ilə təminat var. Amma bahalıq, xəstələrin həkimə inamının itməsi, dövlət xəstəxanalarında pullu xidmət göstərilməsi yaxşı hal deyil. Hesab edirəm ki, tibb sahəsində hələ də geridəyik.
- Britaniyada pulsuz xəstəxanalar var?
- Britaniyada, ümumiyyətlə, xəstəxanalar pulsuzdur. Burada sığorta sistemi yoxdur, xəstəxanalar dövlət tərəfindən maliyyələşdirilir. Düzdür, özəl xəstəxanalar da var, amma çox azdır. Belə xəstəxanalara imkanlılar gedir. Bunun da səbəbi odur ki, dövlət xəstəxanasında diaqnozun cavabı 1 həftəyə çıxır, özəllərdə bir azca tez başa gəlir. Burada 60 yaşından yuxarı insanlara, 16 yaşına qədər olan uşaqlara dərmanlar pulsuz verilir. Bütün xəstəxanalarda sənin xəstəlik tarixçən barədə bütün detallar olur. Prosedur belədir ki, hər kəs öz yaşadığı ərazidəki poliklinikada qeydiyyata düşür. Yüngül hallarda poliklinikalarda sənə xidmət göstərilir, amma onlarda müayinə və müalicə üçün lazımi imkan olmayanda, xəstəni yazılı göndərişlə müvafiq xəstəxanaya yolllayırlar. Bir də burada məlumat xəstədən başqa heç kəsə verilmir. Hətta ən yaxın qohumu olsa belə, məxfi saxlanılır.
- Son ənənəvi sualımız: uğurunuzun sirri nədədir?
- Məncə, ilk növbədə istəkdir. Bir də qarşına məqsəd qoymalısan. Mən İngiltərəyə gələndə qarşıma məqsəd qoymuşdum ki, nəsə etməliyəm, bütün günü evdə oturub ev işləri ilə məşğul ola bilmərəm. Ümumiyətlə, orta məktəbdə də, universitetdə də rəqabəti sevirdim və həmişə daxilimdə böyük istək olub. Böyük istək varsa və qarşına məqsəd qoyub ona doğru irəliləyirsənsə, uğur qazanacaqsan.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər