• şənbə, 20 Aprel, 11:09
  • Baku Bakı 14°C

Bu, vicdansızlıqdır! - Fotolar

22.10.19 18:16 1694
Bu, vicdansızlıqdır! - Fotolar
Brüsseldəki aksiya zamanı çəkilmiş şəkli Azərbaycana aid etməklə polisi hörmətdən salmağa çalışırlar
Özlərini müxalifətçi adlandıran bir qrup şəxs oktyabrın 19-da Bakı şəhərinin mərkəzi ünvanlarında – Heydər Əliyev Sarayının qarşısındakı istirahət parkı, Metropolitenin "28 May” stansiyasının çıxışındakı ərazilərdə icazəsiz aksiya keçirməyə cəhd göstərib. Bu aksiyanın qanunsuz olması barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əvvəlcədən məlumat yayıb ictimaiyyəti, o cümlədən təşkilatçıları xəbərdar etdiyi üçün, həmin gün aksiyanın qarşısı alınıb, ictimai asayişi, vətəndaşların istirahət hüququnu pozan, polisin qanuni tələblərinə tabe olmayan bəzi şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan sonra bəzi media qurumlarında, sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə əsassız məlumatlar paylaşılıb. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bütün bunlar təkzib edilərək qeyd olunub ki, polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib.

Onlayn mediada, sosial şəbəkələrdə bununla bağlı paylaşılan videolardan da görünür ki, polis tərəfindən amansızcasına döyülən, təhqir edilən, aldığı zərbədən başı-gözü partladılan, al qana boyanan, qolu-qılı sındırılan kimsə olmayıb. Asayişi, vətəndaşların istirahət hüququnu pozan şəxslərin saxlanılarkən hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməsi qarşılığında, asayiş keşikçiləri onları zorla polis avtobuslarına mindirmək, ərazidən uzaqlaşdırmaq məcburiyyətində qalıblar. Ola bilsin ki, bu zaman kiminsə ürəyi gedib, halı pisləşib, həyəcanlanıb və sair. Belə şəxslərə ilk növbədə təcili tibbi yardım göstərilib, ardınca müvafiq polis bölməsinə aparılaraq, ya izahatları alınaraq sərbəst buraxılıblar, ya da qanunla müəyyən edilmiş şəkildə cərimələniblər. Yəni, bir qədər əvvəl vurğuladığımız kimi, hansısa vətəndaşa qarşı polis qəddarlığı, həmin şəxsin döyülərək fiziki xəsarət alması, qanının axıdılması halı baş verməyib.

Lakin bununla belə, bəzi sosial şəbəkə istifadəçiləri, xüsusən də radikal müxalifət cameəsini təmsil edənlər, həmçinin onların dəstəkçiləri asayiş keşikçilərinin adına ləkə yaxmaq üçün müxtəlif yalanlara əl atıblar. Belə yalan, dezinformasiya xarakterli məlumatların birinə başı polis çəkməsinin altında olan qadın fotosu əlavə edilib və iddia olunub ki, Bakıda polis Azərbaycan qadınına qarşı vəhşilik edib, onu döyərək başını ayağı altında saxlayıb, işgəncə verib. Radikallar bu fotonu və ona əlavə edilən məlumatı sosial şəbəkədəki şəxsi profillərində paylaşaraq Azərbaycan dövləti və onun polisi barədə neqativ rəy formalaşdırmağa cəhd ediblər. Ancaq həmin fotonu internetdəki axtarış sistemləri vasitəsilə araşdıranda məlum olub ki, sözügedən fotonun nəinki Bakıda keçirilən aksiyaya, ümumiyyətlə Azərbaycana aidiyyəti yoxdur. Həmin foto Avropada bir etiraz aksiya dağıdılan zaman çəkilib.


Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan dövlətinə, o cümlədən qanun keşikçilərinə qarşı sosial şəbəkələrdə çox iyrənc təbliğat aparılır. Onun sözlərinə görə, Azərbaycan insanına, xüsusən də polisə xas olmayan görüntülər davamlı şəkildə paylaşılaraq, beynəlxalq aləmdə ümumilikdə ölkəmiz barədə mənfi rəy formalaşdırılmasına cəhdlər olunur: "Xaricdə, ən əsası da Avropada "sarı jiletlilər”in aksiyasında çəkilmiş fotoları montaj edir, guya həmin hadisəni Azərbaycanda baş veribmiş kimi təqdim edirlər. Həmin şəxslər bu əməlləri ilə mənəvi aşınmaya məruz qaldıqlarını nümayiş etdirirlər. Azərbaycanda baş verməyən hadisələri ölkəmizin adına çıxaraq dünyaya car çəkmək, antimilli təbliğat qurmaq çox vicdansız hərəkətlərə yol verməkdir. Digər tərəfdən, bu əməl sahibləri öz hərəkətləri ilə tükəndiklərini göstərirlər. Belə ki, bu insanların ciddi tutarqası olmadığından, real bir fakt üzərindən iqtidara qarşı tələb irəli sürə bilmədiklərindən, Brüsseldə, Parisdə, Londonda və digər şəhərlərdə baş verənləri Azərbaycan adından təqdim edir, bu xoşagəlməz kadrları Azərbaycan polisinin ayağına yazır, guya bununla da müxalifətçiliklə məşğul olurlar. Bu, cəmiyyət tərəfindən birmənalı surətdə qınanmalıdır. Şəxsən mən də belələrini qınayıram”.


A.Həsrət bildirib ki, Azərbaycan polisinə bu cür ləkə atılması ümumilikdə dövlətçiliyə zərbədir. O, bunu edən şəxsləri ağıllı davranmağa dəvət edib: "Əgər kimsə siyasi mübarizə aparırsa, bunu etsin, ona kimsə nə isə deyə, irad tuta bilməz. Lakin etik çərçivəyə sığmayacaq şəkildə, yəni Azərbaycana aidiyyəti olmayan görüntüləri ölkəmizin, polisimizin adına bağlamaqla "siyasi mübarizə” aparmaq cəhdi yolverilməzdir. Azərbaycan polisinin Azərbaycan insanına qarşı vəhşilik etməsi, xüsusən də qadına qarşı belə davranması barədə yanlış ictimai rəy yaratmaq, bunu mövcud iqtidarla əlaqələndirmək heç bir halda düzgün siyasi mübarizə sayıla bilməz. Bu, vicdansızlıqdır! Bütün dünya bilir ki, məhz həmin foto Brüsseldə aksiya zamanı çəkilib. Həmin kadrlarda şiddət, fiziki təzyiq göstərən Belçika polisi və şiddətə məruz qalan belçikalı – avropalı qadındır. Hesab edirəm ki, bu görüntüləri "Facebook”da yayaraq onu Azərbaycanla əlaqələndirən şəxsləri hüquq-mühafizə orqanları üzə çıxarmalı, onlar barəsində məhkəməyə müraciət etməli, qanun çərçivəsində ölçü götürülməsinə nail olmalıdır. Bu dözülməzdir və qarşısı mütləq alınmalıdır”.


"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da bizimlə söhbətində bildirib ki, sosial şəbəkədə davamlı şəkildə paylaşılan sözügedən foto Azərbaycan polisinin "vəhşi”, "zorakı” obrazını yaratmağa xidmət edir. Onun fikrincə, aksiyanın qarşısı alınarkən kimsə hansısa vətəndaşın, aksiya iştirakçısının başının yarıldığını, qanının axıdıldığını, döyüldüyünü, yaxud onun bədəndə qançır izini görübmü? Heç kim belə bir halı müşahidə etməyib. Belə olan halda necə iddia etmək olar ki polis zorakılıq törədib? Zorakılıq bu deyil. Polisin əmrinə tabe olmayan şəxslər tutularaq avtobuslara mindirilib, aparılıb, bir qədər aralıda düşürdülüb. Bu, nə zorakılıqdır, nə də vəhşilik. Belə davranış bütün dünyada, o cümlədən Avropada mitinqlərin dağıdılması praktikasında ən humanist addımdır. Buna baxmayaraq, ayrı-ayrı şəxslər artıq belə bir tezis ortaya atıblar ki, guya polis vəhşilik edib. İndi bunu əsaslandırmağa çalışırlar. Lakin bunun üçün əllərində ciddi bir sübut yoxdur. Ona görə də Avropada mitinqlərin dağıdılması zamanı polisin aksiya iştirakçılarına qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoları guya Bakıda olubmuş kimi paylaşmağa başlayıblar. Sosial şəbəkədə gün ərzində bununla əlaqədar bir neçə fotoya rast gəlmişəm. Ortaya atılan tezis sübutsuz və boşdur. İndi belə əyri yollarla həmin tezisləri əsaslandırmağa cəhd edir, yalandan fakt quraşdırmağa çalışırlar”.

Baş redaktor qeyd edib ki, Azərbaycan haqqında, o cümlədən polis barəsində yanlış təsəvvürün yaradılmasına edilən cəhdlər əvvəlcədən, hələ mitinqdən öncə planlaşdırılan addımlardır: "Əvvəldən iki gedişli oyun qurublar. Hər kəs bilirdi ki, mitinq alınası deyil. Bu barədə hüquq-mühafizə orqanları mitinqdən bir neçə gün əvvəl xəbərdarlıq məlumatı yaymışdı. Bildirilirdi ki, mitinq razılaşdırılmadığından, qanunsuz xarakter daşıdığından onun qarşısı alınacaq. Digər tərəfdən, radikal müxalifət icazəli mitinqə 2 min adam ancaq çıxara bilirsə, icazəsiz aksiyaya heç iki yüz adam çıxara bilməyəcəyi də öncədən bəlli idi. Ona görə də bu işi planlaşdıranlar mitinqdən sonra yaradılacaq hay-küyə hesablamışdılar hər şeyi. Bununla bir növ ideoloji təxribata cəhd edəcəkdilər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, mitinqdən sonra ictimailəşdirilən tezislər, fotolar əvvəlcədən düşünülüb. Belə oyunlar heç zaman kortəbii baş vermir, əvvəlcədən planlaşdırılır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər