• cümə axşamı, 18 aprel, 10:33
  • Baku Bakı 12°C

“Bu zaman insan həyata müdrik baxır, etmək istədiklərini edə bilir, çünki...” - Kitab rəfi

02.11.19 12:00 1848
“Bu zaman insan həyata müdrik baxır, etmək istədiklərini edə bilir, çünki...” - Kitab rəfi
Qoşqar Məhərrəmov: "Həmin kitabı oxuyan insan gələcəklə əlaqəli planlar qura bilər”
Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız dəyərlidir və ona görə də, həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab rəfi” adlı rubrikamızın qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur.
Müsahibimin ilk seçimi Antuan Sent Ekzüperin "Balaca Şahzadə” əsəri oldu. O düşünür ki, insanın həyata daha kreativ, qeyri-adi yanaşması üçün mütləq bu kitabı oxumalıdır: "Əsərin müəllifi deyir ki, kitab, adından uşaqlar üçün görünsə də, əslində, onu böyüklər üçün yazıb. Hər gün eyni şeyləri görən üçün günəşin çıxıb-batmağı, suyun rəngsiz, səmanın mavi olması adi gələ bilər. Amma insan gərək əsərin qəhrəmanı olan Balaca Şahzadənin gözü ilə dünyaya baxa bilsin. Ona görə də, düşünürəm ki, hər bir insan ilk növbədə bu kitabla tanış olmalıdır”.
Tolstoyun "İnsan nə ilə yaşayar” kitabı ikinci seçim oldu: "Tolstoy bu kitabında insana həyatında nələrin daha çox, nələrin daha az lazım olduğunu öyrətməyə çalışır və insan bununla həyatın nə olduğunu dərk edir. Bu kitabı oxuyan hər kəs həyatdakı prioritetlərini müəyyən edir. Bu zaman insan həyata müdrik baxır, etmək istədiklərini edə bilir. Çünki onun üçün həyatda bir vaciblik sırası olur. Artıq nəyi nə vaxt edəcəyini bilir”.
Üçüncü kitab isə Attalinin "Gələcəyin qısa tarixi”dir: "Bu kitab gələcəyin hara doğru getdiyi müəyyən edir. Biz adətən tarix kitablarında keçmişdə olmuş hadisələr haqqında oxuyuruq, məlumat alırıq. Ancaq bu kitabda gələcəyin hara getdiyi qeyd edilir. Kitabı oxuyan insan gələcəklə əlaqəli planlar qura bilər. Ölkəsi, özü, ailəsi, işi ilə bağlı qarşısına müəyyən hədəflər qoya bilər. Ümumiyyətlə, təhsil siyasəti, politologiya ilə maraqlanan insanlar üçün oxunması vacib olan kitabdır.

Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsində” kitabı dördüncü sırada yer aldı:
"Bir təhsil eksperti olaraq bu kitabı çox tövsiyə edirəm. Çünki bu əsər həyatda təhsilin nələri dəyişdirə biləcəyini, eyni zamanda təhsilin hansı yollarla dəyişdirilə biləcəyini öyrədən bir kitabdır. Ona görə də, vaxtı ilə Atatürk bu kitabı məktəblərdə məcburi oxudurdu. İnsanlar bu kitabı oxuyarsa, həm öz, həm də başqalarının təhsilinə müəyyən töhfələr verə bilər.

Sonuncu isə Ramiz Rövşənin "Nəfəs” kitabıdır: "Bu kitabda daha çox şeirlər yer alır. Kitabda hekayələr də var. Düşünürəm ki, "Balaca Şahzadə”ni, "İnsan nə ilə yaşayar”ı oxuyan, "Gələcəyin qısa tarixi”ni öyrənən, eyni zamanda "Ağ zanbaqlar ölkəsi”ni necə quracağını bilən bir gənc fəlsəfi düşüncəyə də sahib olmalıdır. Ona görə də, fəlsəfi dərinliyi olan "Nəfəs” kitabını da oxumalıdır”.

Günel Azadə
banner

Oxşar Xəbərlər