• cümə axşamı, 18 aprel, 16:33
  • Baku Bakı 22°C

“Bu, mənim üçün yalnız iş deyil, həm də zövqdür”

26.09.20 11:30 1725
“Bu, mənim üçün yalnız iş deyil, həm də zövqdür”
Rəna Hüseynova: "Uşaq düzgün istiqamətləndirilsə, özü də bilmədən, klassik, keyfiyyətli musiqi onun beyninə hopur”

Müəllimlərin işə qəbul imtahanında iştirak edərək maksimum bal toplayıb və respublika ikincisi olub. Deyir ki, insan çalışanda, öz üzərində işləyəndə onun bəhrəsini mütləq qazanır.Müsahibimizmusiqi müəllimi Rəna Hüseynovadır.2012-2017-ci illərdə Gəncə Dövlət Universitetində musiqi müəllimliyi ixtisası üzrə təhsil alıb. Hazırda Yevlax şəhərində yaşayır. Həmsöhbətimiz 2018-ci ildən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib. İstədiyi nəticəyə isə 2 il sonra nail olub:
- "Təəssüf ki, o vaxt ilk imtahanda 22 bal toplamışdım. Qarşıma çıxan məntiqi suallar zəif tərəfimi çox acı təcrübə ilə göstərdi. Hər hansı xüsusi hazırlıq keçmədən yaxşı müəllim olmaq üçün bu və başqa axsayan tərəflərimi inkişaf etdirməyə başladım. Bu yolda əsas bələdçim isə Günel İsmayılova oldu. Gəncədə yaşayan Günel müəllimin "WhatsApp” qrupu var. Müəllimlərə bu yolla məsləhətlər - hansı kitablar vasitəsilə necə hazırlaşmaqla bağlı tövsiyələr verir. Həmin qrupda mən də öz testlərimi müəllimlərlə paylaşmışam. Hazırlaşarkən, sadəcə hazır test həll etmirdim, həm də özüm suallar hazırlayırdım. Həmin testləri digər hazırlaşanlarla paylaşmaqla işimdən başqalarının da faydalanmasına nail olurdum. Əslində, bununla həm də özümə stimul verirdim. Mən qismətə inanan birisiyəm və həyatımda nə olursa olsun, həmişə yaxşılığa doğru olacağına inanmışam. Bu zaman da qismət olduğuna inandım. Növbəti dəfə qətiyyətlə hazırlaşdım. Bu il 60 bal topladım və respublika ikincisi oldum. Bu, mənim məqsədim və ən böyük uğurumdur. Bu ildən müəllimlik fəaliyyətinə başlayacağam”.

Həmsöhbətimiz deyir ki, müəllim kimi fəaliyyət göstərmək onun çoxdankı arzusudur: " Həmişə ətrafımda müəllimə olan hörməti görmüşəm. Bu, mənə çox təsir etmişdi. Çünki müəllimə qoyulan hörmət təmənnasızdır. Müəllim işıqdır, gələcəkdir. Mən də musiqi müəllimi kimi çalışacağam. Musiqini məktəb səviyyəsində daha böyük zirvələrə aparmaqla və şagirdlərimlə bağlı planlarım var. Bütün planlarımı reallaşdıracağam. Musiqinin dərinliklərini və incəliklərini tədris etməyə çalışacağam”.

- Rəna xanım, əvvəllər orta məktəblərdə musiqi fənni şagirdlər tərəfindən ciddi qəbul olunmurdu. Adətən dərsləri də peşəkar musiqi müəllimləri deyil, digər müəllimlər keçirdi. Maraqlıdır, necə oldu ki, siz məhz musiqi müəllimi olmaq istədiniz?
- Musiqi ruhun qidasıdır. Təəssüf ki, musiqi ilə bağlı belə fikir var ki, qeyri-ixtisas fənnidir, onu oxumasaq da olar. Hətta musiqi dərsində valideynlər deyir ki, uşağa icazə verin evə getsin. Mən bu hallara yol verməyəcəyəm. Həmkarlarımı da bu cür addımlara yol verməməyə çağırıram. Gəlin birlikdə musiqini daha da ucaldaq və musiqiyə uşaqlarda həvəs yaradaq. Mən də uşaqlıqdan musiqi dinləməyi, araşdırmalar aparmağı sevirdim. 3-cü sinifdə Naftalan şəhərində 7 illik musiqi məktəbinə daxil oldum. Bu sənətin incəliklərini orada öyrəndim. Universitetdə müəllimlərim bu sevgini inkişaf etdirdi və mən də düşündüm ki, mütləq musiqi fənnini tədris etməli və sevdirməliyəm. Həm musiqi ilə ruhumu dinləndirmək, həm də sevərək işləmək üçün bu sahəni seçmişəm. Bu, mənim üçün yalnız iş deyil, həm də zövqdür. Nə qədər ki ömrüm var, o qədər də musiqini araşdırıb öyrənəcəyəm və öyrədəcəyəm. Çünki musiqi çoxşaxəlidir. Oxuduqca tükənmir, bitmir. Öyrədərək irəliləyəcəyəm.


- Sizcə, uşaqlarda musiqiyə həvəs nə vaxtdan yaranır, onlarda musiqi zövqünün formalaşması üçün nə etmək lazımdır?
- Musiqiyə həvəs ilk olaraq ailədən gəlməlidir. Çünki məktəbə gəlməzdən qabaq onlar ailə mühitində tərbiyə alır və ilk musiqi duyumlarını da o vaxt yaşayırlar. Ailədə dinlənilən musiqi uşağın zövqünə təsir edir. Təbii ki, ailədə bayağı musiqilər dinlənilsə, o uşağın musiqi zövqü olmayacaq. Amma klassik musiqilərimiz dinlənsə, uşağın zövqü də düzgün formalaşar. Uşağın musiqi zövqünü məktəb, müəllim və valideyn bir yerdə formalaşdırmalıdır. Əks təqdirdə mən onlara Üzeyir Hacıbəyov, Fikrət Əmirovun əsərlərindən danışanda, deyəcəklər ki, axı bunlar biz dinlədiyimiz mahnılara oxşamır. Evdə valideynlərin dinlədiyi musiqilər, onların evdəki musiqi zövqləri mənim fənnimə də təsir göstərəcək. Amma mən maksimum dərəcədə çalışacağam ki, onların musiqi zövqləri dəyişsin.

- Uşaqların diqqətini özünüzə cəlb etmək və klassik musiqiyə maraq yaratmaq üçün hansısa üsullarınız varmı?
- Uşaqlarda musiqiyə maraq yaratmaq, diqqətini yönəltmək üçün planlarım var. O planların üzərində işləyirəm. Bəzən imtahan olmadığı üçün uşaqlar buna fənn kimi baxmırlar. Mən onlar üçün indidən testlər hazırlayıram. Əslində musiqi fənni 2-ci sinifdən tədris olunur, amma ibtidai sinifdə müəllimləri peşəkar şəkildə tədris etmədikləri üçün, 5-ci sinifdən sırf musiqi müəllimləri davam edir. Mən onlara, sadəcə mahnıları yox, musiqini, notları izah edəcəyəm. Məktəbdə piano olmasa da, texnoloji vasitələrlə öz fənnimi sevdirəcəyəm.

- Bugünkü məktəblilər və gənclərin əksəriyyəti bayağı musiqiləri dinləyir. Sanki bayağı musiqilər zövqləri oxşayır. Bununla bağlı tədris prosesində planınız varmı?
- Bu, təbii ki, acınacaqlı haldır. İstər uşaqlar, istərsə də gənclər bayağı musiqiləri sevirlər. Bəzən valideynlər deyir ki, guya evdə klassik musiqi dinləsəm, uşağın zövqü formalaşacaq ki? Bu, əlbəttə ki, belədir. Təməli ailədən gəlir. Əgər təlim yoxdursa, uşaqları musiqi müəllimləri formalaşdırmalı, valideynlər də onlara kömək etməlidirlər. Uşaq keyfiyyətli musiqini eşidəndən sonra bayağı olanları dinləməyəcək. Çünki uşaq düzgün istiqamətləndirilsə, özü də bilmədən, artıq klassik, keyfiyyətli musiqi onun beyninə hopur. O, artıq bayağı musiqiyə qulaq asmayacaq. Mən də bunun üçün əlimdən gələni edəcəyəm. Mənim də şagirdlərim arasında yəqin ki, dinləyənlər olacaq. O cür musiqilərin insana heç bir təsiri olmadığını, sadəcə 2 not üzərində yazılan müvəqqəti mahnılar olduğunu, Azərbaycanın gözəl bəstəkarlarının illər öncə yazılan mahnılarının bu günə qədər gəlib çatdığını sevərək çatdıracağam. Bayağı mahnıların gələcəkdəki musiqi mədəniyyətinə heç bir qatqısı yoxdur. Ola bilər ki, şagirdlərim gələcəkdə hansısa xarici ölkədə təhsil alsalar, onlar musiqimizi tanıtsınlar. Bayağı mahnıları heç kim tanıyası deyil. Amma klassik mahnılarını sözlərini bilməsə belə musiqiyə qulaq assalar, görəcəklər ki, Azərbaycanın musiqi mədəniyyəti bənzərsizdir və biz bunu yaşatmağa davam etməliyik.


- Həmkarlarınıza maksimum bal toplamaq üçün hansı məsləhəti verərdiniz?
- Mən 2018-ci ildə iştirak etdim və az bal topladım. 2019-cu ildə iştirak etmək istədim, amma qeydiyyatın başlamasını bilmirdim. Biləndə isə artıq qeydiyyatın bitməyinə 1 saat qalmışdı. 1 saat ərzində keçmək istəyirdim ki, internetim bitdi. Alınmayanda çox pis olmuşdum. Amma düşündüm ki, bu il qismətim deyilmiş. Özümü bununla sakitləşdirdim. Orada qarşıma məqsəd qoydum ki, gələn il hazırlaşacağam və qəbul olacağam. Artıq noyabr, dekabr aylarından hazırlaşmağa başladım. Sinif kitablarından, kurikulumdan oxudum. MİQ-ə hazırlaşan həmkarlarımıza demək istəyirəm ki, qarşınıza, sadəcə məqsəd qoyun və həyatınızda nə baş verirsə, bilin ki, xeyrə doğru olur. Əgər bu il yaxşı bal toplamadınızsa, üzülməyin. Gələn il daha yaxşı hazırlaşıb bal toplaya bilərsiniz. Mən oxuyurdum, oxumaqdan gözüm yorulanda dua edirdim ki, əziyyətim yerdə qalmasın. Siz də belə edin. Mən bu gün 22 baldan 60 bala qədər yüksəlməyin, sadəcə sevincini yox, həm də qürurunu yaşayıram. Müəllim olmaq istəyənlərin hamısına öz təcrübəmdən irəli gələn bir məsləhət vermək istəyirəm. Onları əmin edirəm: insan çalışanda, öz üzərində işləyəndə onun bəhrəsini mütləq qazanır. Bu gün əldə etdiyim balla çıxdığım o imtahan mənim üçün xəyal qırıqlığı oldu. Ancaq bu, uzun sürmədi və qarşıma 22-dən sonra 60 bal toplamağı hədəf qoydum. Əzmim, qətiyyətim bugünkü uğurumun əsl səbəbidir. Bir daha əmin oldum ki, insan qarşısına məqsəd qoyanda heç bir çətinlik ona əngəl yaratmır.

- Rəna xanım, "xəyallarımdakı müəllim obrazını yaradacağam” demişsiniz. Xəyallardakı müəllim obrazı necə olur?
- Heç bir şagirdə ayrı-seçkilik qoymayan, hamıya eyni dərəcədə yanaşan müəllim obrazıdır. Mən bəzən görürdüm ki, uşaqlar arasında istər maddi, istər mənəvi vəziyyətinə görə ayrı-seçkilik edilir. Bu, mənə çox pis təsir edirdi. Həmişə deyirdim ki, müəllim olsam heç vaxt belə etmərəm. Uşaqların psixoloji vəziyyətini nəzərə alaram. Məsələn, uşaq dərsə gec gəldi. Onu cəzalandırmazdan əvvəl dərsə gec gəlməyinin səbəbini soruşaram. Ola bilər ki, uşağın problemi var və ona dəstək olmağa çalışaram. Həmçinin ev tapşırığını etməyəndə nəyə ehtiyacı olduğunu, hansı mövzuda çətinlik çəkdiyini soruşaram və köməklik edərəm. Mən maksimalist insanam, hər şeyin mükəmməl olmasına çalışıram. İnanıram ki, müəllim olanda da bu xüsusiyyətimi şagirdlərimdə də həyata keçirəcəyəm və onları ideal şagird kimi yetişdirəcəyəm. Özümü və fənnimi çox sevdirəcəyimə əminəm.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər