“Bu səviyyəyə öz gücümlə gəlib çıxmışam” - Debüt
"Debüt” rubrikamızın qonağı Bakı Uşaq
Teatrının quruluş hissə müdiri Bəhruz Məmmədovdur. Bəhruz 9 may 1989-cu ildə
Göyçay rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "dram teatr və kino aktyorluğu” fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 2011-ci ildən Bakı Uşaq Teatrında çalışır. Bu illər
ərzində nəinki teatrın repertuarında yer alan tamaşalarda, eyni zamanda bir
sıra seriallarda da rol alıb. Onlardan"Həyat varsa - Qəza”, "Bağışlamaq”, "Bir ovuc torpaq”, "Durnalar qayıdanda”nı
göstərmək olar.
Tələbəlik illərində AzTV-də "Mir prodakşın”ın
ərsəyə gətirdiyi "Əsgəran” verilişində yumor aktyoru kimi çalışıb.
- Bəhruz
bəy, ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?
- Nəinki ailəmizdə, heç nəslimizdə məndən başqa
incəsənətlə məşğul olan olmayıb (gülür). İncəsənətə öz istəyimlə gəlmişəm.
Valideynlərimin narazı olmasına baxmayaraq, mən öz yolumu seçmişdim və onun
arxasınca getdim. Anam istəyimi biləndə o qədər də etiraz etmədi, ancaq rəhmətlik
atam incəsənətə gəlməyimə bir az tərəddüd etdi. Daha sonra anamın təkidi ilə o
da razılaşdı. 2006-cı ilin aprelində Bakıya gəldim və burada ayyarım qabiliyyət
imtahanına hazırlaşdım. Universitetə sənəd qəbulundan öncə qabiliyyət
imtahanından keçmək şərt olduğu üçün bu imtahan mənim üçün çox önəmli idi.
Qabiliyyət imtahanından yaxşı keçdim. İmtahanda münsif kürsüsündə mərhum
sənətkarımız Yaşar Nuri, xalq artistləri Bəsti Cəfərova, Firənzgiz Mütəllimova və müəllimim Ötükəm İskəndərli
idi.
- Universitet sizə
nə qazandırdı?
- Universitet mənə yaxşı dostlar və təcrübə
qazandırdı. Kurs rəhbərim Firəngiz Mütəllimova olub. Sənətin sirlərini məhz ondan
öyrənmişik. Onun hazırladığı tamaşalarda rol alır, çıxışlar edirdik. Sənət
dərslərimdən yaxşı qiymətlər alırdım. Məhz bu səbəbdəndir ki, universiteti
qırmızı diplomla bitirmişəm. Bundan başqa, səhnə danışığı müəlliməmiz Mahirə Yaqubovadan
çox şey öyrənmişik. Rayondan gəlmiş bir oğlan idim, danışığımda çox qüsurlar
var idi. Məndə hər zaman "d”, "t” kimi problemlər olub. Mahirə müəllimə
mükəmməl pedaqoqdur. Universitet mənə nəzəri cəhətdən çox şey öyrədib. Ancaq
insan işlədikcə, öyrəndiklərini istifadə etdikcə, təkmilləşir.
- Universitetə
daxil olarkən hansı xəyallar qururdunuz və o arzular reallaşdımı?
- Arzularım çox idi. Özümü səhnədə sevilən,
tələbatlı bir aktyor kimi görürdüm. Təəssüf ki, bu gün o istəklərim yenə də
arzu olaraq qalır. Mən bu səviyyəyə öz gücümlə gəlib çıxmışam.
- Nə zaman
hiss etdiniz ki, məhz incəsənət üçün doğulmusunuz?
- Məktəb illərində içimdə o potensialı hiss
edirdim. Rəhmətlik ingilis dili müəlliməm Elmira xanım həmişə deyirdi ki,
səndən yaxşı aktyor çıxacaq, mütləq bu sənətin arxasınca get. Şagird
vaxtlarımda məktəbdə keçirilən tədbirlərdə aktiv iştirak edirdim. Səhnəciklər
hazırlayırdım. Bu da müəllimlərimin nəzərindən qaçmırdı.
- Necə bir aktyor
olmaq istəyirdiniz?
- Heç zaman böyük arzular arxasınca getməmişəm. Rejissoru
qane edəcək səviyyədə olmağım mənə kifayət edib.
- Bəs Bakı Uşaq
Teatrına necə gəldiniz?
- 2011-ci ildə hərbi xidmətdən qayıdandan sonra
dostlarım məsləhət bildi ki, Bakı Uşaq Teatrına müraciət edim. Elə də etdim.
Teatrda ilk olaraq administrator, sonra səhnə fəhləsi oldum, illər keçdi,
quruluş hissə müdiri, direktor müavini vəzifəsində də çalışdım. 7 ildir ki, teatrda
çalışıram.
- Aktyor kimi səhnəyə çıxırsınızmı?
- Ekstremal hallarda çıxıram. Elə məqamlar olur ki,
teatrın baş rejissoru və ya İntiqam müəllimin uyğun bildiyi səhnələrdə
aktyorlara qoşuluram. O da çox nadir hallarda.
- Qeyd etdiniz ki,
ən böyük arzunuz aktyor olmaq idi. Kənardan aktyorların oyununu izləyəndə,
ürəyinizdən o səhnədə əsas rollardan birini oynaq keçmirmi?
- Nə yalan deyim, hərdən olur.
- Misal üçün hansı
tamaşalarda?
- Bilirsiniz ki, Bakı Uşaq Teatrının repertuarı
zəngindir. Bütün tamaşalarımız maraqlıdır, ancaq mənim oynamaq istədiyim tamaşa
İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun” tamaşasıdır. Orada Niyaz
Qasımov, Cavanşir Məhərrəmov, Rauf Hüseynli rol alır. Niyaz o tamaşada Duman
rolunu canlandırır. Bu tamaşaya 100 dəfə baxsam da, hamısında ağlamışam. Niyaz
çox istedadlı, peşəkar aktyorlarımızdandır. Hərdən elə bir rol oynamaq
istəyirəm, sonra da tərəddüd edirəm. Uzun müddətdir ki, aktyorluqla məşğul
olmuram, bəlkə paslanmışam.
- Gələcəyə doğru
hədəfləriniz nələrdir?
- 3 il bundan qabaq siz mənə bu sualı versəydiniz,
başqa cavab verərdim. İndiki durum elədir ki, insanlar ailələrini, gündəlik
dolanışığını təmin etmək üçün ancaq işin maddi tərəfini düşünür. İndi isə
ailəmi yaxşı dolandırmaq və qızımı hər şeylə təmin etmək istəyirəm. Mənim
gələcəyim onlardır.
- Sizə bir aktyor
kimi bir neçə obraz təklif etsələr, özünüzü hansı obrazda görərsiniz?
- Dram teatrı üzrə təhsil almağıma baxmayaraq,
özümü yumorda görürəm. Demirəm ki, dram obrazı canlandıra bilmərəm, əsla. Amma
hər zaman özümü yumorda görmüşəm.
- Niyə məhz yumor?
- Bəlkə də yumor hissim güclüdür, ona görə (gülürük).
- Yumorda bu
gün daha çox qazanc var, bu ondan qaynaqlana bilərmi?
- Əsla. O məqsəd ağlıma belə gəlməzdi. Ucuz yumor
mənlik deyil. Heç zaman tamaşaçını söyüşlə güldürməyin tərəfdarı olmamışam. İndi
yumor çox adiləşib. Komediyanın ağırlığı böyükdür. İndiki dövrdə tamaşaçını
ağlatmaq asandır, nəinki güldürmək. Tamaşaçılara məntiqli gülüş təqdim etməyin
tərəfdarıyam.
- Bəs kumiriniz
kimdir?
- Kumirim xalq artisti Fəxrəddin Manafovdur. Onu
efirdə, səhnədə, həyatda görəndə daxilimdən başqa bir qığılcım keçir.
- Yumor və
Fəxrəddin Manafov?
- Fərqindəyəm. Peşəkarlığı və ağırlığı, sanbalı ilə
kumir olaraq onu görürəm. O aktyor ruhən mənə həmişə çox yaxın olub.
- Maraqlıdır,
quruluş hissə müdiri teatrda hansı işləri görür?
- Səhnəni tamaşa üçün hazırlayır. Tamaşa öncəsi
səhnəni qurub rejissora təhvil verir. Quruluş hissə müdiri işləmək asan olmasa
da, mən işimdən zövq alıram. Bu iş mənim üçün doğmalaşıb. Onu da qeyd edim ki,
səhnə qurmağı, hazırlamağı sənətkarımız Hacıbaba Məmmədovdan öyrənmişəm.
- Olubmu ki, səhnə
quranda nəyisə düz hazırlamayasınız, aktyorlar maraqlı hadisə ilə rastlaşa?
- Onda maraqlı olmaz, faciə olar (gülürük). Ya
töhmət, ya da xəbərdarlıq alaram. İnanmıram ki, elə hadisələr bizdə gülməli qarşılana.
- Ancaq belə şən kollektivdə
bu cür hadisələr də olmamış olmaz...
- Gəlin birini danışım sizə. Bir dəfə məktəblərin
birində bayraq haqqında olan "Vətən” tamaşasını nümayiş etdirirdik. Səhnənin hündürlüyü
çox alçaq idi, orda bayraq qoyulmalı idi. Səsgücləndiricilərin arxasında pərdəni
bağlamışdım. Niyaz Qasımovun pantomima tamaşası var idi. Tamaşa zamanı hərəkət
edəndə, pərdə qaldı ayağının altında və səsgücləndirici onun başına düşdü. Çox
təhlükəli idi. Tez qaçıb səsgücləndiricini düzəltdim və biz davam etdik.
- Səsgücləndirici
zədələnmədi ki?
- (Gülürük) xeyr. Onlara bir şey olmamışdı. İşləyirdi.
Niyaz mükəmməl aktyordur. İnanmıram ki, bir səsgücləndirici onun başına zərər
yetirə.
Xəyalə Rəis