“Bu, qeyri-dost addımdır”
"Ümumrusiya
Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin
təəssüf doğurur”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Hikmət HacıyevAZƏRTAC-a müsahibəsində deyib.
H.Hacıyev qeyd edib
ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol
oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar siyasi
baxımdan qeyri-dost addım kimi qiymətləndirilir. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan
olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək
səviyyəli əlaqələrə ciddi zərbə vurur.
XİN rəsmisi bildirib ki, Rusiya
Federasiyası məhkəməsinin bu qeyri-dost
xarakterli qərarının məqsədini başa düşmək çox çətindir: "Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı
yanaşmanın nümayiş etdirilməsini tələb edir. ÜAK-ın ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması
nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda,
Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini
davam etdirir. Hər bir halda
Rusiya Federasiyasının məhkəmə orqanlarının Ümumrusiya Azərbaycanlıları
Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur”.