• çərşənbə axşamı, 19 mart, 13:48
  • Baku Bakı 8°C

Buna ehtiyac var idimi?

22.06.17 13:00 1126
Buna ehtiyac var idimi?
Qəribə və inanılmazdır ki, ölkəmizdə 1988-90, hətta 1991-ci ildə də sovet hökumətinə, erməni millətçilərinə sədaqət hissini təbliğ edən əsərlər çap olunub. Məsələn, 1988-1990-cı illərdə "ilk azərbaycanlı marksistlərdən, "Hümmət” bolşevik təşkilatının rəhbərlərindən biri olan, Azərbaycan bolşevik mətbuatının təşəkkülü və nəşrində görkəmli rol oynayan” Sultan Məcid Əfəndiyevin əsərləri Azərbaycan KP MK yanında Qırmızı Əmək Bayrağı Ordenli Partiya Tarixi İnstitutunun əməkdaşları tərəfindən çapa hazırlanıb. Əsərdə S.M.Əfəndiyevin hər bir məqaləsində, çıxışında Oktyabra, Leninə, rus və erməni qardaşlarına olan sevgisi, milli hökumətə nifrəti açıq-aydın bəyan edilir.
Məsələn, "...ən həyasız müsavatçı istismarçılar”, "Lenin siyasəti xalqların birgə yaşamasının tarixində görünməmiş qələbələr əldə etdi”, "Aprel inqilabı Müsavat hökumətinə birdəfəlik zərbə vurdu”, "azlıqda qalan millətlərə kifayət qədər diqqət yetirilməsi təmin edilməlidir. Türkiyədən gələn erməni qaçqınlarının Azərbaycan Sovet Sosialist Respublikası ərazisində yerləşdirilməsi sahəsində tədbirlər hazırlanmalıdır” və s. Burada bir faktı qeyd edim ki, bu əsər çap edilən zaman (1990) Ermənistanda bir azərbaycanl belə qalmamışdı. Tədqiqatçılarımızın "qardaş”, "dost” adlandırdıqları ermənilər soydaşlarımızı doğma yurdlarından, ev-eşiklərindən vəhşicəsinə qovmuş, öldürmüş, dəhşətli işgəncələrə məruz qoymuşlar. Belə bir zamanda erməni-müsəlman "dostluğundan”, "qardaşlığından” dəm vuran, sovet hökumətinin ideologiyasını təbliğ edən əsərlərin çapına nə ehtiyac var idi?
Və yaxud 1991-ci ildə tarix elmləri namizədi, Qızıl qələm mükafatı laureatı, publisist Sabir Gəncəlinin (Məmmədov) Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən "İşıqlı ömürlər, kövrək talelər” adlı əsəri çap olunur. Əsərdə "Böyük bir nəslin faciəsi” adlı bölmədə bolşevik Həmid, Ayna Sultanovaların və Qəzənfər Musabəyovun Azərbaycanda Şura hökumətini qurmaq uğrunda apardıqları mübarizədən bəhs edən müəllif sonda onların bu inqilabi fəaliyyətinə haqq qazandıraraq, repressiya qurbanı olduqlarını çox böyük təəssüf hissi ilə qeyd edir. Doğrudur, hər bir azərbaycanlının bu faciənin qurbanı olduğuna acıyırıq. Amma onu da qeyd edək ki, bir zaman onlar, sonradan onlara bu faciəni yaşadan Şura hökuməti uğrunda cəkinmədən yüzlərlə soydaşlarını qurban vermişlər.
Həmid Sultanov 1920-ci ilin oktyabrında AK(b)P-nın 2-ci qurultayında çıxış edərkən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə qarşı çevrilişin təşkilatçılarından olduğunu şəstlə belə qeyd etmişdir: "Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Bu işdə Yalamada yerləşən qırmızı süngülərə arxalanırdım...”. O, süngülər Sultanovların, Musabəyovların, Qarayevlərin əlilə minlərlə günahsiz azərbaycanlını qanına-qəltan etmədimi? Və yaxud Həmid Sultanov Azərbaycan İnqilab Komitəsinin Gəncə quberniyasının fövqəladə komissarı kimi Gəncə üsyanını (1920) yatırdarkən "Gəncədə bir başıpapaqlı varsa, çıxsın qabağıma” deyərək, yüzlərlə soydaşını məhv edərək evləri başsız, uşaqları yetim qoymadımı?
Həmid Sultanovun ömür-gün yoldaşı Ayna Sultanova və qaynı Qəzənfər Musabəyov haqqında belə faktlardan yüzlərlə qeyd etmək olar. O zaman onların Şura sevgisi gözlərini elə tutmuşdu ki, nə etdiklərini özləri də bilmirdilər. Belə olmasaydı, Ayna xanım Leninə olan sonsuz məhəbbətinin təzahürü kimi sonbeşiyinə VLADLEN adını qoymazdı ki...
S.Gəncəli yazır: "Onlar ömürlərinin ən gözəl illərini xalqının azadlığı uğrunda mübarizəyə həsr etmişlər”. Sabir müəllim, amma zaman sübut etdi ki, əksinə, onlar xalqının azadlığı uğrunda mübarizə aparanlara qənim kəsiliblər...
...Mərkəzdə başlanan "yenidənqurma”, "aşkarlıq” siyasəti bizə ya çox gec gəlib çatdı, ya da biz onu gec qəbul etdik. Mərkəzdə Qarabağ məsələsinin "xeyir-duası” verilən zaman biz hələ də Mərkəzə sədaqətimizi bəyan etməkdə idik. Dövrün "ən mötəbər mənbəyi” adlanan Azərbaycan Sovet Ensiklopediyasında hələ də istedadlı alimlərimiz, akademiklərimiz H.Z.Tağıyev haqqında həqiqətlərə göz yumaraq, onu haqsız tənqid atəşinə tutaraq, "milli burjuaziyanın mənafeyini güdən”, "fəhlələrin əməyini istismar edən kapitalist” kimi təqdim edirdilər.
Bu ideoloji münasibət tədqiqatçı alim, filologiya elimləri doktoru Firudin Hüseynovun da əsərlərindən yan keçməyib. Zamanın "qanun-qayda”larına sədaqətini əks etdirən alim 1982-ci ildə çap etdirdiyi "Satirik gülüşün qüdrəti” adlı elmi əsərində "Böyük Oktyabr sosialist inqilabına” sədaqətini necə bəyan edirdisə, 1986-cı ildə işıq üzü görən "Molla Nəsrəddin” və mollanəsrəddinçilər” adlı əsərində də eynilə bunu davam etdirib.
Məsələyə sovet ideologiyasına xas yanaşan alim bütün varlığı ilə xalqına, millətinə bağlı olan, onun azadlığı uğrunda sona kimi çalışan, görkəmli qələm və əqidə sahibləri olan Ə.Ağaoğlunu, Ə.Hüseynzadəni və Ə.M.Topçubaşovu tədqiqatlarında birmənalı olaraq "panislamist”, "pantürkist”, "istismarçı burjua sinfinin ideoloqu” kimi tənqid edərək yazırdı: "Bakının neft milyonçularına sədaqət göstərən, mətbuatda mühafizəkar mövqe tutub, mənsub olduğu istismarçı burjua sinfinin ideoloqu kimi tanınan bir qrup ziyalı yetişmişdir. Ə.M.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu belə ziyalılardan idi”.
Əsərin ilk cümləsindən son çümləsinə kimi (baxmayaraq ki əsər 1986-cı ildə çap edilib, artıq bu zaman ölkədə yenidənqurmanın ilk rüşeyimləri görünməkdə idi. Amma bizim ziyalılarımızın əksəriyyəti hələ də proletar ideologiyasından azad ola bilmirdilər) "proletariatın dahi rəhbəri V.İ.Lenin qayğısı”, "qardaş millətlərin birliyi” (!), "beynəlmiləl tərbiyədə S.Şaumyanın rolu” və s. bu kimi fikirlərin dönə-dönə işlədilməsi müəllifin uzun illər yazılan yanlışlıqları bir daha təkrar etməsindən başqa bir şey deyil. "Həyat”, "Füyuzat” və "Kaspi” mətbu orqanlarını "milli burjuaziyanın mənafeyini təmsil və müdafiə edən”, yazarlarını isə "panislamist”, "pantürkisist” kimi təqdim edirdi F.Hüseynov. Bu kimi faktlar təkcə F.Hüseynovun əsərlərində deyil, 1980-cı ildən sonra yazılan bir çox tədqiqat əsərlərində davam etməkdə idi.
Bu proses 1990-cı illərin əvvəllərinə kimi davam etdiyi üçün milli mətbuat və (xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti dövrü) mətbuatşünaslıq tariximizi obyektiv şəkildə əks etdirən əsərlər demək olar ki, yox dərəcəsində idi. Obyektivlik bir yana, bəzi tədqiqatçılarımız sovet rejiminə o qədər aludə olmuşdular ki, bolşevik mətbuatının, yazarlarının fəaliyyətini tədqiq etməklə kifayətlənməyərək, milli ruhlu mətbuatı, onun yazarlarını təhqir və tənqid etməkdən sanki zövq alırlarmış. Məsələn, bolşevik mətbuatının tədqiqatçısı Xasay Vəzirov "Azərbaycan bolşevik mətbuatı sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizədə” adlı elmi əsərində az qala hər sözündə, hər cümləsində milli hökuməti və onun liderlərini təhqir etməkdən belə çəkinməyərək yazırdı: "Azərbaycanda alman-türk süngüləri ilə yaradılmış Müsavat hökuməti, bəylər, xanlar, mülkədarlar və kapitalistlər Azərbaycan xalqına böyük xəyanət edərək Azərbaycanı əvvəlcə türk işğalçılarının, sonra isə İngiltərə imperalistlərininin əsarəti altına salmışdılar”.
Əslində yalnız X.Vəzirovun əsəri deyil, sovet dövründə yazılan, onun siyasi dəsti-xəttinə uyğun olan sayız-hesabsız əsərlərdə bu mühüm dövr "düzgün qiymətləndirilməmiş, mürəkkəb,çoxşaxəli olan bu dövr kommunist ideologiyasının prinsipləri baxımından dəyərləndirilmiş, milli təzahürlər bolşeviklərin xeyrinə saxtalaşdırılmışdır”. Ona görə də sovet dövründə aparılan tədqiqatlar, namizədlik, doktorluq dissertasiyaları, dərsliklər, ensiklopedik mareriallar və digər araşdırmalar bir daha sübut edir ki, onlarda zamanın amansız siyasi-metodoloji prinsiplərinə əsaslanaraq söylənilən fikirlər bu gün müasir tələblər baxımından qüsurludur. Bu qüsurları aradan qaldırmaq üçün xalqımız yenidən öz müstəqilliyini bərpa etdikdən sonra mətbuat və mətbuatşünaslıq tariximiz obyektiv olaraq, əsaslı şəkildə tədqiqata cəlb edildi. Burada mətbuatşünaslıqla yanaşı, tarixşünaslıq elmi də əsas götürüldü. Bu gün zaman tarixşünaslıq elimindən müstəqil dövlətimizin inkişaf yolunun müəyyənləşdirilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik təcrübələrindən bəhrələnməyi, səhvlərindən ibrət götürməyi, onları təkrar etməməyi tələb edir.
1990-cı illərdə Azərbaycanda ideoloji sahənin bütün cəbhələrində olduğu kimi, mətbuatda da yeniliklə köhnənin mübarizəsi, yaxud köhnənin yeniyə müqaviməti getdikcə amansız şəkil alırdı. Bəzi hallarda partiya orqanlarının öz əməkdaşları belə, redaksiyanın proqramına, platformasına əks mövqedə durur, həmkarlarının iş üslubuna etiraz edir, onları əsl vətəndaş olmağa sövq edirdilər. Odur ki, Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində ölkəmizdə fəaliyyətdə olan KİV-in həyatında bir kəmiyyət dəyişikliyi baş verdi. Bu dəyişiklik yuxarıda qeyd etdiyimiz kimi, ilk olaraq yeni yaranan mətbu orqanlarında özünü əks etdirdi. "Səhər”, "Meydan”, "Vətən səsi”, "Açıq söz”, "Ədalət”, "Azadlıq”, "Azərbaycan”, "Aydınlıq”, "Qarabağ” qəzetləri Azərbaycanın azadlıq mücadiləsində yaxından iştirak edərək onun yaxın tarixini öz səhifələrində yazdılar. Onlar bu səpkili mövzulara tez-tez müraciət edərək fərdin və millətin ən böyük sərvəti olan azadlığı, istiqlalı uğrunda mücadilə aparan tarixi şəxsiyyətlərin mətbu irsinə, yaradıcılığına yeni həyat, nəfəs verir, bununla da müstəqillik uğrunda mübarizə aparan hərəkat iştirakçılarını mənəvi-ideoloji, siyasi baxımdan qidalandırırdılar.
Dünənimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, azadlıq arzularımızın gerçəkləşməsində, ictimai fikrin, milli şüurun formalaşmasında, milli ideologiyanın təşəkkülündə bu yeni ruhlu mətbuatımız şərəflə mübarizə aparmış və istəyinə nail olmuşdur. Odur ki, Azərbaycan mətbuat tarixi tədqiqatçıları bu mətbu orqanlarının hər birini geniş şəkildə tədqiqata cəlb etməli, onların əldə etdiyi müsbət nəticənin elmi əhəmiyyətini verməlidirlər. Çünki həmin illərdə mətbuatımız sadəcə yeni tarixi mərhələyə daxil olmur, həm də yeni ruhlu mətbuat nümunələrini yaradaraq müstəqilliyimizin yeni tarixini yaradırdılar. Elmi-ictimai, siyasi, mədəni həyatımızın, istiqlal tariximizin şərəfli və mürəkkəb zamanını əks etdirən bu mətbu orqanlarının tədqiqi həm istiqlal tariximizə, həm də müasir mətbuatşünaslığımıza ən layiqli töhfə olardı.
Amma burada bir faktı da qeyd etmək yerinə düşərdi ki, sovet dövrü mətbuatının fəaliyyətini bütövlüklə inkar etmək də düz olmazdı. 20-ci yüzilin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf etsə də, bu dövrün də xüsusi yeri var və bunları danmaq ədalətsizlik olardı. Bu da bir faktdır ki, sovet gerçəkliyində yaşadığımız yetmiş ildə milli düşüncənin yaranmasında, yaşanmasında və təbliğində ədəbiyyatımızla yanaşı, mətbuatımızın da böyük rolu olub. Xüsusən də son "30 il (1960-1990-cı illər) bu mənada birmənalı təsdiq olunsa da, əvvəlki 40 ilin də üstündən keçmək olmaz”.
Məhz bu dövrdə mətbuatımızın coğrafiyası və ifadə vasitələri genişlənərək respublikanın ictimai-siyasi həyatının demək olar ki, bütün sahələrini əhatə etmişdir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər