• şənbə, 20 Aprel, 03:51
  • Baku Bakı 15°C

“Bunun əziyyətini daha çox Böyük Britaniya çəkəcək”

25.06.16 10:38 1333
“Bunun əziyyətini daha çox Böyük Britaniya çəkəcək”
Böyük Britaniyada krallığın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçirilən referendumun nəticəsi şok effekti yaradıb. Seçici fəallığının 72,1 faiz olduğu səsvermədə nəticələr 1975-ci ildən fərqli olub və əhalinin 52 faizi qurumdan çıxmağın, qalan 48 faiz isə qalmağın tərəfdarı olub. Qeyd edək ki, hökumət və baş nazirin referendumun nəticələrini qəbul etməmək hüququ var. Baş nazir Kemeronun istefa verməsi və "Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir” deməsi onların qurumdan ayrılmağa qərarlı olduqlarının göstəricilərindən biri kimi qəbul olunur. Bəs belə qərar Britaniyanın özü və Avropa İttifaqı üçün nə vəd edir? Gedişatın Azərbaycana nə kimi təsiri ola bilər? Suallarımızı millət vəkillərinə ünvanladıq. Onların fikrincə, əslində, təəccüblü heç nə yoxdur. Məsələ illərdir müzakirə olunurdu və nəticə də gözlənildiyi kimi oldu. Millət vəkili Aydın Mirzəzadə bu haqda fikirlərini "Kaspi” ilə bölüşərkən dedi ki, ümumi götürəndə, nə baş verməli idisə, o da oldu: "Böyük Britaniya tarixən həmişə kontinental Avropadan bir qədər kənarda durub. Hətta indinin özündə belə, digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Şengen vizasını tanımır, özünün milli valyutasını da saxlayır. Prinsipcə, Böyük Britaniya Avropa İttifaqı ilə tam olaraq bağlı deyil. Ölkə daxilində də həmişə qurumdan çıxmağın tərəfdarları olub. Avropa İttifaqının saxlanmasına verilən xərc büdcədən gedir və ona heç bir ehtiyac görülmür. Hesab edirəm ki, bundan sonra Britaniya üçün fövqəladə heç nə baş verməyəcək. Avropa İttifaqı da öz işini davam etdirəcək”.
Millət vəkilinin fikrincə, Avropa ölkələri həmişə özlərinin müəyyən müstəqilliyini saxlamaqla vahid Avropaya doğru gedirdi: "Hətta bundan sonra daha 1-2 ölkənin qurumdan çıxması mümkündür. Amma vahid Avropa heç zaman dağılmayacaq. Düşünürəm ki, müəyyən dövrdən sonra Britaniya yenidən Avropa İttifaqına qayıda bilər. Bu da, kommersiya maraqlarından irəli gələn bir şeydir. Amma Böyük Britaniyanın özünün taleyində müəyyən məsələlər artıq yeni formada ola bilər. Mümkündür ki, Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumları keçirilsin. Əgər belə bir şey baş tutsa və onlar Böyük Britaniyanın tərkibindən çıxsalar, bu, imperiyanın dağılmasında yeni bir mərhələ olacaq. Məlumdur ki, Böyük Britaniya dünyanın sonuncu imperiyalarındandır. Məsələn, Avstraliya bu gün müstəqillikdən danışır, onu elan etmək istəyir. Amma bildirir ki, bunu Yelizavetanın sağlığı dövründə etməyəcək. Yəni müəyyən siyasi və iqtisadi proseslərin getməsi mümkündür. Hansı ki, onsuz da bu proseslər gedirdi, amma bunun başa çatmasına təkan lazım idi”.
A.Mirzəzadə onu da qeyd etdi ki, fövqəladə nəyinsə baş verəcəyini, bunun dünyanı çalxalayacağını düşünmür: "Müəyyən müddətdən sonra hər şey öz məcrasına düşəcək. Azərbaycanla da bağlı hər hansı bir fövqəladə hadisənin baş verəcəyini düşünmürəm. Ölkəmiz Avropa İttifaqının üzvü deyil. Azərbaycanın Avropa İttifaqı ölkələri, eləcə də, Böyük Britaniya ilə normal münasibətləri var. Həm Böyük Britaniya, həm də qurumun digər dövlətləri ilə bundan sonra da dostluq münasibətlərimiz davam etdiriləcək”.
Millət vəkili Rasim Musabəyov da hesab edir ki, bundan sonra hər iki tərəf öz yolu ilə gedəcək: "Avropa İttifaqının da, Böyük Britaniyanın da tutduğu xətt var və hərə öz yolu ilə gedəcək. Yəni hərəsinin öz istiqaməti olacaq. Böyük Britaniya həmişə Avropa İttifaqı ilə münasibətdə məsafə saxlayırdı. Bu, sanki əsrlər boyu davam edən bir ənənəyə çevrilmişdi. Britaniyalılar daha çox son yüzillikdə ABŞ-la müttəfiqlik edirdilər. Həmçinin də öz koloniyaları ilə. Məsələn, Avstraliya, yeni Zelandiya kimi ölkələrlə əlaqələri daima sıx saxlamağa meyl edirdilər. İndi də Avropa İttifaqından çıxmağa qərar verdilər. Mənə elə gəlir ki, bu, Britaniya üçün həm siyasi, həm də iqtisadi problemlər yaradacaq”.
Həmsöhbətimizin fikrincə, populist addım atıb referendum keçirmək yanlış qərar idi. Çünki bu, ciddi hesab tələb edən məsələdir: "Quruma bu gün girirəm, 20 ildən sonra çıxıram” kimi davranışlar yanlış addımlardır. Məncə, bunun əziyyətini daha çox Böyük Britaniya çəkəcək, nəinki Avropa İttifaqı. Əlbəttə ki, Avropa İttifaqı bunun nəticəsində dağılmayacaq. Gedişatın Azərbaycana nə cür təsir edəcəyinə gəlincə isə, mənfi təsirlər göz qabağındadır. Dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Maliyyə bazarlarında təlatüm var. Belə hal Azərbaycana da təsirsiz ötüşmür. Neft Fondunun pulları Britaniyada da yerləşdirilib və bu, konkret itkidir. Siyasi cəhətdən isə hər hansı bir təsirin olacağını düşünmürəm. Hər bir halda, belə təsirlər qısamüddətlidir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər