• şənbə, 20 Aprel, 12:13
  • Baku Bakı 23°C

"Bu səfərlər Fransanın öz qanunlarının müddəalarını pozur"

01.11.18 15:00 543
"Bu səfərlər Fransanın öz qanunlarının müddəalarını pozur"
Son günlər Fransanın bəzi yerli hakimiyyət orqanları rəhbərlərinin ölkəmizin işğal altında olan ərazilərinə səfərləri, oradakı separatçılarla qeyri-qanuni sənədlər imzalamaları rəsmi Parisin Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik mövqeyinə uyğun gəlmir. Bu, eyni zamanda, Azərbaycan ilə Fransa arasında imzalanmış bütün sənədlərin pozulması deməkdir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib.
Səfir bildirib ki, Fransanın bəzi yerli hakimiyyət orqanlarının rəhbərləri son illərdə Azərbaycanın işğal altında olan bir sıra şəhərləri ilə 13 qeyri-qanuni sənəd imzalayıblar. İşğal olunmuş ərazilərdə, eləcə də Fransada tədbirlər təşkil edilib. Bu qeyri-qanuni tədbirlər ölkələrimiz arasında imzalanmış bütün sənədlərin, xüsusilə də 1993-cü il dekabrın 20-də Parisdə imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişin pozulmasıdır. Xatırladaq ki, həmin Sazişin 2-ci maddəsində tərəflər münasibətlərində sərhədlərin toxunulmazlığı prinsipinə riayət etmək öhdəliyini götürüblər. Eyni zamanda, bu qeyri-qanuni fəaliyyətlər Fransa Konstitusiyasının 73-cü və Yerli Hakimiyyətlərin fəaliyyətinə dair Ümumi Məcəllənin 1115-ci maddələri, habelə bu iki qanunvericilik sənədlərinin əsasında qəbul edilmiş və 2018-ci il mayın 24-də Fransanın daxili və xarici işlər nazirləri tərəfindən imzalanmış "Yerli hakimiyyət orqanlarının xarici əlaqələrinə dair Təmimnamə”nin maddələrini pozur. Həmin Təmimnamə yerli hakimiyyət orqanlarının Fransanın beynəlxalq öhdəliklərinə riayət etmələri ilə bağlı məcburiyyət xarakteri daşıyır və onlara Fransa tərəfindən tanınmayan ərazi vahidlərinin separatçı hakimiyyət orqanları ilə hər hansı bir formada sazişlər imzalamaq, səfərlər həyata keçirmək və tədbirlər təşkil etmək kimi birgə və qarşılıqlı fəaliyyəti qadağan edir. Deməli, bu cür qeyri-qanuni fəaliyyətlər beynəlxalq hüququn, ikitərəfli sazişlərin, eləcə də Fransanın öz qanunlarının müddəalarını pozur.
Fransa Xarici İşlər Nazirliyinin yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sənədlərin Fransa hökuməti üçün heç bir hüquqi nəticələrinin olmaması ilə bağlı açıqlamasına münasibət bildirən səfir deyib: "Belə mövqe Azərbaycan tərəfini heç cür qane etmir. Belə bir fikir yaranır ki, Fransanın bəzi yerli idarəetmə orqanları və bu ölkədə yaşayan erməni icması üçün nə Fransa Konstitusiyası, nə də yuxarıda adları çəkilən Ümumi Məcəllə və Təmimnamə heç bir əhəmiyyət daşımır və Fransa XİN-in sözü ilə desək, "heç bir hüquqi nəticələrə malik deyil”. İki nazir tərəfindən imzalanan Təmimnamənin müddəaları tövsiyə deyil, məcburi xarakter daşıyır. Bu sənəddə qeyd edilib ki, prefektlər, yəni, Fransa hökumətinin regionlarda və departamentlərdəki nümayəndələri bu ölkənin qanunlarına riayət olunmasına nəzarət etməyə və bu qanun pozulduğu hallarda məhkəmə vasitəsilə müdaxilə etməyə məcburdurlar. Faktiki olaraq, Fransada 2013-cü ildən ölkə qanunlarını pozan dissident merlər peyda olub ki, bu da, məncə, Fransanın özünün maraqlarına uyğun gəlmir. Təmimnamələrin müddəalarının pozulduğu bütün hallarda prefekt qeyri-qanuni sənədlərin ləğv edilməsi üçün inzibati məhkəməyə müraciət etməlidir. Halbuki 2013-cü ildən bu günə qədər XİN və səfirliyimizin çoxsaylı müraciət və rəsmi notalarına baxmayaraq, bu qeyri-qanuni fəaliyyətə heç bir reaksiya göstərilməyib. Yalnız cari ilin avqust və sentyabr aylarında Azərbaycan tərəfinin təzyiqi nəticəsində 13 qeyri-qanuni sənəddən 6-sı müvafiq departamentlərin prefektləri tərəfindən ləğv edilmək üçün inzibati məhkəmələrə göndərilib və biz indi bu məhkəmələrin qərarlarını gözləyirik. Biz gözləyirik ki, Fransanın Xarici və Daxili İşlər nazirlikləri bu ciddi məsələ ilə bağlı aidiyyəti prefektlərə ciddi təlimatlar verəcəklər və prefektlər, öz növbələrində, 2018-ci il 24 may tarixli Təmimnamənin icrası üçün Azərbaycanın işğal altında olan şəhərləri ilə imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi üçün dərhal məhkəməyə müraciət edəcəklər”.
Fransa Xarici İşlər Nazirliyinin "Dağlıq Qarabağ respublikası”nı tanımaması ilə bağlı bəyanatına münasibət bildirən diplomat bildirib: "Fransa qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımırsa, onda "Dağlıq Qarabağın Fransadakı nümayəndəliyi” adlandırılan qondarma təşkilat Parisdə niyə fəaliyyət göstərir? Bu "təşkilat” 1998-ci ilin noyabr ayında "Dağlıq Qarabağın sosial-siyasi informasiya bürosu” adı altında yaradılıb və bu günə qədər fəaliyyət göstərir. O, qeyri-qanuni "sazişlər”in imzalanmasında, separatçı qurumun nümayəndələrinin Fransaya və Fransa vətəndaşlarının, o cümlədən rəsmilərinin işğal olunmuş ərazilərə səfərlərini təşkil edir. Əgər tanımırsa, niyə Fransa tərəfi bu "nümayəndəliyin” qeyri-qanuni fəaliyyətinə göz yumur və onu bağlamır? Fransa tərəfinə suallarımız çoxdur, amma təəssüf ki, cavablar azdır. Azərbaycan Fransanı vacib tərəfdaş hesab edir, onunla ikitərəfli münasibətlərə və əməkdaşlığa ciddi və məsuliyyətlə yanaşır. Biz, sadəcə, Fransadan Azərbaycana münasibətdə də eyni hörmət və məsuliyyətlə yanaşmanı istəyirik.
banner

Oxşar Xəbərlər