• cümə axşamı, 28 mart, 20:53
  • Baku Bakı 13°C

Bu, sizin qəzetinizdir

02.02.15 05:15 1275
Bu, sizin qəzetinizdir
Artıq bir ildir ki, «Kaspi» qəzetinin maraqlı layihələrindən biri olan “Gənclik qəzeti” sizinlədir. İşıq üzü gördüyü ilk gündən gənclərin marağına səbəb olan qəzetimiz bir yaşını qeyd edir. Bu münasibətlə ölkənin tanınmış gəncləri qəzetimizin bir illik fəaliyyəti ilə bağlı fikirlərini bizimlə bölüşdü.
“Gənclər siyasətinin təbliği vacibdir”
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanın dünyada gənclər, idman ölkəsi kimi tanınmağa başladığını qeyd edib: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti dünya üçün bir nümunəyə çevrilib. Dünyanın elə bir ölkəsi, tədbiri yoxdur ki, orada Azərbaycan gəncləri iştirak etməsin. Bu gün dövlətin gənclərə olan qayğısını məhz kütləvi informasiya, həmçinin mətbuat vasitəsilə ictimaiyyətə çatdırmalıyıq. Sizin qəzet vasitəsilə cənab Prezident tərəfindən aparılan gənclər siyasətinin təbliği çox müsbət haldır”.
F.Hacıyev “Gənclik qəzeti”nin çox maraqlı layihə olduğunu bildirdi: “Burada gənclərlə bağlı maraqlı, gəncləri düşündürən, ibrətamiz, onlara müəyyən məqamlarda yardımçı olan, yol göstərən rubrikalar var. “Gənclik qəzeti”nin gəncliyi əhatə etməyə çalışmasını bəyəndim. Qəzetinizdə karyera qurmuş, uğur qazanan, vəzifə sahibi olan gənclərlə yanaşı, sadə peşə sahibləri ilə aparılan müsahibələr də diqqətimi çəkdi. Həmçinin xaricdə təhsil alan həmyerlilərimiz, Azərbaycanda oxuyan əcnəbi tələbələrlə də müsahibələriniz maraqla qarşılanır. Gənclərin həyatı, yaşam tərzi ilə bağlı reportajlarınız da qəzetinizin daha canlı olmasına imkan yaradır. Müxtəlif mövzularda müxtəlif mövqeli gənclərimizin fikirlərinə yer ayrılmasını da təqdir edirəm. Çox istərdim, qəzetinizdə gənclərin ixtiraları, gənc alimlərin mövqeləri, onların gördüyü işlər də işıqlandırılsın”.
Müsahibimiz bir yaşımız münasibətilə bizə ürək sözlərini də bildirdi: “Sizi təbrik edirəm, layihəniz uzunömürlü olsun. Neçə ki, Azərbaycan gəncliyi var, qəzetiniz də var olsun. Arzu edirəm, daha geniş kütlə, gənclər qrupu qəzetinizin materiallarından faydalansın”.
“Hər bir təbəqəni əhatə edirsiz”
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da “Gənclik qəzetini” təbrik etdi. Ş.İsmayılov artıq bir ildir, “Kaspi” gündəlik ictimai-siyasi qəzeti tərəfindən reallaşdırılan “Gənclik qəzeti” layihəsini Azərbaycan gəncliyinin maarifləndirilməsi və inkişafına göstərilən dəstək və milli mətbuatımızda atılmış uğurlu bir addım kimi dəyərləndirir: “Cəmiyyətimizdə hər təbəqədən olan gəncləri düşündürəcək mövzuların, onların problemlərinin “Gənclik qəzeti” rubrikasında işıqlandırılması gənclərimizə ayrılan diqqətin bir nümunəsidir. “Gənclik qəzeti” rubrikasında istər təhsil, istər sağlamlıq, idman, karyera, hətta məişət mövzularının gənclərlə bağlı məqamlarının gündəmə gətirilməsi, maraqlı yazılarla, reportaj və müsahibələrlə ictimaiyyətə çatdırılması layihənin uğurlu tərəfləridir. Layihə çərçivəsində gəncləri stimullaşdıran, onlara gələcəklərini daha yaxşı qurmaq istiqamətində faydalı olacaq materialların əhəmiyyətini xüsusilə qeyd etmək istərdim”..
Sizi, bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər bir əməkdaşınızı “Gənclik qəzeti”nin bir yaşının tamam olması münasibəti ilə təbrik edir, layihənizin uzunömürlü olmasını arzu edirəm.
Zövqlü gənclik
Beynəlxalq layihələrdə gənclərin sevimli timsalını yaradan aparıcı Hüsniyyə Məhərrəmova da “Gənclik qəzeti”nin bir yaşını təbrik etdi: “Gənclərə aid olan hər bir işə yalnız uğurlar arzu edə bilərəm. Hesab edirəm ki, layihənin nə qədər lazımlı və maraqlı olması barəsində danışmaq artıq olardı. Azərbaycan gəncliyinin böyük hissəsinin savadlı, dünyagörüşlü, zövqlü olmasını nəzərə alıb, “Gənclik qəzeti”ndə daha çox onların maraq dairəsini əhatə edən materialların yerləşdirilməsini istərdim. Məhz sizin qəzetiniz vasitəsi ilə o gənclərlə daha yaxından tanış olmağı arzulayıram. Bu bir ildə kifayət qədər iş görmüsünüz. Arzu edirəm ki, gələcək illərdə daha çox gənc oxucu auditoriyasını əhatə edəsiniz. Sizi səmimi qəlbdən təbrik edirəm”.
“Kaspi”nin gözəl layihələrindən biri...
Neft Fondunun baş sistem adminstratoru Fərhad Kərimov da layihəmizi çox bəyəndiyini bildirdi. Daim rubrikalarımızı izləyən həmsöhbətimiz informasiya texnologiyaları haqqında rubrikaların daha çox olmasını istəyir: “ “Kaspi” qəzeti ümumiyyətlə çox gözəl layihələrə imza atır. “Gənclik” layihəsi də bunlardan biridir. Bu, çox gözəl addımdır. Belə addımların atılması hər kəs üçün çox yaxşıdır. Bu layihənin gözəl rubrikaları vasitəsilə istedadlı gənclərimizi cəmiyyət tanıyır. “Kaspi” qəzetinin gözəl, mehriban kollektivini təbrik edirəm. Sizə uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər