“Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var” - Səhhət
Onkoginekoloq
Günay Məmmədbəyli: "İnsanlar özlərini nədən
qoruyacaqlarını bilməsələr, bizim müalicələrimizin, əməliyyatlarımızın rolu
azalır”
"Bir xəstəm var idi, uşaqlıq boynunun xərçəngi ilə müraciət etmişdi.
Əməliyyat oldu, qısa
müddət sonra problem yarandı, bir də əməliyyat etdik. Təkrar müalicə aldı. Çox
ağır dönəm keçirdi, amma sağaldı. Bu yaxınlarda zəng
vurub dedi ki, əməliyyatından 10 il keçir, sağ-salamatdır, bu münasibətlə
özünü də təbrik etdi, məni də.
Başqa
bir xəstəm var idi, qeysəriyyə əməliyyatı zamanı onda xərçəng olduğu
aşkarlanmışdı. Cavan qız idi, kimyaterapia aldı, saçsız qaldı, böyük ruh düşkiünlüyü
yaşadı, amma sağaldı. O gün yanıma bir xanımı müayinə üçün göndərmişdi. Dedi
ki, o xanım sizə salam göndərdi, sağlam olduğunu saçlarının çıxdığını, hazırda
məktəbdə işlədiyini sizə çatdırmağımı istədi. Üstündən 3 il keçib, uşağı
böyüyüb”.
Bu sözləri
bizimlə söhbətində onkoginekoloq, cərrah
Günay Məmmədbəyli bildirdi. G.Məmmədbəyli deyir ki, onkoginekoloji problemlərdən
əziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismi
sonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.
Həkim
bildirir ki, problemin həllində həkimlər qədər pasientlərin də rolu var.
- Evlənməyənə, ya da problem olmayana qədər qızları
ginekoloqa aparmaq təcrübəsi bizdə yoxdur. "Niyə aparım, hələ evlənməyib, onun
nə problemi olacaq ki?” deyirlər. Nə problemi ola bilir?
- Hər ay
qız uşaqlarını ginekoloqa aparmaq lazım olduğunu demirəm, ancaq sağlamlığı nəzarətdə
saxlamaq önəmlidir. Çünki bir çox problemlərin kökü məhz uşaqlıqdan başlayır.
Axı xərçəng birdən-birə yaranmır. Nəyinsə fonunda baş verir. Ona görə, kiçik
yaşlardan sağlamlığın qeydinə qalınmalıdır. Məsələn, hər ölkənin iqliminə görə,
qızların aybaşı olma dövrü var. İsti ölkələrdə bir cürdür, soyuq iqlimi
olanlarda başqa. Bizim ölkədə qızlar 12-13 yaşlarında aybaşı olmalıdırlar. Bəzən
16 yaşında aybaşı olmur, ana ginekoloqa müraciət etmir ki, ayıbdır, qız uşağıdır,
niyə getsin ki? Ən yaxşı məsləhətçi qonşudur, deyir ki, narahat olma, məndə də
elə olmuşdu. Biz də rahatlaşırıq, vaxt keçir və bir də görürük ki, qızın
yumurtalığında böyük törəmə, yaxud polikistoz var, tüklənmə, kökəlmə gedir.
Onda həkimə aparırlar.
- Fərqli yaş qrupunda olan
xanımlarla ünsiyyətdə olursunuz. Maraqlıdır, xanımlar ginekoloji
cəhətdən sağlamlıqları ilə bağlı nə dərəcədə məlumatlıdırlar?
- Deyərdim
ki, böyük qismi heç də məlumatlı deyil. Düzdür, indi internet dövrüdür, oxuyub
öyrənməyə çalışanlar çoxdur. İnternetdə nə qədər düzgün məlumat varsa, o qədər
də səhv məlumatlarla qarşılaşırlar. Ancaq illər öncə ilə müqayisə edəndə, indi
məlumatlı olanların sayı artır. Çoxlu maarifləndirilmə işinə ehtiyac var. Bir
müddət öncə Xəzər Rayonu İcra Hakimiyyəti məni dəvət etdi, xanımlar üçün
ginekologiya ilə bağlı maarifləndirici bir görüş təşkil etmişdilər. Zal dolu
idi, o qədər adam gözləmirdim. Belə görüşlərin hər yerdə keçirilməsinə ehtiyac
var, çünki məlumatsızlıq səviyyəsi çoxdur.
- Xanımlar, əsasən nədən məlumatsız olurlar?
-
Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çox
xanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə,
həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaks
dövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonra
doğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyə
gedim?” deyənlər də olur. Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərin
çoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45
yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərinin
xərçəngi daha yaşlı qadınlarda olur. Qadınlar məlumatsızdırlar ki, klimaks
dövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqim
qalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadın
kəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir” demək də olmaz, çünki müxtəlif
səbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğu
dəqiq bilinsin.
- Qadınlarda onkoloji xəstəliklər
arasında rastgəlmə tezliyinə görə ilk yerlərdə olan uşaqlıq boynunun xərçəngindən
danışaq. Xəstəliyin bu qədər çox olmasının səbəbi nədir?
- Ədəbiyyatlarda yazılır ki, uşaqlıq boynu xərçəngi rahibələrdə
olmur. Bu, alimləri bu istiqamətdə araşdırma aparmağa vadar etdi. Təsdiq olundu
ki, cinsi əlaqədə olmayan qadınlarda bu növ xərçəng demək olar ki, yaranmır.
2007-ci ildə isə isbat edildi ki, bu xəstəlik virus vasitəsilə -
insandan-insana keçə bilir. Dolayısı ilə uşaqlıq boynu xərçəngi papiloma virusu
vasitəsilə kişilərdən qadınlara keçir. Ona görə, bu xəstəliyin qadınlarda
yaranmasında, kişilərin bilavasitə rolu var.
Daha çox nəzarətsiz cinsi əlaqələr, bir həftə, bir ay ərzində seksual
partnyorların dəyişməsi uşaqlıq boynu xərçənginə gətirib çıxara bilir.
- Bu problemlə üzləşən xanımların
həyat yoldaşlarının sağlamlığında heç bir problem olmur axı...
- Kişilər
daşıyıcı olurlar, adətən onların sağlamlığına mənfi təsir göstərmir. Nadir
hallarda onlarda da problem ola bilir.
- Onkoginekoloji xəstəliklərin yaranmasına səbəb
olaraq həm də pəhrizləri göstərirlər.
- Uşaqlıq boynu xərçənginə inkişaf etməkdə olan ölkələrdə daha çox
rast gəlinir. Çünki maddi vəziyyət, məlumatlılıq aşağı səviyyədə olur. İnkişaf
etmiş ölkələrdə isə uşaqlıq cisminin xərçənginə daha çox təsadüf edilir. Uşaqlıq
cismi xərçənginin səbəbi tam aydın deyil. Lakin bu növ xərçəngə piylənmə, şəkərli
diabet olan, reproduktiv funksiyasını icra etməkdə problemlə üzləşən və s.
qadınlarda daha çox rast gəlinir. Burda artıq qida söhbətinə gəlirik. Piylənmə
olan xanımlarda da bu xəstəliyə tutulma ehtimalı çoxdur. Bəzi növ xərçənglərin
virus mənşəli olduğu təsdiqlənib. Virus nə zaman orqanizmdə baş qaldırır?
İnsanın immun sistemi qəfildən düşdükdə. İmmun sistemi uzun müddət stressli vəziyyətdə
olan şəxslərdə, qeyri-sağlam dieta saxlayıb bir ay ərzində 20-30 çəki verəndə
düşə bilir.
- Doğum nəzarət həbi də səbəb kimi
göstərilir.
- Bunlar mübahisəli məsələlərdir. "Bu həbi qəbul etdinsə, sabah xərçəng
olacaqsan” deyə, bir şey yoxdur. Ancaq o həbi həkim təyin etdiyi müddətdən
artıq qəbul etmələri məsləhət deyil. Bəzən xəstəyə deyirik ki, 3 ay qəbul et.
Effektini görür və davamlı istifadə edir. 3-6 il istifadə etdiyini deyənlər
olur. 6 il o həbləri istifadə etmək qətiyyən olmaz. Belə bir şeylər xəstəliyi
sürətləndirən faktorlardandır, amma konkret səbəb kimi demək olmaz.
Unutmayaq ki, çox növ xərçəngin yaranma səbəbi dəqiq bilinmir. Uzun
müddət doğum nəzarəti həbi qəbul edən, uşaq dünyaya gətirməyən, süd verməyən və
s. qrup qadınlarda xərçəng yaranması riski digərləri ilə müqayisədə çoxdur,
ancaq bunlar da yüz faiz qəti qərar vermək
üçün yetərli deyil. Yaxud genetikanı deyirlər. Genetikanın da rolu var. Amma
bütün xərçəng növlərinin genetik fonda yarandığını deyə bilmərik.
- Bundan sığortalanmaq mümkün
deyil?
- Hazırda bir neçə Avropa ölkəsində və Amerikada bu xəstəliklə bağlı
vaksin tətbiq edilir. Mütləq qaydada dövlət proqramına daxil olunub. Hər bir
qadın cinsi əlaqəyə başlamamış vurulur. İsraildə hətta kişilərə də vurulur.
Çünki onlar problemi kökündən həll etmək üçün belə edirlər. "Kişidə yoxdursa,
qadın da xəstələnməz” kimi düşünürlər. Papiloma virusu kişilərdə də cinsiyyət
orqanında xərçəng yarada bilir. Çox nadir hallarda olur, amma səbəb
faktorlarındandır. Vaksinlə, bu ehtimalın da qarşısını alırlar. Azərbaycanda da
bu vaksinlər var, amma təəssüf ki dövlət proqramına daxil olmayıb. Fərdi olaraq
xanımlar vurdura bilərlər. Bu vaksin vurulmamışdan əvvəl qadın cinsi əlaqədə
olmamalıdır. Olubsa, yoxlanmalıdır ki, o virusa yoluxub, yoxsa yox.
Belə bir imkanı olmayanlar isə cinsi əlaqə zamanı qorunsalar və nəzarətsiz
seksual münasibətlərini nəzarətə alsalar, gigiyenik olsalar, problemin
qarşısını almış olarlar. Bu xəstəliyin yayılmasında, müalicəsində həkimlər qədər,
sadə insanların da rolu var. İnsanlar özlərini nədən qoruyacaqlarını bilməsələr,
bizim müalicələrimizin, əməliyyatlarımızın rolu azalır.
- Xərçəngdən dünyasını dəyişən bir xanımın qızı deyirdi
ki, anam ətrafdakılara deməyə, həkimə getməyə utanırdı. Son məqamda getdi, onda
da xeyri olmadı. Bu problemdən dolayı utandığı üçün ətrafdakılara bildirməyən
qadınlar çox olur?
- Belə
hallar çox olur. Daha çox yaşlı qadınlar belə yanaşırlar. Mən artıq nənəyəm,
ginekoloqda nə işim var? Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə
olmayan qadınlar da ginekoloqa getməkdən qorxurlar. Düşünürlər ki, həkimə gedərəm,
nə isə problem çıxar, axı ərim yoxdur, deməyəcəklər ki, bu, nədən yaranıb? Amma
problem bu gün üzə çıxıbsa, o demək deyil ki, elə indi münasibət qurduğun
üçündür. Bu xəstəliklər uzun müddət orqanizmdə olur, ancaq ağırlaşanda gözlə
görünəcək səviyyə gəlir. Uşaqlıq boynu xərçənginin yoluxmadan sonra inkubasion
dövrü 25 il çəkə bilər. Xanım o virusa bu gün yoluxubsa, xəstəlik 15 il sonra
da baş qaldıra bilər. Erkən addımlarda balaca bir müayinə, müalicə, yaxud xırda
biz kəsiklə biz onun qarşısını ala bilərdik. Amma elə həddə gəlirlər ki.
- Uşaqlıqdaxili poliplərdən də danışaq. Bir çox
xanımda bunlara rast gəlinir. Bunların xərçəngə çevrilmə ehtimalı nə dərəcədədir?
- Poliplər
uşaqlıq daxilində səhv bölünmüş hüceyrələrdir. İndi bir qədər səhv bölünən
hüceyrə gələcəkdə daha da sərt bölünə bilər. Hüceyrə bir qədər dəyişir, polip
olur, dəyişib atipiyalaşır və xərçəng də ola bilir. Polip çox vaxt qanaxmalar
verir. Polip götürülüb əkilməyə verilməlidir. Bilinməlidir ki, xərçəngdir,
yoxsa yox. Xərçəng çıxmırsa, müalicə olunur, nəzarətdə saxlanılır. Varsa da,
müalicəsi davam etdirilir. Elə qadın olub ki, polipdə xərçəng olub, onu
götürmüşük. Həmin xanım müalicə olunub, sağalıb, sonra hamilə qalıb, övlad
dünyaya gətirib.
- Sağalma deyəndə, nəyi nəzərdə tutursunuz? Sonra
bir də yaranmır?
- İkinci
mərhələdə uşaqlıq boynu xərçəngi olan xəstəm var ki, 5 ildir yaşayır. 5 il ərzində
xərçəng xəstəsində heç bir törəmə əmələ gəlməyibsə, biz ona sağlam insan deyə
bilərik. Amma onlar nəzarətdə olmalı, ehtiyac olarsa, müalicə almalıdır.
Problem ondadır ki, sağalandan sonra çox qadın həkimə gəlmir. Deyirik ki, 6
aydan bir müayinə olunmalısan, deyir ki, şikayətim yox idi, gəlmirdim. Sən
artıq risk qrupundasan, gəlməlisən. Hər 6 aydan bir sağlam qadın həkimə getməlidir,
qaldı ki, risk qrupunda olan.
- Bu sağalma nə zaman olur, erkən mərhələdə müraciət
edəndə?
- Mərhələdən
də çox, hüceyrənin növündən, onun aqressivliyindən asılıdır. Bəzən 3-cü mərhələ
xərçəng xəstələri uzun müddət yaşaya bilirlər, nəinki birinci mərhələdə gələn.
Bəzən birinci mərhələdə görürsən ki, hüceyrə heç bir müalicəyə tabe olmur. Amma
bilsinlər ki, uşaqlıq boynu, uşaqlıq cismi xərçəngi ilə neçə illər yaşayan
xanımlarımız var. Xərçəng xəstəsi olduğunu bilən kimi, vəsiyyət yazmaq olmaz. Qətiyyən
elə bir şey yoxdur. Sadəcə vaxtında aşkarlamaq və doğru müalicə aparılması önəmlidir.
Xanımlarımıza
demək istəyirəm, həm xoş, həm də bədxassəli şişlərin müalicəsi var. Sadəcə
olaraq, həkimə müraciət etmək lazımdır. Düzgün müalicə taktikası ilə onu aradan
qaldırmaq olur. Xərçəng yox, ümidsizlik ölümdür.
Aygün
Asimqızı