• cümə, 29 Mart, 06:38
  • Baku Bakı 5°C

Bulaq suyu, dağ havası...

22.07.20 13:15 3164
Bulaq suyu, dağ havası...
İncəsənət xadimləri rayonlara gediş-gəlişin bərpa olunması, çimərliklərin açılması arzusundadırlar
Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti sərtləşdirilmiş karantin rejiminin avqustun 5-ə qədər uzadıldığını elan edib. Avqustun 5-dən sonra qaydalarda müəyyən yumşalmaların olması gözlənilir.İncəsənət nümayəndələri Operativ Qərargahın yeni açıqlamalarında dəniz mövsümünün açılması və bölgələrə gediş-gəlişin bərpa olunmasını görmək istədiklərini deyirlər. Onlar hesab edirlər ki, çimərliklərdə və təbiət qoynunda sosial məsafəni qorumaq mümkündür.
"Təhsil hər şeydən önəmlidir"
Əməkdar artist, rejissor Ramin Hacıyev qeyd edir ki, karantin rejiminin uzadılması rejissorların iş prosesinə təsirsiz ötüşməyib: "Operativ Qərargahdan qərar verəndə, vətəndaşların sosial və gündəlik durumlarını da nəzərə almalarını istərdim. Şəxsən özümə gəldikdə, mən də bu karantin günlərində çətinliklərlə üzləşdim. Məsələn, sonunu dəfə nə zaman dənizə getdiyimi, restoran və kafedə oturmağımı unutmuşam. Mənim üçün əsas odur ki, verilən qərarlar işimi ləngitməsin. Biz hər mövsüm olduğu kimi, yeni mövsümdə də işimizi davam etdirə bilək. Çox istərdim ki, karantin qaydaları aradan götürülsün, biz də əvvəlki yaşayışımıza davam edək. Ölkəmiz bu bəladan xilas olsun. Artıq evdə uşaqlarımız da darıxır. Məktəblərin açılmasını, onların da hər zamankı kimi təhsillərinə davam etmələrini istəyirəm. Çünki təhsil hər şeydən önəmlidir".
"Çimərlik insanların ən çox məsafə saxladığı yerdir"
Əməkdar artist, rejissor Sərvər Əliyev deyir ki, karantin dövründə virusdan qorunmaq üçün məsafə saxlamaq, maska taxmaq kimi ciddi qaydalara əməl etmək kifayət edir: "Pandemiya dönəmində dəniz və çimərliklərin açılması məqsədə uyğundur. İnanmıram ki, dənizə gedən insanlar qumda yan-yana uzansınlar, ya da yan-yana çimib birlikdə otursunlar. Çimərlik insanların ən çox məsafə saxladığı yerdir. Hazırda Günəşə böyük ehtiyacımız var. Hətta imkan olsa, çimərliyə getmək üçün SMS-lə 5 saat zaman verilsin. Çünki hazırda evlərdə qalan insanlar havasızlıqdan boğulur. Çox insanın evində kondisioneri də yoxdur".

S.Əliyev alış-veriş mərkəzlərinin açılmasını da lazım bilir: "Düzdür, bu mərkəzlərdə insanlar çox toplaşır və kütləvi xarakter daşıyır. İnsanlarımız qorunma qaydalarına riayət etsələr, bu mərkəzlərin açılması da vacib məsələlərdəndir. Çünki burada çalışan insanlarımız kifayət qədərdir və onların qazancı yalnız burdandır. Bu insanların əksəriyyəti verilən yardımdan kənarda qalıblar, ailələrini dolandırmağa imkanları yoxdur. Onların bəziləri ilə mütəmadi təmasda olduğum üçün bilirəm ki, vəziyyətləri yaxşı deyil. Bunlarla yanaşı, rayonlara gediş-gəliş açılsa, yaxşı olardı. Belə ki, rayonda insanların toplaşması üçün ümumi və geniş məkanlar yoxdur. Bura gələn insanlar dağa, meşəyə gedirlər. İnsanlar gəlib oksigen qəbul edəcəklər. İnanmıram ki, kiminsə xəstəliyi olduğu halda, bunu gizlədib, qohum-əqrəbalarını yoluxdursun".
"Yaradıcı insanlar yenə evlərə qapadılmasın"
Rejissor, aktrisa İhamə Əhmədova bildirir ki, isti yay günlərində dəniz də lazımdır, istirahət mərkəzləri də: "Bütün bunların hamısı yay mövsümündə insanların tələbatıdır. Yəni vacib amillərdəndir və hesab edirəm ki, bütün bunlar olmalıdır. İnsanlar dincəlməli və stress atmalıdır. Ancaq bəzi zəruri ehtiyaclar var ki, onlar daha mütləqdir. Daha çox istərdim ki, mədəniyyət sahəsində inkişafın nəzərə çarpması üçün müəyyən addımlar atılsın. Belə ki, yaradıcı insanlar yenə evlərə qapadılmasın. Bizim də çəkilişlərimiz, tədbirlərimiz olsun. Bundan başqa, karantin günlərində təhsil sahəsində xeyli gerilədik. Təhsil sahəsində irəliləyişin olmasını daha çox istərdim".

İ.Əhmədova hər insanın istirahətə ehtiyacının olduğunu və evdə qalmaqla bu ehtiyacı təmin etməyin mümkünsüz olduğunu vurğuladı: "Mənə elə gəlir ki, daha çox mədəniyyət və təhsilimizdə irəliləyiş olsa, bizim üçün daha faydalı olar".
"İsti qum, sərin su və Günəş şüaları qəbul etdikdə, enerji depolayıram"
Aktrisa Zülfiyyə Qurbanova deyir ki, sərt karantin günləri bitdikdən sonra dəniz mövsümünün açılmasını istəyir: "Yay mövsümünü dənizsiz təsəvvür etmək mümkün deyil. Sərt karantin rejiminin ləğv olunmasını, çimərliklərin xalqın istifadəsinə verilməsini istəyirəm. İl ərzində çalışır, yoruluruq. Yayın gəlişini gözləyirik ki, dənizə gedib günəşlənək. Dənizə hamının ehtiyacı var və mən də hər yay mütəmadi şəkildə çimərliyə getməyə öyrəşmişəm. Belə ki, isti qum, sərin su və Günəş şüaları qəbul etdikdə, enerji depolayıram. İnşallah, düşünürəm ki, avqustun 5-dən sonra Operativ Qərargah vətəndaşlara dənizə getməyə icazə verər".

Z.Qurbanova nəinki dənizkənarı obyektlərin və çimərliklərin açılmasını, eyni zamanda bağlı qalan iş yerlərinin də açılmasını arzulayır: "Bağlanmış bütün iş yerlərinin açılmasını, bərpa olunmasını istəyirəm. Çünki bu karantin maddi olaraq insanları çökdürdü. Belə ki, vətəndaşlarımızın büdcələrinə xeyli ziyan dəydi. Günəmuzd işləyən insanlarımız var idi ki, onlar çörək pullarını gündəlik qazanırdılar. Bu karantində onların işləri dayandı və çox çətin günlər yaşayırlar. Buna görə də istəyirəm, bütün sahələr açılsın. İşlər yenidən canlansın, insanlar işə çıxsın. Biz öz həyatımıza, normal yaşayışımıza davam edək".
"Aylardır evdəyəm"
Aktrisa Səbinə Məmmədova isə karantinin insanların sağlamlığı üçün nəzərdə tutulduğunu və belə günlərdə yalnız verilən qərarlara əməl etməyin vacibliyini vurğuladı: "Bununla razılaşmaqdan başqa çarə qalmır. Mən bu qaydalara tam əməl edirəm. Belə ki, dostlarımla görüşüb, qohum-əqrəbalarımın evinə getmək kimi risklər almıram. Hər kəs necə, mən də elə - evdə qalıb, Operativ Qərargahın qaydalarına əməl edirəm. Ancaq bir məsələ də var ki, təbiətlə təmas, ordan alınan enerji olması mütləqdir. Ötən gün bir çəkilişə getdim və özümü yuxulu, gücsüz hiss edirdim. Baxmayaraq ki, aylardır evdəyəm. Avqustun 5-dən çəkilişlərimiz başlayacaq. Çox güman ki, istirahətə getməyə imkanımız olmayacaq. Çox istərdim ki, yay aylarında, havaların isti keçdiyi bu həftələrdə dəniz mövsümü açılsın. Axşamlar dəniz kənarında Günəşin batmağını, səhərlər Günəşin necə doğmağını izləmək mənə enerji verirdi. Bir də bağlanan iş yerlərinin açılmasını zəruri hesab edirəm. İş yerləri açılmalıdır ki, insanlar özlərinə stimul tapsınlar. Maddi gəlirləri də olsun ki, həm də bilet alıb teatra gəlsinlər".
"Əvvəlki həyat rejimimizə geri dönmək istəyirik"
Aktyor Türkay Cəfərli deyir ki, avqustun 5-dən sonra insanların ən çox ehtiyacı olduğu yer dəniz, qum və idman zalları olacaq: "Çünki insanlar D vitaminindən, Günəşdən, qumdan və sağlam həyatdan məhrum olub. Bu da təbii ki, insanların immun sisteminin zəifləməsinə və xəstəliklərin daha tez yayılmasına yol açır. Atoyuma məntəqələrinin əvəzinə, geyim dükanları da açılsa, pis olmaz. Çünki insanlar da maşınlar qədər təmiz görünməyə layiqdir. Biz əvvəlki həyat rejimimizə geri dönmək istəyirik".
"İndi dağ havasına daha çox ehtiyac var"
Aktyor Cavid Telman bildirir ki, yay mövsümünü isti qumsuz, dənizsiz təsəvvür etmək mümkün deyil. Belə günlərdə insan ən çox məhz təmiz havaya və dənizə ehtiyac duyur: "Çox istərdim ki, bu virus məhv olsun. Koronavirusun vaksini tapılsın ki, insanlar artıq bu bəladan əziyyət çəkməsinlər. Operativ Qərargahdan istəyim budur ki, bütün bağlı olan iş yerləri açılsın ki, işsizlərin sayı azalsın. Çünki bu insanlar içərisində evdə xəstəsi, banka borcu, müəyyən ehtiyacları olan insanlar çoxdur. Ən çox da onları düşünmək lazımdır. Bundan başqa, restoran və kafelər açılsın ki, bu sahədən daha çox insanlar gəlir əldə edir və çox insan buradan evinə çörək aparır. Yay mövsümünü dənizsiz təsəvvür etmək qeyri-mümkündür". Aktyor çimərliklərin açılmasını zəruri hesab edir: "Yayda isti qum, Günəş şüası, dəniz suyu insanlar üçün şəfalıdır. Bunun çox xeyri var. Yayda 5 gün isti qumda olanda, qış aylarında mənə çox xeyri olur. Bundan başqa, Operativ Qərargahdan rayonlara gediş-gəlişin bərpa olunmasını xahiş edərdim. Düzdür, indi yollar bağlıdır. Biz bunu başa düşürük, amma belə günlərdə insan meşəyə getmək, dağ havası almaq istəyir. İndi dağ havasına daha çox ehtiyac var".
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər