• çərşənbə axşamı, 23 aprel, 17:51
  • Baku Bakı 24°C

Bu yola eşqsiz çıxmağın mənası yoxdur

26.12.13 10:51 1588
Bu yola eşqsiz çıxmağın mənası yoxdur
Məşhur ifaçı Betül Demir 3 illik fasilədən sonra yeni mahnısı ilə Türkiyənin gündəminə öz damğasını vurub. Yeni mahnısı ilə gündəmə gələn ifaçı Türkiyə mətbuatına müsahibə verib. İfaçının sözlərinə görə, o bundan sonrakı həyatını tamaşaçıları və mətbuat nümayəndələri ilə paylaşacaq.
Bu işin içindəyəm
- Betül xanım, yeni “Helalleşemedik” adlı mahnınız çox səs-küyə səbəb oldu. Demək olar ki, bu mahnı ilin sonuna öz damğasını vurdu.
- Mənim sonuncu albomum 2011-ci ildə çıxmışdı. Üç illik aradan sonra duyğularımı bir araya gətirib, bütün potensialımı yığıb albom çıxarmağı düşünürəm. Albom barədə düşünərkən mahnının söz yazarı Sudə mənə bir sürpriz etdi. Belə ki, o, “Helallaşemedik” mahnısını məhz mənim üçün yazdığını dedi. Bu mahnını dinlədikdən sonra dostlarımdan “Belə duyğu ilə hazırlanmış mahnılarla çox az rastlaşırıq. İçdən gələn bu hisslərə çox ehtiyacımız var” şəklində bir sıra şərhlər aldım. Bu çox sevindirici haldır. Bu mahnı tez bir zamanda ərsəyə gəldi. Həyatımda heç nə bu qədər sürətlə əmələ gəlməyib. Bu layihəmi tez bir zamanda ərsəyə gətirdim və tamaşaçılarla bərabər, dostlarım da mahnını çox bəyəndilər. Buradan belə bir nəticə çıxardım ki, insan nəyisə ürəkdən edirsə, nəyisə ürəkdən oxuyursa, həmin mahnı insanların qəlbinə daha tez yol tapır.
- Bu mahnıdan sonra albom çıxarmağı düşünürsünüzmü?

- Bəli, bu mahnı sosial mediada çox böyük rəğbət qazandı. Bu rəğbət məni yeni albom hazırlamağa ruhlandırdı. Fevralın sonunda albomum işıq üzü görəcək. Albomumda ifa etdiyim yeni 10 mahnı yer alacaq.
Mətbuatdan qaçırdım

- Daima gündəmdə olmaq sizi narahat edirmi?

- Daima tamaşaçıların gözü önündə olmaqdan hər zaman qaçan, gündəmdə olmaq istəməyən müğənnilər sırasında olmuşam. Ancaq indi elə düşünmürəm. İndi günümü necə keçirdiyimi, nələr etdiyimi insanlarla paylaşıram və bundan zövq alıram. Artıq bu işin içindəyəm. Sosial şəbəkələrin vasitəsi ilə bilirəm ki, paylaşdığım yazılardan haqqımda növbəti günlərdə hansı xəbərlər yazılacaq. Əvvəllər şou xəbərlərinin sadəcə qalmaqallardan ibarət olduğunu hesab edirdim. Ancaq anladım ki, vəziyyət heç də mənim düşündüyüm kimi deyilmiş. Tamaşaçılarım məni tanımaq istəyirlərsə, mənim həyatımla maraqlanırlarsa, onlardan gizlədiləsi heç nəyim yoxdur. Artıq mən hər şeyimi paylaşmağa hazıram. Çünki insanlar mahnılarımın hekayələrini, yaranma səbəblərini bilmək istəyirlər. Mən də onlara bu barədə xəbər verməyə çalışıram. Bütün mahnılarımın bir hekayəsi var. Misal üçün, ən son çıxan “Mıknatıs” albomum zamanı çox tutqun və həyatımda çətinlik keçirdiyim bir dönəm idi. O zaman mətbuatdan, efirlərdən qaçırdım. Həmin ərəfələrdə yaxın dostlarımla getdiyim bir kafeyə televiziyadan müxbirlər gəldilər. Sonra öyrəndim ki, yaxın bildiyim dostlarım özlərini televizora çəkdirmək üçün mətbuata zəng vurub “Betüllə birlikdəyik, gəlin, çəkin” deyiblər. Dostlarımla dərdləşmək üçün getdiyim kafedə qarşımda mətbuatı görəndə və onları yaxın dostlarımın çağırdığını öyrənəndə çox pis oldum. Sən demə, dostlarım mənimlə dərdləşmək üçün deyil, mənimlə özlərini reklam etdirmək üçün danışırlarmış. Şükürlər olsun, indi həyatımdan o insanları çıxarmışam. Həmin dönəmlər həyatımda başqa çətinliklər də var idi.
- Bilmək olar, hansı çətinliklər idi?

- Eşq… Eşq mənim həyatımda hər zaman hiss etdiyim, ehtiyacım olan bir şey olub. Kiməsə aşiq olmasam, mənim üçün yaşamaq çətin olar. Bizim sənətimiz elədir ki, eşqdən ilham alırıq. Bizdə eşqsiz heç nə alınmır. Bu yola eşqsiz çıxmağın heç bir mənası yoxdur. Sizə söylədiyim bu eşq, sadəcə qarşı tərəfin nümayəndələrinə olan hiss deyil. Söhbət işimə, həyatıma, dostlarıma, musiqiyə olan bir eşqdən gedir.
- İndi kiminləsə münasibətdəsinizmi? Qarşı tərəfin nümayəndələri tərəfindən sevilirsinizmi?

- Hazırda hər hansı bir insanla eşq münasibəti yaşamıram. Amma içimdə bir həyəcan var. Sözün düzünü desəm, doğru insanla doğru bir eşq yaşamaq istəyirəm.
- Həyatınıza necə birinin daxil olmasını istəyirsiniz?

- Çox qəribə şeylərdən təsirlənirəm. Məni təəccübləndirmək elə də asan deyil. Sevəcəyim insan məni daima güldürməyə çalışmalıdır. Misal üçün, həyatda ən sevdiyim ifaçılardan biri Gladys Knightdır. O, mənim üçün elə bir şərait yaratmalıdır ki, mən onun konsertinə gedə bilim. İşlərimin çoxluğu ucbatından belə şeylərə vaxt ayıra bilmirəm. Ancaq o mənim üçün hər şəraiti yaratmalıdır.
Anam qarşımda ağlayırdı

- Hər albomunuzda çox fərqli mahnılara müraciət edirsiniz. Yeniliyi sevirsiniz?

- Hər şeyi təcrübədən keçirməyi sevirəm. Misal üçün, keçən həftə tort bişirdim. Təsəvvür edin ki, həyatında mətbəxə girməyən bir insan dəyişiklik edib tort bişirir (gülür).
- Bişirə bildinizmi?

- Xeyr. Ancaq cəhd etdim (gülür). Musiqidə də belədir. Nəyisə təcrübədən keçirməsən, harasa getmək istədiyini bilməzsən. Sanki içimdə davamlı olaraq yeni şeylər təcrübədən keçirmək istəyən çılğın bir qız var. İndi daxilimdəki həmin o çılğın qızı bəsləyirəm. Gələcəkdə nələr olacaq, deyə bilmərəm. Ancaq sizi əmin edə bilərəm ki, yeni albomumda daha fərqli tərzim və fərqli mahnılarla qarşılaşacaqsınız.
- Yeni mahnınız deyəsən sizə hər mənada uğur gətirib. Özünüzü necə arıqlatmısınız?

- Əslində mən heç zaman çox kilolu xanımlar sırasına daxil olmamışam. Gənc qız olanda da hər zaman 45 kilo olmuşam. Anam hər zaman qarşımda dayanaraq “nə olar, bir tikə ye” deyə ağlayardı. Şirniyyatdan imtina edib, duzlu yeməklər yeyəndən bəri kökəlməyə başladım. 38 bədənə qədər gəldim və özümə “dur” dedim. Ancaq onu deyim ki, mən yemək yeyəndə çox xoşbəxt oluram. Onun da bir çarəsini tapdım. Saat 4-ə qədər istədiyimi yeyirəm, 4-dən sonra da sadəcə salat və meyvə yeyirəm. Hər gün eyni vaxtda idman edirəm. Heç bir rejim saxlamadan hər gün bol-bol yemək yeyən mən 34 bədənə qədər gəlib çıxmışam.
Mənim çıxmaq vaxtımdır

- Betül xanım, ən böyük arzunuz nədir?

- Mənim gələcəyə dair böyük xəyallarım yoxdur. Niyyətim dünyanın əksər ölkələrində konsert verməkdir. İndi dünyanın bir neçə ölkəsində konsertlər verirəm. Demək olar ki, xəyallarım gerçəkləşib. Hazırda ən böyük xəyalım yetmiş yaşımda belə olsam, bu diapazonu qoruyub saxlamaqdır. Çünki etdiyim işin sonu yoxdur. Mən müğənniyəm, bu mənim işimdir. Əgər indi konsertlər verirəmsə, bu o demək deyil ki, mən qüsursuzam. Ümumiyyətlə bu sahə elədir ki, musiqi sonsuz bir nərdivana bənzəyir. İndi isə mən o nərdivanla qalxmaq üzrəyəm. Mənim çıxmaq vaxtımdır. Hər gün sanki o nərdivanda bir pillə qalxıram.
- Sizcə, gözəl sizin işinizin bir parçasıdırmı? Xarici görünüş sizin üçün nə qədər önəmlidir?

- Biz müğənnilər daima səhnədə, göz önündə olduğumuz üçün diqqət mərkəzindəyik. Bizim üçün səhnədə necə görünməyimiz çox önəmlidir. Səhnədə olan hər bir insan çox gözəl duruşa, qamətə və geyimə sahib olmalıdır.
- Siz özünüzü seksi, çəkici hesab edirsinizmi?

- Açıq-saçıq geyinmək mənə görə seksi olmaq deyil. Misal üçün, qadınların bir baxışı, duruşu, adi nəfəs almağı belə insanları özünə çəkə bilər. Seksi olmaq mənə görə pis bir şey deyil. Mən özümü çox çəkici hesab edirəm və bunu deməkdən də çəkinmirəm.
Haızrladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər