• cümə, 19 Aprel, 10:24
  • Baku Bakı 13°C

“Bura hamımızın məmləkətidir” - Fotolar

29.11.16 12:15 2144
“Bura hamımızın məmləkətidir” - Fotolar
"Azərbaycandan duyğudan başqa heç bir gözləntim yoxdur. Bu ölkəyə kim xidmət edib və kim xidmət etməyibsə, bu barədə məlumatlarım var. "Azərbaycana xidmət edir” kimi görünən insanlar da var. Ancaq heç kim mənə "sən Azərbaycana duyğudan başqa nəiləsə bağlısan”- deyə bilməz. Mənim gördüyüm işlər hamısı Azərbaycana görədir”. Dünya şöhrətli plastik cərrah, İstanbul Universitetinin professoru, Doktor İbrahim Yıldırımın bütün qəlbi ilə bağlı olduğu Azərbaycana budəfəki gəlişi 80 illik yubileyinə təsadüf etdi.

Tibb fəaliyyəti ilə yanaşı, o, həm də tariximiz, ədəbiyyatımız, folklorumuz, milli mənəvi dəyərlərimizlə bağlı araşdırmaların müəllifi kimi tanınır. Doktor İ.Yıldırım "Türkiyədə Azərbaycan kültürü”, "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, "Baş üstündə bir kitabın olması”, "İstanbul Universitetini bitirmiş azərbaycanlılar”, "Amasya araşdırmaları” və s. əsərləri türk dünyasına təqdim edib. O, həmçinin müxtəlif dövrlərdə Türkiyə Böyük Millət Məclisinə seçilmişAzərbaycan əsilli millət vəkilləri, onların siyasi fəaliyyəti haqqında araşdırmalar aparıb.

Doktor İbrahim Yıldırım Azərbaycana budəfəki səfərində tələbələri, qohumları ilə görüşdən savayı Atatürk Kültür Mərkəzində də ad günü ilə bağlı düzənlənən tədbirə qatılıb.
Bütün şəcərəmi yazacam

«Kaspi»nin dəvətini dəyərləndirən İ.Yıldırım "Mənim ad günümü qeyd edəcəyim bu məmləkətdən daha gözəl bir yer yoxdur” deyə yubileyi ilə bağlı bir sirri də açdı: "Türkiyədə doğum günlərim təntənəli surətdə qeyd edilmir. Bizdə belə bir adət yoxdur. Bəzi böyüklərin ad günləri və yubileyləri ailəsi tərəfindən və yaxın qohumlar əhatəsində qeyd edilir. Türkiyədə bir adət də var. Doğumdan sonra zaman sənəddə həqiqi doğum tarixi yazlmır. Bəzi ailələr övladı hərbi xidmətə tez gedib-gəlsin deyə övladlarının doğum tarixini təxminən 2 yaş böyük yazdırırlar. Mənim də yaşım əslində 80 deyil. O üzdən yaxın qohumları yığıb 78 yaşımı qeyd etdim» - dedi.

Professor milli-mənəvi dəyərlərin, ailə tərbiyəsi və təhsilin insan həyatında oynadığı rola da toxundu: «Əgər bizim ailələrimiz qarmaqarışıq deyilsə, bu xüsusiyyətlərin həyatımıza böyük təsiri olur. Biz Türkiyədə yetişirkən yaxşı örnəklər almışıq. Türkiyədə bir uşağı inanmadığı bir şeyə inandıra bilməzsən. 5 yaşlı uşaq da ayağa qalxıb «bu, belə deyil» deyə bilər. Bu, çox önəmli müstəqillikdir”.

Haqqında müəyyən araşdırmaların aparıldığı, kitabların yazıldığını söyləyən İ.Yıldırım ailə ağacının yazılması ilə bağlı planlarından söz açdı: «Mən əslində bütün şəcərəmi yazacağam. Mənim haqqımda kitablar da çıxıb. Azərbaycandan duyğudan başqa heç bir gözləntim yoxdur. Azərbaycana kim xidmət edib və kim xidmət etməyibsə, onu bilirəm. "Azərbaycana xidmət edir” kimi görünən insanlar da var. Ancaq heç kim mənə "sən Azərbaycana duyğudan başqa nəiləsə bağlısan” deyə bilməz. Mənim gördüyüm işlər hamısı buna görədir. Həyat yoldaşım da Azərbaycanla bağlı çoxlu xatirələr toplayıb. Molla Vəli Vidadi və Molla Pənah Vaqif - hər ikisi onun dədəsidir. Onun atası da tarixçi olub. Ona görə həyat yoldaşımın da zəngin arxivi var. O, hələ də araşdırmalar aparır”.

İ.Yıldırım həmçinin millətinin tanınmış, seçilən şəxsiyyətləri ilə bağlı araşdırmalarından bəhs etdi: «Keçən dəfə Bakıya gələndə Mərdəkana getdim. Şəhər içində dolaşdım. Trabzonda liseydə oxuduğum zaman Aliyə Aşurbəyli adlı tarix müəllimim vardı. Mən Aliyə xanımın həyatını araşdırdım. May ayında da həmin liseydə öz müəllimlərimiz haqqında xatirələrimizi bölüşdük. Mən də Aliyə xanımdan bəhs etdim. O, Sara Aşurbəylinin xalası qızıdır. Əbdülxaliq bəyin Tiflisdə evi var. Hadisələr başlayanda 13 nəfər həmin evdə qalmağa gedir. Onlar bir il Tiflisdə qaldıqdan sonra Batumiyə gedərək 6 ay da orada qalırlar. Daha sonra Trabzona gedirlər. 8-9 yaşlı Aliyə xanım fars, ərəb, fransız dillərini gözəl bilirdi. Onu məktəbə yazdırırlar. Aliyə xanım bir gün məktəbə getdikdən sonra «Mən daha o məktəbə getməyəcəyəm» - deyir. Atası Nəsrullah bəy onun üçün evə fərdi müəllim dəvət edir. Mən onun anasının və xalasının məzarlıqlarının fotosunu çəkdim. Nəsrullah bəy Azərbaycan nümayəndəsi kimi Türkiyəyə getmişdi. Azərbaycanda vəziyyət dəyişdikdən sonra da orada qalmışdı. O, erkən vəfat edib. Sara xanım yaşca böyük olduğundan bacı və qardaşları ilə İstanbul Jandarm Liseyinə yazılır. Aliyə xanımı da «xala uşaqları ilə oxu» - deyə həmin liseyə yollayırlar. Sara xanım liseyi bitirir. Bakıdan «burda heç bir şey yoxdur, qayıt gəl»- deyə xəbər gəldikdən sonra Sara xanım qayıdır. Ancaq Aliyə xanım Trabzona - anasının yanına gedir. O, orta məktəbi Türkiyə birincisi olaraq bitirir. Kim məktəbi əla bitirirdisə, onu İstanbulun ən gözəl yataqxanası olan universitetinə göndərirdilər. Aliyə xanım tarix fakültəsini bitirdikdən sonra əvvəlcə Adanada, sonra Trabzonda müəllim kimi çalışmağa başlayır. Biz o zaman uşaq idik”. İ.Yıldırım Bakıya gəlincə Aşurbəylilər nəslinin nümayəndələrini soraqlamasını xatırlayır: "Aşurbəylilərin yaşadıqları evin fotosunu çəkdim. Onların hekayəsini toplayıb bir yazı halına salmaq fikrindəyəm. Aliyə xanım bizim hamımızın sevimli müəlliməsi olub. Mən araşdırmalara onun ulu babası Teymur Aşurbəylidən başladım. Teymur bəyin ərazisində 24 neft quyusu tapılınca kəndlisinə bütün ərazisini paylayır. «Əkin-biçin sizin olsun, neft bizim bəsimizdir» - deyir”.
Əli bəy Hüseynzadənin əsərləri

İ.Yıldırım mənəvi hamisi olduğu Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdan da həvəslə bəhs etdi: «Feyzavər xanım 97 yaşındadır. Mən Əli bəy Hüseynzadənin əsərlərini Azərbaycana bağışlamaq üçün onu razı saldım. Bu gəlişimdə Ədəbiyyat Muzeyinə getdim. Azərbaycan konsulluğu imza atandan sonra həmin əsərlər Bakıya gətiriləcək. Həmin arxivi ya Tarix, ya da Ədəbiyyat Muzeyinə verəcəklər. Əsərlər Əli bəyin fotoları, iş masası ilə bir yerdə olsa, daha yaxşı olar. Ancaq Ədəbiyyat Muzeyi Elmlər Akademiyasının nəzdindədir. Əsərlərin hansı muzeydə yerləşdiriləcəyi mənə maraqlıdır. Əli bəyin oğlu Səlim Turan əsərlərini İstanbul Universitetinə verib. Mən onun həyat yoldaşı ilə görüşdüm. O, «mən onun əsərlərini Azərbaycana vermək istəyirəm» - dedi. İndi azərbaycanlıların bu məsələyə münasibəti onun üçün maraqlıdır. Sadəcə, o, qadını inandırmaq lazımdır”.
İ.Yıldırım alimlərin, tədqiqatçıların bəzi araşdırmalarında mənbələrə əsaslanmadıqlarına, yanlış məlumatlara yer verdiklərinə də diqqət çəkdi: «Hər kəs araşdırma edə, maraqlı kitablar nəşr etdirə bilər. Biz universitetdən keçdiyimiz üçün bir tədqiqat apararkən öncə, nəyə diqqət vermək lazım olduğuna önəm veririk. Qaynaq olmadan heç bir şey yazmırıq. Bu, çox əsasdır. Bu baxımdan bu, bizim avantajımızdır”.
Biz kimik?

İ.Yıldırım insanların öz ölkələrini tanıtması üçün öncə milli kimliklərini tanımalarının vacib olduğunu vurğuladı. "Dünyaya özünü tanıdanlar bilirsiniz kimlərdir - milli azlıqlar. Onlarda birləşmə hissi daha güclü olur. Kəndlərimiz şəhərləşməyib. Fizika, riyaziyyat, coğrafiya və digər fənləri öyrənmişik. Ancaq «mən kiməm?»- deyə öyrənməmişik. Əgər Türkiyə ilə sərhəddə - 500-600 min türkün yaşadığı ərazidə "ermənilərin ərazisi deyil”, - deyə gizli-gizli silahlanmağı, həmçinin bu fikri uşaqlara aşılamaqla həyata keçirmək mümkün olsaydı 1988-ci ildə bir gecədə 300 min nəfər o torpaqlardan çıxarılmazdı. Nə itirdik? Qərbi Ermənistanı itirdik. "Türk milləti yatıb, bir gün qalxacaq”- düşüncəsi yanlışdır. Sovetlər birliyi qurulmamışdan əvvəl çar Rusiyasında müsəlman olanlardan kimliyi soruşulan zaman onların milli adını deyil, dini adını tapırlar. 1905-ci ildə yaponlar rusları məğlub etdiyi zaman çar Rusiyasında «Bir dəyişiklik edək, bu müsəlmanların haqqını da verək»- deyirlər. Müsəlman tatarları ilk dəfə parlamentə toplanır. Sözçü də Əlimərdan bəy Topçubaşov olur”.
Türkiyənin gələcəyindən qorxmuram

İ.Yıldırım ana dilini bilməyin, milli mədəniyyətə sahib olmağın əhəmiyyətindən danışaraq uşaq ikən ailədə tərbiyənin əhəmiyyətini vurğuladı: "Dünyada bəlli dillər və həmin dillərin hər bölgədə versiyaları var. Amma Azərbaycanda və ondan kənarda danışanda «Biz azəriyik» deyirlər. "Azəri” adlı bir millət yoxdur. Bu, Azərbaycan coğrafiyasından olan insan deməkdir. İranda da «Biz türkük» - deyirlər. Osmanlıdan bəri Türkiyənin tarixinə nəzər salanda millətləşmə prosesinin tamamlandığını görürsən. Bu baxımdan Türkiyənin dərdi yoxdur. Qoca bir bölgədə türk kültürü hakimdir. Türkiyədə bir qisim erməni Ermənistana köçməyə çalışdı. Ancaq 6 ay orada dayanmayıb geriyə döndülər. Çünki onlar Türkiyə mədəniyyətinin içində yetişiblər. "Azəri” sözü İran Azərbaycanından çıxan bir sözdür. Sonradan yuxarı keçib və rusların da işinə yarıyıb, dörd əllə ona sarılıblar. Sonradan ruslar bunu Türkiyəyə də, ətrafa da satıblar. Anası uşağına nə öyrədirsə, o, önəmlidir. Bu gün Azərbaycan inkişafdadırsa bunun səbəbi budur. Kimliyi lap uşaq yaşlarından başa salmaq lazımdır”. İ.Yıldırım bildirir ki, Azərbaycan müharibə şəraitində yaşadığından burada universitetdə oxuyan tələbələri, xüsusən də qızları silahdan istifadə edə biləcək səviyyədə hazırlamaq lazımdır: "Dağın başında kəndlisi də, şəhərlisi də silah istifadə etməyi bacarmalıdır. Başqa çarə yoxdur. Çünki 9 milyonluq Azərbaycan milyon yarım erməni ilə deyil, böyük güclə çarpışacaq. Amerika Vyetnamda 3 milyon yarım əsgərdən istifadə etdi. Ancaq Vyetnam Amerikanı peşman etdi. Amerika bu məğlubiyyəti yaşadı. Bu baxımdan, yenilməz heç kəs yoxdur. Heç bir güc daimi deyil. Bir gün Türkiyənin əhalisi çox sürətlə oxuyur və sürətlə yüksəlir. Dünyaya da açıqdırlar. Bu gün Almaniyada 3 milyon yarım insanımızın 60 min universitet tələbəsi olan uşaqları var. Almanlar onları assimilyasiya edə bilmədi. Türk millətinin assimilyasiya olması çox çətindir. Ona görə mən Türkiyənin gələcəyindən qorxmuram”.

İbrahim bəy Azərbaycanla bağlı atasının ona etdiyi tövsiyəni heç vaxt unutmadığını deyir: "Mənim bir şansım oldu: Türkiyədə Azərbaycan Cümhuriyyətinin övladlarını tanıyaraq böyüdüm. Atamın mənə söylədiyi "Edə biləcəyin bir şey var, Azərbaycana yaxşılıq elə” sözləri həmişə qulağımdadır. Ona görə planımı o istiqamətdə qurdum. Bura bizim hamımızın məmləkətidir”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər